Abşeron: ötən
ilin uğurları yeni yüksəlişin etibarlı təməlidir
Əvvəllər Abşeron rayonu
ilə eyniadlı yarımadanı, necə deyərlər,
bir-biri ilə dəyişik salanlar olurdu. Bu
yanlışlıq çox vaxt rayonun xeyrinə olmurdu.
Çünki belə hesab edənlər tapılırdı ki,
bu ad eyniliyi sosial-iqtisadi cəhətdən tənəzzülə
uğramış, geridəqalmış rayonun
sıxıntılarını, kəm-kəsirlərini
ört-basdır etmək istəyənlərin işinə
yarayır. Reallığa müəyyən dərəcədə
yaxın olduğundan bu cür düşünənləri bəlkə
də qınamağa dəyməzdi. Kimlərinsə xoşuna
gəlsə də, gəlməsə də, altı-yeddi il
öncənin mənzərəsi məhz bu cür idi.
İndi
isə ...İndinin reallığı tamam fərqlidir. Son illər
Abşeron rayonunda baş verən dəyişiklikləri-
abadlıq-quruculuq işlərini, sosial-iqtisadi inkişaf meyllərini
bir neçə cümlə ilə ifadə etmək , bir
yazıya sığışdırmaq
mümkünsüzlüyünü məhz bu fərq
yaradır. Bəzi hallarda yazı hazırlayarkən
tutarlı, sanballı fakt qıtlığının
yaratdığı çətinliklərin, "fikri
sulandıra-sulandıra uzatmaq" məcburiyyətinin
doğurduğu hisslər qələm əhlinə və bu
işə az-çox bələd olanlara yaxşı
tanışdır. Bu baxımdan Abşeron rayonu
üçün xarakterik olan çətinlik başqadır:
görülmüş işlər o qədər çox və
əhəmiyyətlidir ki, hansı faktı, yaxud faktları
ixtisara salmaq, necə deyərlər, nədən
başlayıb nədə qurtarmaq doğrudan da
müşkülə çevrilir.
Ancaq
görünən budur ki, Abşeron rayonu artıq ənənəyə
çevrilmiş uğurlar silsiləsini eyni əzmkarlıqla
davam və inkişaf etdirməkdə qərarlıdır. Bunu
2011-ci ilin sosial-iqtisadi göstəriciləri də təsdiqləyir.
Ölkənin
iki iri sənaye mərkəzi olan Bakı və Sumqayıt
şəhərləri arasında yerləşən və kənd
rayonu olan Abşeronda kənd təsərrüfatı məhsulları
istehsalının artırılması yönündə
2011-ci ildə nəzərəçarpan irəliləyiş
olmuşdur. Sahibkarlığa Kömək Milli Fondunun xətti
ilə 57 layihə üzrə ayrılmış 8,9 milyon
manat, eləcə də fermerlərə güzəştli
şərtlərlə satılan yanacaq və gübrə,
aqrolizinq xətti ilə verilən texnika və başqa ölkələrdən
gətirilən yüksək məhsuldar cins mal-qara hesabına
məhsul istehsalı əhəmiyyətli dərəcədə
artmışdır.
Ötən
il rayonda 2785 ton ət, 37.444 ton süd, 90,6 milyon ədəd
yumurta, 2740 sentner yun, 1195 ton meyvə, 6307 ton tərəvəz,
989 ton bostan məhsulları istehsal olunmuşdur. Kənd təsərrüfatı
məhsulları istehsalçılarını, bəzi sənaye
obyektlərini və yarımadadakı yaşıllıqları
texniki su ilə təmin edən Abşeron Suvarma Sistemləri
İdarəsinin 73 kilometrlik magistral kanalı və hidrotexniki
qurğular əsaslı təmir olunmuşdur.
Qeyd etmək
yerinə düşər ki, 2011-ci ildə sənaye müəssisələri
tərəfindən 97,6 milyon manatlıq məhsul istehsal
edilmiş və xidmətlər göstərilmiş, bu müəssisələrdə
məhsul istehsalının 7 faiz artımı əsasən
qeyri-dövlət sektorunun hesabına olmuşdur.
Yeri gəlmişkən,
abşeronlular Prezident İlham Əliyevin yola
saldığımız ildə
açılışlarında iştirak etdiyi "AZMDF"
və "M-Line" fabriklərinin məhsul
istehsalının əhəmiyyətli dərəcədə
artırılmasında mühüm rol oynayacağına
ürəkdən inanırlar.
