Goranboy: iqtisadiyyat güclənir, rifah yüksəlir

 

Böyük İpək yolu üstündə yerləşən Goranboy rayonu Gəncəbasarın sosial-iqtisadi cəhətdən sürətlə inkişaf edən bölgəsi kimi ötən il də diqqətçəkən uğurlar qazanmışdır. Regional inkişaf proqramlarında nəzərdə tutulmuş layihə və tədbirlərin ardıcıl həyata keçirilməsi iqtisadiyyatı gücləndirmiş, sosial sferada əsaslı yeniliklər yaratmış, əhalinin güzəranını xeyli yaxşılaşdırmışdır. Goranboy rayonunda keçirilən hesabat yığıncağında ötən il həyatın ayrı-ayrı sahələrində qazanılmış uğurlardan geniş danışıldı, cari ilin başlıca hədəfləri açıqlandı.

 

Rayon icra hakimiyyətinin başçısı Nizaməddin Quliyev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan modernləşdirmə və tərəqqi prosesində goranboyluların fəal iştirakı və töhfələri barədə ətraflı söz açdı. Natiq əvvəlcə ötən il Goranboy şəhərində aparılmış geniş quruculuq, abadlıq işlərindən danışaraq bildirdi ki, həyata keçirilən abadlıq-quruculuq işləri nəticəsində rayon mərkəzinin mənzərəsi tamamilə dəyişmiş, yeni görkəm almış, milli memarlıq ənənələrindən geniş istifadə olunmuşdur.

İl ərzində Goranboy şəhərinin küçələrinə 35 min kvadratmetr asfalt örtük salınmışdır. 6800 metr bardür və 2434 kvadratmetr plitə düzülmüş, 1200 kvadratmetr divar hörülmüş, 1290 kvadratmetr üzlük daş vurulmuşdur. S.Vurğun küçəsində 3 ikimərtəbəli yaşayış binasının dam örtüyü dəyişdirilmiş, fasad suvanaraq rənglənmiş, yeni görkəm verilmişdir. Heydər Əliyev prospektində ikimərtəbəli yaşayış binasının da dam örtüyü dəyişdirilmiş, fasad alkaponla üzlənmiş, həyətdə abadlıq işləri aparılmışdır. Goranboy şəhərində 6 küçəyə və avtomobil yollarının kənarına 380 ədəd müasir işıqlandırma sistemi quraşdırılmışdır.

Şəhərə Goran istiqamətindən girişdə 10 min 140 kvadratmetr ərazidə müasir tələblərə cavab verən Nizami Gəncəvi adına park salınmışdır. Burada Nizami Gəncəvinin heykəli qoyulmuş, ətrafında şairin "Xəmsə"sini əks etdirən kompozisiya yaradılmışdır. 3 yeni ünvanda fəvvarə, 2 əyləncə yeri (örtülü talvar), 1 bulaq kompleksi inşa edilmiş, oturacaqlar qoyulmuş, ağacgül kolları əkilmiş, yaşıllıq zolaqları salınmışdır. Parkın kənarı boyu hasar çəkilmiş, üzlük və bəzək daşları ilə örtülmüşdür. Ərazidə müasir formada giriş qapısı inşa edilmiş, işıqlandırma sistemi quraşdırılmış, sakinlərin istirahəti və əyləncəsi üçün hər cür şərait yaradılmışdır.

Şəhərin Gəncə istiqamətindən girişində isə ikitərəfli yolun tikintisi başa çatdırılmış, müasir işıqlandırma sistemi inşa edilmişdir. Yolun kənarlarında yaşıllıq zolağı salınmışdır. 2 yerdə işıqfor quraşdırılmışdır. Rayon mərkəzində uşaq şahmat məktəbi, Yeni Azərbaycan Partiyasının rayon təşkilatı, şəhər 3 saylı tam orta məktəb, qazpaylayıcı məntəqə üçün yeni binalar, habelə tutumu 2000 ton olan soyuducu anbar tikilmişdir.

Natiq daha sonra bildirdi ki, abadlıq-quruculuq işləri rayon mərkəzi ilə yanaşı, bütün yaşayış məntəqələrində də genişləndirilmişdir. Yerlərdə keçirilən səyyar görüşlərdə əhali tərəfindən irəli sürülmüş və onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilmişdir.

