Neft Akademiyasında Çingiz
Abdullayevlə görüş keçirildi
Dünən Azərbaycan Dövlət
Neft Akademiyasında xalq yazıçısı Çingiz
Abdullayevlə görüş keçirildi. Tədbiri
giriş sözü ilə açan rektor, akademik Siyavuş
Qarayev dünyada kifayət qədər tanınan
yazıçının tərcümeyi-halı haqqında məlumat
verərək bildirdi ki, Çingiz Abdullayev hüquq elmləri
doktoru, Rusiya Milli Hüquq Akademiyasının fəxri doktoru,
Azərbaycan Yazıçılar Birliyinin katibidir.
Rektor
qeyd etdi ki, yazıçı 1959-cu ildə Bakıda anadan
olub, Azərbaycan Dövlət Universitetinin (indiki Bakı
Dövlət Universitieti) hüquq fakültəsini bitirib. Bir
müddət hüquqşünas kimi fəaliyyət göstərib.
1984-1986-cı illərdə Afrika, Asiya və Avropa ölkələrində
ezamiyyətdə olub. Sonra partiya və sovet işlərində
çalışıb, Əzizbəyov (Xəzər) Rayon
İcraiyyə Komitəsində şöbə müdiri, Azərbaycan
KP Qaradağ Rayon Komitəsində müxtəlif vəzifələrdə
işləyib. 1988-ci ildə beynəlxalq təcavüz problemləri
ilə bağlı namizədlik, 1991-ci ildə beynəlxalq
cinayət problemi haqqında doktorluq dissertasiyası müdafiə
edib. 1989-cu ildə Polşanın Krakov Universitetinin fəxri
professoru, 1990-cı ildə Hacı Zeynalabdin Tağıyev
adına Xeyriyyə Cəmiyyətinin sədri, 1991-ci ildə
Azərbaycan Yazıçılar Birliyinin katibi seçilib. Azərbaycan
PEN klubunun vitse-prezidentidir.
Akademik
Siyavuş Qarayevin sözlərinə görə, Çingiz
Abdullayev ədəbi yaradıcılığa tələbəlik
illərindən başlayıb, 1983-cü ildən etibarən
dövri mətbuatda oçerk, məqalə və detektiv
janrında yazdığı hekayələrlə müntəzəm
çıxış edib. Rus dilində yazır, ingilis və
italyan dillərində sərbəst danışır.
Kitabları 28 dilə tərcümə edilib və
ümumilikdə 26 milyon nüsxə ilə MDB, Baltikyanı
ölkələr, eləcə də Amerika, Fransa,
İsveç, Norveç, Bolqarıstan, İsrail, İspaniya,
Türkiyə, İtaliya, Çin və Rumıniyada çap
olunub. Amerikanın nüfuzlu jurnallarından biri onu müasir
dövrün siyasi detektiv janrının ən yaxşı
nümayəndələrindən biri adlandırıb. Azərbaycan
ədəbiyyatı qarşısında xidmətlərinə
görə Çingiz Abdullayev "Qırmızı
Bayraq" ordeni və medallarla, 2009-cu ildə isə Azərbaycan
Prezidenti İlham Əliyevin fərmanı ilə
"Şöhrət" ordeni ilə təltif edilib. Rektor
Siyavuş Qarayev yazıçıya gələcəkdə
daha böyük uğurlar arzuladı.
Sonra
Neft Akademiyasının tələbə və müəllim
kollektivi qarşısında çıxış edən xalq
yazıçısı Çingiz Abdullayev Azərbaycanın ədəbi
mühitinin hazırkı durumu, indiyədək çap
olunmuş əsərləri və gələcək
planları haqqında məlumat verdi. Onun sözlərinə
görə, birinci kitabı "Mavi mələklər" əvvəlcə
30 min, sonra isə 100 min tirajla çap olunub. İndiyədək
ümumilikdə 160 roman yazıb və onlar bir çox
dünya xalqlarının dillərinə tərcümə
edilərək müəllifinə şöhrət
qazandırıb. Bu günlərdə Bolqarıstanda çox
nəfis şəkildə yeni kitabı çapdan
çıxıb. Fransada da yeni kitabı işıq
üzü görüb. Hazırda "Qanun" nəşriyyatı
yazıçının bütün külliyyatını Azərbaycan
dilinə tərcümə edərək nəşrə
hazırlayır.
Yazıçı
əsərlərinin mövzusunu əsasən real həyatdan
götürdüyünü bildirdi. Onun sözlərinə
görə, Ukraynanın hazırkı Prezidenti Viktor
Yanukoviçin (kitab yazılarkən baş nazir olub),
Litvanın sabiq prezidenti Vitaltas Lansberqisin həyatı
haqqında, eləcə də Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin və
Gürcüstanın sabiq dövlət başçısı
Eduard Şevardnadzenin həyatına sui-qəsd cəhdləri
ilə bağlı kitablar yazıb və bu əsərlər
geniş oxucu kütlələri tərəfindən maraqla
qarşılanıb.
Sonra
yazıçı tələbələri maraqlandıran
suallara cavab verdi və onları çoxlu kitab oxumağa
çağırdı.
Paşa ƏMİRCANOV
Xalq qəzeti.- 2012.- 14 mart.- S. 11.