Göygöl rayon təhsili:
uğurlar, perspektivlər
Azərbaycan Prezidenti cənab
İlham Əliyevin 11 iyul 2011-ci il tarixli müvafiq sərəncamına
əsasən "2011-2021-ci illərdə Azərbaycan təhsilinin
inkişafı üzrə Milli Strategiya"nın
hazırlanaması ilə bağlı dövlət
komissiyası yaradılmışdır. Bu, ölkəmizin
ictimai-siyasi və sosial həyatında ən mühüm, əhəmiyyətli
hadisə olmuşdur. Müstəqil Azərbaycanda yeni təhsil
modelinin qurulmasını təmin edəcək Milli
Strategiyanın hazırlanması təhsilin
inkişafının dövlət siyasəti səviyyəsində
prioritet istiqamət kimi nəzərdə tutulmasına və
ölkə Prezidentinin təhsil sahəsinə göstərdiyi
diqqət və qayğıya əyani sübutdur. Bu, eyni
zamanda ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi
ilə başlanılmış təhsil islahatlarının
sistemli şəkildə davam və inkişaf etdiyini göstərir.
Ölkədə
təhsilin inkişafına göstərilən
qayğını Göygöl rayonunun timsalında da aydın
görə bilərik. Xatırladaq ki, rayonda 39 tam orta, 10
ümumi orta, 1 ibtidai məktəb, 4 məktəbdənkənar
təhsil müəssisəsi fəaliyyət göstərir.
Rayonun ümumtəhsil məktəblərində 8880 nəfər
şagirdin təlim-tərbiyəsi ilə 1481 nəfər
müəllim məşğul olur. 2011-ci ildə orta məktəbi
bitirən 712 nəfər şagirddən 543-ü orta təhsil
haqqında attestat almışdır. Ali məktəblərə
sənəd verən 410 nəfər şagirddən 130-u
respublikanın müxtəlif ali məktəblərinə qəbul
olmuşdur. Onların 20-si 500-dən, 5-i isə 600-dən
çox bal toplamışdır. Məzunlardan Röyal Mehdiyev
Ankara Gülhanə Tibb Akademiyasında, Qoşun Nəsirov Kipr
Beynəlxalq Universitetində təhsil alır. Şəhər
3 saylı tam orta məktəbin məzunu, Qafqaz Universitetinin tələbəsi
Elnur Hacıyev Prezident təqaüdünə layiq
görülmüşdür.
Rayonda
məktəb tikintisi sürətlə davam etdirilir. Tədris
ilinin əvvəlində 320 şagird yerlik Yeni Qızılca kənd
tam orta məktəbi yüksək keyfiyyətlə tikilərək,
lazımi inventar və avadanlıqlarla birlikdə istifadəyə
verilmişdir. Zurnaabad, Quşqara və Qızılca kənd
orta məktəbləri üçün yeni tədris
binalarının tikintisi hazırda davam etdirilir. Firuzabad qəsəbə
tam orta məktəbi üçün yeni tədris
binasının tikintisinə hazırlıq işlərinə
başlanılmışdır. Ümumiyyətlə, son illər
ərzində rayon üzrə 50 ümumtəhsil məktəb
binasının 14-ü yenidən tikilmiş. 26 əlavə
sinif otağı inşa edilmiş, 15 məktəb binası
isə əsaslı şəkildə yenidən qurulmuşdur.
"Xüsusi
istedada malik olan uşaqların (gənclərin)
yaradıcılıq potensialının inkişafı üzrə
Dövlət Proqrammı"na uyğun olaraq rayonda bir sıra
işlər görülmüşdür. Təhsil şöbəsində
"Olimpiadalara hazırlıq mərkəzi" il ərzində
fəaliyyət göstərir. Hər bir orta məktəbdə
də belə hazırlıq mərkəzi
yaradılmışdır. Ötən tədris ilində
respublika turunda yalnız bir nəfər şagirdimizin qalib
olması bizi ciddi şəkildə düşünməyə
vadar etmişdir. Bu tədris ilində olimpiadanın respublika
turunuda şagirdlərimizin daha yaxşı yer tutmaları
üçün hazırlıq işləri davam etdirilir.
