Diasporun təşkili, fəaliyyət
istiqamətləri, perspektivləri
"Diaspora" və ya "diyaspora" qədim yunan sözü olub
"saçılma, toxum saçma,
zərrələr halında dağılma" mənalarını
verir. Hərfi mənada dağılma, həm
də dağılmış olaraq yaşayan xalqları ifadə edir.
Qədim Yunanıstanda "diaspora" sözü bir paytaxtdan və ya böyük şəhərdən (meqapolisdən)
çıxaraq dünyanın bir çox yerlərində məskən salan xalqlar anlamında
işlədilirdi. Miladdan öncə
586-cı ildə Babil əsarətindən
sonra yəhudi qövmünün
bütün dünyaya
dağılmasından sonra da bu söz
sıx işlədilməyə başlanıldı.
Müasir
dövrdə diaspor sözü ilkin anlamını saxlamaqla
yanaşı, bir xalqın digər dövlətlərdə
yaşayan nümayəndələrinin qurduğu mədəni,
ictimai təşkilat mənasında işlədilir.
Diasporların əsas məqsədləri, vətəndən
ayrı yaşayan eyni bir xalqın nümayəndələrinin
bir-biri ilə, yaşadığı ölkənin müxtəlif
ictimai, siyasi qurumları ilə və öz ölkələri
ilə mövcud qanunlar çərçivəsində bir
çox müstəvilərdə əlaqələr
qurmasından, prioritet məsələlərin birgə
müzakirəsi və həlli istiqamətində fəaliyyət
göstərməsindən ibarətdir.
Dünyanın
bir çox ölkələrində müxtəlif millətlərin
yaratdığı diasporların qarşıya qoyduğu məqsəd
və vəzifələrdə ümumi pinsiplərdə
oxşarlıqlarla yanaşı fərqli çalarlar da
vardır. Bu da həmin təşkilatlarda təmsil olunan
insanların fərdi maraqlarından, xarakterik xüsusiyyətlərindən
və mənsub olduqları xalqın milli adət-ənənələrindən,
mentalitetindən və s. amillərdən asılıdır. Təbii
ki, bəzi diaspor təşkilatlarının qarşıya
qoyduğu məqsəd və vəzifələr, eləcə
də onların həyata keçirilməsi üçün
istifadə olunan metod və mexanizmlər ümumbəşəri
qanunlara zidd olmaqla yanaşı, beynəlxalq aləmdə ikrah
hissi yaradacaq, cinayət sayıla biləcək səviyyədə
ortaya çıxır.
Belə
avantürist, dırnaqarası təşkilatlara bariz nümunə
ermənilərin qurduğu diasporları göstərmək
olar. Onların qarşıya qoyduğu məqsəd və vəzifələrin
əsas mahiyyətində hər addımda Azərbaycan və
Türkiyə dövlətlərinə ziyan vurmaq,
"Böyük Ermənistan" nağılına özlərini
və dünyanı inandırmaq, zaman-zaman azərbaycanlılara
və türklərə qarşı törətdikləri vəhşilikləri
Türkiyənin adına çıxmaq və beləliklə
"ağıllı", "əzabkeş", "əzilən"
və "yazıq" xalq imicini formalaşdırmaq durur. Bu
vəzifələri həyata keçirmək
üçün hər cür iyrənc üsullara əl
atırlar. Obrazlı desək, ermənilərin yaratdığı
diasporları dəvə görünüşlü,
tülkübeyinli və goreşən xislətli adlandırmaq
olar. Həqiqətən onlar özlərini dəvə kimi
"cəfakeş" və "dözümlü"
göstərir, tülkü kimi, hiyləgərlik edir,
goreşən kimi tarixi qurdalayır, saxtalaşdırır və
həqiqətləri itirmək üçün məzarları
belə dağıdırlar.
Erməni
diaspor təşkilatlarının bir çox ölkələrdə
yaradılması orta əsrlərdən başlayır.
Müasir erməni diasporlarının yaranması isə
1890-cı illərdə Osmanlı dövlətində
yaşayan ermənilərin Avropaya və Amerikaya köçməsindən
sonraya təsadüf edir.
