Beyləqan: uğurlar möhkəm təmələ əsaslanır

 

Son illər qeyri-neft sektorunun, xüsusən də regionların inkişafına xüsusi diqqət yetirilməsi, əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılması, işsizlik probleminin həlli, əhalinin həyat şəraitinin yaxşılaşdırılması məsələləri istiqamətində əldə olunan uğurlar Azərbaycanın digər rayonları kimi, Beyləqanın da timsalında özünü qabarıq büruzə verir. Bura gündən-günə inkişaf edir, böyüyür, abadlaşır. Rayonu gəzdikcə bu ərazinin qədim yaşayış məskənlərindən biri olması qənaəti təsdiqlənir. XVII-XVIII əsrlərdə tikilən və hazırda da müsəlmanların inam və səcdə yeri olan Həzrəti Cərciz Peyğəmbər ziyarətgahı, Örənqala, Soltanbud, Saray təpələri, Soltanbud qəbirstanlığı, Seyid Əminə türbəsi, Əminə Xatun məscidi, Kərbəlayi Seyid Ağa türbəsi kimi tarixi-memarlıq abidələri rayonun qədim tarixindən xəbər verir.

 

Sovet İttifaqı Qəhrəmanı Gəray Əsədovun ev muzeyi, əziz xatirəsinə ucaldılmış abidə, Böyük Vətən müharibəsi iştirakçılarının xatirə kompleksi, Sevil Qazıyevanın ev muzeyi və büstü, Türklər məscidi, "Əmək Birliyi" abidəsi, Mücrəddin Beyləqaninin heykəli, Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun büstü Beyləqanın mədəni həyatından söz açır.

Beyləqanın müasir görkəmə, güclü iqtisadi potensiala malik olmasını türk dünyasının böyük oğlu Heydər Əliyevin adı ilə bağlayan beyləqanlılar dahi şəxsiyyətin rayona etdiyi 5 səfəri zamanı görüşlərini unutmurlar. Burada yeni istehsal sahələrinin yaradılması, məktəblərin, xəstəxanaların və s. tikintilərin reallaşması, "Ekologiya parkı"nın salınması rayon əhalisinin xoş güzəranı üçün görülən işlərdəndir.

Beyləqanın inkişafı sahəsində hazırda həyata keçirilən tədbirlər və əldə edilən uğurlar ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin reallaşdırdığı uğurlu siyasətin nəticəsidir. 2008-ci ildə Beyləqanda olan ölkə Prezidenti İlham Əliyevin rayonun inkişafı, əhalinin maddi rifahı üçün yetirdiyi diqqət və qayğı beyləqanlıların yaddaşında silinməz iz buraxmışdır. Rayona mavi yanacağın verilməsi və bir sıra istehsalemal müəssisələrinin açılış mərasimlərində iştirak edən dövlət başçısı Qarabağ müharibəsi və şəhid ailələri üçün tikilmiş 3 mərtəbəli 24 mənzilli binanın orderlərini mənzil sahiblərinə təqdim etmişdir ki, bu da rayondakı 204 şəhid ailəsinə böyük mənəvi dəstək kimi alqışlanmışdır. Ölkə başçısı rayonun daha da böyüməsi, çiçəklənməsi üçün iki milyon manat vəsait ayrılmasına sərəncam vermişdir.

Rayonda "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq qarşıda duran vəzifələrin lazımi şəkildə və layiqincə həyata keçirilməsi daim diqqət mərkəzində saxlanılır. Ötən il rayonun sosial-iqtisadi inkişafının yekunlarını əks etdirən müsbət göstəricilər bunun bariz ifadəsidir. Xatırladaq ki, 2011-ci ildə rayon iqtisadiyyatının dinamik inkişaf tempi qorunub saxlanılmış, istehsal olunmuş məhsulların, işlərin və xidmətlərin ümumi həcmi faktiki qiymətlərlə 122,7 milyon manat olmuşdur. Bu, əvvəlki illə müqayisədə 26,5 milyon manatya 27,5 faiz, 2003-cü ildəkindən 3,3 dəfə çoxdur. Ümumi məhsul buraxılışının adambaşına düşən həcmi 8 ildə 3,3 dəfə, il ərzində isə 25,4 faiz artaraq 1737,8 ABŞ dolları təşkil etmişdir. Həmin dövrlə müqayisədə ümumi məhsul istehsalının və xidmətlərin həcmi sənayedə 3,3, kənd təsərrüfatında 2,4, nəqliyyat və informasiya-kommunikasiya texnologiyaları sektorunda 2 dəfə artmış, pərakəndə əmtəə dövriyyəsi 4,5, tikinti işlərinin həcmi isə 22 dəfə çoxalmışdır.