Təhsil
sektorunun inkişafı üzrə ikinci layihənin məktəbə
hazırlığın inkişaf etdirilməsi komponentində
məktəbə hazırlıq və valideynlərin maarifləndirilməsi
proqramlarının həyata keçirlməsi nəzərdə
tutulmuşdur. Bu məqsədlə seçilən 6 pilot
rayonundan biri də bizim rayondur. Rayon üzrə 3 uşaq
bağçasında və 4 ümumtəhsil məktəbində
adı çəkilən pilot layihə
reallaşdırılmış, 5 yaşlı uşaqlar
hazırlıq siniflərində təhsilə cəlb
edilmişlər.
Şəhər
6 saylı tam orta məktəbin ən yaxşı tədris-maddi
bazası, yüksək səviyyəli pedaqoci kollektivi
vardır. 504 şagird yerlik məktəb binası 2008-ci ildə
tikilib istifadəyə verilmişdir. Tədris ocağında
müasir tələblərə cavab verən idman zalı,
eyni zamanda, idman meydançası şagirdlərin istifadəsindədir.
Məktəbdə həmçinin 2 kompyuter sinfi, 2 fənn
laboratoriyası (fizika və kimya) fəaliyyət göstərir.
Bundan başqa, sözügedən tədris ocağının
kitabxanası və 40 yerlik oxu zalı var. Müxtəlif tədbirlərin
keçirilməsi üçün akt zalından istifadə
edilir. Tədris müəssisəsi internetə
qoşulmuşdur. Məktəb müasir istilik sistemi ilə
qızdırılır. Həyətyanı sahədə 700-dən
çox müxtəlif meyvə ağacı və gül kolu əkilmişdir.
Hazırda
məktəbdə 375 nəfər şagirdin təlim-tərbiyəsi
ilə 39 nəfər müəllim məşğul olur. Tədris
ocağı 2006-cı, 2008-ci və 2009-cu illərdə
respublika üzrə göstəricisi yaxşı olan məktəblər
sırasına daxil edilmişdir. Tələblərdə
vahidlik prinsipinə əməl edilməsi uğurların
qazanılmasında rol oynayan amillərdən biridir.
Adı çəkilən tam orta məktəbin qazandığı uğurların əldə edilməsində məktəbin direktoru Kərim Kərimovun böyük rolu danılmazdır. K.Kərimov riyaziyyat fənninin şagirdlərə öyrədilməsində göstərdiyi səmərəli fəaliyyətinə görə 1989-cu ildə "Metodist müəllim", 1994-cü ildə isə "Ali kateqoriyalı müəllim" dərəcələrinə layiq görülmüşdür. O, 1996-cı ildən məktəbin direktoru kimi fəaliyyət göstərir. Həmin vaxtdan etibarən onun təşkilatçılıq və rəhbərlik qabiliyyəti də üzə çıxmağa başlamışdır. Kərim müəllim pedaqoji kollektivi qısa bir zamanda səfərbər etmiş, kollektivin gücünü vahid bir məcraya yönəltməyə nail olmuşdur. Buna görə də məktəbin uğurları ilbəil artmaqdadır. Hazırda şəhər 6 saylı tam orta məktəbinin xoş sorağı ali məktəbə qəbulun nəticələrinə, yüksək bal toplayan abituriyentlərin sayına, olimpiada, müsabiqə və yarışlarda iştirakına görə yalnız rayondan, bölgədən deyil, respublikamızın hər yerindən, hətta xarici ölkələrdən gəlir.
Qırıxlı kənd tam orta məktəbi rayonda yaşı 100-ə yaxınlaşan tədris ocaqlarından biridir. Məktəbə Əliqaya Namazov rəhbərlik edir. İxtisasca dil-ədəbiyyat müəllimi olan Ə.Namazov 1994-cü ildə savadı, iş qabiliyyəti və təşkilatçılığı nəzərə alınaraq adı çəkilən tədris ocağına direktor təyin edilmişdir. Ötən müddətdə məktəb bir sıra uğurlar qazanmışdır. Burada "İstedad bankı" yaradılmışdır. Ayrı-ayrı sahələr üzrə istedadlı uşaqlara müntəzəm olaraq əlavə məşğələlər keçirilir, şagirdlərin meyl və qabiliyyətləri düzgün istiqamətə yönəldilir. Buna görə də məktəbin şagirdləri müxtəlif illərdə olimpiada, müsabiqə və yarışlarda iştirak etmiş və layiqli yerlər qazanmışlar.