Avtomobil yolunun Qızılhacılı qəsəbəsindən keçən hissəsinə və qəsəbənin M.Hüseyn küçəsinə 6500 kvadratmetr asfalt örtük salınmışdır. 3 uşaq bağçası və həkim məntəqəsi təmir edilərək ətrafına hasar çəkilmişdir. 2 saylı orta məktəb üçün yeni binanın tikintisi davam etdirilir. Tap Qaraqoyunlu kəndində giriş qapısı inşa olunmuş, 700 metr mühafizə hasarı çəkilmişdir. Kənddə bu il 400 yaşayış evi təmir ediləcək, 6 subartezian quyusu qazılacaq, 19 kilometr məsafədən içməli su xətti çəkiləcəkdir.

Kənd investisiya layihəsi çərçivəsində Baxçakürd kəndində 7 kilometr, Goranlı kəndində 5 kilometr, Tatarlı kəndində 8 kilometr, Ağamalıoğlu kəndində 8 kilometr kəndarası yollar əsaslı şəkildə yenidən qurulmuşdur. Goranlı - Xəsədərli yolunun 2000 metr, Səmədabad - Əzizbəyov yolunun 1000 metr hissəsinə çınqıl örtük salınmışdır. Məşədiqaralar - Eyvazlılar yolu, magistral yoldan Qarqucaq kənd orta məktəbinədək yol yenidən tikilmişdir. Digər yaşayış məntəqələrində də kənddaxili yollara çınqıl tökülmüşdür.

Son iki ildə Qarqucaq kəndində 25 metr, Tatarlı kəndində 12,5 metr, Gülməmmədli kəndi ərazisində Kürəkçay üzərində isə uzunluğu 25 metr olan yeni körpülər tikilmişdir. Dəliməmmədli şəhər, Qaradağlı və Yolqullar kəndlərində körpülər salınmışdır. Bu il isə Zeyvə və Borsunlu kəndlərində və Qazanbulaq yolu üzərində yeni körpülər inşa ediləcəkdir.

Xınalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik üçün yeni bina, Xınalı və Kələk kəndlərində uşaq bağçaları tikilmişdir. Meşəli - Aşağı Ağcakənd yolunun kənarında "Qala" kompleksi inşa edilmiş, orada 25 metr hündürlükdə Azərbaycanın Dövlət Bayrağı ucaldılmışdır. Avtomobil yollarının kənarlarında 12 ədəd dayanacaq tikilmişdir.

Başçı qeyd etdi ki, bütövlükdə, ötən il rayon üzrə 71,8 milyon manatlıq tikinti-abadlıq işləri görülmüşdür. O cümlədən dövlət investisiya vəsaiti hesabına 70,5 milyon manatlıq, bələdiyyələr tərəfindən 101,2 min manatlıq, daxili imkanlar hesabına isə 1 milyon 142 min manatlıq tikinti-abadlıq işləri görülmüşdür. 100 mindən artıq ağacgül kolları əkilmiş, yaşıllıq zolaqları salınmışdır.

Hesabat məruzəsində göstərildi ki, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtsiadi inkişafı Dövlət Proqramı"nda rayon üzrə nəzərdə tutulan tədbirlərin icrası ilə bağlı davamlı işlər görülmüşdür. 7,5 kilometr Səmədabad - Əhmədabad, 3,3 kilometr magistral yoldan Nadirkənddən keçməklə, dövrələmə, 6,5 kilometr Dəliməmmədli - Quşçular - Fəxralı yoluna asfalt örtük salınması işləri başa çatmaq üzrədir. Dövlət Proqramına əsasən, Qızılhacılı qəsəbəsi ərazisində 330 kv-luq yarımstansiyanın tikintisi davam etdirilir. Ötən il 7 ədəd subartezian quyusu qazılmış, 13 quyu isə bərpa edilmişdir.

Son 8 ildə həyata keçirilmiş tədbirlər hesabına rayonda 15685 yeni yeri açılmışdır. Bunun 6694-ü daimidir. Ötən il isə bu rəqəmlər müvafiq olaraq 1546 və 510 olmuşdur.

2003-2011-ci illərdə rayonda ümumi məhsul buraxılışının həcmi 25 dəfə, adambaşına düşən məhsulun həcmi 3,5 dəfə, sənaye məhsulu 3,5 dəfə, kənd təsərrüfatı məhsulunun həcmi 3,9 dəfə, əhalinin gəlirləri 43 dəfə, orta aylıq əmək haqqı 7,9 dəfə artmışdır.

