İnkişaf rəqabətin
məhsuludur
Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə
uğurla həyata keçirilən
düşünülmüş, gələcək inkişafa
hesablanmış ardıcıl və məqsədyönlü
sosial-iqtisadi siyasət digər sahələrdə olduğu kimi,
informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunda da öz
bəhrəsini vermişdir. Son illər sektor üzrə
uğurlu nəticələr əldə edilmiş, ölkə
və region üçün böyük əhəmiyyət kəsb
edən layihələr həyata keçirilmişdir. Əldə
olunan uğurlar və gələcək perspektivlər barədə
suallarımızı Azərbaycan Respublikasının rabitə
və informasiya texnologiyaları naziri Əli Abbasov
cavablandırmışdır.
- Cənab
nazir, Azərbaycanda İKT sektorundakı inkişafı necə
xarakterizə edərdiniz?
- Azərbaycanda İKT sahəsində beynəlxalq təcrübəyə, qabaqcıl texnologiyalara və səmərəli tərəfdaşlığa əsaslanan fəaliyyət sayəsində əksər istiqamətlərdə müsbət nəticələr əldə edilmişdir. Təkcə 2004-2010-cu illərdə ölkədə İKT-dən əldə olunan gəlirlərin orta illik artım tempi ümumdünya göstəricisini 2,5-3 dəfə qabaqlamış və bu dövrdə özəl sektorun İKT bazarında payı artaraq 80 faizə çatmışdır. İKT bazarında azad rəqabət mühitinin formalaşdırılmasına xidmət edən islahatların, o cümlədən səmərəli özəlləşdirmə və tənzimləmənin həyata keçirilməsi ölkədə yeni sabit və mobil rabitə operatorlarının, İKT məhsul və xidmət istehsalçılarının yaranmasına və onların bölgənin İKT bazarının fəal iştirakçılarına çevrilməsinə səbəb olmuşdur.
Dünyanın aparıcı İT şirkətləri və nüfuzlu texniki və proqram məhsulları istehsalçıları ölkəmizdə öz nümayəndəliklərini açaraq çoxşaxəli fəaliyyət qurmuşlar. Azərbaycan İKT-nin əsas infrastruktur göstəricilərinə görə dünya üzrə orta səviyyəni keçmişdir. Məsələn, hazırda Azərbaycanda hər 100 nəfərə 110 mobil telefon düşür, əhalinin 65 faizi internet, onların yarısı isə genişzolaqlı internet istifadəçisidir və bu, ümumdünya orta göstəricisindən təxminən 2 dəfə yüksəkdir.
Ölkədə ən müasir standartlara uyğun milli telekommunikasiya, poçt və teleradio infrastrukturu formalaşmış və inkişaf etmişdir. MDB regionunda ilk dəfə olaraq Azərbaycanda bütün yaşayış məntəqələri telefonlaşdırılmış, sabit telefon şəbəkəsi tam elektronlaşdırılmış, ölkə üzrə vahid 7 rəqəmli nömrələmə sistemi və bir kanal vasitəsilə telefon, internet və televiziya xidmətlərindən istifadəyə imkan verən "Yeni nəsil şəbəkələri (NGN)" texnologiyası tətbiq olunmuşdur. Respublikanın bütün ərazisini əhatə edən fiber-optik magistral şəbəkələrinin qurulması və regional informasiya serverlərinin ölkəmizdə yerləşdirilməsi Azərbaycandan region ölkələrinə internet xidmətlərinin ixracını fəal surətdə artırmışdır.
Əhalinin 85 faizindən çoxunun yaşadığı ərazilərin rəqəmli televiziya yayımı ilə əhatəsi, poçt şöbələri tərəfindən bank-maliyyə xidmətləri göstərilməsi, "elektron hökumət"in formalaşdırılması ilə bağlı görülən işlər çərçivəsində "elektron imza"nın tətbiqi, "Elektron hökumət" portalının yaradılması, həmçinin "E-təhsil", "E-səhiyyə", "E-vergilər", "E-gömrük", "E-ədliyyə" və s. layihələrin reallaşması İKT sahəsində inkişafa təkan verən mühüm nailiyyətlər olmuşdur.
- Hazırda süni peykin orbitə buraxılması istiqamətində əsaslı işlər görülür və yaxın perspektivdə ölkəmizdə kosmik sənayenin yaradılması nəzərdə tutulub. Məsələnin texniki və kommersiya tərəfi aydındır. Maraqlıdır, sadə Azərbaycan vətəndaşı peykin orbitə buraxılmasından sonra sosial həyatında hansı dəyişikliyi hiss edəcək?
- Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 17 avqust tarixli, 443 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı"na uyğun olaraq cari ilin sonunda ilk telekommunikasiya peykinin orbitə çıxarılması nəzərdə tutulur. Yer səthinin müşahidə və tədqiqatı üzrə aşağı orbitli kiçik həcmli peykin orbitə çıxarılması isə 2013-cü ilə planlaşdırılır. Bu sahədə xarici peykin region üzərində icarəyə götürülməsi isə bu il həll olunmalıdır. Əsas və ehtiyat idarəetmə mərkəzlərinin tikintisinə başlanılmışdır və bu ilin avqust ayında idarəetmə sisteminin qurulması üçün peyk şirkətinə təhvil veriləcəkdir. Peyk və peykin idarəetmə və istismarı üçün ABŞ, Fransa və Malayziyada mütəxəssislərin hazırlığı aparılmış və bu proses bu il də davam etdiriləcəkdir. Qeyd edim ki, Azərbaycanın ilk telekommunikasiya peyki olan "Azerspace" orbitə buraxılacaqdır. "Azerspace" ABŞ-ın "Orbital Sciences" korporasiyası tərəfindən ən son texnoloji yeniliklərə əsaslanan "Star-2 Bus" platforması üzərində yığılır. Hazırda bu platforma üzərində yığılmış 22 peyk böyük müvəffəqiyyətlə istismar edilməkdədir. Həmçinin qeyd edim ki, peyk geostasionar orbitə Fransanın "Arianespace" şirkətinin öz yüksək etibarlılığı ilə seçilən "Ariane - 5" raket daşıyıcısı ilə çıxarılacaqdır.
Sualın ikinci hissəsinə gəldikdə isə bildirim ki, hazırda Azərbaycanda beynəlxalq və şəhərlərarası rabitənin bir hissəsi, radio-televiziya yayımının isə əsas hissəsi peyk rabitəsi vasitəsilə təşkil olunur. Böyük həcmli informasiyanın respublika daxilində və eləcə də tranzit olaraq digər ölkələrə ötürülməsində mövcud fiber-optik kabel şəbəkələrinə yeganə alternativ olaraq məhz peyk sistemlərindən istifadə olunur. Bu baxımdan, Azərbaycanda televiziya və radioyayım, eləcə də telekommunikasiya xidmətləri göstərən qurumlar tərəfindən müxtəlif peyklərdən tutumlar icarə edilir və buna böyük vəsait xərclənir. Həmçinin, ölkə ərazisinin relyefinin 50 faizindən artıq hissəsinin dağlıq ərazi olduğu və peyk rabitə sistemlərinin daha operativ təşkilinin mümkünlüyü nəzərə alınarsa, gələcəkdə bu xidmətə olan tələbatın təxminən 4 dəfəyə qədər artacağı gözlənilir. Buna görə də, Azərbaycanda peyk rabitəsi xidmətlərinin daha geniş və keyfiyyətli təşkili istiqamətində ölkəyə məxsus geostasionar peyklərin orbitə çıxarılmasının ölkə iqtisadiyyatına böyük töhfəsi olacağını düşünürəm. "Azerspace" peyki orbitə buraxılandan sonra Naxçıvan MR-in ərazisi də daxil olmaqla Azərbaycanın bütün ərazisində keyfiyyətli televiziya və radioyayımı, o cümlədən sürətli İP xidmətlərin, VPN və digər data xidmətlərin göstərilməsi təmin ediləcək, ötürülən məlumatlara daha yaxşı nəzarət ediləcək, distant təhsil və "e-səhiyyə" kimi digər proqramlar üçün ideal platforma yaradılacaq, yerüstü fiber-optik şəbəkənin zədələndiyi hallarda fəlakətin aradan qaldırılması üçün səmərəli və sürətli həll yolu olacaq, habelə rabitənin təhlükəsizliyinin təmin edilməsi üçün müasir şifrələmə texnologiyası ilə mühafizə olunan rabitə qurulacaq və ya hər hansı potensial təhlükəyə qarşı dərhal tədbirlər görülməsi mümkün olacaqdır. Bundan başqa, telekommunikasiya peykinin hazırlanaraq orbitə çıxarılması siyasi, iqtisadi, texniki sahədə əldə ediləcək əhəmiyyətli uğurlarla bir çox sahələrin inkişafına təkan verəcəkdir.