Fənn müəllimləri interaktiv təlim üsullarından və müasir texnologiyalardan maksimum səviyyədə istifadə etməyə çalışırlar. Pedaqoji kollektiv Balçılı kəndindəki 2 saylı tam orta məktəbdə yerləşən "Dayaq məntəqəsi"nin işində fəal iştirak edir, proqram və dərsliklər haqqında maraqlı fikirləri həmkarları ilə həvəslə bölüşür. Zona və rayon üzrə keçirilən müxtəlif mövzularda seminarlar da fəal təlim metodlarından istifadəni sürətləndirir.
Orta məktəblərin qarşısında duran əsas vəzifələrdən biri də ali məktəblərə savadlı abituriyentlər yetişdirməkdir. Qırıxlı kənd tam orta məktəbin fəaliyyətində bu məsələyə xüsuis önəm verilir. Məktəbin uğurlarının davamlı olması son 2 tədris ilinin göstəricilərinin TQDK-nın rəsmi statistik rəqəmləri ilə müqayisədə aydın görünür. Belə ki, 2010-cu ildə ali məktəbə sənəd verən 11 məzundan 6-sı müxtəlif ali məktəblərə qəbul olmuşdur. Onlardan 2 nəfəri 500-dən çox bal toplamışdır. 2011-ci ildə isə ali məktəblərə sənəd verən 17 nəfər məzundan 7-si tələbə adını qazanmışdır. Onlardan 1 nəfəri 600-dən çox bal toplamışdır.
Hazırda məktəbdə 235 nəfər şagirdin təlim-tərbiyəsi ilə 34 nəfər müəllim məşğul olur. Müəllim-şagird nisbəti rayon üzrə orta göstəricidən yüksəkdir. Tədris ocağı yüksək göstəricilərinə görə 2010-cu ildə respublika üzrə nümunəvi məktəblərin sırasına daxil edilmişdir.
Uşaq - Gənclər İdman Məktəbi rayonda fəaliyyət göstərən 4 məktəbdənkənar müəssisədən biridir. Sərdar Hüseynovun rəhbərlik etdiyi kollektivin uğurları çoxdur. Burada 3 idman növü (sərbəst güləş, voleybol və futbol) üzrə bölmələr fəaliyyət göstərir. İdman məktəbinin kollektivi rayonun ümumtəhsil məktəbləri şagirdlərinin iştirakı ilə hər il 5 idman növü üzrə spartakiada keçirir. Onlar həmçinin ümumtəhsil məktəblərinin fiziki tərbiyə müəllimlərinə metodik kömək göstərir, fiziki tərbiyə dərsləri üçün dərs proqramlarının və gündəlik dərs icmalının hazırlanmasında yaxından iştirak edirlər.
Məktəbin güləşçiləri 2011-ci ildə Şəmkir şəhərində keçirilən zona birinciliyində iştirak edərək, 46 kiloqram çəkidə I yeri, 38 kiloqram çəkidə III yeri tutmuşlar. Voleybolçular isə Yevlax şəhərində zona birinciliyində qalib adını qazanmış, Bakı şəhərində finalda iştirak etmişlər. Məktəbin futbolçuları AFFA-nın keçirdiyi II region kuboku uğrunda yarışın zona birinciliyində I yeri, Gəncə şəhərində Nizami Gəncəvinin 870 illiyinə həsr edilmiş turnir yarışında isə III yeri tutmuşlar.
Məktəbin kollektivi və idmançıları rayonda keçirilən bütün mədəni-kütləvi tədbirlərdə yaxından iştirak edirlər.
Dilarə Qazıyeva rayonda tanınan, özünəməxsus iş üslubuna və yaradıcılıq metodikasına malik olan müəllimlərdən biridir. Hələ orta məktəbdə oxuyarkən İslam Ələskərov (Aşıq Ələsgərin nəvəsi), Azadxan Haqverdiyev kimi saz-söz ustadları onda ədəbiyyata böyük maraq oyatmışlar. D.Qazıyeva orta məktəbi başa vurduqdan sonra arzularının arxasınca Gəncə şəhərinə gəlmiş və burada Dövlət Pedaqoci İnstitutunun filologiya fakültəsinə qəbul olmuşdur. Ali təhsil alandan sonra - 1988-ci ildən Göygöl şəhər 2 saylı tam orta məktəbində müəllim kimi fəaliyyətə başlamışdır. 1994-1998-ci illərdə isə həmin məktəbdə direktorun tədris işləri üzrə müavini vəzifəsində işləmişdir.
