Naxçıvan modernləşmənin önündə gedir

 

Müasir Azərbaycan Respublikasının son iyirmi illik müstəqillik dövrünün ən parlaq və ən uğurlu mərhələsi möhtərəm Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə ifadə olunan on səkkiz ilidir. Keçən müddət ərzində respublikamızın inkişafını təmin edən bütün sahələrin durmadan yüksək nailiyyətlərlə müşayiət olunması, sosial-iqtisadi proseslərin tərəqqisi və bununla da milli iqtisadi inkişafın təmin olunması xalqımızın hər bir nümayəndəsinin gündəlik həyat tərzində özünü göstərən nailiyyətlərə çevrilmişdir.

 

İqtisadiyyatımızın müasir bazar münasibətlərinin tələbləri çərçivəsində qurulması, onun əhalinin maddi-rifah halının daha da yaxşılaşdırılmasına uyğun müəyyən olunması həlli vacib olan məsələlərdən birini təşkil etməkdədir. Bu baxımdan da müxtəlif hüquqi və iqtisadi vasitə və mexanizmlərdən səmərəli istifadə etməklə, bəhs olunan sahədə kəmiyyət və keyfiyyət irəliləyişləri əldə etmək mümkün idi. Təbii ki, yeni iqtisadi şəraitə uyğun olaraq, iqtisadi siyasət müəyyən olunarkən ilk olaraq köhnədən miras qalan təsərrüfat formalarının milli iqtisadi inkişafa zərər olmadan aradan qaldırılması, daha təkmil, mükəmməl Dövlət Proqramları əsasında yeni təsərrüfat mexanizmlərinin yaradılmasını şərtləndirirdi. Buna görə də yeni mərhələ üçün zəruri olan tədbirlərdən biri məhz iqtisadi islahatların (aqrar) uğurla başlanması, davamı və tamamlanması idi.

Söz yox ki, keçmiş Sovet İttifaqına daxil olan on beş müttəfiq respublikanın hər biri müstəqillik qazandı. Ulu Tanrının xalqımıza bəxş etdiyi xoşbəxtliyin ən parlaq nəticəsidir ki, ölkəmizin bu günə qədər olan müstəqillik dövrünün böyük bir hissəsi (on doqquz ilə yaxın) məhz Heydər Əliyev müdrikliyindən yetərincə bəhrələndi, bu gün də bəhrələnməkdədir. Nə qədər ki, qədirbilən xalqımız var, qüdrətli dövlətimiz əbədidir, bu əvəzsiz siyasət də xalqımız və dövlətimizlə birlikdə yaşayacaqdır.

Tərəddüd etmədən qeyd edə bilərik ki, aqrar islahatlar ümummilli liderimiz Heydər Əliyevin müasir dövrdə xalqımız və dövlətimiz qarşısında ən böyüktarixi xidməti olmaqla, siyasi fəaliyyətinin ölkəmizə bəxş etdiyi möhtəşəm uğurlarından sadəcə biridir. Respublika səviyyəsində 1995-ci ildən "Aqrar islahatların əsasları haqqında", "Sovxoz və kolxozların islahatı haqqında" Azərbaycan Respublikasının qanunları (qeyd edək ki, hər iki qanun 18 fevral 1995-ci ildə Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanıb) ilə başlanan bu strateji tədbirə, əslində, ilk dəfə Naxçıvan MR-də start verilmişdir.

Naxçıvan MR-in yeni iqtisadi şəraitə uyğun iqtisadi uğurlarının təmin olunmasında bu qərarların həlledici rolu var idi. Ulu öndərin siyasi fəaliyyətinin Naxçıvan dövründə bu məsələyə diqqətlə yanaşılmış və məqsədyönlülük prinsipi əsas götürülmüşdür. Beynəlxalq təcrübənin öyrənilməsi və aqrar islahatların aparılmasında uğurla tətbiq edilməsi həmin prinsiplərin əsas ünsürlərini təşkil edirdi. Bu istiqamətdə də Naxçıvan MR-də böyük işlərin görülməsi mümkün olmuşdur. Aqrar islahatın aparılması sahəsində ilk təcrübə 1992-ci ildə Culfa rayonunun "Azərbaycan" sovxozunda heyvandarlıq sahəsində həyata keçirilmiş və müsbət nəticələr əldə edilmişdir.

