Prezident İlham ƏLİYEV: Türkiyə - Azərbaycan birliyi artıq dünya müstəvisində öz gücünü göstərmişdir

 

...Müstəqillik dövrü ərzində Türkiyə - Azərbaycan əlaqələri yüksələn xətlə inkişaf etmişdir və düşünürəm ki, indiki zamanda bu əlaqələr ən yüksək zirvədədir. Bizim dünyadakı ən birinci dostumuz, müttəfiqimiz Türkiyədir. Əminəm ki, Türkiyə üçün də dünyada bir nömrəli dost, qardaş və müttəfiq Azərbaycandır. Bu, böyük dəyərdir, böyük nemətdir. Biz bu dəyəri qorumalıyıq və möhkəmləndirməliyik. Biz yaxın xalqıq. Bir-birimizə çox yaxınıq. Bizim dilimiz də bir-birinə çox oxşayır, tariximiz də, kökümüzbirdir. Ən önəmlisi ondan ibarətdir ki, bizim maraqlarımız da üst-üstə düşür.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

 

Son illər Azərbaycan Respublikası daxili xarici siyasətdə tarixi uğurlara imza atmışdır. BMT Təhlükəsizlik Şurasına üzv seçilməyimiz, keçmiş Sovetlər Birliyi ölkələrindən ancaq bizim "Böyük iyirmiliy"in tədbirlərinə dəvət olunmağımız, "Eurovision" yarışmasındakı böyük uğur, "Standard & Poor's", Davos Dünya İqtisadi Forumu digər nüfuzlu iqtisadi maliyyə qurumlarının ölkəmizdəki iqtisadi-maliyyə vəziyyətini yüksək qiymətləndirməsi respublikamızın qazandığı çox böyük nailiyyətlərdəndir.

 

Azərbaycan Prezidenti İlham Əliyev bu günlərdə Türkiyənin TRT televiziya kanalına verdiyi müsahibəsində bu məsələlərə toxunaraq demişdir ki, həyata keçirilən siyasətin məqsədi Azərbaycan xalqının maraqlarını təmin etmək, ölkəmizi gücləndirmək, regionda mövqelərimizi möhkəmləndirməkdir. Məhz bunun nəticəsidir ki, ölkəmiz artıq dünyada həlledici sözə malik olur, regionda imkanlarımız genişlənir, bizimlə əməkdaşlıq etmək istəyənlərin sayı durmadan artır. Dünyada Azərbaycana ən yaxın ölkə olan strateji müttəfiqimiz Türkiyənin də günbəgün qüdrətlənməsi, regional güc mərkəzinə çevrilməsi hər iki ölkənin beynəlxalq aləmdəki mövqelərini daha da möhkəmləndirir. Bu gün tarixi sınaqlara mətanətlə sinə gərmiş Ankara ilə Bakının dostluq, qardaşlıq münasibətləri ulu öndərimiz Heydər Əliyevin "Biz bir millət, iki dövlətik" müdrik kəlamından ilham alır, inkişaf edir, daha da möhkəmlənir.

Eyni soykökə, eyni dilə, eyni dinə, eyni tarixə malik olan Türkiyə ilə Azərbaycan əlaqələri bu il bir daha növbəti sınaqdan uğurla çıxdı. Artıq hər kəsə məlumdur ki, Fransa parlamentinin ardından Senatın da qəbul etdiyi uydurma "erməni soyqırımı" iddialarının inkarını cinayət sayan qanun layihəsi Konstitusiya Məhkəməsinə çıxarıldı və ali qurum bu layihəni qanunazidd olduğu üçün rədd etdi. Məhkəmənin qərarını həm də Azərbaycan və Türkiyə hökumətlərinin, iki qardaş ölkəni təmsil edən ayrı-ayrı strukturların dünyada, o cümlədən Fransanın daxilində həyata keçirdiyi məqsədyönlü tədbirlərin nəticəsi hesab etmək olar. Sirr deyil ki, Azərbaycan ictimaiyyəti, dövləti, parlamenti hələ keçən il dekabrın 23-də Fransa Milli Assambleyasında söz və fikir azadlığına böyük zərbə vuran həmin qanunun qəbul edilməsinə çox sərt reaksiya vermişdi. Bu il yanvarın 23-də Senatın da eyni addım atması narazılığın artmasına səbəb olmuşdu. Xarici İşlər Nazirliyi və Milli Məclis etiraz bəyanatı yaymış, Fransanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə dəvət edilərək ona etiraz bildirilmişdir. Azərbaycan parlamenti iki dəfə bu məsələ ilə bağlı öz mövqeyini kəskin şəkildə ortaya qoymuşdur. Həm bəyanat qəbul edilmiş, həm də Fransa parlamentinə müraciət qəbul olunmuşdu. Ölkəmizin Fransadakı səfirliyi də öz imkanları çərçivəsində söz azadlığına zərbə vuran ədalətsiz qanunun rədd edilməsi üçün səylərini əsirgəməmiş, əgər bu qanun qüvvəyə minərsə ikitərəfli münasibətlərə çox mənfi təsir göstərə biləcəyini Parisdəki əlaqədar qurumların diqqətinə çatdırmışdır.