Ümumi həcmdə istehsal sahələrinin xüsusi çəkisi 75 faiz, xidmət sahələrinin xüsusi çəkisi 25 faiz təşkil etmişdir. Ümumi daxili məhsulun 7,2 faizi sənayenin, 55,6 faizi kənd təsərrüfatının, 12,5 faizi tikintinin, 2,2 faizi nəqliyyat və rabitə xidmətlərinin, 22,5 faizi isə ticarət xidmətinin payına düşmüşdür.

Son illər sosial-iqtisadi inkişafın uğurları əhalinin sosial rifahının yaxşılaşmasında da göstərmişdir. Bu dövrdə əhalinin gəlirləri 4,6 dəfə artaraq 157,2 milyon manata çatmış, adambaşına 1758 manat, 2003-cü ildəkindən 4,2 dəfə çox pul gəlirləri düşmüş, orta aylıq nominal əmək haqqı 12,8 dəfə artaraq 270 ABŞ dollarına, minimum əmək haqqının məbləği isə 10,4 dəfə artaraq 120 ABŞ dollarına çatmışdır. Əhalinin banklara qoyduğu pul əmanətlərinin miqdarı 8 ildə 15,5 dəfə artaraq 2011-ci ildə 1 milyon 142,2 min ABŞ dollarına çatmışdır.

Rayonun ətraf yaşayış massivləri də daxil olmaqla şəhər ərazisində, Şəfəq qəsəbəsində, Dünyamalılar, Birinci Aşıqlı, Orta Əlinəzərli kəndlərinə indiyədək 235 min metr uzunluğunda daşıyıcı-paylayıcı qaz kəmərlərinin çəkilişi, bu xətlərin üzərində qaz tənzimləyici qurğular quraşdırılmaqla 6213 ailənin mavi yanacaqla təminatı qarşıdakı illərdə ölkədə yaşayış məntəqələrinin 95 faizinin mavi yanacaqla təmin edilməsinin təzahürüdür. Bu, möhtərəm Prezidentimiz İlham Əliyevin Nazirlər Kabinetinin iclasında "2011-ci il tarixdə Azərbaycanı böyük qaz dövlətinə və qaz ixracatçısına çevirən il kimi qalacaqdır" deyərək qarşıya qoyduğu mühüm bir vəzifənin məsuliyyətlə və layiqincə yerinə yetirilməsi kimi dəyərləndirilir. Rayonun Əlinəzərli, İkinci Aşıqlı, Eyvazlılar, Tatalılar, Təzəkənd, Kəbirli və Bolsulu yaşayış məntəqələrinin qazlaşdırılması üzrə tikinti-quraşdırma işləri hazırda davam etdirilir. Cari ildə Allahyarlı kəndi ərazisində tikiləcək Qaz Tənzimləyici Stansiya (QTS) vasitəsilə rayonun Allahyarlı, Yuxarı Aran, Mayak, Yeni Mil yaşayış məntəqələrinin, habelə Xocavənd rayonunun 5 yaşayış məntəqəsinin qazlaşdırılması nəzərdə tutulmuşdur. Beyləqan şəhərinin su təchizatının və kanalizasiya sisteminin əsaslı surətdə yenidən qurulması üzrə bütün hazırlıq işləri görülmüşdür. Rayon ərazisində Dünya Səhiyyə Təşkilatının (DST) standartlarına uyğun tərkibdə içməli su mənbəyi aşkarlanmış, su-kanalizasiya xətlərinin keçəcəyi istiqamətlər müəyyənləşdirilmiş, layihə-smeta sənədləri hazırlanmışdır.