Ötən il rayon üzrə 11 min 60 nəfər sahibkarlıq subyektinə 9 milyon 39 min manat, həmçinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 3 nəfərə heyvandarlığın inkişafı üçün güzəştli kredit verilmişdir. Nəticədə, sahibkarlıq subyektlərinin sayı 486 ədəd artaraq 2644-ə çatmışdır. Ümumi məhsul buraxılışında qeyri-dövlət sektorunun xüsusi çəkisi 96,2 faiz təşkil etmişdir ki, bu da əvvəlki illə müqayisədə 7,4 faiz çoxdur.

Aqrar sahədəki vəziyyətdən söz açan natiq bildirdi ki, rayonda kənd təsərrüfatı məhsulları istehsalı sahəsində ötən iluğurlu nəticələr əldə edilmişdir. Ötən il rayon üzrə məhsul istehsalçılarına 1 milyon 675 min manat yardım edilmişdir. Şübhəsiz, bu mühüm amil əhalinin rifahının yaxşılaşmasında və məhsul istehsalında əhəmiyyətli rol oynamışdır.

Sosial sahədəki yeniliklər barədə məlumatda bildirildi ki, əvvəl rayonda enerji fasilələrlə verilirdisə, artıq bu gün əhali fasiləsiz enerji ilə təmin olunur. İstehlak edilən enerjinin dəyərinin ödənilməsində də xeyli irəliləyiş olmuşdur. 2011-ci ildə ödəniş 95 faiz təşkil etmiş, 2010-cu ildə isə bu rəqəm 87 faiz olmuşdur.

Yaşayış məntəqələrinin təbii qazla təchizatının yaxşılaşdırılması sahəsində tədbirlər davam etdirilmişdir. Veyisli, Şəfəq, Zeyvə, Meşəli kəndləri, Aşağı Ağcakənd və Yuxarı Ağcakənd qəsəbələri, Börü və Meşəli kəndlərində məcburi köçkün qəsəbələri, habelə Xocalı rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş qəsəbə qazlaşdırılmışdır. Ümumilikdə 2433 abonent təbii qazla təmin olunmuşdur. Son 2 ildə 20 kəndə təbii qaz verilmişdir. 2009-cu ildə rayon üzrə qazlaşma 42 faiz təşkil edirdisə, ötən ilin yekununa görə əhali abonentlərinin sayı 16602-yə, qazlaşma 87 faizə çatdırılmışdır. İstehlak edilmiş təbii qazın dəyərinin ödənişi 2010-cu ildə 92,6 faiz, 2011-ci ildə isə 106,1 faiz təşkil etmişdir. İlin sonunadək 97 faiz təşkil edəcəkdir. İndiyədək yeni qaz xətləri tikinti təşkilatı tərəfindən yerinə yetirilirdi. Bu il respublikada ilk dəfə pilot layihə olaraq Goranboyda yeni qaz xətlərinin çəkilməsi rayon qaz istismarı idarəsinə həvalə edilmişdir.

Murovdağdan Goranboy şəhərinə qədər 44 kilometrlik su kəmərinin çəkilişi artıq tamamlanmışdır. Hazırda şəhər daxilində içməli sukanalizasiya xətlərinin çəkilişi davam etdirilir. Bu layihə reallaşdıqdan sonra Goranboy şəhəri ilə yanaşı, kəmərboyu 12 kəndin içməli su təminatı həll ediləcəkdir.

Yaşayış məntəqələrində əhalinin içməli su təminatının yaxşılaşdırılması üçün də tədbirlər görülmüşdür. Borsunlu, Nadirkənd, Quşçular, Muzdurlar, Yenikənd, Səmədabad, Gürzallar, Rəhimli, Əhmədabad kəndlərində 12 min metrdən artıq içməli su xətləri çəkilmiş və ya təmir olunmuş, bulaqlar inşa edilmişdir. Dəliməmmədli zonasında 23 yaşayış məntəqəsinin içməli su təminatı üçün Şəmkirçaydan Gəncə şəhərinə çəkilən su kəmərindən 200 litr həcmində suyun həmin yaşayış məntəqələrinə verilməsi üçün təşkilati aparılır. Yaxın günlərdə Ağamalıoğlu kəndində layihə dəyəri 70 min dollar olan içməli su xəttinin çəkilişinə başlanacaqdır.

