Zaqatala: qarşıda daha məsul vəzifələr durur

 

Bəzən deyirlər ki, hər şey bəxtlə bağlıdır. Nə bilim, bu bəlkə də həqiqətdir və həqiqətən belədirsə şəhərlər, rayonlar, lap elə kəndlər də insanlar kimidir. Vaqif Səmədoğlunun fikrincə isə, gərək günün də baxtı ola. Təəccüblənməyin, şairin 70-ci illərdə çıxmış "Günün baxtı" kitabından bir neçə misranı yada salmaq istəyirəm. O yazır ki, "Günün baxtına bir bax, düz iyirmi əsr ilin, ayın adi günlərindən biri olasan, sonra düşüb tarixdə qırxbeşinci ilin 9 Mayı kimi qalasan". Maraqlı yanaşmadır, deyilmi? Elə bunu əsas tutub yazıram. Rayonun baxtına bir bax, əsrin, zamanın bütün dövrlərində az imiş kimi, ilin bütün fəsillərində də seviləsən, anılasan, sənin üçün darıxalar və sakinlərin səni ana kimi əzizləyələr, hər gün inkişafına, tərəqqinə qayğı göstərələr.

 

Söhbət Zaqataladan gedir. Cah-cəlalı, təmtəraqlı, daim tərəqqidə olan, bir sözlə, bəxti hər addımda gətirən Zaqataladan. Mən şeiri həmişə ürəkdən sevsəm də, heç zaman ürəyimdən şair olmaq keçməyib. Bu sətirləri qələmə alarkən Zaqatalanın qışı, yazı, yayı və payızı haqqında nə isə uğurlu bir ifadə işlətmək istədim, amma qələm aciz qaldı. Xüsusən təbiətin qışdan ayrılıb yaza qovuşduğu günlərin sevincini, ağacların payızı başa vurub qışa sığındığı günlərin kövrəkliyini qələmə heç kəs, şair də ala bilməz... Yox, bu qədər bəsdir. Oxucu yəqin ki, bu sətirlərdən mənim Zaqatalaya olan sevgimin qədərini anladı.

Rayon icra hakimiyyəti başçısının birinci müavini Elman Ramazanovu çoxdan tanıyıram. Zaqatalanın Sumaylı kəndindəndir. Ali təhsilli aqronomdur. Çalışdığı bütün sahələr də həmişə ixtisasına uyğun olub. Sonuncu görüşümüzdə Elman müəllimlə söhbətimiz zamanı daha çox Şəki - Zaqatala zonasında işlədilən bir el məsəlini yada saldım: "Görülmüş işdən gül ətri gələr". Həmsöhbətim gülümsündü: "Atalar o məsəli işlədəndə sözün məcazi mənasını nəzərdə tutublar. Zaqatalada isə sözün həqiqi mənasında gül ətri verən işlər var. Yeni gülçülük sahəsinin genişləndirilməsi, gül ləçəyinin tədarük edilməsi və sairə. Üstəlik, biz son zamanlar Prezident İlham Əliyevin tövsiyə və tapşırıqları əsasında yeni layihələrin həyata keçirilməsi üzərində işləyirik. Yadınızdadırsa, cənab Prezident Nazirlər Kabinetinin ötən ilin yekunlarına həsr olunmuş iclasında qeyd etdi ki, kənd təsərrüfatında, xüsusən, meyvə-tərəvəz istehsalı sahəsindəki inkişaf tempini itirmədən məhsulun daha dadlı yetişdirilməsinə diqqət yetirilməlidir. Ona görə də rayondakı potensiala, yerli ənənələrə və aqrar sahə mütəxəssislərinin təcrübəsinə arxalanaraq məhz yerli botaniki sortlara aid tamamilə yeni meyvə bağlarının, istixanaların yaradılması üzərində çalışırıq. Bu layihələr həyata keçirildikdən sonra həm əhalimiz yerli istehsal olan keyfiyyətli meyvə-tərəvəz məhsulları ilə təmin olunacaq, həm də sizi maraqlandıran atalar sözünün yeni variantı formalaşacaq. Yəni, gördüyümüz işdən alma ətri, heyva ətri gələcək".

