Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis olunması ölkəmizin
beynəlxalq aləmə inteqrasiyasında böyük
rol oynayacaq
Azərbaycanda dövlət gənclər
siyasətinin formalaşdırılması ümummilli lider
Heydər Əliyevin adı ilə bağlıdır. "Azərbaycan
Respublikasının Gənclər və İdman Nazirliyi
haqqında" Azərbaycan Respublikası Prezidentinin
1994-cü il 26 iyul tarixli fərmanı, "Gənclər
siyasəti haqqında" Azərbaycan Respublikasının
Qanunu və gənclər siyasəti sahəsində digər
normativ hüquqi aktlar, habelə Azərbaycan gənclərinin
forumlarının keçirilməsi gənclərlə iş
sahəsinin hüquqi əsaslarını və icra mexanizmini
müəyyən etmişdir.
1996-cı
il fevralın 2-də Bakıda Azərbaycan Gənclərinin
Birinci Forumunun keçirilməsi gənclərimizin
qarşısında geniş perspektivlər açdı. 1997-ci
ildə ulu öndər Heydər Əliyevin
imzaladığı sərəncamla hər il fevralın 2-si Gənclər
Günü kimi qeyd edilir.
Ulu
öndər Heydər Əliyevin müəyyənləşdirdiyi
dövlət gənclər siyasəti Prezident İlham Əliyev
tərəfindən uğurla davam etdirilir. Dövlət
başçısının 2005-ci il 30 avqust tarixli sərəncamı
ilə təsdiq edilmiş "Azərbaycan Gəncliyi Dövlət
Proqramı (2005-2009-cu illər)" dövlət gənclər
siyasətinin həyata keçirilməsi yolunda mühüm fəaliyyət
sənədi olmuşdur. Həmin Dövlət
Proqramının icrası nəticəsində dövlət gənclər
siyasətinin prioritet sahələrində müsbət dəyişikliklər
baş vermiş və müəyyən uğurlar əldə
olunmuşdur. Gənclərin vətənpərvərlik tərbiyəsi
sahəsində davamlı iş aparılmış,
istedadlı və yaradıcı gənclərə dövlət
qayğısı genişləndirilmişdir. Məşğulluq
sahəsində beynəlxalq təcrübəyə və gənclərin
təşəbbüskarlığına əsaslanan fəaliyyətlər
inkişaf etdirilmiş, regionlarda yaşayan gənclərin fəallığını
stimullaşdıran tədbirlər həyata
keçirilmişdir. Ölkənin ictimai-siyasi həyatında,
həmçinin nüfuzlu beynəlxalq tədbirlərdə gənclərin
yaxından iştirakı üçün lazımi şərait
yaradılmış və bu sahədə irəliləyişlərə
nail olunmuşdur. Dövlətin qayğısı sayəsində
gənclər təşkilatlarının dövlət gənclər
siyasətində iştirakını təmin edən
hüquqları genişləndirilmiş, onların layihə və
proqramlarına mütəmadi dəstək verilmişdir. Gəncliyin
inkişafında növbəti mərhələnin təmin
edilməsi məqsədilə "Azərbaycan gəncliyi
2011-2015-ci illərdə" Dövlət Proqramının həyata
keçirilməsi zərurəti yaranmışdır.
Dövlət Proqramının əsas vəzifələri gənclərin
hərtərəfli inkişafı üçün şəraitin
yaradılması, gənclərin gələcəyin tələblərinə
cavab verən təhsil almaları üçün bərabər
imkanların təmin edilməsi, gənclərin məşğulluğunun
artırılması, dövlət qulluğunda və idarəetmədə
peşəkar və bilikli gənclərin sayının
artırılması, alim və tədqiqatçıların
sosial təminatının gücləndirilməsi və məişət
problemlərinin həll edilməsi, gənclərin vacib ictimai
təşəbbüslərinin dəstəklənməsi
üçün təşkilati, maddi və məlumatlandırma
mexanizmlərinin inkişaf etdirilməsi, gənclərdə
müasir düşüncə tərzinin
formalaşdırılması, onların idarəetmə və
tədqiqat yönlü fəaliyyətə cəlb edilməsi,
gənclərin regionların sosial-iqtisadi və mədəni
inkişafından bəhrələnməsi üçün tədbirlərin
həyata keçirilməsi, özünüidarə və
iqtisadi baxımdan təminetmə bacarıqlarının
inkişaf etdirilməsi, o cümlədən gənc əlillərin
sosial müdafiəsinin gücləndirilməsi, gənclərin
və gənclər təşkilatlarının ictimai həyatda
təşəbbüskarlığının və
iştirakının stimullaşdırılması, beynəlxalq
mübadilə və mədəniyyətlərarası dialoqda
iştirakının dəstəklənməsi və digər
amillərdir.
Gənclərimiz
beynəlxalq əməkdaşlıq sahəsində daim təşəbbüskarlıq
və davamlı fəaliyyət nümayiş etdirmişlər.
2010-cu ilin noyabrında Almaniyanın Frankfurt şəhərində
Dünya Azərbaycanlı Gənclərinin I Konqresinin
keçirilməsi və Konqresdə Dünya Azərbaycanlı
Gənclər Birliyinin yaradılması ideyası bir daha təsdiqlədi
ki, gənclərimizin dünya birliyindəki mövqeləri
getdikcə möhkəmlənir. Bu günlərdə
Bakıda Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis
qurultayının keçirilməsi və bu qurultayda Birliyin
yaradılması böyük əhəmiyyət kəsb edir.
Dünya Azərbaycanlı Gənclər Birliyinin
yaradılması ilə çoxmilyonlu Azərbaycan gəncliyinin
sıraları daha da genişlənəcək. Bu qurum həm
dünya azərbaycanlı gənclərini birləşdirəcək,
həm də Azərbaycan dövlətinin gənclər siyasətini
uğurla həyata keçirilməsində fəal iştirak
edəcək. Azərbaycan Prezidenti gənclərə
inandığını, güvəndiyini daim bildirmiş və
onların inkişafı üçün bütün
imkanlardan istifadə olunacağını xüsusi qeyd
etmişdir. Bu istiqamətdə həyata keçirilən
mühüm əhəmiyyətli tədbirlər də gəncliyin
inkişafının dövlətin diqqət mərkəzində
olmasından xəbər verir. Azərbaycan həqiqətlərinin
dünya ictimaiyyətinə olduğu kimi
çatdırılmasında gənclərimizin rolu
böyükdür. Dünya azərbaycanlı gənclərinin
təşkilatlanması istiqamətində bundan sonra da mütəmadi
olaraq əhəmiyyətli tədbirlər keçiriləcək,
gənclərimizin dünyanın ən mötəbər tədbirlərində
iştirakı, səslərinin yüksək tribunalardan
eşidilməsi üçün bütün imkanlardan istifadə
olunacaq. Bütün bunlarla yanaşı, ölkə gənclərinin
vətənpərvərlik, azərbaycançılıq və
dövlətçilik prinsipləri əsasında tarixi-mədəni
irsimizə, milli-mənəvi və ümumbəşəri dəyərlərə
hörmət ruhunda tərbiyə olunması, cəmiyyətin
ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatında
onların intellektual və yaradıcı potensiallarının
ümummilli məsələlərin həllinə yönəldilməsi
müasir dövrün mühüm tələbi olaraq
qalır.
Əliqismət BƏDƏLOV
Xalq qəzeti.- 2012.- 16 mart.- S. 3.