Bu dövr üçün planlaşdırılmış tədbirlərə uyğun olaraq rayon büdcəsində nəzərdə tutulmuş vəsait hesabına şəhərin 18 küçəsində, habelə, "SMD-4" və "SMD-42" qəsəbələrində yolların 6 kilometr hissəsində əsaslı təmir-bərpa işləri aparılmış, həmin küçələr, habelə "Magistral", M.Rəsulzadə, R.Abbasov, S.Qazıyeva küçələri, Kəbirli istiqamətindəki magistral yolun kənarlarındakı səkilər yenidən qurulmuş, onların 42 min kvadratmetrdən artıq hissəsinə asfalt-beton qarışığından örtüklər salınmışdır.

Heydər Əliyev Mərkəzinin barılarının, mədəniyyət sarayının ətrafının yenidən müasir üslubda qurulması, "Kapitalbank"ın Beyləqan filialı və Telekommunikasiya qovşağı binalarının əsaslı təmiri aparılan yenidənqurma və tikinti-abadlıq işlərinin bariz nümunəsidir. Bundan əlavə, yolboyu müasir işıqlandırma sistemləri ilə təchiz edilmiş "Şərq" giriş kompleksi, Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatı üçün inzibati bina, üzərində ulu öndərin və Prezident İlham Əliyevin portretləri və kəlamları həkk olunmuş monumental panno, 360 şagird yerlik 3 mərtəbəli orta məktəb binası tikilib istifadəyə verilmiş, "Soyqırım" memorial abidə kompleksinin ətrafı abadlaşdırılmışdır. Gündəlik istehsal gücü 15 ton olan Yağ-pendir zavodu, 6,5 min ton tutumlu meyvə-tərəvəz soyuducu anbarı, "Ekologiya parkı", "Kənd təsərrüfatı sərgi-satış kompleksi", "Kral" şadlıq sarayı, onlarla yaşayış binaları, istehsal, emal, xidmət müəssisələri tikilib istifadəyə verilmişdir ki, bu da rayon iqtisadiyyatının inkişafı və işsizliyin aradan qaldırılması istiqamətində atılan addımlardandır. Beyləqan-Ağcabədi avtomobil magistralının Tatalılar kəndi ərazisində "Kənd təsərrüfatı məhsullarının satış-sərgi kompleksi" yaradılmış, geniş bir ərazidə rayonun iqtisadiyyatının əsasını təşkil edən, kənd təsərrüfatının müxtəlif sahələrini əhatə edən təcrübə məktəbi yaradılmışdır ki, bu da istehsalın artırılmasını təmin etmək məqsədindən irəli gəlir.

Yetişməkdə olan gənc nəslin yüksək təhsil alması, təlim-tərbiyəsi üçün təhsil sahəsində görülən işlər də qənaətbəxşdir. Son illər rayonda 10 məktəb və tədrisə yardımçı bina tikintisi, 29 məktəbdə əsaslı, 25 məktəbdə cari təmir işlərinin aparılması, 350-dək kompyuter dəsti, dərs ləvazimatları, inventar və avadanlıqlarla təchizat, rayon mərkəzindəki 6 məktəbə genişzolaqlı internet xətlərinin verilməsi müstəqil Azərbaycanın gələcək təminatçılarına olan diqqət və qayğının təcəssümüdür. Yaxın vaxtlarda 23 kənd məktəbinə də genişzolaqlı internet xətləri veriləcəkdir. Aşağı Çəmənli kəndində 220 şagird yerlik tam orta məktəbin təməli qoyulmuşdur ki, bu da kənd camaatının böyük sevincinə səbəb olmuşdur. Əmirzeyidli və Sarısu kəndlərində hər biri 180 şagird yerlik olan məktəblərin inşası tezliklə başa çatdırılacaqdır.

