Xalqın milli-mənəvi dəyərlərini özündə yaşadan bayram

 

Xalqımızın uzun əsrlər boyu qeyd etdiyi bahar bayramı Azərbaycanın müstəqillik əldə etməsi ilə respublikanın dövlət bayramlarından biri oldu. Novruzun hər dəfə ümumxalq bayramı kimi keçirilməsi müstəqillik və dövlətçilik prinsiplərimizin təntənəsinə olan inamı daha da artırır.

 

Heydər ƏLİYEV,

Ümummilli lider

 

 

Sürətlə dəyişən dünyamızda qloballaşma proseslərinin geniş vüsət aldığı bir zamanda Novruz bayramı daşıdığı bütün məna və rəmzləri ilə xalqımızın tarixi-mədəni irsə son dərəcə bağlı olduğunu parlaq nümayiş etdirir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Fəlsəfə tarixindən məlumdur ki, mifoloji bayramlar, bir qayda olaraq, təbiətlə, onun fəsilləri ilə bağlı olur və onlar da hər bir adamın həyatında çox mühüm rol oynayan hadisələrdir. Bununla yanaşı, belə bayramlar kollektiv yaddaşda reallaşaraq, xalqlara öz qədim ənənələrini qoruyub saxlamağa, tarixi zamanın dayanmaz axınını müəyyən qədər ləngidərək, əcdadların dövrünü, həyatını xatırlamağa imkan verir.

 

Hazırda xalqımızın qeyd etdiyi bayramlardan heç birini ənənələrinə görə Novruzla müqayisə etmək mümkün deyildir. Minilliklər içərisindən keçib gələn bu qədim el bayramı tarix boyu çoxlu qadağalara və təqiblərə məruz qalsa da, öz təravətini, gözəlliyini indi də saxlayır. Novruz Azərbaycan xalqının zəngin maddi və mənəvi dəyərlərinin mühüm hissəsini özündə ehtiva edən unikal mədəniyyət hadisəsidir. "Novruz"un tərkibi quruluşca mürəkkəb, məzmunca dərin və geniş əhatəlidir. Bu bayrama tarixi inkişaf boyunca baxdığımız zaman onun qədim mədəni köklərə və mənəvi qaynaqlara bağlı olduğu aydın görünür. Keçmişdə olduğu kimi, bu gün də Azərbaycanda, Türkiyədə, və Orta Asiya türk dövlətlərində Novruz mart ayında bahar bayramı kimi qeyd olunur.

Novruz, ilk növbədə, dünyanın və insanın yaradılış bayramıdır. Onun epoxaları, xalqları, dinləri, qitələri əhatə edən kulturoloji-fəlsəfi əzəmətinin, milli böyüklüyünün əsasında varlıq aləminin yaradılışı haqqında ilkin mifoloji-kosmoqonik konsepsiya durur. Novruz özünün qlobal məkan və zaman coğrafiyasında heç vaxt ilkin yaradılış fəlsəfəsindən məhrum olmamış, dünyanın harasında, tarixin hansı dönəmində olursa-olsun, təbiətin, insanın varlığını təzələmiş, onları yox olmaqdan qorumuşdur. Bu cəhətdən Novruz bayramı milli fəlsəfəsinə, kosmik mahiyyətinə görə insanonun dünyasının yaradılış mexanizmidir. Cəmiyyətin dialektik hadisə kimi mövcudluğunun, inkişaf və təkamülünün üsuludur.

Yenidən yaradılış, milli özünütəşkil, etnik özünüdərk kompleksi olan Novruz bayramı öz gücünü Azərbaycan xalqının varlığından və ruhundan alır. Bu bayram bütün mahiyyəti etibarilə xalqımızın milli varlığı ilə bağlıdır. Hər bir xalqın yaşam gücü, özünüqoruma instinkti, özünümüdafiə immuniteti onun düşüncəsinin dərinliklərində bərqərar olan sakral energetikadan qaynaqlanır. Xalqın varlıq tarixinin başlanğıcından bugününədək, düşüncənin dərinliklərindən milli təfəkkür müstəvisinə qədər etnopsixoloji özünütəşkil mexanizmləri olan sakral energetikanın gücü ilə ötürülən bu milli enercinin məzmunu və keyfiyyəti xalqın tarix səhnəsindəki yerini, rolunutaleyini müəyyən edir. Novruz bayramı millətin mövcudluğu üçün hava-su kimi lazım olan milli energetikanın məkanlararası daşıyıcısı, zamanlararası ötürücüsüdür.

