"Gəncə dünya səviyyəli şəhərə çevrilir"

 

Azərbaycan Prezidentinin dediyi bu sözlər şəhər rəhbərliyinin və bütün gəncəlilərin məsuliyyətini daha da artırmışdır

 

Bu günlərdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının hesabatı dinlənildi. 2011-ci il ərzində şəhərin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncağın əsas leytmotivi ölkə Prezidenti İlham Əliyevin Gəncəyə və gəncəlilərə davamlı qayğısı və diqqətinə cavab olaraq bütün sahələrdə məsuliyyətin, işgüzarlığın daha da artırılması, etimadın doğruldulması idi.

 

Məruzədən sitat: "Ölkə rəhbəri Cavadxan küçəsində aparılan abadlıq-quruculuq işləri ilə tanışlıq zamanı şəhər ziyalıları ilə görüşdə demişdir: Gəncə dünya səviyyəli şəhərə çevrilir.

Respublika Prezidenti möhtərəm İlham Əliyev tərəfindən verilən bu qiymət məhsuldar fəaliyyətin, gündəlik aparılan quruculuq və yenidənqurma işlərinin nəticəsidir. Bu bizim sizinlə, eləcə də bu cür tədbirlərdə yaxından iştirak edən hər bir Gəncə sakininin işinə verilən qiymətdir. Təşəkkür edirəm, sağ olun!"

Başçının bu səmimi sözləri yığıncaq işirakçıları tərəfindən razılıqla qarşılandı. Hamının çöhrəsini bir andaca işıq, sevinc, qürur hissi bürüdü. Təbii ki, ölkə Prezidenti İlham Əliyevin Gəncəyə xüsusi diqqət və qayğısı, şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevin yüksək təşkilatçılığı, işgüzarlığı, etimadı doğrultmaq əzmi öz bəhrəsini verib və şəhər hamının gözü qarşısında tarixi keçmişi saxlanılmaqla müasir bir şəhərə çevrilir. Amma bu işlərdə hər kəsin payı var, hər bir sakinin əlinin zəhməti var.

... Çoxlu statistik rəqəmlərə ehtiyac qalmadı. Hesabatla çıxış edən şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevin özü "belə rəqəmlərlə sizi yormaq istəmirəm" deyib konkret işlərdən, qarşıda duran böyük vəzifələrdən danışdı. Başçının "Görünən dağa nə bələdçi?" zərbi-məsəlini də hesabata toplaşanlar təsdiq etdilər.

Bəli, bu son ildə Gəncədə aparılan işlərlə yaxından tanış olmaq üçün onun küçə və prospektlərini, park və xiyabanlarını gəzmək, yaşayış, inzibati binalarla, tarixi memarlıq abidələri, ticarət, ictimai iaşə müəssisələri ilə yaxından tanış olmaq kifayətdir.

Sənayedə göstəricilər ürəkaçandır, əvvəlki illə müqayisədə bütün sahələrdə artım var. Yeni sənaye müəssisələri işə başlayıb. Elə təkcə alüminium zavodunun işə düşməsi respublikanın həyatında mühüm hadisədir. Təsadüfi deyil ki, ölkə başçısı İlham Əliyev zavodun açılışında demişdir: "Biz Gəncə alüminium zavodunun timsalında Azərbaycanın sənaye potensialının inkişafını görürük". Digər zavodların və istehsal sahələrinin işə düşməsi böyük inkişafa gətirib çıxaracaqdır.

Ümumiyyətlə, 2012-2016-cı illərdə həyata keçirilən layihələrə 630 milyon dollar investisiya qoyulacaq, işçilərin sayı 3 min 800 nəfərə çatdırılacaqdır.

