Azərbaycan
xalçası ümumbəşəri dəyər kimi qorunur
Xalça Azərbaycan incəsənətinin
zəngin xəzinəsi, böyük sənət əsəri,
bir xalqın yazılı tarixi, şifahi ədəbiyyatı
və klassik dünyagörüşünün əsas mənbəyidir.
Bu xəzinəni dünya xalqlarına, gələcək nəsillərə
çatdırmaqdan ötrü onları bir yerə
toplayıb, qorumaq üçün bir sənət məbədinin
yaranması zəruri idi.
Bu məqsədlə
xalçaya, sənətə, milli qürura dəyər,
önəm verən insanların təşəbbüsü ilə
1967-ci ildə Azərbaycan Xalçası və Xalq Tətbiqi
Sənəti Dövlət Muzeyi təşkil edildi. Lakin muzey
yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə
gəlişindən sonra tam həcmli fəaliyyətə
başlamışdır. Mədəniyyətimizə, onun
inkişafına həmişə doğma münasibət bəsləyən,
milli ruhda böyüyüb, tərbiyə alan Heydər Əliyevin
el sənətinə göstərdiyi diqqət və
qayğının nəticəsində muzeyin ilk
ekspozisiyası 1972-ci il sentyabrın 27-də
açılmışdır. Muzeyin
açılışında şəxsən iştirak edən,
çıxışı zamanı Azərbaycan
xalqının həyatında əhəmiyyətli yer tutan
xalçalar haqqında məlumat verib, müqayisələr aparan
ümummilli lider Heydər Əliyev bir daha xalça sənətinin
möhtəşəmliyini vurğulamışdır.
Heydər
Əliyevin dəstəyi nəticəsində muzeyin
toplularının zənginləşdirilməsi
üçün Azərbaycanın xalq rəssamı, sənətşünas
Lətif Kərimovun rəhbərliyi ilə biz Azərbaycanın
bütün regionlarını, bölgələrini
qarış-qarış gəzib, ekspedisiyalarda iştirak edib ən
gözəl xovlu və xovsuz xalça və xalça məmulatlarını,
xalçaçılıq alətlərini və s. qiymətli
sənət nümunələrini toplayıb, onların toxunma
texnikasını, boyanma prosesini, xalçaçılıqla
bağlı adət-ənənləri, mərasim və şənlikləri,
el deyimlərini öyrənirdik.
Hal-hazırda
muzey 10 min eksponatdan ibarət zəngin, unikal kolleksiyaya malikdir.
O, özündə həm qədim, həm müasir xalça
və xalça məmulatlarını, milli paltar, tikmə, zərgərlik
əşyalarını, dəmir, daş, taxta üzərində
oymaları cəmləşdirib.
Azərbaycanın
mədəni irsinin xaricdə təbliğ edilməsi məqsədilə
muzey respublikada və 30-dan artıq xarici ölkədə
xalça və xalq tətbiqi sənətinə aid sərgilər
təşkil etmişdir. Bunların sırasında Fransa,
Avstriya, Danimarka, Hindistan, Yaponiya, Almaniya, Böyük Britaniya,
Səudiyyə Ərəbistanı, Kuba, Hollandiya, Kamboca,
Madaqaskar, İtaliya, Mərakeş Krallığı,
Türkiyə, və s. ölkələri göstərmək
olar.
Bütövlükdə Azərbaycan mədəniyyətinin Avropaya inteqrasiyası sahəsində ölkəmizdə uğurlu iş aparılır. Muzey daim beynəlxalq tədbirlərə dəvət olunur. Elə ötən il də muzey əməkdaşları bir neçə beynəlxalq konfranslarda və seminarlarda - Gürcüstanın Tiflis şəhərində keçirilən A-MUSE-ALL layihəsi üzrə final konfransda "Təhsil proqramı", İsveçin Stokholm şəhərində keçirilən Şərq Xalçaları üzrə 12-ci Beynəlxalq Konfransda (İCOC) "Azərbaycan xalçalarında konsentrik rəmzlər", Gürcüstanın Tiflis şəhərində keçirilən "Mədəniyyətlərin müxtəlifliyi Muzeylərdə mədəniyyətlərarası dialoq" beynəlxalq elmi konfransda "L.Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin kolleksiyası", Macarıstanın paytaxtı Budapeştdə keçirilən "III Respublikanın 20 ili" mövzusunda beynəlxalq elmi konfransda "Mədəniyyətlərarası dialoq: Azərbaycan xalçaları Böyük İpək Yolunda", Türkiyənin Konya şəhərində keçirilən III Beynəlxalq Türk Əl Toxumaları (Tekstil) və Ənənəvi Sənətlər Konqresində "Azərbaycan Orta Asiya və Türkiyə xalçalarının qarşılıqlı müqayisəsi " adlı məruzələr ilə çıxış etmişlər.