Naxçıvan Muxtar Respublikası aqrar islahatların beşiyi kimi həm də respublikamızın iqtisadi rayonları arasında kənd təsərrüfatı sahəsində yüksək iqtisadi göstəriciləri ilə fərqlənən iqtisadi rayona çevrilirdi. Atılan hər bir addım əldə olunan böyük bir nailiyyət demək idi. Artıq 1 yanvar 2002-ci il tarixə olan statistik məlumatlar onu göstərirdi ki, Şərur rayonunda 23 min 971, Babək rayonunda 10 min 860, Ordubad rayonunda 4 min 575, Culfa rayonunda 7 min 854, Şahbuz rayonunda 4 min 118 və Naxçıvan şəhərində 31 ailə olmaqla, ümumilikdə Naxçıvan MR miqyasında 51 min 409 ailə üçün "Torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnamələr paylanılmışdır.

Bu bir həqiqətdir ki, 1995-ci ildən etibarən ölkəmizdə islahatlarla bərabər, həm də nəhəng strateji proqram olan dövlət mülkiyyətinin özəlləşdirilməsinin hüquqi əsası olan eyni adlı qanun - Dövlət Proqramı qəbul edildi. 1995-ci ilin oktyabr ayında qəbul edilmiş bu mütərəqqi layihə ilə şaquli təsərrüfat əlaqələrinin üfiqi təsərrüfat əlaqələri ilə əvəz edilməsi prosesi başlandı. Doğrudan da, bu çox əlamətdar bir addım idi. Çünki müasir iqtisadi sistemin mövcudluğu zəminində aqrar sektorda məşğulluq probleminin həlli istiqamətində görüləcək tədbirlər yalnız bu iqtisadi sistemin tələblərinə uyğunlaşmaqla həyata keçirilə bilərdi. Digər tərəfədən isə bütün bunlar milli dövlətçilik maraqları baxımından da dövlətimizə yaxından köməkdir.

Dövlətimizin daşıdığı ağır və məsuliyyətli vəzifələri və yükü birlikdə paylaşan özəl müəssisələr fəaliyyət göstərməyə başladı. Elə bununla da ölkəmizin yeni mərhələdə inkişafında bazar iqtisadiyyatı sisteminin ən bariz təzahür formalarından biri olan özəl bölmənin də rolu mövcud, payı və çəkisi isə artmış oldu.

2001-ci ilin statistik məlumatlarına istinad edərkən aydın olur ki, həyata keçirilmiş uğurlu aqrar islahatlar nəticəsində muxtar respublikada 201 kənddə torpaq islahatı qurtarmışdır. Bunun da nəticəsində 74 min 538 ailəyə və ya 246 min 902 nəfərə aid xüsusi mülkiyyətə 55 min 92 hektar torpaq sahəsi verilmişdir. 240 min 514 nəfərə (bu 70 min 873 ailə) "Torpaq mülkiyyəti hüququna dair" dövlət aktları verilmişdir (bu rəqəm ölkəmiz üzrə 867,8 min təşkil edir). Bu göstərici xüsusi mülkiyyət sahibi olan ailələrin 99,2 faizini təşkil etmişdir. Buradan da görünür ki, artıq MR-də aqrar sektor əhalinin məşğulluq probleminin həllində aparıcı sahə kimi özünü doğrultmuş və ümumilikdə milli iqtisadi inkişafın əsasını təşkil edərək böyük Heydər Əliyevin müəyyən etdiyi məqsədyönlü iqtisadi siyasətin əsaslarını özündə birləşdirirdi.

Məşğulluq siyasətinin dövlətin strateji məqsədləri içərisində yer alması müstəqillik dövründə sosial siyasətin çox mühüm məsələlərindən birini təşkil etməkdə idi. Bu, Heydər Əliyevin xalqımızın firavan yaşayışı istiqamətində həyata keçirdiyi tədbirlərin məğzini təşkil edirdi. Buna görə də bu humanist siyasətin uzun illər davam etməsi çox zəruri idi. Bu baxımdan da xalqımız 2003-cü ildən Baş nazir İlham Əliyevi prezident seçmək və onun ətrafında sıx birləşməklə növbəti müdrikliyini göstərdi.