Abadlıq-quruculuq işləri barədə qəzetimizdə dəfələrlə yazı gedib. Biz ona görə bu mövzuya geniş yer ayırmışıq ki, Gəncədə konkret iş var, o göz qabağındadır: "Sürətli, keyfiyyətli, fundamental, bütün sahələri əhatə edən iş - yazmamaq, sevincini oxucularla bölüşdürməmək, iş təcrübəsindən söhbət açmamaq mümkün deyil. Bu gün şəhər sözün əsl mənasında nəhəng tikinti meydanını xatırladır. Ölkə Prezidenti İlham Əliyevin tövsiyə və tapşırıqlarını özünün gündəlik fəaliyyətində sözsüz yerinə yetirməsinə yönəldən şəhər icra hakimiyyətinin təşəbbüsü ilə həyata keçirilən genişmiqyaslı təmir-tikinti, abadlıq-quruculuq və yaşıllaşdırma işləri daha da sürətləndirilmişdir".

Park və xiyabanlara baxanda adamın ürəyi açılır. Adamların mənalı istirahəti üçün hərtərəfli şərait yaradılır. Ümummilli lider Heydər Əliyevin adını daşıyan meydanda ekranı 120 kvadratmetr olan monitor və musiqili fəvvarələr kompleksi yenidən qurularaq istifadəyə verilmişdir. Şəhərin küçə və meydanlarında Şah Abbas Məscidinin həyətində və ətrafında 2, Gəncə univermağı ilə üzbəüz meydanda 1 ədəd fəvvarədən əlavə müxtəlif ərazilərdə daha 17 yeni fəvvarə inşa edilmişdir. Əzəmətli xan çinarları ilə yanaşı, müasir görkəmli fəvvarələr bu yerlərə yeni gözəllik və yaraşıq verir.

Ayrı-ayrı küçələrdə yerləşən istehsal, ticarət, iaşə, xidmət və digər sosial-mədəni tikililərin fasad və ətrafında aparılan təmir-bərpa və yenidənqurma işləri tamamlanmış, digərlərində isə işlər davam etdirilir. Bir il ərzində 2250 obyektdən 1720-si müasir görkəmə salınmışdır. Razılaşın ki, asan iş deyil.

Ərazisi 360 hektar olan Heydər Əliyev parkında ümummilli liderin adına layiq mərkəzin tikintisinə başlanılıb. Mərkəz üçmərtəbəli, ümumi sahəsi 4500 kvadratmetrdən ibarət olacaqdır. Burada eni 20, uzunluğu 50, hündürlüyü 36 metr olan "Zəfər Tacı" inşa ediləcəkdir.

Nizami Gəncəvinin təbliği, ədəbi irsinin qorunması ilə bağlı şəhərdə çox mühüm işlər görülmüşdür. Şairin məqbərəsində və onun ətrafında abadlaşma işləri başa çatdırılmış, 7540 kvadratmetr sahə qranitlə döşənmiş, yeni 4 hovuz, 2 şəlalə və fəvvarə inşa edilmiş, göl və körpü yenidən təmir olunmuşdur. Yeni salınan yaşıllıq zonası 11 hektarı keçmiş, çoxlu dekorativ ağaclar əkilmişdir. Məqbərənin qarşısında tarixi-memarlıq üslubunda ikimərtəbəli, ümumi sahəsi 540 kvadratmetr olan Nizami Gəncəvi muzeyinin tikintisinə başlanmışdır. Prospekt və küçələrdə 169 çoxmərtəbəli binanın fasadları klassik memarlıq üslubunda, dam örtüyü metal keramiklə üzlənərək mansard formasında yenidən qurulur.

Heydər Əliyev prospekti yenidən qurulmuş, kommunikasiya xətləri təzələnmişdir. Bu prospekt də daxil olmaqla bütövlükdə 200-ə yaxın binanın dam örtüyü mansard formasında yenidən qurulmuş, 80-ə yaxın binanın fasadı aqlayla üzlənmişdir.

Küçə, meydan və parklarda işıq dayaqları quraşdırılmış, 550 dən çox müasir işıqlandırma dirəkləri basdırılmışdır.