Etiraf
etmək lazımdır ki, bu gün erməni diaspor təşkilatları
güclü təşkilatlanmış bir çox ölkələrin
ictimai-siyasi həyatında təsir imkanlarına malik olan
lobbilər səviyyəsinə çatmışlar. Təəssüflər
olsun ki, bir sıra beynəlxalq təşkilatlarda və
aparıcı dövlətlərdə erməni lobbisinin təsiri
altına düşən, onlarla simbioz vəziyyətdə fəaliyyət
göstərən xeyli sayda ictimai-siyasi xadimlər vardır.
Bu mənada Azərbaycan diaspor təşkilatlarının əsas
vəzifələrindən biri erməni lobbisinin və
onların tərəfkeşlərinin dövlətimizə və
xalqımıza qarşı apardığı mənfi fəaliyyəti
neytrallaşdırmaqdan və haqq səsimizi dünyaya
çatdırmaqdan ibarətdir. Bu mübarizədə
diasporlarımızın müttəfiqləri dost ölkələrin
diasporlarıdır. Söz yox ki, ən böyük dayaq Azərbaycan
dövləti və türk diasporlarıdır.
Azərbaycan
diasporlarının yaranması, Dünya Azərbaycanlılarının
Həmrəyliyi Gününün təsis olunması
ideyası böyük öndər Heydər Əliyevə məxsusdur.
Məlumdur ki, 1989-cu il dekabrın axırlarında
Naxçıvanda SSRİ-nin tikanlı məftilləri söküldü
və Arazın hər iki tayında yaşayan azərbaycanlılar
arasında ünsiyyət yaranmağa başlandı. 1991-ci
ilin dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
sədri Heydər Əliyev dünya azərbaycanlıları
arasında birliyin daha da möhkəmləndirilməsinin əhəmiyyətini
nəzərə alaraq Ali Məclisdə dekabrın 31-nin
Dünya Azərbaycanlılarının Həmrəyliyi
Günü elan edilməsi təşəbbüsü ilə
çıxış etdi. Təklif yekdilliklə qəbul
edildi və Azərbaycan Ali Sovetinə də eyni addımın
atılması tövsiyə olundu. Beləliklə,
bütün azərbaycanlılar üçün əziz olan
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi
Günü hər il bayram kimi qeyd edilməyə
başlandı, bu gün Azərbaycan xalqının birlik
şüurunun və Azərbaycançılıq məfkurəsinin
simvoluna çevrildi.
Xalq və milli dövlətçilik üçün zəruri olan bütün nüansları vaxtında görmək və ardıcıl olaraq məsələləri həll etmək kimi xüsusi keyfiyyətlərə malik olan ümummilli liderimiz Heydər Əliyev 2001-ci il mayın 23-də Dünya Azərbaycanlılarının I qurultayının keçirilməsi haqqında sərəncam imzaladı. Həmin qurultayda 36 ölkədəki 200 müxtəlif təşkilatdan 406 nümayəndə, 63 qonaq iştirak edirdi. 2002-ci ilin iyunun 5-də ulu öndər Heydər Əliyev "Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında" fərman imzaladı. Bu fərman xaricdə yaşayan azərbaycanlıların diaspor təşkilatlarının yaradılması, onların fəaliyyətinin mütəşəkkil qaydada əlaqələndirilməsi, dünya azərbaycanlılarının siyasi və ideoloji birliyinin təmin olunması baxımından müstəsna əhəmiyyət daşıyan tarixi sənəd olmuşdur. Böyük öndər təkcə birbaşa bu istiqamətdə fəaliyyət göstərən dövlət qurumu yaratmaqla və diasporların təşkili və inkişafını dövlətin xarici siyasətinin əsas elementlərindən birinə çevirməklə kifayətlənməmişdir. O, xarici səfərlərində həmişə xaricdəki cəmiyyətlərimizin üzvləri ilə şəxsən görüşür, onları ruhlandırır, öz tövsiyələrini verirdi.