Heydər Əliyev siyasətini tam təkmil və daha da qüdrətlənmiş olaraq davam etdirən Prezident ölkəmizdə məşğulluq məsələsinin hüquqi tənzimlənməsində mühüm mərhələni təmin etdi. Ölkə başçısı tərəfindən 26 oktyabr 2005-ci ildə imzalanan sərəncamla "Azərbaycan Respublikasının məşğulluq strategiyası"nın (2006-2015-ci illər), 15 may 2007-ci il tarixdə imzalanmış sərəncamla isə "Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramı"nın (2007-2010-ci illər) təsdiq edilməsi əhalinin məşğulluq probleminin aradan qaldırılmasında həlledici təsirə malik olmuşdur.

Təməli böyük ustalıqla qoyulan məşğulluq siyasətinin ardıcıl uğurlara söykənən davamı gündəlik hal almaqla, Naxçıvan MR-in hər bir bölgəsində böyük məşğulluq mənzərəsini formalaşdırmışdır. Bu istiqamətdə Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun əvəzsiz xidmətləri var. Muxtar respublikada diqqət və qayğı ilə əhatə olunan məşğulluq məsələsi hüquqiiqtisadi əsasları ilə daha da zənginləşməkdədir. 30 may 2007-ci il tarixdə təsdiq edilmiş Naxçıvan Muxtar Respublikasında Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramının (2007-2010-cu illər) əsas məqsədi əhalinin səmərəli məşğulluğunun inkişafına yönəldilən siyasi, iqtisadi, sosialinstitusional mühitin yaradılması əsasında məşğulluq sahəsində prioritet istiqamətlərin həyata keçirilməsini təmin etməkdən ibarətdir.

Aqrar sahədə istehsalçılara lazım olan zəruri kənd təsərrüfatı texnikalarının verilməsi, keyfiyyətli məhsul əldə etməklə birlikdə, həm də itkisiz yığılmasına çalışmaq çox mühüm bir məsələdir. Ona görə də aqrar sahənin müasir texnika ilə təmin edilməsi məsələsi davamlı xarakter almışdır. Bu tədbirlər özünün hüquqi, eyni zamanda, iqtisadi əsaslarını ölkə başçısının 11 fevral 2004-cü il tarixdə təsdiq etdiyi "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı", 23 oktyabr 2004-cü il tarixdə imzaladığı "Aqrar bölmədə lizinqin genişləndirilməsi sahəsində əlavə tədbirlər haqqında", 23 yanvar 2007-ci il tarixdə imzaladığı "Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında" və 21 avqust 2008-ci il tarixdə imzaladığı "Kənd təsərrüfatı məhsulları istehsalçılarının toxum, gübrə və damazlıq heyvanları ilə təmin edilməsinə əlavə dəstək verilməsi barədə" sərəncamları və digər hüquqi-normativ aktlardan götürür. Bu sənədlər bütövlükdə ölkəmiz və onun regionlarının sosialiqtisadi inkişafının təmin edilməsi üçün, o cümlədən aqrar sektorun inkişafı üçün nəzərdə tutulmuş məqsədyönlü tədbirlərin tərkib hissəsi olmaqla, məşğulluğun həm də aqrar sahədə təminatı istiqamətində çox güclü mexanizmə çevrildi.

Naxçıvan Muxtar Respublikasında 2011-ci ildə 1786341,6 min manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur. 2011-ci ilin məhsulu üçün 60 min 19 hektar sahədə əkin işləri aparılmışdır. Taxıl əkini sahəsi 2,4 dəfə, məhsul istehsalı isə 3,3 dəfə artmışdır. Yaradılmış əlverişli iqtisadi mühit nəticəsində Naxçıvan MR-də insanların iqtisadi fəaliyyəti səmərəli təmin olunmuşdur. Belə ki, ən zəruri tələbat məhsulu olan taxılçılıq da gündəlik diqqətlə əhatə olunmuş, 2011-ci ilin məhsulu üçün 34 min 751 hektar sahədə yazlıq və payızlıq taxıl əkilmiş və nəticədə isə taxıl zəmilərindən 101 min 28 ton məhsul götürülmüşdür.

