1995-ci ilin mart hadisələri xalqın milli dövlətçiliyi qətiyyətlə dəstəklədiyini sübut etdi

 

1993-cü ildə ümummilli lider Heydər Əliyev yenidən hakimiyyətə gəldikdən sonra Azərbaycan dövlətçiliyi bir neçə dəfə ağır sınaqlardan şərəflə çıxmışdır. Ölkədə ciddi nizam-intizamın yaradılması, baş alıb gedən anarxiyanın, xaosun, özbaşınalığın qarşısının alınması, qeyri-qanuni silahlı dəstələrin ləğvi hakimiyyəti ələ keçirmək istəyən bir qrup daxili və xarici qüvvələri ciddi narahat edirdi. Özbaşınalığa, mənəm-mənəmliyə adət edən, şəxsi maraqlarını hər şeydən üstün tutan bir qrup adam öz bəd əməllərindən əl çəkmək istəmirdi. Tabeçiliyində saxladıqları qeyri-qanuni silahlı dəstələr hesabına addımbaşı ictimai-siyasi sabitliyi pozur, insanları daim vahimə içərisində saxlayır, qayda-qanunlara əməl etmək istəmirdilər. Ümummilli lider Heydər Əliyevin isə tələbi çox ciddi idi: qeyri-qanuni silahlı dəstələr ləğv edilməli, hər kəs qanunlara tabe olmalıdır.

 

Azərbaycanda demokratiyanın bərqərar olunması, ölkədə demokratik prinsiplərin inkişafına üstünlük verilməsi ilə heç cür razılaşmayan xəyanətkarlar 1994-cü ilin okyabrında və 1995-ci ilin martında dövlət çevrilişi etmək xülyasına düşdülər. Bu çirkin əməllərə, şərəfsiz fəaliyyətə o vaxtlar Xətai rayon prokuroru vəzifəsində çalışan Mahir Cavadov və Daxili İşlər Nazirliyi nəzdində Xüsusi Təyinatlı Polis Dəstəsinə rəhbərlik edən, eyni zamanda, nazir müavini vəzifəsini daşıyan Rövşən Cavadov qardaşları rəhbərlik edirdilər. Daxili İşlər Nazirliyinin tabeçiliyində olan Xüsusi Təyinatlı Polis Dəstəsi daxili işlər nazirinin əmrini, göstərişlərini yerinə yetirmir, mafioz qrupların tapşırıqlarını yerinə yetirirdilər. XTPD-nin üzvləri onlara rəhbərlik edən Rövşən Cavadova arxalanaraq ağır cinayətlər törədirdilər. Törətdikləri cinayətlərə görə cəzasız qalanlar isə getdikcə daha da azğınlaşırdılar.

1994-cü ilin oktyabr hadisələrindən sonra ümummilli lider tərəfindən əfv edilən Rövşən Cavadov 1995-ci ilin martında çirkin əməllərini yenidən davam etdirdi. Bu dəfə dövlətə qarşı cinayət Qazax - Ağstafa bölgəsindən başlandı. Sonra R.Cavadov birbaşa Daxili İşlər Nazirliyinin nəzdində olan XTPD-nin bazasına gedərək oradan hakimiyyətə ultimatumlar verdi. Onun və rəhbərlik etdiyi qeyri-qanuni silahlı dəstənin qarşıya qoyduğu əsas vəzifə bundan ibarət idi: Prezident Sarayını zəbt etmək, Azərbaycan Prezidentini ya öldürmək, ya həbs etmək, Ali Soveti, Azərbaycan Milli Televiziyasını və Daxili İşlər Nazirliyini öz tabeçiliyinə keçirmək. Bu çirkin işlərin necə həyata keçiriləcəyi, kimlər tərəfindən icra ediləcəyi də artıq planlaşdırılmışdı. Cinayət hadisələrini törədənlərə rəhbərlik edən Rövşən Cavadov qanuni dövləti, hakimiyyəti silah gücünə devirəcəyini gizlətmirdi. O, müxtəlif bəyanatlar verərək hakimiyyətə hədə-qorxu gəlirdi. Onun verdiyi bəyanatlara diqqət yetirin: "Bunlar haradan qüvvə gətirsələr də, mümkün deyil. Bunlar bizimlə bacaran deyillər", "...Necə istəyirsiniz elə edin. Mən sözümü dedim... vətəndaş müharibəsi, dünya müharibəsi, necə istəyirsiniz, bunu adlandırın. Əgər onlar getməsələr, istefa verməsələr, biz onları zorla devirəcəyik". "Biz hakimiyyətə gələcəyik. Ölkə rəhbərliyində mənim yerim isə Dövlət Şurası yaradıldıqdan sonra kollegial surətdə müəyyənləşdiriləcək".