Müasir dövrdə diaspor anlayışı beynəlxalq münasibətlərin mühüm elementinə çevrilib. Qloballaşan dünyanın reallıqları diaspor quruculuğu sahəsində Azərbaycanın qarşısında yeni vəzifələr qoyur. Xalqlar arasında gedən sürətli inteqrasiya prosesləri, diaspor və lobbi təşkilatlarının beynəlxalq siyasətdə artan rolu bu sahədə daha genişmiqyaslı fəaliyyət göstərilməsini zərurətə çevirir. Bu sahədə ulu öndərin yolunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan ardıcıl, məqsədyönlü işlər öz müsbət bəhrəsini vermişdir. 2008-ci il noyabrın 19-da Azərbaycanın dövlət başçısının imzaladığı sərəncam ilə Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporlarla İş üzrə Dövlət Komitəsinin yaradılması da bu istiqamətdə aparılan işin daha da təkmilləşdirilməsinə xidmət edirdi.
Hazırda dünyada 420-dək Azərbaycan cəmiyyəti fəaliyyət göstərir. Bu ilin iyul ayında keçirilən Dünya Azərbaycanlılarının III qurultayında Prezident İlham Əliyev bildirmişdir ki, Azərbaycan diaspor təşkilatları ölkəmizin haqlı mövqeyini uğurla müdafiə etmiş, haqq səsimizin beynəlxalq ictimaiyyətə çatdırılması üçün səylərini artırmışlar. Dövlət başçısı xaricdəki soydaşlarımızı əldə edilən nailiyyətlərlə kifayətlənməməyi, bundan sonra fəaliyyətlərini daha da genişləndirmələrini tövsiyə etmişdir.
Sürətlə inkişaf edən, yeni texnologiyaların tətbiqi sahələrinin artdığı bir dövrdə dünya ilə ayaqlaşmaq üçün mövcud nailiyyətləri saxlamaqla daha da inkişaf etmək lazımdır. Odur ki, diaspor təşkilatlarımızın həm kəmiyyət, həm də keyfiyyət baxımından inkişaf perspektivlərini araşdırmaq, fəaliyyət istiqamətlərinin sferasını genişləndirmək haqda düşünmək faydalı olardı.
Diaspor təşkilatlarında təmsil olunan həmvətənlərimizin intellektual səviyyəsi, milli dövlətçilik şüuru, cəmiyyətdəki nüfuzu, maddi və mənəvi zənginliyi həmin cəmiyyətlərin gücünü artıran əsas amillərdəndir. Odur ki, diaspor işinə cəmiyyətlərimizin fəaliyyət göstərdikləri ölkələrdə yaşayan azərbaycanlılar arasında, xüsusilə intellektli gənclərin, maddi və mənəvi baxımdan zəngin, ictimai və siyasi həyatda sözünün çəkisi, nüfuzu olan vətəndaşların cəlb edilməsi, onların fəallığının artmasına böyük təsir göstərmişdir.
