Ağsuda hər
addımda tərəqqi, hər sahədə uğur var
...Ağsu haqqında həmişə
yazmağa başlayanda nədənsə ilk əvvəl
şair dostum Sabir Sarvanı xatırlayıram. Bir yerdə
çox olmuşuq. İstedadlı şairdir. Bunu kimdən
soruşsanız təsdiq edər. Hər dəfə
Ağsudan söhbət düşəndə Sabir bu yerlər
barədə elə sevgi, məhəbbətlə
danışır ki, bir insanın öz doğulduğu torpaq
haqqında sözlərinə heyranlıqla qulaq asıram.
Dəfələrlə
soruşmuşam: "Bəs Ağsu haqqında niyə
şeir yazmırsan?". Sabirin cavabı qəribə olub:
"Bu müqəddəs yerə layiq olmayacağımdan
qorxuram".
Rayon
icra hakimiyyəti başçısının birinci
müavini Rasim Novruzovla da söhbətimizə əvvəlcə
Ağsunun tarixindən başladıq. Həvəslə
danışdı. Gördüm ki, torpağa
bağlılıq, sevgi təkcə Sabir Sarvanda yox,
bütün ağsulularda var.
Rasim müəllim son illər rayonda görülən işlərdən danışdı. "Neçə illərdir ki, bölgə müxbiri kimi gəlib-gedirsiniz. Düzünü deyin, bu qədər işlərin şahidi olmusunuz?".
Haqlı sualdır. Düz sözə nə deyəsən. Bu gün Ağsunun hər küçəsində bir yenilik var. Hər addımda bir dəyişikliklə qarşılaşıram. Rasim müəllim söhbətinə davam edir: "Bu il yaxşı bilirsiniz ki, qış sərt keçdi. Amma ağsulular bundan o qədər də narahat olmadılar. Bu da təsadüfi deyil. Regionların sosial-iqtisadi inkişafına dair birinci və ikinci dövlət proqramlarının icrası çərçivəsində Ağsu şəhərinə və rayonun 17 kəndinə təbii qaz verilişi bərpa olunub. Ötən il rayon mərkəzində qaz təchizatının yenidən qurulması işləri davam etdirilib. Hazırda rayonun yaşayış məntəqələrində qaz verilən abonentlərin sayı 6 min 100-ə çatıb. Qaravəlli və Bəyimli kəndlərinə təbii qazın verilməsi üçün hazırlıq, tamamlama işləri başa çatmaq üzrədir.
Başçının müavini bildirdi ki, ötən il Ağsuda, ümumiyyətlə, elə bir xidmət sahəsi olmayıb ki, orada dövlətin tələb etdiyi səviyyədə göstərişlər qazanmayaq.
Əlini dağlara sarı uzadıb: "Lap istəyirsiniz elə ekologiyadan başlayaq" - dedi. Bu məsələ rayon icra hakimiyyəti başçısının daimi diqqət mərkəzindədir. Elə bir il olmur ki, Ağsuda minlərlə yeni ağac əkilməsin. Təkcə 2011-ci ildə 5600 ədəddən çox ağac əkilib. Özü də bu məsələ təkcə ağacların əkilməsi ilə bitmir. Rayon rəhbərliyi dövrü olaraq bu ağaclara qulluq göstərilməsini daim gündəlikdə saxlayır. O qədər ağaca qulluq göstərilməsi də asan məsələ deyil. Çünki bu ağaclar bir sahədə və ya bir kənddə deyil, bütün yaşayış məntəqələrində və magistral yolların kənarında əkilir. Ona görə də ekologiya ilə bağlı məsələrə rayonun müəssisə və təşkilatlarının hamısı cəlb edilir.
Rayonda olarkən öyrəndik ki, ötən il Ağsu iqtisadiyyatının ayrı-ayrı sahələrinə qoyulan investisiyaların məbləği əvvəlki ilə nisbətən təxminən 51 faiz, 2003-cü il səviyyəsindən isə 110 dəfə çox olub. Son bir ildə rayonda ümumi məhsul istehsalının həcmi 114 milyon 89 min manat olub ki, bu da 26 faiz artım deməkdir. Rayon iqtisadiyyatının əsasını təşkil edən aqrar sahənin göstəriciləri ümumi məhsul buraxılışının 46,7 faizini təşkli edib. Əhalinin gəlirləri 110 milyon 163 min manata çatdırılıb. Orta aylıq əmək haqqı isə 11,8 faiz artıb. Bir ildə ağsulular üçün 958 yeni iş yeri yaradılıb.