Uzun illər fəaliyyət göstərməyən "Bakı" kinoteatrının yerində 1 hektar ərazidə 6 mərtəbəli Gəncə Dövlət Filarmoniyasının bünövrəsi qoyulmuşdur. Hündürlüyü 26 metr olacaq binada layihə üzrə 1200 tamaşaçı yeri olan konsert zalı, iki kinozal və digər mədəni xidmət sahələri fəaliyyət göstərəcəkdir. Burada yeraltı qarajın tikilməsi də nəzərdə tutulur. Layihənin smeta dəyəri 29 milyon 800 min manatdır.

Görkəmli dövlət xadimi Nəriman Nərimanovun adını daşıyan, ümumi sahəsi 4823 kvadratmetr olan parkda geniş tikinti-quruculuq və abadlıq işləri aparılmış, yeni fəvvarə inşa edilmişdir. Hündürlüyü 5 metr olan postamentin üzərində N.Nərimanovun büstü qoyulmuşdur.

Gəncəçayın sol sahilindəki "Xəmsə" abidə kompleksinə sanki "ikinci həyat" verilmişdir. Kompleks yenidən qurulmuş və burada Nizami Gəncəvinin 11 metr hündürlüyündə heykəli ucaldılmışdır.

Ayrı-ayrı küçə və prospektlər genişləndirilmiş və bu işlər indi də davam etdirilir. Yolların əsaslı təmiri zamanı 650 min kvadratmetrə yaxın asfalt salınmış, qranitdən və mozaikadan 120 min paqonometrdən çox səki daşı döşənmişdir.

Şəhərdə tarixi abidələrə, binalara, tikililərə xüsusi diqqət və qayğı göstərilir. İndiyədək 800-ə yaxın qədim tikili olduğu müəyyənləşdirmiş və bunların təmiri, bərpası ardıcıllıqla davam etdirilir.

Cavadxan küçəsi başdan-başa yenidən qurulmuşdur. Tarixi küçə indi açıq səma altında bir müzeyə çevrilib.

Şəhərə daxil olan bütün giriş qapıları yenidən qurulur. Bakı istiqamətindən "Qala" kompleksi inşa olunur. İndiyədək kompleksdən Nizami məqbərəsinə kimi 1 milyon kubmetrə yaxın torpaq işləri görülüb. Qeyd edək ki, Gəncənin bu giriş hissəsi öz əzəmətinə görə hələlik respublikada yeganədir.

Gəncədə yaşıllığa xüsusi diqqət yetirilir. Bu dövrdə şəhər ərazisində 140 min ədəddən çox ağac, 620 min ədəddən çox gül və çiçək əkilmişdir. Keçən il 5,3 hektar yeni qazon salınmışdır.

Şəhərdə yerləşən parkların, xiyabanların abadlaşdırılması və onların memarlıq baxımından yüksək səviyyədə və zövqlə yenidənqurulması, səliqə-sahman yaradılması işlərinə başlanılmışdır. Keçirilən bu tədbirlər şəhər əhalisi tərəfindən minnətdarlıqla dəstəklənir.

Sahibkarlığın daha da inkişaf etdirilməsinə şəhərdə geniş dəstək verilir.

Şəhərdə yerli sahibkarlığın inkişafına xidmət göstərən münbit biznes şəraiti yaradılmaqla, onlara qayğı, diqqət göstərilir. Forumlar, seminarlar, konfranslar keçirilir.

Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu ilə birgə "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbir keçirilmişdir.

Sahibkarlığa Kömək Milli Fondu tərəfindən müvəkkil kredit təşkilatları vasitəsilə Gəncədə 11 sahibkara 2 milyon 583 min manat məbləğində güzəştli kreditlər verilmişdir. Sənayenin inkişafı ilə bağlı verilmiş güzəştli kreditlər hesabına 106 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində özəl sektorun sənayedə payı 35,5 faiz, tikintidə 31,9 faiz, avtomobil nəqliyyatında 100 faiz, kənd təsərrüfatında 100 faiz, ticarətdə 99 faiz təşkil etmişdir.