Rayonun mədəniyyət və mədəni-maarif müəssisələrində 49,2 min manatlıq əsaslı və cari təmir işləri aparılmış, onların maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə 26 min manat dəyərində inventar və avadanlıq alınıb verilmişdir. Heydər Əliyevin adını daşıyan muzeydə yenidənqurma işləri tamamlanmış, ikinci mərtəbəsində filmoteka salonu yaradılmışdır. Böyük düha sahibini gələcək nəsillərə daha yaxından tanıtmaq, həqiqətləri çatdırmaq, ulu öndərin irsinin təbliği məqsədilə muzeydə lazımi işlər aparılır. Yenidənqurma işlərindən sonra tarix-diyarşünaslıq muzeyində yeni bölmələr yaradılmış, muzeyin inventar-avadanlıq və eksponatlarla zənginləşdirilməsi hesabına buradakı eksponatların sayı 5 minə çatdırılmışdır. Açıq səma altındakı muzey kompleksində 5 min illik dövlətçilik tariximizlə, ən qədim dövrlərdən müasir dövrə qədər mövcud olmuş ayrı-ayrı dövlətlərin qranit daşlardan qoyulmuş abidələrlə tanışlıq hər kəsə tariximizin səhifələrini bir daha vərəqləməyə, zəngin tarixi məlumatlar əldə etməyə imkan verəcəkdir. Əsl istirahət və bilik mərkəzinə çevrilən bu muzeylər Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı İrşad Əliyevin təşəbbüsü ilə yaradılmışdır. Başçının təşəbbüsü ilə inşa olunan "Soyqırım abidəsi", "Azərbaycan əsgəri", "Şəhidlər" abidə kompleksləri isə mənfur düşmənlərimizi və acı həqiqətləri gələcək nəsillərə tanıdacaqdır.

Əhalinin sağlamlığına xüsusi diqqət və qayğı ilə yanaşan dövlət başçısı İlham Əliyevin müvafiq sərəncamına əsasən Prezidentin Ehtiyat Fondundan ayrılan vəsaitlə hazırda Beyləqan Rayon Mərkəzi Xəstəxanasında əsaslı təmir və yenidənqurma işləri aparılır.

Gənc mütəxəssislərin işlə təmin edilməsindəki problemlər aradan qaldırılır, yeni yerləri açılır. Onlar dövlət və qeyri-dövlət müəssisələrində işlə təmin olunurlar. Gənclərə mənzil şəraitinin yaxşılaşdırılması üçün torpaq sahələri ayrılır, asudə vaxtı səmərəli keçirmələri üçün istirahət guşələri yaradılır. Mədəniyyət sarayı nəzdindəki "Asudə vaxt mərkəzi"nin fəaliyyəti bərpa olunaraq gənclərin istifadəsinə verilmişdir. Mərkəzi şəhər stadionunun, rayon uşaq-gənclər idman məktəbinin əsaslı, bir çox kənd idman qurğularında cari təmir işlərinin başa çatması rayon üzrə idmançıların yetişməsinə şərait yaradır. Bu da beynəlxalq aləmdə "idman ölkəsi" kimi tanınan Azərbaycanın gələcəkdə də üçrəngli bayrağını zirvələrdə dalğalandıracaq qaliblərə yol açır. İdman sahəsində ildən-ilə artan uğurlarda Beyləqan idmançılarının payı danılmazdır. "Yunan-Roma" güləşi üzrə yeniyetmələr arasında 3 qat Avropa çempionu, gənclər arasında Avropadünya çempionu Eldəniz Əzizli, hazırda Almaniyada Azərbaycanı təmsil edən şahmat üzrə Beynəlxalq qrossmestr Namiq Quliyev, karate üzrə ikiqat respublika çempionu Aytən Səmədlinin qazandıqları qələbələr Azərbaycanın adını dünya miqyasında tanıdır.

Doğma elindən-obasından ayrı düşən və Beyləqan rayonuna pənah gətirən 267 nəfər qaçqın, 14 min 169 nəfər məcburi köçkün və 240 nəfər məshəti türkünün sosial vəziyyəti nəzərə alınır, yaxşı yaşamaları üçün lazımi şərait yaradılır. Yerli əhali arasında özünü doğma hesab edən onlarla ailə tezliklə ədalətin zəfər çalacağına, qələbəyə inanır.

Beyləqanlılar əldə edilən uğurlara ürəkdən sevinir, hər bir sahədə qazanılan yeni töhfələrlə Vətən qarşısında övladlıq borclarını yerinə yetirməkdən qürur duyurlar. Bəli, respublikamızın qüdrətlənməsində zəhmətsevər Beyləqan sakinlərinin əməyi danılmazdır.Yeni, xoş müjdələr sorağında beyləqanlılara uğurlar diləyirik.

 

 

Rəna İMANOVA,

Azərbaycan Jurnalistlər

Birliyinin üzvü

 

Xalq qəzeti.-  2012.- 18 mart.- S. 6.