Bura qlobal informasiya məkanına inteqrasiyanın genişləndirilməsi, hüquqi və fiziki şəxslərin peyk şəbəkələrinə qoşulma imkanlarının təmin edilməsi, respublika ərazisində yaşayan əhalinin yüksək keyfiyyətli peyk rabitəsi, radio və televiziya yayımı ilə təmin edilməsi, ölkəmizdə ətraf mühitin monitorinqi və texnogen mənşəli fövqəladə halların proqnozlaşdırılması, dənizdə və quruda neft dağılmalarının miqyasının müəyyənləşdirilməsi kimi məsələlər daxildir. Yeni iş yerlərinin yaranması və sahə üçün mütəxəssislərin hazırlanması məsələlərini də əlavə etsək, onda süni peykin orbitə buraxılmasının həm əhali, həm də ölkəmiz üçün yeni töhfələr verəcəyini qeyd etmək lazımdır. Qeyd edilən və digər məsələlər bilavasitə respublikanın sadə vətəndaşlarının sosial həyatı ilə əlaqədar olduğundan peykin orbitə çıxarılması ilə bu məsələlərin həllinə nail olunacaqdır.
- Azərbaycan hansı beynəlxalq layihələrdə iştirak edir və onun respublikamıza faydası nədir?
- Bu
gün Azərbaycan bir neçə böyük regional layihələrə
cəlb olunub. Onlardan xüsusi olaraq "Trans-Avrasiya Super
İnformasiya Magistralı" (TASİM), Regional İnnovasiya
Zonası (RİZ), Azərbaycanın ilk telekommunikasiya peyki olan
"Azerspace" və "Avropa-Asiya Yüksəksürətli
İnformasiya Magistralı" layihələrini qeyd etmək
olar.
Avrasiya
regionunda dünyanın inkişaf etmiş cəmiyyətləri
ilə müqayisədə insanların səmərəli qiymətlərlə
internetə qoşulma imkanlarının məhdud
olmasını, istehlakçıların qoşulma
üçün həddən artıq yüksək haqq ödəməsini
və regionun beynəlxalq qoşulmalarla zəif təchizatı
sahəsində dünyada mövcud olan "rəqəmli fərqliliyi"
nəzərə alaraq Azərbaycanın "Trans-Avrasiya Super
İnformasiya Magistralı"nın" (TASİM)
yaradılması təşəbbüsü ilə
çıxış etməsi regional əhəmiyyətə
malikdir. Bu layihə İKT-nin çox yüksək
inkişafına malik olan iki nəhəng regionu - Qərbi
Avropanı və Sakit okean hövzəsində olan Şərqi
Asiyanı birləşdirərək magistral üzərində
yerləşən, qonşu olan və qeyd olunan regionlarla
müqayisədə zəif inkişaf etmiş təxminən
20 ölkəni əhatə edəcəkdir. Hazırda layihənin
reallaşdırılması və beynəlxalq dəstəyin
əldə olunması üzrə region ölkələri və
beynəlxalq təşkilatlarla birgə işlər
görülür. Avrasiya regionunda "rəqəmli fərqliliyi"
aradan qaldırmaq və ümumilikdə iştirakçı
ölkələrin bu layihənin sosial-iqtisadi səmərəliliyindən
bəhrələnməsi məqsədilə Azərbaycan
hökuməti sözügedən layihənin BMT-nin Baş
Assambleyasında müzakirə edilməsinə və
Assambleyanın 64-cü sessiyasında bu barədə qətnamənin
yekdilliklə qəbul edilməsinə nail olmuşdur. Qətnamədə
bu layihənin regionda nəinki İKT-nin, həmçinin
minilliyin məqsədlərinə - yoxsulluğun və
savadsızlığın azaldılmasına, ümumiyyətlə,
sosial-iqtisadi inkişafın sürətlənməsinə təkan
verəcəyi, eləcə də Azərbaycanın layihənin
həyata keçirilməsi üzrə regional səyləri
koordinasiya etmək təşəbbüsü
alqışlanmışdır. Hazırda layihənin
reallaşdırılması üzrə işlər davam
etdirilir. Azərbaycanın "Europe Persia Express Gateway"
layihəsində iştirak etməsi, ölkəmizin
"texnoloji hub"a çevrilməsi strategiyasının bir
hissəsi olaraq, Azərbaycanı yeni tranzit marşrutunun
yaradılması üçün istifadə etməyə
imkan yaradır. Güman edirik ki, Azərbaycanın bu layihədə
iştirakı ölkəmizin beynəlxalq internetlə
bağlantısını yaxşılaşdıracaq.