"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqamı"nda Gəncə şəhəri üzrə nəzərdə tutulan tədbirlərin uğurla icrası əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsinə imkan vermişdir.

2003-cü ilin oktyabr ayının 1-dən 2012-ci ilin yanvar ayının 1-dək Gəncə şəhərində 23 min 942 yeni iş yeri yaradılmışdır ki, onun da 20 min 868 və ya 87,2 faizi daimi iş yerləridir.

Əhalinin elektrik enerjisi, qaz, su təminatı ilə bağlı şəhərdə həyata keçirilən işlər razılıqla qarşılanır.

Əhalinin içməli su təchizatının və kanalizasiya xidmətinin yaxşılaşdırılması ilə bağlı nəzərdə tutulmuş işlər 2011-ci ildə də davam etdirilmişdir. Ölkə rəhbərinin göstərişi ilə şəhər üçün uzun illər problemə çevrilmiş su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasının əhatə dairəsi genişlənərək 54 faizdən 100 faizə çatdırılmışdır. Layihə mərhələli şəkildə həyata keçirilir. İşlərin tamamlanması ilə şəhərə saniyədə Göygöldən 200 litr, Gəncəçay çayının Qızılqaya yatağından 78 litr, Şəmkir su anbarından isə 1419 litr su daxil olacaqdır.

Bu, şəhər əhalisinin gün ərzində fasiləsiz içməli su ilə tam təmin olunmasına imkan verəcəkdir.

Təhsil, səhiyyə, mədəniyyət, idman və digər sahələrdə qazanılan nailiyyətlər də diqqəti cəlb edir. Ötən il şəhər icra hakimiyyətinin təşəbbüsü ilə əsaslı təmir olunan 200 nəfərlik 45 nömrəli yardımçı məktəb yeni müasir inventar və avadanlıqla təmin olunmuş, Gəncə Uşaq Evi əsaslı təmir edilmiş və yeni avadanlıq verilmişdir. Ötən il məzunların 39 faizindən çoxu tələbə adını qazanmışdır. Bu, əvvəlki ilə nisbətən 5 faiz çoxdur.

Səhiyyədəki islahatlar və uğurlar da sevindiricidir. "Onkoloji xidmət üzrə tədbirlər proqramı" çərçivəsində Onkoloji dispanserin müasir inşa olunmuş şüa korpusunda Çexiya Respublikasının istehsalı olan "TERABALT" aparatı istifadəyə verilmişdir. Dispanserin həyətyanı sahəsi abadlaşdırılmış, asfalt döşənmiş, yeni hasar çəkilmiş, yaşıllıq zolaqları salınmış, gül-çiçək kolları əkilmişdir.

2011-ci ildə müasir avadanlıqla təchiz olunmuş 16 çarpayılıq doğum-reanimasiya, yeni doğuşların intensiv terapiyası şöbələri yaradılmış, "Mərkəzi Klinik Tibb Mərkəzi - Gəncə" və "Yeni Gəncə Tibb Mərkəzi" şəhər əhalisinin istifadəsinə verilmişdir.

"2011-2015-ci illər üçün vərəmlə mübarizə üzrə Tədbirlər Proqramı"na uyğun olaraq rayonlararası ağciyər xəstəlikləri dispanserində rayonlararası bakterioloji laboratoriyanın tikintisinə başlanılmışdır.

Səhiyyə müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması üçün Təcili Tibbi Yardım Xəstəxanasının urologiya və ginekologiya şöbələrində, aptek, mətbəx bölmələrində, psixonevroloji və kardioloji xəstəxanalarda, 2 saylı şəhər xəstəxanasında, 2 saylı poliklinikada, endokrinoloji, yoluxucu və göz xəstəlikləri xəstəxanasında, 4 saylı təsərrüfat hesablı poliklinikada təmir işləri başa çatdırılmış, 4 saylı Uşaq poliklinikasında müasir istilik sistemi quraşdırılmışdır.