Bu söhbətdən sonra isə biz ötən il Zaqatalanın aqrar sektorunda əldə edilən ümumi göstəricilər barədə söz aça bilərik. Ötən il rayonda əhalinin kənd təsərrüfatı məhsullarına olan tələbatı buğda və quş əti istisna olmaqla, daxili istehsal hesabına ödənilib. Ona görə də bu ilin məhsulu üçün əkilən taxıl sahələrinin artırılması diqqət mərkəzində saxlanılıb. 2012-ci ilin məhsulu üçün 8430 hektar sahədə buğda səpilib və illik istehsal gücü 500 ton olan quşçuluq fabrikinin istifadəyə verilməsi nəzərdə tutulub. Bir sözlə, rayon rəhbərliyi aqrar sektorun fəaliyyətini daim diqqət mərkəzində saxlayır və hansı istiqamətdə vəziyyətin dəyişdirilməsinə ehtiyac varsa, o sahədə dərhal yeni layihələrin həyata keçirilməsi təmin olunur.

Rayonda mal-qaranın sayı bir ildə kifayət qədər artıb, ət istehsalı 3877 tona, süd istehsalı 40 min 788 tona, yumurta istehsalı 17,1 milyona, bal istehsalı isə 149 tona çatdırılıb. Buraya 1353 tona çatmış tütün istehsalını və 12 ton qurudulmuş gül ləçəyini də əlavə etsək, aqrar sahədə çalışanların əməyinin nəticəsi barədə təsəvvür yaranır.

Bu məlumatlara əlavə olaraq onu da bildirək ki, ölkə Prezidentinin "Kənd təsərrüfatı məhsullarının istehsalçılarına dövlət dəstəyi haqqında" sərəncamının icrası olaraq Zaqatalada təkcə bir il ərzində 11 min 111 istehsalçıya 24 min 54 hektar növündən asılı olmayaraq əkin sahəsinin, 1613 istehsalçıya isə 7 min 808 hektar buğda sahəsinin becərilməsində istifadə olunan yanacaq və və motor yağlarına görə subsidiya hesablanıb, güzəştli qaydada 568 ton mineral gübrə satılıb.

Sahibkarlığın inkişafı diqqət mərkəzində saxlanılıb. Sahibkarlığa kömək Milli Fondunun vəsaiti hesabına 4 layihə üzrə 63 min manat həcmində güzəştli kredit verilib, nəticədə özəl sektorun ümumi məhsul buraxılışında payı 2010-cu ilə nisbətən artaraq 82,6 faizə, sənaye məhsulu istehsalı isə 87,8 faizə çatıb.

Zaqatalada daimi diqqət mərkəzində saxlanılan məsələlərdən biri də rayonun ekoloji mühitinin nəinki qorunub saxlanılması, üstəlik, həmin mühitin daha da zənginləşdirilməsidir. Rəvayət edirlər ki, yaşıllığın insan həyatındakı əhəmiyyətinə böyük önəm verən Strabon tövsiyə edirmiş: "Bir ağacın kəsildiyini eşitsən, beş ağac ək. Çünki yeni əkilmiş ağacların neçəsinin quruyacağını bilmirsən". Zaqatalada ətraf mühitin kompleks mühafizəsi, ekoloji mühitin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində 110 hektar sahədə mədəni meşə əkinləri aparılıb, 137 min 200 ağac əkilib. Rayonda təbii sərvətlərin, eləcə də torpaqların mühafizəsinə diqqət artırılıb. Bu məqsədlə 318 min kubmetr həcmində kanallar lildən təmizlənərək 15 min 500 hektar torpaq sahəsinin suvarılması təmin edilib. Rayonda sel sularının dağıdıcı təsirinin qarşısının alınması məqsədilə 866 metr bənd tikilib, 8500 kubmetr mövcud bəndlər təmir edilib, 600 kubmetr qabion bənd qoyulub, 1,3 milyon kubmetr həcmində çay yataqları təmizlənib.

Ancaq bütün bunlarla yanaşı nədənsə, Zaqatala deyəndə adamın yadına düşən ilk məsələ məhz turizm olur. Çünki bu rayonun təbii imkanları, iqlimi, üstəlik, son zamanlar yaradılan turizm obyektləri Zaqatalanı çoxsaylı qonaqların üz tutduğu ünvana çevirib.