Türkiyənin Konya şəhərində keçirilən III Beynəlxalq Türk Əl Toxumaları (Tekstil) və Ənənəvi Sənətlər Konqresində muzey Türkiyənin Səlcuq Universiteti tərəfindən "2011-ci ilin bilim və sənətə katkı ödülü" ilə təltif olunmuşdur .
2011-ci ildə Azərbaycan klassiki Nizami Gəncəvinin 870 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən muzeydə "Xalçalarda Nizami dünyası" adlı sərginin təşkili Azərbaycan dekorativ-tətbiqi sənətinin, o cümlədən xalça sənətinin bir başqa yönümdən canlandırılmasına səbəb oldu. Sərginin eyniadlı videoçarxı dənizkənarı Milli Parkda təqdim olundu.
Azərbaycan xalçaları, o cümlədən Qarabağ xalçaçılıq məktəbinə məxsus çeşnilərin qorunması, təbliği və tədqiqi sahəsində muzeyimizin Şuşa filialı mütəmadi işlər aparır. 1987-ci ildə Şuşa şəhərində açılmış Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin Şuşa filialı əfsuslar olsun ki, erməni hərbi təcavüzü nəticəsində fəaliyyətini 1992-ci ildən Bakıda Xalça Muzeyində davam etdirir.
Hal-hazırda təcavüzdən əvvəl Şuşa filialından çıxarılan xalçalar muzeyin fondunda mühafizə olunmaqdadır. Məhz bu eksponatların əsasında Qarabağ xalçalarının ənənəvi çeşniləri yaşadılır və inkişaf etdirilir. Şuşa filialı Şuşa, Xocalı, Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan, Xankəndi şəhərlərinin qaçqınları ilə Qarabağ xalça ənənələrinin yaşadılması və inkişafı istiqamətində mütəmadi olaraq işlər aparır.
2011-ci ilin iyul ayında muzeydə Vaşinqtonda fəaliyyət göstərən "Qarabağ Fondu"nun nümayəndəsi ilə görüş təşkil edilmişdir. Görüşdə Qarabağ xalçalarının qorunması, təbliği və inkişafı sahəsində bir-çox məsələlər müzakirə olunmuş, muzey və "Azərbaycan xalçaçıları" İB tərəfindən gələcək əməkdaşlıq proqramı, ikitərəfli memorandum imzalanmışdır.
2007-ci ilin dekabr ayından elmi status almış muzeydə fəaliyyət göstərdiyi dövrdən Azərbaycan xalçası üzrə beynəlxalq konfranslar keçirilmişdir. 1983-cü ildə YUNESKO-nun dəstəyi ilə keçirilən Azərbaycan Xalçaları üzrə Beynəlxalq Simpoziumun açılış mərasimində ümummilli lider Heydər Əliyev yaxından iştirak etdi. Bu ənənənin davamı olaraq 1988, 2003-cü illərdə Bakıda, 2007-ci ildə Parisdə Azərbaycan xalçaları üzrə beynəlxalq simpoziumlar keçirilmişdir.
Muzeydə fəaliyyət göstərən İCOM Azərbaycan Milli Komitəsinin bir sıra beynəlxalq konfranslarda iştirakı, həyata keçirdiyi əhəmiyyətli layihələr, təşkil olunan treninqlər xalça sənətimizin təbliğində mühüm rol oynamışdır.
Muzeydə elmi-tədqiqat şöbəsi təsis edilmişdir. Şöbədə fəaliyyət göstərən AMEA-nın müxbir üzvü, elmlər doktorları, fəlsəfə doktorları muzeyin topluları üzərində tədqiqat işləri aparırlar. Bizdə yaradılmış Elmi Şurada muzeyşünaslıqla yanaşı, elmi-tədqiqat işləri də müzakirə və təhlil olunur. 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən muzeyimiz aparıcı təşkilatlar sırasına daxil edilmişdir. Muzeyin bir əməkdaşı Ali Attestasiya Komissiyasında ekspert komissiyasının üzvüdür.