Son illərin sosial-iqtisadi inkişafı Goranboy rayonunda təhsil sahəsinə də yenilik ruhu gətirmişdir. Ötən 8 ildə rayonda 4780 yerlik 25 yeni məktəb, 1220 yerlik əlavə tədris korpusları tikilmiş, 20 məktəb əsaslı şəkildə yenidən qurulmuşdur. Son 2 ildə isə 8 məktəb üçün müasir tipli yeni binalar, 1 məktəb üçün 80 yerlik əlavə tədris korpusu tikilib istifadəyə verilmiş, 8 məktəb əsaslı təmir olunmuşdur.

Uşaq şahmat məktəbi istifadəyə verilmişdir. Hazırda Qızılhacılı qəsəbə 2 saylı və Nərimanlı kənd tam orta məktəbləri üçün yeni binaların tikintisi davam etdirilir.

Ümumilikdə attestat alan 936 məzundan 732 nəfəri (73 faiz) ali məktəblərə sənəd vermiş, onlardan 277 nəfəri ali məktəblərə daxil olmuşdur ki, bu da əvvəlki ilə nisbətən 34 nəfər çoxdur.

Ali məktəblərə qəbul olunanlar arasında 9 nəfər (ötən ilə nisbətən 2 nəfər çox) 600 baldan yuxarı, 36 nəfər isə 500-600 bal toplamışdır.

Səhiyyə müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, əhaliyə göstərilən tibbi xidmətin yüksəldilməsi sahəsində tədbirlər davam etdirilmişdir. Rayon mərkəzi xəstəxanasının 2 şöbəsi, 5 həkim və tibb məntəqəsi əsaslı təmir olunmuşdur.

Mədəniyyət müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində də müəyyən işlər görülmüşdür. Rayon icra hakimiyyətinin təşəbbüsü ilə Goranboy şəhər Mədəniyyət evi əsaslı şəkildə yenidən bərpa edilmiş, 21 yanvar 2012-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev onun açılışında iştirak etmişdir. Qızılhacılı qəsəbə, Səfikürd, Yeniyol, Sarov, Şıxlar kənd mədəniyyət evlərində əsaslı təmir işləri aparılmışdır. Qaramusalı, Zeynallı, Rəhimli, İrəvanlı kənd kitabxanaları üçün yeni binalar tikilmişdir. Heydər Əliyev Mərkəzində və Tarix Diyarşünaslıq Muzeyində təmir, tərtibat işləri aparılmışdır.

Hesabat dövründə rayon icra hakimiyyəti başçısı tərəfindən 42 yaşayış məntəqəsində ictimaiyyətin nümayəndələri ilə görüş keçirilmiş, 87 təklif irəli sürülmüşdür. Yerində mümkün olan 29 təklif müsbət həll edilmiş, digərlərinin icrası ilə əlaqədar aidiyyəti dövlət orqanlarına müraciətlər edilmişdir.

Hesabat məruzəsi ətrafında çıxış edənlər ayrı-ayrı sahələr üzrə uğurları və görüləsi işləri təhlil etdilər, təkliflərini bildirdilər. Qeyd edildi ki, bu il qarşıda daha mühüm vəzifələr durur. Ölkə Prezidentinin tapşırığına əsasən, rayonda Olimpiya İdman Kompleksi inşa ediləcək. Kərpic zavodunun, çörək zavodunun və qarğıdalı yağı istehsalı müəssisəsinin tikintisi ilə bağlı təkliflər var. Dəliməmmədli - Həmənli yoluna asfalt örtük salınacaq, yaşayış məntəqələrində abadlıq işləri davam etdiriləcək. Bir sözlə, heç bir yaşayış məntəqəsi diqqətdən kənarda qalmayacaqdır.

Əsas məsələ odur ki, rayon ictimaiyyətində əzmkarlıq, fəallıq, fədakarlıq var. Goranboylular 2012-ci iliuğurlarla başa vuracaq, respublikamızın sürətli inkişafına öz töhfələrini verəcəklər.

 

 

Ziyəddin SULTANOV

 

Mədəniyyət.- 2012.- 18 mart.- S. 6.