Novruz mərasim sistemiilkin semantikası etibarilə baharın gəlişi ilə harmoniyada gerçəkləşən insanın yaradılışı mifi ilə bağlıdır. Bu bayram Şərq xalqları tərəfindən rəsmi bayram kimi qəbul edilməsi tarixinə qədər müxtəlif mərhələlərdən keçə-keçə uzun bir yol qət etmişdir. Novruz mərasim kompleksində əsas olan dörd çərşənbə insanın dörd ünsürdən yaradılması haqqında dini-mifik görüşlərini simvollaşdırır və öz mahiyyəti etibarilə ilkin yaradılış dialektikasını işarələyir.

İstər qədim türk, istərsə də islami yaradılış haqqında görüşlərdə su ən əsas ünsürdür. Hətta yaradılışdan əvvəl bütün varlığın yalnız sudan ibarət olması haqqında qədim türk mifimövcuddur. Su çərşənbəsində xalq arasında bu gün də yaşadılan ayinetiqadlar bu fikri təsdiq etməkdədir. İkinci çərşənbə - od çərşənbəsi insanın yaradılış prosesinin ikinci mərhələsini, od komponenti ilə bağlı mərhələnin mifik təzahürüdür. Mövcud tədqiqatlarda bayram ərəfəsi odla bağlı ritual və mərasimlərin aktiv varlığı daha çox odun sakral mahiyyəti ilə əlaqələndirilmişdir. Yel çərşənbəsi də yaranış prosesinin üçüncü mərhələsini təşkil edir. Əgər torpaqsu insan yaradılışının materialını, maddi əsasını təşkil edirsə, odyel bu materialın yaradılmasında kənar vasitəçi statusunda çıxış edir. Sonuncu ilaxır çərşənbə isə torpaq çərşənbəsidir. Torpaq insan yaradılışının əsas maddi ünsürü olmaq etibarilə bu prosesdə son dərəcə əhəmiyyətli bir mövqeyə malikdir. Torpaq müqəddəsliyinin türk mifoloji görüşlərində, etnik-əxlaqi dəyərlər sistemində yurd, Vətən, el-oba anlayışı ilə yanaşı, yaradılışın maddi əsası olmasından irəli gəlməklə müqəddəs mifoloji energetikaya da malikdir. Yazda torpağın oyanması mifik kökləri etibarilə dirilmə, canlanma anlayışı ilə əlaqədardır. Bu isə, ilk növbədə, insanın yaradılışı mifindən qaynaqlanır.

Müqəddəs Novruz artıq ölkəmizə qədəm qoyaraq, ilaxır çərşənbələri ilə Azərbaycan xalqının həyatına sevinc, şadlıq gətirmişdir. O, neçə əsrlər və min illərdir ki, insanları gəlişi ilə müjdələyir, onlara xeyir-bərəkət, bolluq, xoş həyat, firavanlıq bəxş edir. Məşəqqətli günlərə, sıxıntılı həyata son qoyub tükənən gücləri bərpa edir. İnsanların gözlərinə işıq, qollarına qüvvət, ayaqlarına güc verib, qəlblərini ümidinamla doldurur. Tarix boyu zəhmət və halallıqla yaşayan xalqımız Novruzun gəlişini ruzi-bərəkət qapısının açılması kimi intizarla gözləmiş, bütün varlığı və ruhu ilə onun həsrətində olmuşdur. Min illəri haqlayan Novruz intizarı milli mənəviyyatımızın simvoluna çevrilərək, Azərbaycan xalqını dünyada insanın, təbiətin vurğunu kimi tanıtmışdır.

Novruzun milli taleyimizdəki yerini, müstəqillik əldə etmiş gənc Azərbaycan Respublikasının dövlət quruculuğundakı məqamını, bir xalq, millət və dövlət kimi milli dirçəlişimizdəki rolunu məhz etnik özünütəşkil mexanizmi kimi dəyərləndirən ulu öndər Heydər Əliyev bu bayramı milli ideologiyamızın ana sütunu kimi əbədiləşdirmişdir. Ümummilli lider Heydər Əliyev Novruz bayramını xalqımızı tarixən bütövləşdirən, onun varlığını birlik, böyüklükyaşam gücü ilə qidalandıran fenomen kimi qymətləndirmişdir: "Böyük mənəvi gücə malik olan Novruz bayramı ulu əcdadlarımızın bizə verdiyi ən gözəl yadigar olub, Azərbaycan xalqının milli ruhunu və yaddaşını, onun daxili aləmini bütün zənginliyi ilə yaşadır. Təbiətin oyanışının, varlığın yenidən canlanmasının müjdəsini verən Novruz bayramı ən qədim zamanlardan bəri həyat və məişətimizə daxil olmuş, insanlara aydın və işıqlı sabaha, xoşbəxt gələcəyə inam duyğusu bəxş etmişdir".