Muzeyin "Təsviri və dekorativ-tətbiqi sənət məsələləri" toplusu Prezident yanında Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə edilən nüfuzlu nəşrlər siyahısına daxil edilmişdir.
Muzeyin nüfuzlu elmi mərkəz kimi tanınması onun beynəlxalq miqyasda ekspert kimi çıxış etməsinə imkan verir. Onun ünvanına xarici tədqiqatçılar, şəxsi qalereyalar, muzeylər tərəfindən onlarda saxlanılan əşyaların elmi atribusiyasının verilməsinə dair müraciətlər gəlir.
Ümummilli lider Heydər Əliyevin dövlətçilik strategiyasının varisi onun siyasətini şərəflə davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oldu. Onun xalça sənətinə, toxucuların əməyinə, xalçaçılıq elminə olan diqqətini hər hansı çərçivədə xarakterizə etmək mümkün deyil. 2005-ci il fevralın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azərbaycanda xalça sənətinin qorunması və inkişafı haqqında" Qanunun icra edilməsi barədə sərəncam imzaladı.
Prezident İlham Əliyevin 2007-ci il mart ayının 6-da imzaladığı "Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında" sərəncam Xalça muzeyinin də fəaliyyətində yeni şərəfli səhifə açdı. Sərəncamın birinci bəndində Bakı şəhərində Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin yeni binasının tikintisi üçün yer ayrılması bildirilirdi. Bunun nəticəsində inşa edilən Dənizkənarı bulvar ərazisində "Açılan xalça" muzey kompleksi təkcə Bakının memarlığına gözəl əlavə deyil, eyni zamanda, o, xalçaçılıq sənətinin, xalça məmulatlarının zənginliyinin, xalq tətbiqi sənət nümunələrinin tanınma yeri olacaq və Azərbaycan xalçası tədqiqatçılarını daha çox cəlb edəcək.
Muzeyin yeni binasının açılışından sonra onun kollektivi qarşısında ictimaiyyətlə, tamaşaçılarla ünsiyyətin yeni formalarının işlənməsi məsələləri durur. Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin belə möhtəşəm binaya köçürülməsi vaxtında atılmış addımdır, çünki hazırda o, xalçalarımızın toplandığı, mühafizə olunduğu, tədqiq və təbliğ olunduğu mərkəzə çevrilib.
Prezident İlham Əliyevin siyasəti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın məqsədyönlü, ardıcıl fəaliyyəti sayəsində Azərbaycan ölkəmizin mədəni irsinin qorunması işində görünməmiş uğurlar əldə edib. 2010-cu ilin noyabr ayında qeyri-maddi irslə bağlı Dövlətlərarası komitənin 5-ci sessiyasında "Azərbaycan xalçası" sənəti YUNESKO-nun bəşəriyyətin qeyri-maddi mədəni irsinin reprezentativ siyahısına daxil edilmişdir.
Söz yox ki, Azərbaycanın xalça sənətinin ümumbəşəri sərvətə çevrilməsi qarşımızda daha böyük məsuliyyət qoyur.
Ümumbəşəri sərvətə çevrilən xalça sənətinin dünyada tanıdılması sahəsində 2010-cu ildən fəaliyyət göstərən "Azərbaycan xalçaçıları" İctimai Birliyinin də nailiyyətləri danılmazdır. 28-29 noyabr 2011-ci il tarixində İndoneziyanın, Bali şəhərində YUNESKO-nun qeyri-maddi mədəni irslə bağlı dövlətlərarası komitəsinin 6-cı sessiyasında 27 digər qeyri-hökumət təşkilatı ilə yanaşı "Azərbaycan Xalçaçıları" İctimai Birliyinin müstəqil ekspert kimi qeydiyyata alınması ilə bağlı akkreditasiya edilməsi tövsiyə edilib. Birlik fəaliyyətə başladığı gündən etibarən bir çox sərgilər, konfranslar və s. təşkil etmişdir.