Mən rayon icra hakimiyyətinin "Zaqatala.info" internet saytından oxumuşdum ki, bu rayonun ərazisində ekoturizmin inkişafı üçün əvəzsiz, 1929-cu ildə təşkil olunmuş 23 min 800 hektarlıq Zaqatala Dövlət Qoruğu, Zaqatala şəlaləsi, Xalaxi gölü, Malarasa aşırımı, ölkə və rayon əhəmiyyətli 108 tarix-mədəniyyət abidəsi var. Onlardan Mamrux kəndi ərazisindəki II-IV əsrlərə aid alban abidəsi, V-VII əsrlərə aid Zaqatala səddi, Car kəndi ərazisində XVI əsrə aid Cingözqala, 1830-cu ildə tikilmiş Zaqatala qalası və başqa abidələr vardır. Bu abidələrin hər biri minlərlə yerli və əcnəbi turisti özünə cəlb edən obyektlərdir. Ona görə də rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə ilə söhbət zamanı Zaqatalada turizm imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat almaq istədim.

Mübariz müəllim məmnuniyyətlə danışdı. Sözünə ölkə başçısının Nazirlər Kabinetinin ötən ilin yekunları ilə bağlı yığıncağında dediyi fikirlərlə başladı: "Biz Azərbaycanı müasir, yüksək səviyyəli və elitar turizm mərkəzinə çevirməliyik. Mən dünya turizm xəritəsində Azərbaycanın yerini belə görürəm". "Biz cənab Prezidentin bu fikirlərinin reallığa çevrilməsi istiqamətində üzərimizə düşən vəzifələrin hamısını layiqincə yerinə yetirməyə çalışırıq, - dedi Mübariz Əhmədzadə. - Qeyd edim ki, cənab Prezident hələ 2010-cu ildə regiona növbəti səfəri zamanı rayonun simvoluna çevrilmiş Zaqatala pilləkanlarında gedən əsaslı təmir və yenidənqurma işləri ilə maraqlanmış, öz tapşırıq və tövsiyələrini vermişdi. Ötən il həmin abidədə təmir-bərpa işləri başa çatdırıldı. İndi məşhur pilləkanlar rayon sakinlərinin və qonaqların istifadəsindədir. Əslində pilləkənin iki funksiyası var. O, insanı zirvəyə doğru qaldırır və ya əksinə, düşürsən. Ancaq söhbət tarixi abidədən gedərkən, pilləkan bizi geriyə - keçmişlərə doğru aparır və öz milli tariximizə ehtiramın artmasına səbəb olur. Bu ehtiramın nəticəsidir ki, biz istənilən turistin Zaqataladan məmnun qayıtmasına nail oluruq.

Ötən il Azərbaycan Turizm İnstitutu və Almaniya Beynəlxalq Əməkdaşlıq cəmiyyətinin xətti ilə "Zaqatala rayonunun turizm potensialının öyrənilməsi" layihəsi icra olunub. Avropa Şurası, Mədəniyyət və Turizm Nazirliyi və 10 rayonun nümayəndələrinin iştirakı ilə "Tarixi şəhərlərdə mədəni irsin bərpası" layihəsinin I və II mərhələlərinin treninqləri Zaqatalada keçirilib, Zaqatala və Qax rayonlarının ekspert qruplarının hazırladığı layihələr yüksək qiymətləndirilib. Eyni zamanda, ötən il turizm istiqamətli bir klub tikilib, "Qafqaz" və digər otellərdə genişləndirmə işləri, mədəniyyət müəssisələrində cari təmir işləri aparılıb. Biz bu gün Zaqatalanın turizm imkanlarını qorumaq və ya təbliğ etməklə kifayətlənmir, bu imkanların daha da zənginləşdirilməsi üçün müvafiq addımlar atırıq".