Bundan başqa, Azərbaycan tərəfi Fransadakı dostlarımıza, senatorlara müraciət etmiş, hətta onları ölkəmizə dəvət edərək, səfər zamanı bu məsələnin ətraflı müzakirəsini təşkil etmişdir. Çünki məlum olduğu kimi, Fransanın qanunlarına görə Konstitusiya Məhkəməsinə qanunun çıxarılması üçün senatorlar səs verməli idilər. Əgər onlar bu səsləri yığmasaydılar, məhkəmə bu məsələyə heç baxmazdı və avtomatik olaraq bu ədalətsiz qanun qüvvəyə minərdi. Ancaq senatorlar da çox böyük müdriklik göstərdilər və Azərbaycanın da xüsusi səyi nəticəsində bu qanun rədd edildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin TRT televiziya kanalına verdiyi müsahibəsində bu məsələ barədə danışaraq bildirmişdir ki, qondarma "erməni soyqırımı"nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını tutan nəzərdə qanunun Fransa Konstitusiya Məhkəməsi tərəfindən ləğv edilməsi həm söz və fikir azadlığının təzahürü kimi, həm də Türkiyə - Azərbaycan birliyinin artıq dünya müstəvisində öz gücünü göstərməsi kimi qiymətləndirilməlidir. Bu, dünya erməni lobbisinin mənfur fəaliyyəti qarşısında demokratiya ilə yanaşı, hər iki güclü strateji müttəfiqin böyük zəfəridir. Bu hadisənin digər ölkələrdə də qondarma "erməni soyqırımı"nı siyasiləşdirərək ona qiymət vermək cəhdlərinə öz təsirini göstərəcəyi istisna edilmir.

Türkiyə - Azərbaycan qardaşlığını göstərən digər mühüm bir hadisə isə, heç şübhəsiz, fevralın 26-da hər iki ölkədə eyni vaxtda Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı möhtəşəm yürüş - mitinqin keçirilməsi oldu. Həmin gün Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 60 minlik izdihamlı yürüş baş tutdu. Türkiyənin ən böyük şəhəri, mədəniyyətlərin qovuşduğu məkan hesab olunan İstanbulda isə Azərbaycanın haqq işinə dəstək vermək üçün 175 mindən çox insanın iştirak etdiyi izdihamlı yürüş - mitinq oldu. Dünyaya səs salan həmin yürüş mitinqdə Xocalıda dinc əhalinin kütləvi şəkildə qətlə yetirilməsi pislənilmiş və beynəlxalq ictimaiyyət bu cinayəti soyqırımı kimi tanımağa çağırılmışdır. Hər iki möhtəşəm aksiyaya diqqət çəkən nüfuzlu ekspertlər bunu Azərbaycan və Türkiyə xalqları arasında sarsılmaz birliyin əyani sübutu olduğunu demişlər. Bu, həm də böyük öndər Mustafa Kamal Atatürkün "Azərbaycanın dərdi bizim dərdimiz, kədəri bizim kədərimizdir" kəlamının növbəti dəfə həyatda təsdiqini tapması demək idi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin TRT televiziya kanalına verdiyi müsahibəsində bu hadisəni qardaşlığımızın ən bariz nümunəsi kimi qiymətləndirmişdir. Dövlət başçımız demişdir: "Bu nümayişlər, yürüşlər, Türkiyə və Azərbaycan xalqlarının birgə mövqeyi, ilk növbədə qardaşlığımızın nə qədər güclü olduğunu göstərir. Bizim ürəklərimiz bir döyünür. Həm "Taksim" meydanında, həm Bakıda on minlərlə insan öz etirazını və həlak olan şəhidlərin xatirəsinə ehtiramını ifadə etmək üçün küçələrə çıxmışdı. Bu, böyük birliyin, ədalətin təzahürüdür. Türkiyədə və Azərbaycanda göstərilən həmrəylik və dayanışma təbiidir. Çünki xalqlarımız qardaşdırlar. Biz daim bir yerdəyik. Bütün məsələlərdə Türkiyə və Azərbaycan bir yumruq kimi fəaliyyət göstərir. Mən əminəm ki, bu birlik gələcək illərdə daha da gücləndiriləcəkdir".