Diasporlarımız Azərbaycan həqiqətlərini, xüsusilə Dağlıq Qaradağ münaqişəsi ilə bağlı mövcud real vəziyyəti beynəlxalq ictimaiyyətə çatdırmaq üçün elə metodlardan istifadə etməlidirlər ki, bu, istənilən ölkənin xarici siyasətinin formalaşmasına əsaslı təsir göstərsin. Məsələn, hər hansı nüfuzlu beynəlxalq təşkilatda və ya müəyyən bir dövlətin seçkili orqanında təmsil olunmaq imkanına malik azərbaycanlı hər cür vasitələrdən istifadə olunmaqla dəstəklənməli, onun seçilməsi üçün lazımi işlər aparılmalıdır. Təbii ki, həmin soydaşımız Dağlıq Qarabağ probleminin mahiyyətini dərindən bilməli, Azərbaycanın haqlı mövqeyini müdafiə etmək üçün siyasi cəhətdən tam hazırlıqlı olmalıdır. Əgər bu, baş tutarsa, onda müəyyən uğurlar qazanmaq şanslarımız da artar. Çünki hər hansı bir ölkədə seçilən və təmsil olunan insanların ümumi münasibətləri, mövqeləri, həmin dövlətin, yaxud beynəlxalq təşkilatın siyasətinin formalaşmasında müstəsna rol oynayır. Təəssüflə qeyd etmək lazımdır ki, erməni lobbisi bu üsuldan hər zaman məharətlə istifadə etmiş və edir. Onların apardığı işlərin nəticəsidir ki, ABŞ kimi nəhəng dövlətin liderləri hər il ermənilərin 1915-ci ilə dair yalan iddialarına münasibət bildirirlər. Ayrı-ayrı Avropa dövlətlərinin parlamentləri ölkələrinin milli mənafelərini zərbə altında qoyaraq qondarma "erməni soyqırımı"nı tanıyır, hətta onu inkar edənlərin cəzalandırılması kimi qeyri-demokratik qanun layihələrini qəbul edirlər. 2011-ci il dekabrın 22-də Fransanın Milli Assambleyasının qəbul etdiyi qanun layihəsi buna ən bariz nümunədir. Bu, bir daha erməni lobbisinin hiyləgərliyi ucbatından dünyaya nümunə olan Fransa demokratiyasının hansı vəziyyətə düşdüyünü göstərir, ikili standartları açıq-aşkar ortaya qoyur. Görünür, vaxtilə Çörçil "Demokratiya özü də ideal quruluş deyil, lakin bəşəriyyət hələ bundan yaxşısını kəşf etməyib", - deyəndə bu cür paradoksal, eybəcər yanaşmaları nəzərdə tuturmuş.
Xaricdəki cəmiyyətlərimiz hər zaman istənilən məsələyə münasibətdə Azərbaycan dövlətinin, onun başçısının, bütün dünya azərbaycanlılarının lideri Prezident İlham Əliyevin çıxışlarında göstərdiyi hədəfləri, bəyan etdiyi tezisləri əsas götürməlidirlər. Bu, onların yüksək nəticələr əldə etmələrinə əsaslı təsir göstərəcəkdir.
Dünyanı iqtisadi, siyasi böhranların, iğtişaşların bürüdüyü bir vaxtda bütün sahələrdə dinamik inkişaf edən, regionun aparıcı dövlətinə çevrilən müasir Azərbaycan həm Şərq, həm də Qərb üçün yeni bir modeldir. Diaspor təşkilatlarımızın əsas vəzifələrindən biri də respublikamızda gedən iqtisadi yüksəlişin səbəblərini, vətəndaş - cəmiyyət - dövlət həmrəyliyinin vahid orqan kimi fəaliyyət göstərməsini, inkişafını dərin təhlillə, elmi araşdırmalarla beynəlxalq aləmdə təbliğ etməsidir. Bu, Azərbaycan haqqında beynəlxalq aləmdə düzgün təsəvvürün formalaşmasında və nəticə etibarilə, necə deyərlər, "regional həqiqətlərin" qəbul olunmasında mühüm rol oynayır.
Qeyd etdiyimiz kimi, Azərbaycan Respublikası bu gün iqtisadi, siyasi, elmi əsaslar üzrə sürətlə inkişaf edir. Müasir Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin vaxtı ilə dediyi "Azərbaycan dünyaya Günəş kimi doğacaq" ifadəsi artıq həyatda öz əksini tapmaqdadır. Bununla yanaşı, ulu öndərimizin və onun nurlu yolunu davam etdirən Prezident İlham Əliyevin bəyan etdiyi kimi, xaricdəki cəmiyyətlərimiz dövlətimizin inkişafında, dünya azərbaycanlılarının mənəvi dayağı olan müstəqil Azərbaycan Respublikasının tarixi çiçəklənmə prosesinə öz fəaliyyətləri ilə layiqli töhfələr verməli, onun beynəlxalq əlaqələrinin möhkəmlənməsi üçün əllərindən gələni əsirgəməməlidirlər. Çünki 50 milyonluq dünya azərbaycanlılarının bir Vətəni var, o da müstəqil Azərbaycan Respublikasıdır.
Sadıq QARAYEV,
politoloq
Xalq qəzeti.- 2012.- 11 mart.- S. 4.