Daha sonra icra hakimiyyəti başçısından öyrəndim ki, keçən il Tala çayının sağ sahilində uzunluğu 300 metr olan daş-beton bəndin, Aşağı Çardaxlar kəndində 220 şagird yerlik ümumi orta məktəb binasının tikintisi, Muxax kəndində 1 saylı tam orta məktəbin əsaslı təmiri başa çatdırılıb. Muxax kənd 3 saylı ümumi orta məktəbi üçün 80 şagird yerlik və Zəyəm kənd tam orta məktəbi üçün 180 şagird yerlik yeni məktəb binalarının tikintisinə başlanılıb, rayon statistika idarəsinin və baytarlıq idarəsinin yeni inzitabi binalarının tikintisi davam etdirilib, beş uşaq bağçasında yenidənqurma və əsaslı təmir işləri aparılaraq yeni inventar və avadanlıqlarla təmin olunub. Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə Zaqatala şəhərində yeni 50 yerlik uşaq bağçasının tikintisinə başlanılıb. Yevlax - Balakən dəmir yolunun 151-ci mənzilində hündür tipli platformanın tikintisi başa çatdırılıb, Yaponiya səfirliyinin maliyyə dəstəyi ilə məişət tullantılarının idarə olunması poliqonu tikilib istifadəyə verilib.

Keçən il Zaqatala təhsili üçün də uğurlu olub. 275 nəfər tələbə adını qazanıb, 13 nəfər 600-dən, 43 nəfər abituriyent isə 500-dən yuxarı bal toplayıb.

Rayon təhsil şöbəsinin müdiri Habil Qurbanov iftixarla söhbət açır:

- İcra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə təhsilə xüsusi diqqət yetirir, - deyir. -Kaş siz özünüz görəydiniz. Mübariz müəllim yüksək bal toplayan məzunlarımızı təbrik etdi, hədiyyələr verdi. Onlara ən səmimi arzularını çatdırdı.

Rayon rəhbərinin bu addımı bilirsiniz uşaqlarda elmə, təhsilə nə qədər böyük maraq oyadır. Yəqin özünüz görəcəksiniz. Rayonumuzun təhsili daha böyük uğurlara imza atacaq.

Səhiyyə sahəsində də kifayət qədər işlər görülüb, əhalinin sağlamlığına diqqət artırılıb. Mərkəzi rayon xəstəxanası və kənd səhiyyə obyektlərində quruculuq işləri həyata keçirilib, yeni inventar və avadanlıqlar alınıb.

Bax belə. Bu gün Zaqatala cəmiyyət həyatının bütün sahələrində inkişaf edir, tikinti-quruculuq, abadlıq işləri geniş vüsət alır, yollar müasirləşdirilir, səhiyyə, təhsil, mədəniyyət, idman, rabitə müəssisələri, əhaliyə xidmət göstərən elektrik, qaz, su təsərrüfatları gündən-günə inkişaf edən Azərbaycanın adına layiq bir səviyyəyə gətirilir. "Ekologiya", "Turizm", "İdman" illərinin hər biri də zümrüd meşəli diyarın tarixinə icra olunmuş yeni layihələrlə, rayonun xəritəsinə düşmüş yeni obyektlərlə yazılır. İl-ildən zəngin, il-ildən uğurlu gəlir. Dövlətin qayğısı, rayon rəhbərliyinin diqqəti, mütəxəssislərin, yerli icra qurumlarının, bələdiyyələrin təşəbbüskarlığı ilə gözümüz önündə tamamilə yeni bir Zaqatala canlanır.

Elə təbiətin biçdiyi donlar dəyişildikcə də hər fəsildə bir Zaqatalanın şahidi oluruq. Təki dəyişilən görkəm olsun, don olsun. İnsanların quruculuq əzmi, qətiyyəti, yaratmaq eşqi, həvəsi, bir də ki, elə bu dağların havası kimi təmiz olan mənəvi zənginliyi dəyişməsin. Bütün bunlar qorunduqca Zaqatala təkcə bu sətirlərin müəllifinin deyil, minlərin, milyonların sevimli diyarı olaraq qalacaq.

Təbii ki, hər qonaq bu diyarın şöhrətindən bir qədər aparacaq və Zaqatala bütün dünyanın Zaqatalası olacaq...

 

 

İlqar HƏSƏNOV

 

Xalq qəzeti.- 2012.- 10 mart.- S. 5.