2010-cu illə
müqayisədə işi xeyli canlandıran tikinti müəssisələri
2011-ci ildə 335,7 milyon manatlıq tikinti-quraşdırma
işləri görmüşdür. Həmçinin
bütün maliyyə mənbələrindən əsas
kapitala 166,3 milyon manat və ya əvvəlki ildəkindən
2,2 dəfə çox investisiya qoyulmuş, 1130 fərdi evin və
qeyri-yaşayış obyektlərinin tikintisi başa
çatdırılmış, 64 hündürmərtəbəli,
çoxmənzilli binanın tikintisi davam etdirilməklə
beşi istismara verilmişdir. Xırdalan şəhərində,
Mehdiabad və Ceyranbatan qəsəbələrində
üst-üstə 576 mənzili olan 28 yaşayış evi əsaslı
təmir olunmuşdur.
Ötən
il Xırdalanda tikilən iki ədəd hündürmərtəbəli,
çoxmənzilli yaşayış evi, polis şöbəsinin,
maliyyə idarəsinin, dəmir yolu stansiyasının,
"Bank-of Baku"-nun yaraşıqlı inzibati binaları
şəhərin cazibədarlığını daha da
artırmışdır. Son illər genişləndirilib əsaslı
surətdə yenidən qurulan Heydər Əliyev prospekti
boyunca 2011-ci ildə daha 7263 kvadratmetr hörgü işi
aparılmış, tikili və hasarların fasadlarının
12181 kvadratmetri əhəng, qaya daşı və qranitlə
üzlənmiş, 97 yeni elektrik dirəyi
quraşdırılmışdır. Prospektin hər iki tərəfindəki
ticarət, iaşə və məişət xidməti obyektlərinin
müasir memarlığın tələbləri əsasında
yenidən qurulması işi davam etdirilmişdir.
Bakı-Sumqayıt avtomagistralının rayon ərazisindən
keçən 12 kilometrlik hissəsinin iki tərəfinin
abadlaşdırılması məqsədilə ötən
ilin sonlarında başlanılmış hörgü işlərinin
bu il tamamlanması nəzərdə tutulur ki, bu da diqqətəlayiq
bir haldır. Keçən il küçə və
yolların abadlaşdırılması sahəsində həyata
keçirilmiş tədbirlərdən danışarkən
149,5 min kvadratmetr sahənin asfaltlandığını, 92,8
min kubmetr çınqıl tökülərək
yayıldığını, Saray, Novxanı, Mehdiabad, Digah və
Fatmayı yaşayış məntəqələrində
hasarlar və müxtəlif təyinatlı obyektlər daxil
olmaqla 43,4 min kvadratmetrlik sahənin müxtəlif bəzək
elementləri ilə üzləndiyini qeyd etmək yerinə
düşər.
Ötən
il vacib sahələrdən olan rabitənin əsas göstəriciləri
müəyyən qədər yaxşılaşmış, əhaliyə,
müəssisə və təşkilatlara 2,6 milyon manatlıq
və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə
13 faiz çox rabitə xidməti göstərilmişdir.
Saray qəsəbəsində və Hökməli qəsəbəsinin
"Atyalı" yaşayış massivində rabitə evləri
tikilib istifadəyə verilmişdir. "Aztelekom"un rayon
qovşağı 2110 abonent üçün telefon çəkmiş,
hər 100 ailəyə düşən telefon
aparatlarının sayı 91,2 ədədə
çatdırılmış, ümumi telefon istifadəçilərinin
95 faizi internetə qoşulmuşdur. Qobu, Hökməli və
Masazırda hər biri 1024 nömrəlik ATS-lərin tikintisi
başa çatdırılmışdır.
Elektrik
enerjisi təminatını yaxşılaşdırmaq məqsədilə
bir sıra tədbirlər həyata keçirilmişdir. 50
MeqoVattAmperlik "Masazır-Əsas"
yarımstansiyasının istifadəyə verilməsi nəticəsində
Xırdalanın və şəhərin yeni yaşayış
massivi olan "Abşeron Gənclik" şəhərciyinin
və Masazır kəndinin elektrik enercisi ilə təminatındakı
problemlər qismən aradan qaldırılmışdır.
