İlaxır
çərşənbəniz mübarək!
Dünyanın yaranmasında
iştirak edən sonuncu ünsür havadır. Elə buna
görə də Azərbaycan xalqının yazqabağı mərasimlərində
sonuncu çərşənbə Yel çərşənbəsidir.
Mifik təsəvvürlərə görə odla birlikdə
yel də mənəvi-ruhi (kişi) başlanğıc hesab
edilir və maddi (qadın) başlanğıc - torpağa, suya
əks cəbhədə durur. Canlılara nəfəs verməklə
öz hərəkətliliyini, dinamikliyini onlara keçirir.
Başqa
sözlə, torpağı və suyu durğunluqdan
çıxarır. Bu xüsusiyyətinə görə yel
ruhla eyniləşdirilir. Mifik təsəvvürlərdə
dünyanın mənəvi, ruhi tərəfi kişilərlə,
maddi, əşya tərəfi isə qadınlarla əlaqələndirilir.
Lakin od və hava işə qarışmasa maddi, əşyavi
tərəf əbədi dəyişməz qalar, sular coşub
- daşmaz, dalğalanmaz, torpaqlar vulkana çevrilib
püskürməz. Bu əlamətə aid təcrübələrə
əsasən inanılmış xeyli fikirlərə rast gələrik.
"Yel olmasa, sel olmaz", "Yel eləyəni fələk
eləyə bilməz", "Yel əsməyincə
çöp də tərpənməz".
Azərbaycanlıların ən əski təsəvvürlərinə görə, Yel Baba daim meşələrdə azanlara yol göstərib. Bir inancda deyilir ki, "Yel çərşənbəsi girən gün söyüd ağacının altında dilək tutub Yel Babanı çağırsan, niyyətin hasil olar". Azərbaycan türklərinin mifoloji düşüncəsinin qaynaqları öz kökləri etibarı ilə tarixin çox dərin qatlarına bağlanır, onların izlərini gen yaddaşımızdan adət-ənənələrə, rituallara, qədim bayramlara, folklor örnəklərinə, klassik ədəbiyyata, mədəniyyət formalarına qatmaqla unudulmağa qoymamışlar.
Hələ lap qədimlərdən üzü bu yana xalq çərşənbələri çox böyük həvəs və istəklə keçirir. İlaxır çərşənbə gününə artıq bütün təmizlik işləri başa çatır, evdəki yorğan-döşək, xalça-palaz havaya verilir, şirniyyatlar bişirilir, nişanlı qızlara xonçalar aparılır, qəbirlər ziyarət edilir. İlaxır çərşənbə süfrəsində mütləq plov, balıq, müxtəlif bişinti məmulatları olur. Ailənin hər bir üzvünün adına şam yandırılır. Evin ən gözəgəlimli yerində qırmızı lentlə bağlanmış səməni qoyulur. Həmin gün axşam müxtəlif inanclar, fallar yoxlanılır. Onlardan bəzilərini xatırlatmaq yerinə düşər:
Şər qarışanda ürəyi istəyən hər kəs niyyət tutub qapı dinşəməyə gedir. Əlləri ilə qulaqlarını tutur, açanda ilk eşitdiyi sözü niyyətlərinə yozurlar.
Gənc qızlar arxası evin qapısına durub başmağını başının üstündən geriyə atırlar. Başmağın ucu qapıya sarı düşərsə, qız ya nişanlanacaq, ya ailə quracaq anlamı deyilir.
Bir uşağın əlinə iki qab verib birini doldurmaq şərtilə su gətirməyə göndərirlər. Əgər niyyətin yerinə yetəcəksə, uşaq məhz ürəyində tutduğun qabda su gətirir.
Qızlar bir evə
toplaşır, hər kəs barmağındakı üzükləri
çıxarıb su dolu
kasaya salırlar. Kasanın ətrafında
dövrə vurub gözləyirlər.
Qızlardan biri bir
bayatı çağırır və əlini kasaya salıb bir üzük çıxarır. Sudan çıxarılan
üzük kimin olursa, həmin bayatı ona aid olur.
Su dolu kasaya qız
və oğlanın adına uclarına
pambıq dolanmış
iynə salırlar. İynələr suda üz-üzə
gələrsə, bu onların qovuşacağına
işarədir.
Axır
çərşənbənin özünə aid alqışları
var:
Azar-bezarın çərşənbədə qalsın.
Axır çərşənbə muradını
versin.
Axır çərşənbədə uğurun üzünə gülsün.
Çərşənbə falın xeyirli olsun.
İlaxır çərşənbəyə məxsus inanclar illərlə sınanıb:
Çərşənbə qarğışı daşı
dələr.
Çərşənbədə toy eyləyənin bəxtinə
qız düşər.
Çərşənbə alqışı sayalı
olar.
Axır çərşənbədə su üstündən atdanan ilboyu sağlam qalar.
Axır çərşənbədən başlayaraq illər öncə xalq Novruzun özü ilə bağlı nəğmələr oxuyublar. Bu nəğmələrdə bayramın
ayrı-ayrı rəmzləri-
səməni, buğda,
qovurğa, yazın gəlişini bildirən çiçəklərin tərifi
və digər Novruz bayramına aid atributlar öz əksini tapırdı.
Vaxtilə "Səm-səmim",
"Səndən yazın
iyi gəldi",
"Səməni", "Gəldi yaz" kimi nəğmələr
dillər əzbəri
idi. Bayrama qədər Şum mərasimi, Saya mərasimi keçirilər,
Cəhrə nəğmələri,
Xana nəğmələri,
Nehrə nəğmələri,
Əkinçilik nəğmələri,
Sağın nəğmələri
oxunurdu. İlk
çərşənbədən başlayaraq
uşaqlar yumurta döyüşdürür, mahnı oxuyurdular:
Daş
yumurtam, daş, daş,
Baş
yumurtam, baş, baş.
Filankəsi
yandırdım,
Bir səbətlik
yumurtasını sındırdım...
Bölgələrdə
indi də müəyyən adət-ənənələr icra
olunur. Yenə həyətlərdə böyük tonqallar
qalanır, uşaqlar əllərində lopa yandıraraq
qapıları döyür, bayram payı yığırlar.
Sonra topladıqlarını bir yerə yığıb
hamıya bərabər bölürlər. Novruzun gözəlliyi
və özəlliyi də məhz onun birliyi, bərabərliyi
əks etdirməsi, insanları sülhə,
qardaşlığa çağırmasıdır.
İlaxır
çərşənbəniz mübarək olsun! Süfrəniz
ruzi-bərəkətli, ürəyiniz mərhəmətli, əməlləriniz
düz, qəlbiniz imanla dolu olsun! Ulu Tanrı rəhmət
qapılarını hər birimizin üzünə
açsın! Amin!
Zərifə BƏŞİRQIZI
Xalq qəzeti.- 2012.- 13 mart.- S. 10.