Ulu öndər Novruz bayramını "sevinc", "həvəs" və "birləşmə" formulu kimi səciyyələndirmişdir. Müasir Azərbaycanın qlobal dünyanın siyasi labirintlərində etıbarlı milli yol xəritəsini cızmış ümummilli liderin bu sözləri milli ideologiyamızın təməl daşlarını, Azərbaycan insanının canı və qanı bahasına qurduğu dövləti necə qoruyub saxlaması haqqında fəaliyyət proqramının başlıca qayəsini təşkil edir. Bu anlamda, Novruz bayramının bizi "sevindirməsi" Azərbaycan xalqının milli dəyərlərlə yaşaması, "həvəsləndirməsi" milli dəyərlərdən güc alması, "birləşdirməsi" bir xalq kimi məhz milli dəyərlər əsasında təşkil olunması deməkdir.

Yüzilliklər boyu xalqımızın təntənəli şəkildə qeyd etdiyi Novruz Sovetlər Birliyi dövründə rəsmən yasaq edilsə də, ümummilli lider Heydər Əliyevin milli ənənə və dəyərlərə daxilən möhkəm bağlılığı bu bayramın xalq arasında sevilərək yaşadılmasını təmin etmiş, folklorşünaslıq və fəlsəfə sahəsində aparılan elmi tədqiqatlarda onun ideoloji-siyasi təsiri dolayı şəkildə önə çəkilmişdir. 70-ci illərdə isə Novruz bayramı ilk dəfə olaraq məhz ulu öndərin xeyir-duası ilə rəsmən qeyd olunmuş, televiziya ilə yayımlanmışdır. Ümumxalq bayramının yüksək səviyyədə keçirilməsi Azərbaycan xalqının milli ruhunu yüksəldir, milli irsə, tarixə böyük məhəbbət yaradır, milli özünüdərki gücləndirirdi. Novruz adət-ənənələri o dövrdə çəkilmiş filmlərdə də özünə yer tapırdı. Hər dəfə "Dəli Kür" filmini seyr edərkən, Novruzun necə təbliğ olunduğunu əyani şəkildə görürük. Bəli, məhz müdrik rəhbərin qayğısı ilə o illərdə qorunub saxlanılan milli-mənəvi dəyərlər sonralar Azərbaycan xalqının dövlət müstəqilliyinin bərpasında müstəsna rol oynamışdır.

1991-ci ilin oktyabrında yenidən müstəqillik nemətinə qovuşan Azərbaycanda yaşanan ziddiyyətli, təlatümlü proses və faciələr isə Novruzun əsl xalq bayramı kimi yüksək-əhval ruhiyyədə keçirilməsinə imkan vermirdi. Yalnız ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə 1993-cü ildə respublika rəhbərliyinə qayıdışından sonra Azərbaycanın üzləşdiyi bir sıra müsibətlər, faciələr aradan qaldırıldı, vətəndaş qarşıdurmasının qarşısı alındı, ölkədə ictimai-siyasi sabitlik təmin olundu. Maddi rifah halı ildən-ilə yaxşılaşan xalqımız Novruz bayramını yüksək əhval-ruhiyyədə qeyd etməyə başladı.

Novruz dövlət səviyyəsində yüksək səviyyədə qeyd edilməklə yanaşı, dünya azərbaycanlılarının milli bayramına, effektiv ideoloji-siyasi təsir amilinə çevrilmişdir. Ulu öndər 1994-cü ilin yazından başlayaraq hər il Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik etmiş, ümumxalq şənliklərinə qatılaraq xalqımıza ikiqat sevinc yaşatmış, ölkə vətəndaşlarına Vətənin çiçəklənməsi naminə birlik, həmrəylik, saflıq və təmizlik arzulamışdır.