Ümumilikdə Azərbaycan böyük coğrafi və
kommersiya potensialına malikdir ki, bu da ölkənin
"texnoloji hub" olmasına təkan verir. TASİM, "Azərkosmos",
"Avropa-Asiya Yüksəksürətli İnformasiya
Magistralı" və Regional İnnovasiya Zonası layihələri
qarşıya qoyulan məqsədlərə çatmaqda bizə
dəstək olacaq.
-
"E-imza"nın tətbiqi artıq uğurla
reallaşıb. Bizdə olan məlumata görə, bu günədək
900-ə qədər elektron imza sertifkatı
reallaşdırılıb. "E-imza" insanlara nə kimi
üstünlüklər verəcək? Cənab nazir, Siz
özünüz "e-imza"dan istifadə edirsinizmi?
- Bu
gün dövlət orqanları tərəfindən əhaliyə
göstərilən elektron xidmətlərin böyük bir
qismi, məsələn, rəsmi sənədlərin verilməsi,
bəyannamələrin, ərizələrin təqdim
olunması və s. xidmətlərə müraciət edən
şəxslərin birmənalı olaraq
identifikasiyasını tələb edir, həmçinin
dövlət orqanları arasında elektron sənədlərin
dövriyyəsini şərtləndirir. Bu baxımdan elektron
imzanın tətbiqi əsas etibarı ilə əhalinin
"elektron hökumət" xidmətlərindən geniş
istifadəsinə şərait yaradacaq və informasiya
mübadiləsi prosesində onların fərdi məlumatlarının
təhlükəsizliyini və etibarlılığını
təmin edəcəkdir. Elektron imza elektron xidmətlərə
istifadəçilərin çıxış
imkanlarını artıracaq, onlara daha müasir, rahat və
keyfiyyətli xidmətlərin göstərilməsini, eləcə
də "e-hökumət" və "e-ticarət" həllərindən
istifadəni genişləndirəcəkdir.
Sualınızın ikinci hissəsi ilə bağlı deyə
bilərəm ki, bəli, "elektron imza"m var.
- İKT
sektoru üzrə İnvestisiya Fondunun yaradılması məsələsi
maraqla qarşılanıb. Bu fondun yaradılmasında məqsəd
nədən ibarətdir?
- Bu fondu
yaratmaqda əsas məqsəd İKT sektoruna daxil olan yeni Azərbaycan
şirkətlərinə dəstək olmaq və bu yolla
İKT sahəsinin inkişafına təkan verməkdir.
İnvestisiya Fondunun qarşısında yeni elmtutumlu və
innovasiyayönümlü layihələrin yaradılması,
ixtisaslı mütəxəssislərin layihələrə cəlb
olunması, mikro və nanoelektronika sahəsində istehsal,
proqram təminatı və region bazarlarına informasiya verilməsi
kimi vacib məsələlər üzrə dövlətin
maliyyə resurslarından istifadə imkanı yaratmaq məqsədi
qoyulmuşdur. İKT sahəsində fəaliyyət göstərən
yerli şirkətlərin rəqabət qabiliyyətini
artırmaq və bu şirkətlərə xarici
investisiyaların cəlb olunmasına xidmət göstərmək
fondun İKT sektorunun iqtisadi durumunun inkişafına yönələn
prioritet fəaliyyət istiqaməti olacaqdır.
RİTN-in
diqqət mərkəzində saxladığı əsas məqam
İKT sahəsi üzrə yüksək biliklərə malik
olan azərbaycanlı mütəxəssislərin işlə
təmin olunmasıdır. İxtisaslaşmış
İnvestisiya Fondunun vacib məqsədlərindən biri belə
gənc istedadların yeni layihələr ətrafında cəmləşməsini
təmin etməkdir. Fondun dəstəyi sayəsində elmi-tədqiqat
və innovativ işlə məşğul olmaq istəyən
mütəxəssislərin startap-layihələrə cəlb
olunması, bu kimi yeni firmaların qısa müddət ərzində
uğurla möhkəmlənməsi və mənfəət əldə
edilən səviyyəyə çatmasına nail olmaq
mümkün olacaqdır.
-
İnternetin kəmiyyət, keyfiyyət və tarif siyasətində
hər hansı bir yenilik gözlənilirmi?