Olduqca uğurlu göstəricilərdir. Üstəlik, bu göstəricilər rayonun nailiyyətlərinin hamısı deyil. Bütün sahələrdə fəxrlə sadalanmalı faktlar və rəqəmlər istənilən qədərdir. Bunların hamısı birlikdə isə o deməkdir ki, iş düzgün qurulub, təşəbbüskarlıq var, tələbkarlıq var. Ən başlıcası müasir idarəetmə prinsiplərindən səmərəli istifadə olunur. Məhz bu amilləri nəzərə alaraq rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyevlə görüşdük. Ənvər müəllim söhbətimizin hansı məsələlər üzərində gedəcəyini biləndən sonra özünün ənənəvi metodunu davam etdirdi. O, həmişə söhbətə sualla başlayır. İndi də belə oldu.
- Ağsu nə üçün inkişaf etməməlidir, nə üçün hansısa rayondan geridə qalmalıdır, nə üçün dövlətin hansısa tapşırığı yarımçıq icra olunmalıdır? Bu mümkün deyil. Çünki Allah bizə aranı da verib, dağı da. Suyu da verib, suvarılmalı sahələri də. Tariximiz də zəngindir, gələcəyimiz də. Bu gün siyasətçilərin daha çox işlətdiyi ifadələr var - geosiyasət, geostrategiya və sairə. Yəni, yerin, məkanın siyasətdə, stsrategiyada əhəmiyyəti. Ağsu bu baxımdan çox əhəmiyyətlidir. Əvvəllər bizim rayonun ərazisindən Qarabağ - Ağstafa qaz kəməri, Mingəçevir - Bakı elektrik verilişi xətti, Bakı - Qazax və Kürdəmir - İsmayıllı avtomobil yolları keçirdi. Son illər isə bu siyahıya Bakı - Tbilisi avtomobil yolu və Oğuz - Qəbələ - Bakı içməli su kəməri də əlavə olunub. Gündən-günə inkişaf edən Azərbaycanda bizi sabah hansı layihələr gözləyir? Tərəqqi prosesi olduqca sürətlə getdiyinə görə hər rayonun, hər şəhərin rəhbərliyi öz üzərinə düşən vəzifələri daha böyük məsuliyyətlə yerinə yetirməlidir.
"Azərbaycanın bütün bölgələrinin sosial-iqtisadi yüksəlişini təmin etmək dövlətimizin əsas məqsədlərindən biridir" - deyən möhtərəm Prezidentimiz İlham Əliyev qüdrətli bir inkişaf strategiyasını həyata keçirir. Bizim hər birimiz həmin strategiyanın icra olunmasında ölkə liderinin fəaliyyətini dəstəkləməliyik və dəstəkləyirik.