Birliyin əsas məqsədlərindən biri də müasir xalq ustalarının təkmilləşməsinə təkan verməkdən, onların imkanlarının üzə çıxarılmasından ibarətdir. Son ildə bu istiqamətdə əhəmiyyətli layihələr həyata keçirilmişdir. Birlik muzey ilə birlikdə qardaş Özbəkistanla qarşılıqlı mədəniyyət əlaqələri qurmuş, Azərbaycan və özbək xalqının sənət nümunələrini bir araya gətirərək, "Özbəkistan bədii sənətkarlığı: ənənələr və müasirlik" adlı sərgi təşkil etmişdir. Birliyin keçirdiyi əhəmiyyətli tədbirlərdən biri də Naxçıvan MR-də "Naxçıvan xalçaçılıq ənənələri bu gün" elmi-praktiki konfransıdir. Konfransda Naxçıvanda müasir xalçaçılıq ənənələri müzakirə olundu və təkliflər verildi.
"Azərbaycan Xalçaçıları" İctimai Birliyi muzeyin qədim unikal xalçalarının çeşniləri əsasında toxunmuş, xalça sənətinin bədii məktəblərini (Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ) təmsil edən mini-replika xalçalardan ibarət sərgi-satış-layihəsi hazırlayıb. Bu layihədə qədim çeşnilərimiz xalça sənətinin dünyada təbliğinə və tanıdılmasına ciddi təsir göstərə bilməsi məqsədi ilə müasir dizayn tələblərinə uyğun - kiçik ölçülərdə, miniatür formada hazırlanmışdır.
"Azərbaycan Xalçaçıları" İctimai Birliyinin təsis etdiyi üç dildə (Azərbaycan, ingilis və rus) hazırlanmış "Xalça" beynəlxalq onlayn jurnalının da əsas məqsədi dərin köklərə malik olan qədim və müasir Azərbaycan və ümumiyyətlə Şərq xalçaları haqqında məlumatları dünya ictimaiyyətinə çatdırmaqdır.
Azərbaycan xalçasının təbliği sahəsində muzeyin həyata keçirdiyi nəşrlər də xüsusi əhəmiyyətə malikdir. 2011-ci ildə "Azərbaycan Xalçası" kitabım macar və ərəb dillərində nəşr olunub.
2012-ci ildə muzey ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xalça sənəti sahəsində göstərdikləri xidmətdən bəhs edən "Azərbaycan xalçası: qayğı ilə yaşayan milli sərvət" kitabının, "Nizami obrazları xalçalarda" miniatür kitabın, "Azərbaycan xalçası Böyük İpək Yolunda" kataloqunun nəşr etdirilməsini nəzərdə tutub.
2012-ci ildə muzey əhəmiyyətli layihələrin həyata keçirilməsini planlaşdırır. Cari ilin aprel ayında muzeyin yeni binasında Azərbaycan Xalçaları Böyük İpək Yolunda sərgisi nümayiş etdiriləcək. Oktyabr ayında Türkiyənin Konya şəhərindəki Səlcuq Universiteti ilə birlikdə Bakıda "IV Beynəlxalq türk əl toxumaları (tekstil) və ənənəvi sənətlər" Beynəlxalq konfransının keçirilməsi nəzərdə tutulub. Həmçinin, Bakıda muzey tərəfindən İCOC (Şərq Xalçaları üzrə Beynəlxalq Konfrans) ilə birlikdə "Azərbaycan xalçası və onun dünya mədəniyyətinə inteqrasiyası" adlı V Beynəlxalq Konqres keçirilməsi işlərinə başlanılıb. İlin sonunda beynəlxalq sərgilər silsiləsindən olan Ostrova şəhərindəki (Çexslovakiya) muzeydə "Əbədi odlar yurdu - Azərbaycanın minillik mədəniyyəti" adlı sərgi təşkil olunacaq.
Muzey mütəmadi olaraq KİV-ə, o cümlədən CNN TV-yə Azərbaycan xalça sənəti, həmçinin muzey haqqında geniş məlumatlar verir. Bizi bir məsələ çox narahat edir. Bu da ondan ibarətdir ki, bəzən KİV-lərdə və yaxud da nəşr olunan materiallarda muzeyimiz, o cümlədən xalça sənəti haqqında səhv məlumatlar verilir, onun fəaliyyəti sayəsində baş tutan tədbir haqqında danışarkən muzeyin rolu vurğulanmır.
Gələcəkdə KİV nümayəndələri L.Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi ilə əlaqə saxlayıb məlumatları dəqiqləşdirdikdən sonra çap etsələr daha doğru olar.
Röya TAĞIYEVA,
professor, sənətşünaslıq
doktoru,
L.Kərimov adına Azərbaycan
Xalçası və Xalq Tətbiqi
Sənəti
Dövlət Muzeyinin direktoru
Xalq qəzeti.- 2012.- 14 mart.- S. 7.