Xırdalan, "Bağlar" və Sumqayıt elektrik şəbəkələri
vasitəsilə rayon ərazisində il ərzində şəbəkəyə
müxtəlif gücə malik 20 əlavə transformator
qoşulmuş, 11 transformator daha məhsuldarları ilə əvəz
edilmiş, 14 transformator əsaslı təmir olunub işlək
vəziyyətə gətirilmişdir. Üst-üstə 79,6
kilometr naqil, 1315 metr kabel, 1790 ədəd dayaqdan istifadə
olunmaqla şəbəkə genişləndirilmiş, 4683 ədəd
yeni elektrik sayğacları
quraşdırılmışdır. Bütövlükdə
rayonda qaz şəbəkəsinin 2010-cu ildən
başlanmış geniş miqyaslı yenidənqurulması
2011-ci ildə də davam etdirilmişdir. 321 kilometr uzunluqda yeni
daşıyıcı və küçədaxili
paylayıcı qaz xətləri çəkilmiş, nəticədə
3867 abonent sayı artmışdır.
Dövlət
başçısı İlham Əliyevin təməlqoyma mərasimində
iştirak etdiyi Ceyranbatan Ultrasüzgəcli sutəmizləyici
qurğu Bakının, o cümlədən Abşeron rayonunun
içməli su tələbatının daha dolğun ödənilməsində
müstəsna əhəmiyyətə malikdir. Dövlət
Proqramına uyğun olaraq keçən ildən bu məsələnin
yaxşılaşdırılmasına
başlanılmışdır. Qobu qəsəbəsinə
6,8 kilometr məsafədən - Oğuz-Qəbələ-Bakı
su kəmərindən xətt çəkilib istifadəyə
verilmiş, Hökməli qəsəbəsinə su çəkilişinə
başlanılmışdır. Məlumat üçün
deyim ki, hazırda Saray qəsəbəsində hər birinin
tutumu 5 min kubmetr olan iki ədəd, Mehdiabad və Digah qəsəbələrində
hər birinin tutumu 2500 kubmetr olan iki ədəd su anbarının
tikintisi aparılır. Rayonun digər yaşayış məntəqələrinin
hər birində isə 2500-5000 kubmetrlik su anbarlarının
tikilməsini, su və kanalizasiya şəbəkələrinin
yenidən qurulmasını, sayğaclaşma işinin
aparılmasını planlaşdıran nəhəng layihənin
2013-cü ildə tam başa çatdırılacağı nəzərdə
tutulmuşdur.
2011-ci ildə
daxili imkanlar hesabına 14 kilometr yeni su xətti çəkilmiş,
korroziyaya uğramış 9,5 kilometrlik xətlərdə isə
bərpa işləri aparılmışdır. Mövcud
kanalizasiya şəbəkəsi 10 kilometrdən artıq
genişləndirilmişdir.
Əvvəlki
illərdə olduğu kimi, 2011-ci ildə də təhsil sahəsi
rayon rəhbərliyinin diqqət və qayğısı ilə
əhatə olunmuşdur. Göstərilən qayğıya
cavab olaraq pedaqoji kollektivlər şagirdlərə biliklərin
aşılanmasında uğurlarını artırırlar. Əgər
5-6 il əvvəl rayon məktəbləri məzunlarının
16 - 17 faizi ali məktəb tələbəsi adını
qazana bilirdisə, 2011-ci ildə bu nisbət 43 faiz olmuşdur.
Ötən il Qobustan yaşayış məntəqəsində
180 şagird yerlik yeni məktəb binasının tikilib
istifadəyə verilməsi, Xırdalan şəhərində
isə 640 şagird yerlik məktəbin tikintisinə
başlanılması təhsilə dövlət
qayğısının bariz ifadəsidir.
Ötən
ilki məzunlardan 18-nin 600-dən çox, 54-nün isə
500-dən çox bal toplaması, Mehdiabad qəsəbə 1
saylı tam orta məktəbin şagirdi Cavidan Kərimovun məktəbi
qızıl medalla bitirərək 646 balla Azərbaycan Dövlət
Tibb Universitetinə qəbul olunması təqdirəlayiq
haldır. Dövlət başçısının sərəncamı
ilə 2 saylı şəhər məktəbinin müəllimi
Şərafət Hacıyevanın "Əməkdar müəllim"
fəxri adına, 7 saylı şəhər məktəbinin
direktoru Zenfira Orucovanın "Tərəqqi" medalına
layiq görülmələri, fənn müəllimləri
Solmaz Həsənovanın və Hüseyn Şahbəndəyevin
"Ən yaxşı müəllim" müsabiqəsində
qalib hesab olunmaları fərəhli hal olduğu qədər də
təhsildə irəliləyişin göstəricisidir.