Keçən il oktyabrın 25-də İzmirdə çox əhəmiyyətli bir qurumun - Türkiyə - Azərbaycan Strateji Əməkdaşlıq Şurasının ilk iclasının keçirilməsi də əlaqələrimizin yüksək səviyyədə olmasından xəbər verir. Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilən şuranın iclasında enerji, nəqliyyat, iqtisadiyyat və humanitar məsələlər müzakirə edilmişdi. Toplantıdan sonra Prezident İlham Əliyevin və Baş nazir Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə mühüm əhəmiyyətə malik 13 sənəd imzalanmışdı. Həmin sənədlər arasında "Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında qaz alqı-satqısına dair Anlaşma Sazişi", "Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında qaz tranzitinə dair Anlaşma Sazişi", "Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında enerji sahəsində Əməkdaşlıq Protokolu" və digər mühüm sənədlər vardı. İmzalanma mərasimindən sonra həmin sənədlərin əhəmiyyəti barədə danışan Azərbaycan Prezidenti İlham Əliyev bildirmişdi ki, bütün bunlar bizim üçün yeni imkanlar, yeni üfüqlər açır, uzunmüddətli uğurlu əməkdaşlığımız üçün şərait yaradır. Əminik ki, bu əməkdaşlıqdan həm xalqlarımız, həm də bizim üçün dost olan ölkələr faydalanacaqdır. Çünki həqiqətən də, bölgədə Türkiyə - Azərbaycan əməkdaşlığı, işbirliyi olmadan heç bir təşəbbüs, heç bir layihə həyata keçirilə bilməz. Onu da xatırladaq ki, Türkiyə - Azərbaycan Strateji Əməkdaşlıq Şurasının ilk iclasında qərara alınmışdı ki, növbəti toplantı Azərbaycanda keçirilsin. Növbəti iclaslarda daha geniş əməkdaşlıq formatının təşkil olunması üçün səylər göstəriləcək. Çünki münasibətləri bundan belə də inkişaf etdirmək üçün kifayət qədər imkanlar vardır.

Azərbaycan ilə Türkiyənin birliyi, həmrəyliyi bütün dünya ölkələrinə nümunə olduğu kimi, bir çox Qərb ölkəsinin enerji təhlükəsizliyinin təmin olunması baxımından da mühüm əhəmiyyətə malikdir. Çünki bizim birgə təşəbbüslərimiz nəticəsində "dünyanın arteriyası" adlandırılan Bakı-Tbilisi-Ceyhan neft boru kəməri reallaşdırıldı, Bakı - Tbilisi - Ərzurum neft-qaz kəməri çəkildi, Asiya ilə Avropanı birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolu inşa olunur, Transanadolu qaz layihəsi üzərində isə ciddi iş aparılır. Bütün bunlar bizim birliyimizin, necə deyərlər, bəhrəsidir. Dünya əhəmiyyətli həmin layihələrin reallaşması isə, şübhəsiz ki, Azərbaycan ilə Türkiyənin bölgədə və beynəlxalq aləmdə təsir imkanlarını daha da artıracaqdır. Ölkəmizin zəngin enerji resurslarına sahib olması, rəsmi Bakının həyata keçirdiyi qətiyyətli siyasət nəticəsində Türkiyənin tranzit ölkəyə çevrilməsi də buna imkan verir. Dövlət başçımız bu barədə demişdir: "Azərbaycanın çox böyük neft-qaz ehtiyatları vardır. Türkiyə çox böyük iqtisadi gücə malik olan bir ölkədir. Türkiyə ərazisindən keçən Azərbaycan nefti və qazı həm Türkiyənin enerji təhlükəsizliyini təmin edəcək, eyni zamanda, başqa ölkələrə Türkiyə vasitəsilə bizim resurslarımız nəql ediləcəkdir. Biz bu qaynaqları, tranzit imkanlarını, iqtisadi gücü birləşdirərək istənilən məsələdə mövqeyimizi müdafiə edə biləcəyik. Çünki bu gün dünya və Avropa üçün enerji təhlükəsizliyi məsələləri ön plana çıxır. Biz yaxşı bilirik ki, gələcəkdə Xəzər hövzəsində yerləşən qaynaqlar böyük rol oynayacaqdır və bu məsələdə birinci sırada yenə Azərbaycandır". Bütün bunlar beynəlxalq aləmdə böyük nüfuz qazanan Azərbaycan ilə Türkiyənin birliyinin nə qədər əhəmiyyətli olduğunu göstərir. Biz nə qədər bir yerdə olsaq, gücümüz də bir o qədər artacaqdır. Ancaq təəssüflər olsun ki, həm Türkiyədəki, həm Azərbaycandakı, həm də dünyadakı bəzi dairələr hələ də bizim aramıza girmək istəyir, münasibətləri pozmağa cəhd göstərirlər. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, biz onları tanıyırıq, qınayırıq və onlara qalib gəlirik. Ancaq biz daim bu məsələni diqqətdə saxlamalıyıq. Bizim birliyimiz o qədər sıx olmalıdır ki, orada heç bir boşluq olmasın, bizi istəməyən bədhax, pisniyyətli qüvvələr öz arzularına çatmasınlar. Onlar arzularına heç vaxt çatmayıblar və çatmayacaqlar. Türkiyə - Azərbaycan birliyi Xocalı soyqırımını anım günlərində, Fransadakı olaylarda özünü bir daha göstərdi və bütün başqa məsələlərdə bu, özünü göstərir.

 

 

Rauf KƏNGƏRLİ

 

Xalq qəzeti.- 2012.- 18 mart.- S. 3.