-
Hazırda Azərbaycanda internetin inkişafı
üçün böyük potensial mövcuddur. Respublika ərazisinin
fiber-optik magistral şəbəkələrlə tam əhatə
olunması, bütün yaşayış məntəqələrinin
telefonlaşdırılması, telefon şəbəkəsinin
elektronlaşdırılması və mobil telefon şəbəkələrində
3G texnologiyasının, həmçinin yaxın gələcəkdə
4G (LTE) xidmətlərinin tətbiqi ölkənin istənilən
nöqtəsində yüksəksürətli internetə
çıxış imkanı yaradır. Bu seqmentdə özəl
sektorun rolu davamlı olaraq artmaqdadır. Ölkədə 40-a
yaxın internet xidmət provayderi və 600-dən çox
internet-klub fəaliyyət göstərir. Hazırda ölkəmizin
qlobal internet şəbəkəsində qoşulma sürəti
100 Gbitsaniyəni ötmüşdür ki, bu da
respublikamıza bölgə ölkələrinə internet
xidmətlərini ixrac etməyə imkan verir. Əhalinin
internetdən istifadəsini genişləndirmək məqsədilə
ölkədə son 4 ildə internetin qiyməti 10 dəfəyədək
azaldılmışdır.
Bu sahədə
gözlənilən yeniliklərə gəldikdə isə,
ilk növbədə genişzolaqlı internet xidmətləri
ilə bağlı mövcud vəziyyət, 2015-ci ilədək
proqnozlar və eyni zamanda, Beynəlxalq Telekommunikasiya
İttifaqının (BTİ) Rəqəmli İnkişaf
üzrə Genişzolaqlı Komissiyasının müəyyənləşdirdiyi
hədəflərə uyğun olaraq
hazırladığımız "Azərbaycanda
genişzolaqlı internet xidmətlərinin inkişafı
üzrə Fəaliyyət Proqramı"nı qeyd etmək
istəyirəm.
- Ölkədə
fəaliyyət göstərən mobil operatorlar dəfələrlə
3G xidmətinin göstərilməsi üçün texniki
baxımdan tam hazır olduqlarını bildirdilər. Nazirlik
lisenziya təqdim etdi və ölkədə bu xidmətin tətbiqi
rəsmən təsdiqləndi. Xeyli müddət keçməsinə
baxmayaraq, 3G xidməti əhali arasında populyarlaşmadı.
Bu gün 4G texnologiyasının tətbiqi gündəmdədir...
- Ötən
ilin noyabr ayında respublikamızda fəaliyyət göstərən
digər iki mobil operatora da 3-cü nəsil (3G) mobil rabitə
xidmətləri sahəsində fəaliyyət
üçün xüsusi razılıq (lisenziya) verildi.
Qısa müddət ərzində Azərbaycanda 3G xidmətindən
istifadə edənlərin sayı təxminən 2 milyonu
ötmüşdü. Təqdim olunan xidmət səviyyəsinin
daha da artırılması, telekommunikasiya bazarının təhlil
edilərək vaxtında uyğun tədbirlərin
görülməsi onu deməyə əsas verir ki, yaxın gələcəkdə
həmin xidmətdən istifadə edənlərin sayı daha
da artacaqdır.
Yeni
texnologiyalar nazirlik tərəfindən daim öyrənilir və
tətbiqi üçün lazımi işlər
görülür. 4G (LTE) xidmətinin tətbiqi ilə
bağlı hazırda araşdırmalar və məsləhətləşmələr
aparılır. Nəticəyə uyğun xidmətin
respublikamızda tətbiqi məsələsi ilə
bağlı yaxın vaxtlarda qərar veriləcəkdir.
- Bu il
BMT-nin təşəbbüsü ilə Azərbaycanda
keçirilməsi nəzərdə tutulan İnternetin
İdarə Olunması üzrə Beynəlxalq Forum
haqqında fikirlərinizi bilmək maraqlı olardı...
-
Çox sevindirici haldır ki, İnternet İdarəçilik
Forumu (Internet Governance Forum-IGF) kimi mötəbər tədbirin
bu il Azərbaycanda keçirilməsi
planlaşdırılır.
Qeyd edim
ki, respublikamızda informasiya cəmiyyətinin qurulması
istiqamətində dövlət səviyyəsində məqsədyönlü
işlərin aparılması nəticəsində, forumun Azərbaycanda
keçirilməsi üçün təşəbbüs irəli
sürülmüşdür. "İGF" katibliyi və bəzi
ölkələr, xüsusilə də ABŞ,
"İGF"-nin növbəti, yəni 2012-ci ildə
keçirilməsi nəzərdə tutulan forumuna məhz
Bakı şəhərinin ev sahibliyini tövsiyə
etmişdir. "İGF" prosesini BMT-nin Baş katibinin
müavini cənab Şa Zukanq əlaqələndirir və o,
növbəti forumun iclasının Bakı şəhərində
keçirilməsini arzulayıb. Bu gün "İGF"
qlobal internet şəbəkəsinin dayanıqlı
inkişafı və təhlükəsizliyinin təmin
olunması funksiyasını yerinə yetirir və gələcəkdə
internetin beynəlxalq idarə edilməsi prinsiplərini
formalaşdırır. Tədbir genişmiqyaslı olub
dünya ölkələrindən hökumət, özəl
sektor, ictimai və beynəlxalq təşkilatlardan 2500-dək
iştirakçını cəlb edir.