Yeri gəlmişkən, ötən il Ağsu üçün ən fərəhli və yaddaqalan hadisə məhz dövlət başçımızın rayonumuza növbəti səfəri olub. Oktyabrın 30-da rayonumuza gələn Prezident İlham Əliyev Ağsunun sosial-iqtisadi həyatında baş verən müsbət dəyişikliklərdən sonra bizim üçün çox dəyərli olan fikirlər söyləyib. Cənab Prezident rayonumuza 2009-cu ildəki səfərindən sonra həyata keçirilən tədbirləri yüksək qiymətləndirməklə bizim sevincimizi qat-qat artırdı. Prezidentin iştirakı ilə açılışı edilən Cənubi Qafqazda ən iri istehsal müəssisələrindən sayılan "Az-Qranata" Məhdud Məsuliyyətli Cəmiyyətin şirə və şərab emalı zavodu, sutkada 5 ton keyfiyyətli çörək istehsal edən "Ağsu Çörək" Məhdud Məsuliyyətli Cəmiyyətinin əsas müəssisəsi Avropanın və Müstəqil Dövlətlər Birliyinin aparıcı ölkələrində istehsal edilən ən müasir avadanlıqlarla təchiz olunub. Ötən il həmçinin regional Qaz İstismar Sahəsinin müasir inzibati binasının, Ağsu şəhərində beynəlxalq standartlara cavab verən 3000 yerlik stadionun, Uşaq - Gənclər Bədii Yaradıcılıq Məktəbinin nəfis tərtibatlı binasının açılışı olub. Şəhər mədəniyyət və istirahət parkı tamamilə yenidən qurulub, burada müasir səviyyədə istirahət guşələri və uşaqlar üçün əyləncə mərkəzi yaradılıb. Həmin obyektlərin hamısının açılışında möhtərəm dövlət başçımızın iştirak etməsi bizim fəaliyyətimizə növbəti stimul oldu. Ümumiyyətlə, təkcə bizdə deyil, dünyanın istənilən guşəsində qarşıya qoyulan vəzifənin layiqincə yerinə yetirilməsinə çalışan insanların əməyi öz qiymətini alırsa, mütləq növbəti uğurlara zəmin yaranır. Yəni, cənab Prezidentin Ağsuda olarkən ağsuluların ünvanına səsləndirdiyi təqdiredici fikirlər bizim qurub-yaratmağa olan əzmimizi qat-qat artırmış oldu.
Ənvər müəllim Ağsuda həyata keçirilən sosial-iqtisadi yönümlü tədbirlər haqqında çox qısa danışdı. Bu isə həmin tədbirlərin mükəmməl bir siyahısı ilə tanış olduq. Öyrəndik ki, ötən il rayonun kəndlərində də irimiqyaslı tikinti-quruculuq və infrastrukturun yeniləşdirilməsi istiqamətli layihələr həyata keçirilib. Məsələn, Çiyni kəndindəki abadlaşdırma tədbirləri miqyasına görə ölkənin ümumi inkişafı səviyyəsinə çatdırılıb. Qısa müdddət ərzində yerli icra hakimiyyəti orqanı və kənd bələdiyyəsi aparatı üçün müasir layihə əsasında ikimərtəbəli inzibati bina, 100 yerlik mədəniyyət evi inşa olunub, kənd stadionu istifadəyə verilib. Kəndin yol, qaz və elektrik təsərrüfatı tamamilə yeniləşdirilib.
Azərbaycan Kənd İnvestisiya Layihəsinə əsasən Ərəbmehdibəy, Qəşəd və Ləngəbiz kəndlərində ümumi uzunluğu 14,5 kilometr olan çınqıl yollar təmir olunub.
Bu zaman bir məqamı da xüsusilə vurğulamaq zərurəti yaranır. Belə ki, ölkənin hər yerində olduğu kimi, Ağsuda da özəl sektor ümumi inkişafa xüsusi töhfələr verir. Ona görə də rayon rəhbərliyi dövri olaraq bu sektorun inkişafına kömək edir. Məsələn, son bir ildə həyata keçirilən tədbirlər sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlərin sayını kifayət qədər artırıb. Ötən il rayon mərkəzində 35 fiziki şəxsə onların mülkiyyətində olan torpaqalarda ümumi sahəsi 4356 kvadratmetr olan ticarət, iaşə, məişət və digər xidmətlər göstərən obyektlərin tikintisini aparmaq üçün icazə verilib. Sahibkarlığın inkişafı və xüsusi mülkiyyətin genişləndirilməsi həm də məhsul istehsalında qeyri-dövlət sektorunun xüsusi çəkisinin artmasına səbəb olub.
Təqdir olunmalı faktdır ki, son illər Ağsuda aqrar bölmədə fəaliyyət göstərmək istəyən sahibkarlar daha da çoxalır. Onlara dövlət tərəfindən maliyyə dəstəyinin verilməsi bu tendensiyanı sürətləndirir. Məsələn, ötən bir il ərzində 6665 nəfər torpaq mülkiyyətçisinə yanacaq və mühərrik yağlarına, buğda əkininə görə 1 milyon 904 min manat vəsait verilib, 313 ton mineral gübrələr isə güzəştlə satılıb.