Naxçıvan MR-də uzaqgörənlikə həyata keçirilmiş iqtisadi siyasət nəticəsində əhalinin əsas növ ərzaq məhsullarına təminatı istiqamətində böyük işlər görülmüşdür. Bitkiçilik məhsullarının istehsal həcmi insanların səmərəli məşğulluq fəaliyyətinin əlverişli ifadəsi olmaq etibarı ilə onların gündəlik həyat tərzinin daha da yaxşılaşmasına xidmət edərək aşağıdakı kimi olmuşdur: Ötən il 36835 hektar sahədən 107398 ton dənli və dənli paxlalı (qarğıdalsız), 744 hektar sahədən 2965 ton dən üçün qarğıdalı, 249,5 hektar sahədən 657,4 ton dən üçün günəbaxan, 2764 hektar sahədən 38309,6 ton kartof, 6044 hektar sahədən 65246,9 ton tərəvəz, 2829 hektar sahədən 40192,9 ton ərzaq üçün bostan məhsulları, barverən meyvə bağlarından 40309 ton meyvə, barverən üzüm bağlarından 14313,5 ton üzüm yığılmışdır.

Muxtar respublikamızda son illərdə kartof istehsalının da davamlı artımı təmin olunmuşdur. Qazanılmış bu nailiyyət öz iqtisadihüquqi əsasını 2005-2010-cu illəri əhatə edən "Naxçıvan Muxtar Respublikasında kartofçuluğun inkişafı üzrə Dövlət Proqramı"nın qəbul olunması barədə Naxçıvan MR Ali Məclis sədrinin sərəncamından götürür. Bu ərazidə məhsul istehsalının intensiv xarakter almasına və təbii ki, bununla da məşğulluq potensialının daha da artmasına böyük təkan vermişdir.

Aydın məsələdir ki, iqtisadi sahədə səmərəli fəaliyyət üçün zəruri olan vasitələrdən birimüvafiq texnika və avandanlıqlarla təmin olunmaqdır. Ölkəmizdə gedən uğurlu iqtisadi siyasət nəticəsində aqrar sektorun müasir texnika və avadanlıqlarla təchiz edilməsi və istifadəçilərin (kəndlilərin, fermerlərin) sərəncamına verilməsi prosesləri də özünün yüksəliş dövrünü yaşamaqdadır. 2005-ci ildən MR-ə ümumilikdə 685 ədəd müxtəlif adda və təyinatda kənd təsərrüfatı texnikası gətirilmişdir ki, bunun da 108 ədədi ötən ilin payına düşür.

Aqrar sahədə əhalinin məşğulluq fəaliyyətinə aid olan sferalardan biri də heyvandarlığın inkişaf səviyyəsinin ifadə olunmasıdır. Bunu statistik göstəricilərə nəzər salanda aydın görmək olar. 2012-ci il tarixə MR-də 102 min 900 baş qaramal, 613 min 594 baş isə xırda buynuzlu heyvanların saxlanılır. 2011-ci il ərzində 18244,4 ton diri çəkidə ət, 77119,6 ton süd əldə edilmişdir. 2011-ci il üzrə 296117,0 min manatlıq kənd təsərrüfatının ümumi məhsulu istehsal olunmuşdur.

2011-ci il üzrə Naxçıvan MR-də 276,3 min nəfərlik əmək ehtiyatlarının 269,2 min nəfəri əmək qabiliyyətli şəxslərdən ibarət olmuşdur. İqtisadiyyatda məşğul olan əmək qabiliyyətli yaşdan yuxarı olan şəxslərin sayı 6,6 min nəfər olmaqla, bu sferada məşğul olan yeniyetmələrin sayı 5 min nəfərdir. Bundan başqa, bəhs olunan dövrdə Naxçıvan MR-də dövlət məşğulluq xidməti orqanları tərəfindən 32 nəfər işsiz qeydə alınmışdır. Burada iqtisadi fəal əhalinin ümumi sayında məşğul olanlar 216,5 min nəfər təşkil etməkdədir.

Təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan və hər addımda humanist prinsipləri əsas tutaraq xalqımızın və onun hər bir üzvünün aydın sabahı və parlaq gələcəyinə xidmət edən bu tədbirlər Prezident İlham Əliyev tərəfindən daha da zənginləşdirilərək davam etdirilir. Dövlətimiz inkişaf etdikcə neftqeyri-neft sektorunun davamlı inkişaf istiqamətlərinin daha təkmil şəkildə təminatı da önəm qazanmaqdadır. Son on yeddi illik dövrdə durmadan cavanlaşan və gözəlləşən doğma Naxçıvan Azərbaycanda modernləşmə xəttinin önündə getməkdədir.

 

 

Cavadxan QASIMOV,

AMEA Naxçıvan bölməsinin əməkdaşı

 

Xalq qəzeti.- 2012.- 11 mart.- S. 5.