- İldən-ilə
İKT sektoru yüksək templə inkişaf edir. Təbii ki,
belə olan halda kadr potensialına da tələbat yaranır.
İKT sahəsində kadr məsələsi necə həll
olunur?
-
Müasir tələblərə cavab verən İKT
infrastrukturunun qurulması ilə bərabər, insan kapitalının
da formalaşdırılması zəruri məsələdir.
Bu istiqamətdə xüsusi olaraq "Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsili üzrə Dövlət
Proqramı" təsdiq olunmuş və bu Proqram çərçivəsində
çoxlu sayda gənc dünyanın tanınmış
universitetlərində təhsil alır. RİTN- də
"İKT-nin İnkişafı Naminə İnsan
Resursları Fondu" yaradılmış və
dünyanın nüfuzlu informasiya texnologiyaları universitetləri
ilə anlaşma memorandumları imzalanmışdır.
Artıq 160-a yaxın gəncin bakalavr və magistr pillələrində
dünyanın aparıcı universitetlərində təhsil
almalarına dəstək verilir. Həmçinin, RİTN-in Azərbaycan
Milli Elmlər Akademiyası ilə birgə həyata
keçirdiyi "AzGRİD" layihəsi çərçivəsində
yüksək texnologiyalar üzrə gənc alim və mütəxəssislərin
hazırlanmasına, onların tanınmış beynəlxalq
elmi mərkəzlərdə təcrübə keçməsinə
dəstək göstərilir.
- Demək
olar ki, bu gün dünyanın hər bir ölkəsində
İKT sahəsində şəhərlə kənd
arasında rəqəmsal fərq var. Bunu necə izah edərdiniz?
- Bu
gün nəinki şəhər və kəndlər, həm də
qitələr, regionlar və ölkələr arasında rəqəmsal
uçurum mövcuddur. Qeyd edim ki, Beynəlxalq Telekommunikasiya
İttifaqının 2011-ci il üzrə qiymətləndirmələrinə
görə, internetin yayılma səviyyəsi inkişaf
etmiş ölkələrdə 73,8 faiz, inkişaf etməkdə
olan ölkələrdə isə 26,3 faiz, sabit telefon şəbəkəsinin
inkişaf səviyyəsi Avropa ölkələrində 39,1
faiz, MDB ölkələrində 26,3 faiz, Afrikada 1,4 faiz, mobil
şəbəkənin yayılma səviyyəsi Avropa ölkələrində
hər 100 nəfərə 119 ədəd, MDB ölkələrində
143 ədəd, Afrika ölkələrində isə 53 ədəd
təşkil edir. Dünyada mövcud olan rəqəmsal fərqi
qeyd etmək üçün daha çox nümunələr
göstərmək olar. Təbii ki, bu uçurum şəhər
və kəndlər arasında da mövcuddur. Hər bir
dövlətin İKT siyasətində əsas hədəflərdən
biri də ölkədə sosial təbəqələr və
coğrafi məkanlar arasında olan rəqəmli fərqi
aradan götürmək və İKT-nin yaratdığı
üstünlüklərindən ölkənin hətta ən
ucqar yaşayış məntəqələrində
yaşayan insanların istifadəsinə imkan yaratmaqdır.
Bu istiqamətdə
Azərbaycanda da çox ciddi tədbirlər
görülür və layihələr həyata
keçirilir. Bu gün artıq ölkənin ən ucqar
yaşayış məntəqələrində belə
telefon rabitəsi imkanları yaradılmışdır,
ölkənin telefon şəbəkəsi tam
elektronlaşdırılmışdır və 1200 kənd
ATS-dən 720-də optik bağlantı və ADSL xidməti
göstərilməsi təmin edilmişdir.