Əvvəlki illərdə və aylarda Ağsudan hazırladığımız yazılarda qeyd etmişdik ki, bu rayonda əhalinin, müəssisə və təşkilatların enerji daşıyıcıları və içməli su ilə təminatının yaxşılaşdırılması və dəyərinin ödənilməsi istiqamətində uğurlu tədbirlər həyata keçirilir. Rayon icra hakimiyyəti başçısının rəhbərliyi altında yaradılmış qərargahın hər həftə keçirilən iclaslarında qarşıya çıxan problemlər araşdırılır, onların aradan qaldırılması üçün əməli tədbirlər həyata keçirilir. Məsələn, ötən il 46 transformator yarımstansiyasında, 10 və 0,4 kilovoltluq elektrik verilişi xətlərində 61,4 kilometr məsafədə əsaslı və cari təmir işləri görülüb. Ağsu şəhərinin və ətraf kəndlərin əhalisinin içməli su ilə təchizatı əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb, Kəndoba və Ağabəyli kəndlərində içməli suyun keyfiyyətinin müəyyən edilən səviyyəyə çatdırılması üçün modul tipli sutəmizləyici qurğulardan istifadə olunmasına başlanılıb. Ötən il 242 ünvana yeni telefon xətti çəkilib, bu sahəyə ümumilikdə 88,8 min manat investisiya qoyulub. Hazırda rayonda yüksək sürətli internetdən istifadə edənlərin sayının artırılması üçün tədbirlər həyata keçirilir. Halbuki, Ağsu kimi kənd rayonunda bu istifadəçilərin sayının 360 olması pis göstərici deyil.
Ölkənin digər raoynlarında olduğu kimi, Ağsuda da həm dövlət başçısının, həm də Heydər Əliyev Fondunun qayğısı nəticəsində təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin maddi-texniki bazası gündən-günə möhkəmləndirilir. Yeni təhsil səhiyyə və mədəniyyət müəssisələri tikilir. Bu sahədə ən uğurlu göstəricilər məktəb binalarının tikilməsində özünü göstərir. Belə ki, son 8 ildə Ağsuda 15 yeni məktəb binası tikilib. Bu qayğı təhsilin keyfiyyətində də əks olunur. Məsələn, ötən il ağsulu orta məktəb məzunları arasında ali məktəblərə qəbul olunanların sayı 39 nəfər artıb, qəbul imtahanlarında 2 nəfər 600-dən, 6 nəfər isə 500-dən çox bal toplayıb.
Ağsulular "Ekologiya ili" və "Turizm ili" kimi "İdman ili"ni də uğurlu göstəricilərlə başa vuracaqlarına əmindirlər. Bu məqsədlə rayonda yeni istifadəyə verilmiş stadionun imkanlarından geniş istifadə edilməsi planlaşdırılır.
Bir sözlə, bu gün Ağsu və ağsulular haqqında danışarkən ancaq uğurdan, nailiyyətdən və tərəqqidən söz açılır. Bir də baharın bu yerlərə kifayət qədər "nazlana-nazlana" gəlməsindən. Dağlar sanki "qlobal istiləşmə" deyən təbii prosesin gətirəcəyi maneələrin su ehtiyatını toplamağa çalışırlar. Niyaldağ da belə "düşünür", Ləngəbiz dağı da. Amma Ləngəbizin yaxası boyunca yuxarı qalxan yollar sanki Ağsunun inkişafının tempini göstərən diaqram oxudur, elə hey yuxarıya doğru qalxır. Həmin yollara "Ağsu aşırımı" deyirlər. Kitablarda da belədir. Coğrafiyaçılar inciməsinlər, mən indi Ləngəbiz dağı boyunca qalxan o yolları aşırım yox, Ağsunu zirvəyə aparan yol adlandırmaq istəyirəm. İnanmayan varsa, Ağsunun aran hissəsində dayanıb baxsın. O yolları mütləq inkişaf dinamikasının göstəricisinə oxşadacaqlar...
İlqar HƏSƏNOV
Xalq qəzeti.- 2012.- 11 mart.- S. 7.