"SEPAH" dostluğa, qonşuluğa
və beynəlxalq əməkdaşlığın prinsiplərinə
uyğun gəlməyən əməllərdən
əl çəkmir
Milli Təhlükəsizlik
Nazirliyinin həyata keçirdiyi tədbirlər nəticəsində
dövlətə xəyanətdə və digər
ağır cinayətlərdə ittiham edilən şəxslər
ifşa olunmuşlar
Paradoksal bir haldır. İran
İslam Respublikasının dövlət rəsmiləri Azərbaycanla
dostluq, qardaşlıq və mehriban qonşuluq münasibətlərini
davam etdirmək niyyətləri barədə dəfələrlə
açıqlamalar versələr də, qonşu ölkənin
hərbçiləri və xüsusi xidmət orqanları Azərbaycana
qarşı bəd niyyətli əməllərdən əl
çəkmək istəmirlər ki, istəmirlər. Beynəlxalq
aləmdəki bütün kütləvi informasiya vasitələri
və aparıcı beyin mərkəzləri dönə-dönə
bəyan edirlər ki, Azərbaycan rəhbərliyi öz
ölkəsindən İrana qarşı hansısa bir təsir,
təhdid və hərbi əməliyyat üçün
istifadə edilməyəcəyi barədə bəyanatlar
verir və buna əməl edir. Amma bunun müqabilində
İran rəsmilərinin Azərbaycanla dostluq və mehriban
qonşuluq barədə verdiyi bəyanatlar İranın
xüsusi xidmət orqanları və hərbçiləri tərəfindən
qulaqardına vurulur.
Milli
Təhlükəsizlik Nazirliyi təxminən bir ay əvvəl
Azərbaycanda terror və başqa cinayətlər törətmək
üçün İranda hazırlanıb Bakıya göndərlən
silahlı qrupu ifşa etmişdi. Ondan bir az əvvəl isə
ali rütbəli İran hərbçiləri Azərbaycana
qarşı açıq hədə-qorxular səsləndirmişdilər.
Qonşu ölkənin kütləvi informasiya vasitələrinin
və "xırda siyasətçilərin" Azərbaycana
qarşı səsləndirdiyi təhqir, şantaj, hədə-qorxu
və alçaldıcı ifadələrə isə
ümumiyyətlə, heç bir qoruq-qadağa yoxdur.
Bir
müddət əvvəl Prezident Administrasiyasının
ictimai-siyasi məsələlər şöbəsinin
müdiri Əli Həsənovun İrana səfəri
zamanı adı çəkilən məsələlər də
müzakirə olunmuş və müvafiq razılaşmalar əldə
edilmişdi. Azərbaycan tərəfi həmin
razılaşmalara böyük hörmət və ehtiramla
yanaşsa da, İran mətbuatında bu ehtiramın
ömrü cəmi 3 gün oldu. Bundan başqa, İran
İslam Respublikası, Türkiyə Cümhuriyyəti və
Azərbaycan Respublikası xarici işlər nazirlərinin lap
bu yaxınlarda Naxçıvanda keçirilən
görüşündə də çoxsaylı məsələlər
müzakirə olunmuş, münasibətlərdəki bəzi
məqamları nizamlamaq üçün Naxçıvan Bəyannaməsi
imzalanmışdı. Nazirlərin Naxçıvan
görüşündən sonra - martın 9-da kütləvi
informasiya vasitələrinin təmsilçilərini dəvət
edərək mətbuat konfransı keçirən səfir Məmmədbağır
Bəhramzadə jurnalistlərin suallarını
cavablandırarkən çox nikbin idi. Suallardan biri belə
idi: - Sizcə, nazirlərin Naxçıvan
görüşündən sonra Tehranla Bakı
arasındakı nota mübadilələri adlı böhran
aradan qalxacaqmı? Cavab: - Tehranla Bakı arasında heç
bir problem yoxdur və heç bir böhrandan söz gedə
bilməz.
Bu sətirlərin
müəllifi də həmin mətbuat konfransında
iştirak edirdi və səmimiyyətlə qeyd edim ki, cənab
səfirin həmin nikbinliyi hər iki ölkədən olan
jurnalistlərin gözündə açıq şəkildə
görünən bir sevincə çevrildi. Amma...
Yuxarıda
qeyd etdiyimiz kimi, bu gün İranda dövlətin siyasəti
ilə xüsusi xidmət orqanlarının əməlləri
arasında çox böyük təzad vardır. Biz bunun təsdiqini
Milli Təhlükəsizlik Nazirliyinin ictimai əlaqələr
şöbəsinin martın 14-də yaydığı
geniş məlumatda növbəti dəfə
görürük. Məlumatda bildirilir ki, İran İslam
Respublikasının xüsusi xidmət orqanı olan
"İslam İnqilabının Mühafizəçiləri
Korpusu - "SEPAH" Azərbaycan vətəndaşlarından
ibarət böyük bir qrup insanı pul və digər şirnikləndirici
vasitələrlə ələ almış, onları
terrorçu səviyyəsində hazırlayaraq Bakıya
göndərmişdir. 1999-cu ildən 2011-ci ilə qədər
davam edən bu proses nəticəsində 22 nəfər Azərbaycan
vətəndaşı ələ alınaraq gənc müstəqil
respublikamızın suverenliyi və dövlət təhlükəsizliyi
zərərinə casusluq etməyə sövq edilmişdir.