Prioritet
sahələrdən olan məktəbəqədər uşaq
müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsinə
xüsusi önəm verilir. Məlumat üçün qeyd
edim ki, 2011-ci ildə də rayonun daxili imkanları hesabına
məktəbəqədər uşaq müəssisələrinin
hamısı əsaslı qaydada təmir olunmuş, istilik
sistemləri quraşdırılıb istifadəyə
verilmişdir. Hazırda qəza vəziyyətinə
düşdüyündən fəaliyyəti
dayandırılmış iki qrupluq Güzdək qəsəbə
uşaq bağçasının əvəzinə yeni 4
qrupluq bina tikilir. Şəhərdəki 17 saylı uşaq
bağçası əsaslı təmir olunmuş, 23
saylı uşaq bağçasının isə əsaslı
təmiri başa çatmaq üzrədir.
Son
beş ildə daxili imkanlar hesabına səhiyyə
ocaqlarının şəbəkəsinin genişləndirilməsi,
əsaslı surətdə yenidən qurulması, maddi-texniki
bazasının möhkəmləndirilməsi, hər bir
müəssisənin müstəqil müasir istilik sisteminin
yaradılması səhiyyə xidmətinin səviyyəsini
xeyli artırmışdır.
2011-ci ildə
stasionar müalicə müəssisələrinə müraciət
edənlərin sayı əvvəlki illə müqayisədə
429 nəfər çoxalaraq 3983 nəfərə
çatmış, xəstəxanalarda 1534 cərrahi əməliyyat
aparılmışdır. Xüsusi uçotda olan imtiyazlı
xəstələrin pulsuz dərmanlarla təminatı işi
xeyli yaxşılaşmışdır. Səhiyyəyə
dövlət qayğısının gücləndirilməsi
müalicə müəssisələrində kommunal şəraitin
yaxşılaşmasına, dərman preparatları ilə təminata,
stasionar xəstələr üçün ərzaq məhsullarının
alınmasına, habelə avadanlığın təzələnməsinə
imkan yaratmışdır. Gigiyena və Epidiomologiya Mərkəzinin
baytarlıq idarəsi və mənzil-kommunal təsərrüfatı
birliyi ilə əməkdaşlığı şəraitində
həyata keçirilən tədbirlər nəticəsində
rayon ərazisində quduzluq kimi qorxulu xəstəlik baş
verməmiş, malyariya və digər infeksion xəstəliklərin
törənmə mənbələri aşkar edilərək
dezinfeksiya işləri aparılmışdır.
Ötən
il Abşeron rayonunda mədəniyyət müəssisələrinin
maddi-texniki bazasının möhkəmləndirilməsi, təmir-tikinti
və abadlıq sahəsində bir sıra tədbirlər həyata
keçirilmişdir. Ceyranbatan qəsəbəsində tərkibində
uşaq incəsənət məktəbi, kitabxana və 220
tamaşaçı-yerlik mədəniyyət evi olan möhtəşəm
mədəniyyət mərkəzi tikilib istifadəyə
verilmiş, Fatmayı kəndində kütləvi
kitabxananın tikintisi başa
çatdırılmışdır.
Şəhər
mədəniyyət sarayının təmiri, xüsusilə
400 nəfərlik tamaşa zalının əsaslı surətdə
yenidən qurulması, burada müasir işıq effektlərinin
və səhnə avadanlıqlarının
quraşdırılması xüsusi bənzərsizliyi ilə
zövq oxşamaqla bərabər 2011-ci ildə rayonda
görülmüş ən böyük iş sayıla bilər.
Keçən il Xırdalan şəhərinin Heydər Əliyev
prospektində ümumi sahəsi 7700 kvadratmetr olan iki istirahət
guşəsinin tikintisi tamamlanmışdır. Azərbaycan
Milli Elmlər Akademiyasının ilk prezidenti Mirəsədulla
Mirqasımovun büstü və onun ətrafı yenidən
qurulmuşdur. Qobu qəsəbəsində yeni mədəniyyət
evinin tikintisi davam etdirilmişdir.