D. Qazıyeva 1998-ci ildən fəaliyyətini şəhər 1 saylı tam orta məktəbdə davam etdirir. 2001-ci ilin aprel ayında respublika pedaqoji mühazirəsində etdiyi məruzəyə görə II dərəcəli diplom almışdır. Həmin ilin may ayında "İlin ən yaxşı müəllimi" müsabiqəsində iştirak etimiş və Təhsil Nazirliyi tərəfindən II dərəcəli diplomla mükafatlandırılmışdır. Dilarə müəllimə müntəzəm olaraq müxtəlif mətbuat orqanlarında dil-ədəbiyyat fənninin tədrisinə, proqram və dərsliklərə aid məqalə, rəy və təkliflərlə çıxış edir. Azərbaycan Prezidentinin 2005-ci il 4 oktyabr tarixli sərəncamı ilə Dilarə Qazıyeva Azərbaycan Respublikasının "Əməkdar müəllimi" fəxri adı ilə təltif edilmişdir. 2008-ci tədris ilində keçirilmiş "Ən yaxşı 100 müəllim" müsabiqəsində mükafatlandırılan müəllimlərdən biri olmuşdur.
D.Qazıyevanın dərs dediyi şagirdlər fənn olimpiadalarında, müxtəlif bilik yarışları və viktorinalarda həvəslə iştirak edir və uğurlar qazanırlar. Sevinc Mustafayeva dil-ədəbiyyat fənni üzrə olimpiadada 3-cü yeri tutmuşdur. İlkin Əşrəfli Heydər Əliyevə həsr olunmuş inşa yazı müsabiqəsində fəxri fərmana layiq görülmüşdür.
500-dən, 600-dən çox bal toplayan şəhər 1 saylı tam orta məktəbinin məzunları sırasında D. Qazıyevanın dərs dediyi şagirdlər çoxdur. Sevindirici haldır ki, bu şagirdlərin bir qismi sevimli müəllimlərinin sənətini seçmişlər. Dilarə müəllimə bu gün onunla həmkar olan gənc müəllimlərlə fəxr edir. Çünki onlara ana dilinin, ədəbiyyatın sirlərini öyrətmişdir.
Lətifə Mirzəyeva Gəncə Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakültəsini bitirmişdir. Şəhər 4 saylı tam orta məktəbində işləyən L.Mirzəyeva məktəbdə riyaziyyat fənni üzrə metodiki birləşmənin sədridir. Şəhər 3 saylı tam orta məktəbində fəaliyyət göstərən "Dayaq məntəqəsində" riyaziyyat fənni üzrə maraqlı təkliflərlə çıxış edir. L.Mirzəyeva Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının məktəb üzrə sədri kimi ictimai fəaliyyət də göstərir.
Lətifə müəllimə səmərəli pedaqoji fəaliyyətinə görə "Metodist müəllim" adına layiq görülmüşdür. 1989-cu ildə Gəncə Müəllimləri Təkmilləşdirmə İnstitutunda təşkil edilmiş "Dərsdə texniki vasitələrdən istifadə qaydaları" adlı ixtisasartırma kursuna rəhbərlik etmişdir. Müxtəlif illərdə Göygöl Rayon İcra Hakimiyyəti başçısı, aparatın işçiləri, Təhsil şöbəsinin əməkdaşları L.Mirzəyevanın keçdiyi açıq dərslərdə iştirak etmiş və bu dərsləri yüksək qiymətləndirmişlər. 2007-ci ildə L.Mirzəyeva Təhsil Nazirliyi tərəfindən "Qlobal təhsil işçisi" döş nişanı ilə təltif olunmuşdur. 2008-ci ildən Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə Lətifə Mirzəyeva "Əməkdar müəllim" adına layiq görülmüşdür.
Göygöl rayonunda təhsil sahəsində əldə edilən uğurlar barədə çox danışmaq olar. Lakin bir qəzet yazısında bununla bağlı ətraflı söhbət açmaq çətindir. Biz təhsil işçiləri bundan sonra da öhdəmizə düşən işləri daha yüksək səviyyədə icra etməyə, dövlətin təhsil sahəsində siyasətini daha məsuliyyətlə yerinə yetirməyə, fənn kurikulumlarının tələblərinə uyğun olaraq tədrisin keyfiyyətini yüksəltməyə çalışacağıq.
Salman BALAKİŞİYEV,
Göygöl Rayon Təhsil
Şöbəsinin
müdir müavini
Xalq qəzeti.- 2012.- 11 mart.- S. 6.