"SEPAH" onları peşəkar terrorçular
üçün lazım olan bütün "keyfiyyətlərlə"
- Vətənə xəyanət, milli təəssübkeşliyin
itirilməsi, amansızlıq, qan tökülməsini adi hal
kimi qarşılamaq, insan həyatına acımamaq, beynəlxalq
əməkdaşlıq normalarını ayaq altına atmaq və
sairə - elə silahlandırıb ki, bu adamlar maddi gəlir əvəzində
Azərbaycanın nüfuzunu ayaq altına atmağa hazır
idilər. Ancaq bu rəzil hərəkətlərin
qarşısı uğurla alınıb.
"SEPAH"
Azərbaycanın nüfuzunu öz vətəndaşlarımızın
əli ilə ayaq altına atmaq üçün hansı
planları cızmışdı? Məlumatda bildirilir ki,
"SEPAH"-ın Əkbər Pakraveş və Vəhid
adlı əməkdaşları dini həmrəylik pərdəsi
altında İrana dəvət etdikləri Azərbaycan vətəndaşlarını
Tehran şəhərindəki məxfi görüş mənzillərində
yerləşdirmiş, onlarla 4-5 gün xüsusi söhbət
aparmışlar. Əsas məqsəd onları Azərbaycan
Respublikasının ərazisində ABŞ, İsrail və Qərb
dövlətlərinin səfirlikləri, nümayəndəlikləri
və təşkilatlarına qarşı gələcəkdə
həyata keçirilməsi nəzərdə tutulan terror-təxribat
aktlarına hazırlamaq idi. MTN-in məlumatında adı
çəkilən azərbaycanlılara sonradan Tehran və Kərəc
şəhərlərinin yaxınlığında yerləşən
hərbi düşərgələrdə peşəkar təlimatçıların
rəhbərliyi altında müxtəlif odlu silahlardan -
xüsusən, avtomat silahlardan və tapançalardan atəş
açmağı, partlayıcı maddələrdən və
qurğulardan, topoqrafik xəritələrdən istifadə etməyi
öyrətmişlər. Potensial terrorçu kimi hazırlanan
soydaşlarımıza piyada və avtomobillə məxfi
müşahidələr aparmaq, məxfi müşahidələrdən
yayınmaq və mühafizə olunan qapalı tikililərə
gizli yolla daxil olmaq kimi vərdişlər öyrədilmişdir.
Təlimlər başa çatdıqdan sonra həmin
adamların hər birindən məxfi əməkdaşlıq
barədə iltizam alınmış və hər birinə
terrorçu ləqəbi (təxəllüs) verilərək
Azərbaycana göndərilmişlər. Əkbər
Pakraveş və Vəhid öz "qonaqlarını" Azərbaycana
yola salarkən onlara külli miqdarda ABŞ dolları və məhz
ABŞ-ın Azərbaycandakı təşkilatlarına
qarşı terror əməlləri törətmək
üçün tapşırıqlar vermişlər.
Geridə
qalan illərdə "SEPAH"ın tam təchiz olunmuş məxfi
əməkdaşı olan "azərbaycanlı
terrorçular" öz "vəzifələrini" yerinə
yetirərək Bakıdakı səfirliklərin, nümayəndəliklərin,
təşkilatların, iqtisadi sahədə fəaliyyət
göstərən şirkətlərin, o cümlədən
"Soxnut" adlı yəhudi qurumunun bir neçə təhsil
müəssisəsinin, "Amerikan Fast - food"
restoranının, "bp - Azərbaycan" neft şirkətinin
baş ofisinin və digər obyektlərin dəqiq
ünvanlarını, yerləşmə proyeksiyalarını
müəyyənləşdirərək müşahidələr
aparmış, burada işləyən şəxslər barədə
əldə etdikləri məlumatları İranda Əkbər
Pakraveş və Vəhidə çatdırmışlar. Yəni
açıq şəkildə casusluqla məşğul
olmuşlar.
Milli
Təhlükəsizlik Nazirliyinin yaydığı məlumatda
ifşa olunan casuslardan götürülmüş
silahların adı və miqdarı göstərilir. O qədər
silahlarla bəlkə də işğal olunmuş
rayonlarımızın hansınısa azad etmək
mümkün olardı. Amma İran tərəfində Azərbaycanın
Qarabağ probleminin ədalətli həlli barədə kiminsə
düşündüyünü gözləmək bəlkə
də sadəlövhlük olardı. Onları tamamilə
başqa məsələlər düşündürür.
Amma rəsmi Tehrana beynəlxalq təzyiqlər artdıqca cənub
qonşumuzun Azərbaycanda bu qəbildən olan fəaliyyəti
genişləndirməsi İran rəsmilərini bir az
başqa istiqamətdə də düşündürməlidir.
Onlar nəzərə almalıdırlar ki, Bakı öz ərazisindən
İrana qarşı heç bir təzyiqə, təhdidə
və başqa müdaxiləyə yol verməyəcəyi barədə
vədlərinə sədaqətlə əməl edir. Bəs
Tehran? Yeri gəlmişkən, "SEPAH"ın rəhbərləri
ifşa olunmuş casuslar barədə məlumatlara dərhal
reaksiya versələr də faktı təkzib etmək
qeyri-mümkündür.
O ki
qaldı "SEPAH"ın casusuna çevrilmiş
soydaşlarımıza, onlara xatırladırıq ki, bu
torpağın suyunu içib, çörəyini yeyən
yaşıdlarınız arasında Mübariz İbrahimov kimi
tarixə düşən oğullar var. Siz də tarixə
düşdünüz - satqın, xain, casus kimi. Öz
imkanlarınızdan erməni işğalçılarına
qarşı istifadə etsəydiniz, tarixə başqa şəkildə
də düşə bilərdiniz.
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2012.- 16 mart.- S. 6.