Göründüyü kimi, Rövşən Cavadov silah gücünə, günahsız insanların qanını tökmək yolu ilə hakimiyyətə gəlmək niyyətini gizlətmirdi. Belə insanlarda milli təəssübkeşlik, vətənpərvərlik hissləri, xalqına, dövlətinə qarşı heç vaxt məhəbbət olmur. Xarici himayədarlarının tapşırıqlarını yerinə yetirən belələrini çoxlu miqdarda çirkli pullar əldə etmək daha çox düşündürürdü. Hətta ümummilli lider ona dəfələrlə müraciət etsə də, Rövşənin atası Bəxtiyar Cavadovu ağsaqqal kimi dəyərləndirib oğluna öyüd-nəsihət verməyi, tutduğu cinayətkar yoldan çəkindirmək barədə tövsiyələr versə də, R.Cavadov dövlət çevrilişi cəhdindən əl çəkmədi. Bütün problemləri qan tökülmədən, dinc vasitələrlə aradan qaldırmağa çalışan ulu öndər bu dəfə də yüksək humanistlik nümayiş etdirdi, silahlı dəstə üzvlərini əfv edəcəyini bildirdi. Lakin Rövşən Cavadov qan tökmək inadından yenə də əl çəkmədi və "ultimatumlarını" davam etdirdi.

1995-ci il martın 15-də ümummilli lider Heydər Əliyev televiziya və radio ilə xalqa müraciət etdi.

Ulu öndər 1993-cü ildən - hakimiyyətə gəldiyi gündən görülən işlər barəsində xalqa ətraflı məlumat verdi. Bir daha aydın oldu ki, Azərbaycan müstəqil dövlət kimi beynəlxalq aləmə nüfuz edir, əlaqələrini möhkəmləndirir, iqtisadi cəhətdən inkişaf edir. Dünyanın ən iri şirkətləri Azərbaycanla əməkdaşlıq etməyə maraqlıdırlar. Belə bir şəraitdə bir qrup qeyri-qanuni silahlı dəstə Azərbaycanda dövlət çevrilişi etməyə cəhd göstərir. Ulu öndər xalqa müraciətində demişdir: "...Onlar vətəndaş müharibəsinə başlayıblar. Rövşən Cavadov və onun dəstəsi tökülən qanların günahkarlarıdır. Bilirsiniz, XTPD-nin yerləşdiyi 8-ci kilometrdəki bazaya cinayətkarları toplayırlar. Bu ağır vəziyyətimizdə gəncləri tərbiyə etmək əvəzinə, cinayətə sövq edirlər, onlara silah paylayırlar, dövlət əleyhinə çıxmaq istəyirlər. Onlar Nizami Rayon Polis İdarəsinə hücum ediblər. Polis əməkdaşları o hücumun qarşısını alıblar, qəhrəmanlıq göstəriblər. İki nəfər polis əməkdaşı yaralanıb. Beləliklə, Ağstafada, Qazaxda, gəlib Bakıda da qan töküblər. Düzdür, XTPD-dən də biri həlak olub və bəlkə də o, günahsız bir zavallıdır. Allah ona da rəhmət eləsin. O da vətəndaşımızdır, o da Azərbaycan Prezidenti kimi mənim vətəndaşımdır. Onun cinayət yoluna düşməsi özünün günahı deyil, Cavadovların günahıdır. Bütün o tökülən qanlara günahkar onlardır".