Görülmüş
işlərin nəticəsidir ki, son 5 il ərzində kənd
ATS-lərinin elektronlaşması 71 faizdən 100 faizə, hər
100 nəfərə düşən sabit şəbəkə
abunəçilərinin sayı kəndlərdə 5,9-dan 7,1-ə
yüksəlmişdir. Bu bir dövlət, iki özəl
şirkət tərəfindən Azərbaycan ərazisi optik
kabel vasitəsi ilə informasiya şəbəkələri ilə
təmin olunur. Artıq bütün rayon mərkəzləri və
kəndlərin 30 faizi optik şəbəkəyə
qoşulub. Bütün kəndlərin optik şəbəkə
ilə tam əhatə olunması isə 2013-cü ilin birinci
yarısına planlaşdırılıb. Hesab edirəm ki,
şəhər və kəndlər arasında rəqəmsal
uçurumun olmaması hər bir ölkənin İKT siyasətinin
əsas istiqamətlərindən biridir və bu sahədə
Azərbaycanda işlər məqsədyönlü şəkildə
həyata keçirilir.
- Ölkədə
İKT xidmətlərinin tətbiqi ilə bağlı
mühüm işlər həyata keçirilir. Ancaq bu xidmətlərdən
lazımi səviyyədə istifadə olunmur. Sizcə, səbəb
nədir?
- Məlum
olduğu kimi, kommunikasiya texnologiyaları, kompüterlər,
mikroelektronika, nanotexnologiya və s. informasiya cəmiyyətinə
keçidi təmin edən və informasiya texnologiyaları
inqilabına səbəb olan texnologiyalardır.
Sözügedən
inqilablar meydana gələndə onlardan ilk olaraq bəhrələnən
və ya çox keçmədən müəyyən nəticələr
əldə edən İngiltərə, Fransa, Almaniya,
İsveç, ABŞ və s. ölkələr iqtisadi
inkişafı təmin edən yeni texnologiyalar yaratdılar və
dünya iqtisadiyyatında əhəmiyyətli yer əldə
etdilər. Həmin ölkələr bunun məntiqi davamı
kimi bu gün də İKT sahəsində dünyada lider
ölkələrdəndir. Deməli, burada əhəmiyyət
kəsb edən xüsusiyyət, dövrün mövcud
müasir texnologiyalarının istifadə və
istehsalını doğru şəkildə həyata
keçirməkdir. Beləliklə, İKT sahəsində
lider olmaq və iqtisadi inkişafı təmin etmək
üçün informasiya cəmiyyətini səciyyələndirən
informasiya və kommunikasiya texnologiyaları və digər yeni
texnologiyaların ilk mərhələdə istifadəçisi
və daha sonra istehsalçısına çevrilmək həyati
zərurətdir. Yalnız belə olduğu halda ölkələr
yüksək standartlar çərçivəsində
inkişafı təmin edə bilirlər. Son illərin
statistikası göstərir ki, Azərbaycan İKT sahəsində
regionda liderliyini qoruyur. Bu, şübhəsiz ki, müəyyən
faktorlara söykənir. Hələ bir neçə il bundan əvvəl
Azərbaycanda İKT sektorunu inkişaf etdirmək barədə
formalaşan "İKT sahəsi üzrə dünya
standartlarına uyğun qanunvericiliyin formalaşması Azərbaycanı
yaxın bir zamanda İKT üzrə regional liderə
çevirə bilər" fikri zaman keçdikcə geridə
qalmış oldu "İnformasiya, informasiyalaşdırma və
informasiyanın mühafizəsi haqqında", "Elektron
imza və elektron sənəd haqqında", "Elektron ticarət
haqqında", "İnformasiya əldə etmək haqqında",
"Telekommunikasiya haqqında", "Poçt
haqqında", "Azərbaycan Respublikası əhalisinin
dövlət reyestri haqqında", "Biometrik informasiya
haqqında", "Fərdi məlumatlar haqqında" Azərbaycan
Respublikasının qanunları qəbul olundu. Bu qanunlarda rabitə
və informasiya texnologiyaları sahəsi üzrə geniş
islahatların aparılması, telekommunikasiya şəbəkələrində
geniş modernləşmə işlərinin həyata
keçirilməsi, xüsusiləşdirilmiş sərbəst
iqtisadi zona-texnopark yaratmaq və s. nəzərdə
tutulması gələcək perspektivlərin
konturlarını müəyyənləşdirdi. Azərbaycanda
İKT sahəsində əldə olunan uğurlar müvafiq
olaraq cəmiyyətin xarakterinə də təsir etdi. Azərbaycanda
informasiya cəmiyyətinin formalaşmasını daha da
sürətləndirən və onun İKT sahəsində
regionda liderliyini möhkəmləndirən amillərin
sırasında insan faktorunu və rəqabəti unutmaq olmaz.