"Qurtuluş-93"
yaşayış massivində ötən il stadion, mini futbol və
voleybol meydançalarının istifadəyə verilməsini,
Görədil kəndində 6200 kvadratmetr sahəsi olan idman
sağlamlıq meydançasının inşasına
başlanılmasını, Prezident İlham Əliyevin 27 may
tarixli sərəncamı ilə Xırdalan şəhərində
Olimpiya İdman Kompleksinin tikintisinin qərara
alınmasını, bu məqsədlə Respublika Gənclər
və İdman Nazirliyinə ayrılmış vəsait
hesabına hazırda 5 hektarlıq sahədə aparılan
işləri abşeronlular dərin minnətdarlıq hissi ilə
qeyd edirlər. "Ekologiya ili" çərçivəsində
başlanılmış tədbirlər 2011-ci ildə də
davam etdirilmişdir. Rayon ərazisindən keçən
Bakı-Şamaxı və Bakı-Quba
avtomagistrallarının ətrafının
yaşıllaşdırılmasına xüsusi diqqət
yetirilmişdir. Həmin ərazilərdə daha 32455 ədəd
müxtəlif növ ağac əkilmişdir. Bundan əlavə,
yaşayış məntəqələrini birləşdirən
kənd və qəsəbədaxili yolların kənarında,
küçə və meydançalarda, park və xiyabanlarda
üst-üstə 15 mindən çox ağac, 64 mindən
çox bəzək kolları və dekorativ güllər əkilmişdir.
Həmçinin
yaşayış məntəqələrində məişət
tullantılarının toplanması üçün 70 ədəd
metal konteyner alınmış, 25 yerdə yeni zibilxana
tikilmişdir. Bərk və məişət
tullantılarının müntəzəm daşınması
üçün xüsusi zibildaşıyan texnikanın
sayı artırılaraq 15-ə
çatdırılmışdır.
Yeni
müəssisələrin işə salınması,
mövcud müəssisələrdə isə istehsalın
genişləndirilməsi hesabına ötən il daha 1718 yeni
iş yeri açılmış, son səkkiz ildə
açılmış iş yerlərinin sayı 11657-yə
çatdırılmışdır.
2011-ci ildə
"Dövlətqaçqınkom"un təşəbbüsü
ilə Bakı şəhərindən Xırdalan şəhərinin
yeni yaşayış massivinə - "Abşeron Gənclik"
şəhərciyinə 105, Mehdiabad qəsəbəsinin
"Binəqədi Gənclər" şəhərciyinə
isə 170 məcburi köçkün ailəsi
köçürülmüşdür.
Yeri gəlmişkən,
məcburi köçkünlərin məişətlə
bağlı müraciətlərinin həllinin rayon rəhbərliyi
və yerli icra strukturları tərəfindən daim diqqət
mərkəzində saxlanıldığını xüsusi
vurğulamaq lazımdır.
Azərbaycanın
birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı
səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın
adını daşıyan və Misir Ərəb Respublikasının
Qalyubiyyə şəhərində yerləşən orta məktəbin
maddi-texniki bazasının möhkəmləndirilməsi də
xüsusi diqqətdə saxlanılır. Yeri gəlmişkən,
rayonun nümayəndə heyəti dost ölkəyə
növbəti səfəri zamanı məktəbin
binasının təmirini, həyətində stadionun sintetik örtüklə
üzlənməsini təşkil etmiş, 25 dəst
müasir kompyuter, Azərbaycana aid guşənin
ekspozisiyasının yenidən tərtibatı
üçün əlavə əyani vasitələr hədiyyə
etmişdir. Xırdalan şəhər bələdiyyəsinin
nümayəndələri də Türkiyənin
Yıldırım bələdiyyəsinin dəvətilə Heydər
Əliyevin adını daşıyan parkın ərazisində
mədəni istirahət mərkəzinin təntənəli
açılışında iştirak etmişlər.
Yazının
əvvəlində də vurğuladığım kimi, son illər,
eləcə də yola saldığımız 2011-ci ildə
Abşeron rayonunda xeyli irihəcmli, genişmiqyaslı abadlıq-quruculuq
işləri görülmüşdür. Bu işlər
rayonun sosial-iqtisadi inkişafını təmin etməklə
bərabər, gələcəkdə daha böyük layihələrin
gerçəkləşməsi üçün də
möhkəm təməl və zəmin hazırlayır.
Səməd HÜSEYNOĞLU
Xalq qəzeti.- 2012.- 10 mart.- S. 6.