Cavadov qardaşları hakimiyyəti ələ keçirmək məqsədilə aldadıb ətrafına topladıqları insanların sayını artırmaq üçün Kəlbəcərdən, Laçından, Qubadlıdan və digər rayonlardan olan məcburi köçkünlərin məskunlaşdıqları ərazilərə öz adamlarını göndərərək onların tərəfinə keçmələrini təklif etmişdilər. Hətta hədə-qorxu gələrək demişdilər ki, onları dəstəkləməyənlərin aqibəti pis olacaq. Lakin qaçqın və məcburi köçkünlər ulu öndər Heydər Əliyevin ətrafında sıx birləşdiklərini açıq şəkildə bildirmiş və Cavadov qardaşlarının elçilərini qovmuşlar. Məcburi köçkünlər çox yaxşı bilirdilər ki, xəyanətkarlardan onlara arxa-dayaq olmayacaq. Onlar qüdrətli şəxsiyyət Heydər Əliyevə inandıqlarını onun ətrafında sıx birləşmələri ilə nümayiş etdirdilər.

Ulu öndər cinayətkar dəstəyə müraciət edərək demişdir: "8-ci kilometr qəsəbəsində yerləşən Xüsusi Təyinatlı Polis Dəstəsinin üzvlərinə - Daxili İşlər Nazirliyinin əməkdaşlarına, Azərbaycanın vətəndaşlarına müraciət edirəm: Bu əməlinizdən, cinayətkar niyyətlərinizdən əl çəkin, bu yoldan çəkinin, düz yolda deyilsiniz. Tökdüyünüz qanlar, etdiyiniz cinayətlər bəsdir! Təklif edirəm, kim mənim bu çağırışıma səs verirsə, oradan çıxsın və o, cəmiyyətdə də, Daxili İşlər Nazirliyində də öz yerini alacaqdır. Ümumiyyətlə, dəstəyə və Rövşən Cavadova deyirəm: Bu cinayətkar əməllərinizdən əl çəkin, təslim olun! Silahlar bu gün təhvil verilməli, oradan çıxıb hərə öz yerinə getməli, təslim olmalıdır. Dövlətlə dövlətçilik etmək olmaz. Azərbaycanın dövləti var, xalq tərəfindən seçilmiş Prezidenti var". Lakin cinayətkar dəstə bütün bunlardan bir nəticə çıxarmadı. Xalq isə dövlətimizin başçısının daxili və xarici siyasətini dəstəklədiyini bildirdi, onun ətrafında daha sıx birləşdiyini nümayiş etdirdi.

1994-cü ilin oktyabr hadisələri zamanı da bunun şahidi olmuşduq. Ulu öndərin bir çağırışı ilə yüz minlərlə insan qısa vaxt ərzində bir yerə toplaşdı, onunla həmrəy olduqlarını nümayiş etdirdilər.. Təəssüf ki, Cavadov qardaşları bu həmrəyliyi də nəzərə almadılar. Martın 16-dan 17-nə keçən gecə XTPD üzvləri hücuma keçərək atəş açdılar və dörd əsgərimizi öldürdülər. Buna baxmayaraq, əsgər və zabitlərimiz mərdlik, cəsarət göstərdilər, Azərbaycan dövlətçiliyini, qanuni hakimiyyəti, müstəqilliyimizi qoruyub saxladılar. Tarixi şəxsiyyət Heydər Əliyevin müdrikliyi sayəsində dövlət çevrilişi cəhdinin qarşısı alındı.

Bu hadisələrdən on yeddi il keçir. Ötən müdət ərzində Azərbaycan müstəqil dövlət kimi daha da inkişaf etdi, əlaqələri genişləndi, mövqeləri möhkəmləndi. Ümummilli lider Heydər Əliyevin dövlət idarəçiliyindəki zəngin təcrübəsi, xalqına, Vətəninə, millətinə olan sonsuz məhəbbəti, qətiyyəti, uzaqgörənliyi sayəsində Azərbaycanda ictimai-siyasi sabitlik qorunub saxlanıldı.

Bu gün qazandığımız bütün uğurlara, iqtisadi inkişafa, Azərbaycanın dünya birliyində reytinqinin getdikcə yüksəlməsinə görə xalq ulu öndər Heydər Əliyevə borcludur.

 

 

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.- 2012.- 15  mart.- S. 10.