Ölkə Prezidentinin xüsusi sərəncamı ilə "İmamzadə" kompleksinin abadlaşadırılması üçün yenidən 2 milyon manat vəsait ayrılmışdır. Artıq işlər sürətlə apaprılır və İslam dünyası üçün böyük əhəmiyyət kəsb edən milli-memarlıq üslubunda çox böyük bir kompleks yaradılır.

Ötən il Şeyx Bahəddin küçəsində yerləşən Uğurlu xan karvansarayında və Alban məbədində əsaslı təmir işləri görülmüşdür. Tarix-diyarşünaslıq abidələri olan Çökək Hamamda, Şah Abbas məscidinin ərazisində, "Zərrabi" teatrında bərpa işləri aparılmış, Fikrət Əmirov parkının ikinci hissəsində yenidənqurma işləri davam etdirilir.

Görkəmli ədib Mir Cəlal Paşayevin ev muzeyində, "Ozan" və "Şərəfxanlı" məscidlərində, Dövlət Kamera Orkestrinin binasında, 1, 2, 3 və 4 nömrəli uşaq musiqi məktəblərində təmir-bərpa işləri başa çatdırılmış, uşaq incəsənət məktəbində və onun Gülüstan filialında isə davam etdirilməkdədir.

Şəhər icra hakimiyyətinin fəaliyyətində prioritet məsələlərdən biri də insan hüquqlarının həyata keçirilməsində və qorunmasında mühüm vasitə olan vətənədaşların təklif, ərizə və şikayətlərinə baxılması, onların qəbulu, əhali tərəfindən qaldırılan problemlərin qanunvericiliyə müvafiq həlli yollarının müəyyənləşdirilməsi və icrasının təmin edilməsidir.

Ölkə Prezidenti vətəndaşların müraciətlərinə həssaslıqla yanaşır və hər bir vəzifəli şəxsdən, dövlət məmurundan da tələbi belədir: "Siz xalq üçün yaşamalı, yaratmalısınız, xalqın qayğıları ilə yaşamalısınız və xalqa xidmət etməlisiniz".

Bu vacib məsələni Gəncə Şəhər İcra Hakimiyyəti və şəxsən onun başçısı daim diqqət mərkəzində saxlayır, aparatın hər bir işçisindən bu sahədə məsuliyyət və ciddilik tələb edir. Vətəndaşların müraciətlərinə baxılması işi getdikcə təkmilləşdirilir.

2011-ci ildə şəhər icra hakimiyyəti başçısı aparatına vətəndaşlardan 7 min 344 təklif, ərizə və şikayət daxil olmuşdur. Müraciətlərin ümumi sayında fərdi evlərin, ticarət və xidmət obyektlərinin tikintisi üçün torpaq sahəsinin ayrılması, icazəsiz tikililərin sənədləşdirilməsi 41,5 faiz, mənzil təminatı, yaşayış sahəsi ilə təmin edilməsi, kommunal xidmətləri ilə bağlı məsələlər 23,4 faiz təşkil edir. Aparılan təhlil göstərir ki, 2010-cu illə müqayisədə mərkəzi icra orqanlarına daxil olan müraciətlərin sayı 11,2 faiz azalmışdır.

...Cəmi bir ilin hesabatı və bu hesabatda necə böyük əzəmətli işlərin əks olunması hər bir Gəncə sakinində qürur hissi oyadır. Elə yığıncaqda çıxış edən ayrı-ayrı ziyalılar, sadə zəhmət adamları da bunu dönə-dönə vurğuladılar, qədim Nizami yurdu ilə fəxr duyduqlarını bildirməklə yanaşı, şəhərə can yandıran hər bir şəxsə minnətdarlıq ifadə etdilər.

 

 

Hamlet QASIMOV

 

Mədəniyyət.- 2012.- 18 mart.- S. 4.