İnkişaf rəqabətin məhsuludur və hər bir mərhələ
müəyyən zaman tələb edir. İnnovasiya sistemlərindən
bəhrələnərək İKT infrastrukturunun durmadan
yüksəldilməsi əlaqəli olaraq digər proseslərin,
o cümlədən istifadəçilər tərəfindən
yeni texnologiyaların mənimsənməsi ilə
bağlıdır.
Fikrimizcə,
Azərbaycanda İKT istifadəçilərinin xidmətlərdən
lazımi səviyyədə istifadə etməməsi barədə
fikri təsdiqləmək mümkün deyildir. İzahatdan da
göründüyü kimi, bütün dünyada yeni
texnologiyalar o qədər sürətlə inkişaf etməkdədir
ki, ilk növbədə, onun istifadəçilər tərəfindən
mənimsənilməsi müəyyən vaxt tələb edir.
Məsələn, 3G-dən istifadədə olduğu kimi.
Bütün mobil operatorlar tərəfindən tətbiqinə
cəmi bir neçə ay bundan əvvəl
başlanılmasına baxmayaraq, artıq 2 milyondan çox
istifadəçisi vardır. Bu müddət üçün
heç də aşağı göstərici deyildir.
Başqa bir misal internet-bankçılığı göstərmək
olar. Çox az müddət içərisində respublikada
bu xidmətlərdən yararlanan istifadəçilərin
sayı artmaqdadır.
- Prezident
İlham Əliyev bütün yerli və hətta mötəbər
beynəlxalq tədbirlərdə, konfranslarda Azərbaycanda
İKT sektorunun prioritet olduğunu, iqtisadiyyatın və gələcək
inkişafın birbaşa bu sahə ilə bağlı
olduğunu bəyan edir. Sizcə, cənab Prezidentin bu
uzaqgörən siyasətinin təməlində hansı məqsədlər
dayanır?
- Son illərdə
dünyada informasiya və biliklərə əsaslanan rəqabətədavamlı
iqtisadiyyatın qurulması, cəmiyyətin informasiya məhsulları
və xidmətlərinə tələbatının dolğun
ödənilməsi məqsədilə İKT infrastrukturuna və
xidmətlərinə çıxışının təmin
olunması mühüm əhəmiyyət kəsb edir.
İnternet və texnologiyalar həyatımızın əvəzolunmaz
tərkib hissəsinə çevrilmiş və
iqtisadiyyatın elə bir sahəsi qalmamışdır ki,
orada İKT-nin imkanlarından istifadə edilməsin. Bu məqamlar
İKT-nin prioritet elan edilməsini şərtləndirən
vacib amillərdir. Həmçinin, bu siyasət informasiya cəmiyyətinin
inkişaf etməsinə, milli informasiya və kommunikasiya
infrastrukturunun mütərəqqi texnologiyalar əsasında müasirləşdirilməsinə
və ölkə üzrə əhatəsinin genişlənməsinə
xidmət edir.
Cənab
Prezident İlham Əliyev ilk dəfə İKT sektorunun
prioritet sahə olduğunu elan edərkən Azərbaycan
iqtisadiyyatının gələcəyinin bilavasitə bu sahə
ilə bağlı olacağını
vurğulamışdır. Bu gün tarixən təbii
ehtiyatlara əsaslanan Azərbaycan iqtisadiyyatının texnoloji
və innovasiya tutumlu iqtisadiyyata keçid məsələsi
aktualdır. Təbii ehtiyatlardan əldə edilən gəlirlərin
qeyri-neft sektorunun inkişafına yönəldilməsi
uzunmüddətli inkişafa hesablanmış uzaqgörən
siyasətin tərkib hissəsidir və iqtisadiyyatın bir
çox sahələri arasından məhz İKT sektorunun
ön plana çəkilməsi bilavasitə onunla əlaqədardır
ki, İKT müasir həyatımızın ən gəlirli fəaliyyət
sahəsinə çevrilmişdir. Fikirlərimi cənab Prezidentin
"Euronews" telekanalına verdiyi müsahibə zamanı səsləndirdiyi
"Mən Azərbaycanda informasiya texnologiyalarının gələcəyini
neft və qazı öz zamanında əvəz edə biləcək
bir sektor kimi görürəm" fikri ilə
yekunlaşdırmaq istəyirəm.
Müsahibəni qələmə
aldı: M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2012.- 17 mart.- S. 7.