Ulu öndərin milli ideologiyamızın əsaslarına dair Novruz kursu bu gün artıq bəhrəsini verir. Bu milli tarixi nailiyyət Azərbaycan Prezidenti İlham Əliyevin öz xalqı qarşısında Novruz təbrikində aydın və birmənalı şəkildə təsdiq olunmuşdur. Bu bayramı müqəddəs milli irs hesab edən dövlət başçısı demişdir ki, "Novruz bayramı Azərbaycan xalqının ən əziz və sevimli bayramlarından biridir. Əsrlər boyu xalqımız bu bayramı qeyd etmişdir. Ancaq müstəqillik dövründə bu bayram rəsmi şəkildə qeyd olunur. Azərbaycan xalqı Novruz bayramına ən hərarətli münasibət bəsləyir, o, bizim üçün ən başlıca, ən gözəl bayramdır... Ailə dəyərləri, bizim milli-mənəvi dəyərlərimiz, ənənələrimiz, bizim milli mədəniyyətimiz, tariximiz - bütün bunlar Azərbaycan xalqını qorumuşdur. Uzun illər, əsrlər boyu biz başqa ölkələrin tərkibində yaşamışdıq. Ancaq milli xüsusiyyətlərimizi itirməmişik. Assimilyasiyaya düçar olmamışıq, öz dilimizi, adət-ənənələrimizi, milli bayramlarımızı qoruyub saxlamışıq".

Prezident Novruz bayramını birmənalı şəkildə milli xüsusiyyətlərin - milli varlığın qorunma vasitəsi hesab edir. Bu yanaşma çağdaş Azərbaycan dövlətinin artıq bütün dünyada böyük əks-səda verən mədəniyyət siyasətinin əsasını təşkil edir. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nunİSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın yorulmaz fəaliyyəti nəticəsində 2003-cü ildə Azərbaycan muğamının YUNESKO tərəfindən "Bəşəriyyətin şifahiqeyri-maddi irsinin şah əsəri" elan olunması, aşıq sənəti, Azərbaycan xalçaları ilə bağlı həyata keçirilmiş beynəlxalq fəaliyyət dövlətin mədəniyyət siyasətində xalqın sakral energetikasına bağlı milli dəyərlərin prioritet kimi götürülməsinin nə qədər doğrureal siyasət olduğunu təsdiqləyir. Bu istiqamətdə 2009-cu ildə Birləşmiş Ərəb Əmirliyinin Əbu-Dabi şəhərində YUNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Komitəsinin yekun qərarına əsasən, Azərbaycan aşıq sənətinin və Novruz bayramının qeyri-maddi mədəni irsin reprezentativ siyahısına daxil edilməsi Azərbaycanın milli siyasətində Novruzun milli özünütəşkil və yaşatma mexanizmi kimi nə qədər böyük gücə, etnoenergetik qüvvəyə malik olduğunun parlaq sübutudur.

Azərbaycanın təşəbbüsü ilə BMT-nin 2010-cu il fevralın 23-də 21 martı Beynəlxalq Novruz Günü elan etməsi də bu bayramın bəşəri miqyasda roluna yüksək önəm verdiyinə dəlalət edir. Xalqımızın milli bayramı Novruzun BMT Baş Məclisi tərəfindən beynəlxalq gün kimi tanınması məqsədilə Azərbaycan Respublıkasının Xarici İşlər Nazirliyi tərəfindən müvafiq qətnamə layihəsi hazırlanmış, digər dövlətlərlə razılaşdırılması və BMT-də qəbulunun təmin edilməsi üçün ölkəmizin BMT yanında daimi nümayəndəliyinə təqdim edilmişdir. Fevralın 23-də BMT Baş Məclisinin 64-cü sessiyası gündəliyinin "Sülh mədəniyyəti" adlı 49-cu bəndinə müvafiq olaraq, Azərbaycanın təsəbbüsü ilə irəli sürülmüş və Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Türkiyə, Albaniya, Hindistan və Makedoniyanın həmmüəllifi olduğu "Beynəlxalq Novruz Günü" adlı qətnamə layihəsinin təqdimatı keçirilmişdir. Tədbirdə Novruz bayramının qeyd edilməsinin tarixi, onun nəinki Azərbaycanda, o cümlədən Balkanlarda, Qara dəniz hövzəsi ölkələrində, Qafqazda, Orta Asiyada və Yaxın Şərqdə, ümumilikdə üç yüz milyon insan tərəfindən təntənəli şəkildə üç min ildən artıq bir müddət ərzində qeyd edilməsi barədə məlumat vermişdir. İclasın sonunda yekdilliklə qəbul olunan qətnaməyə əsasən, BMT Baş Məclisi Novruz bayramının Şərq və Qərb mədəniyyətlərinin xüsusiyyətlərini, əməkdaşlıq və həmrəylik ideallarını özündə ehtiva etdiyini nəzərə alaraq, dövlətlər arasında bundan sonra da geniş həmrəylik, yüksək hörmət və ehtiramı təşviq etmək məqsədi ilə martın 21-ni Beynəlxalq Novruz Günü kimi tanıyır, BMT-nin üzvü olan dövlətlərin Novruz ilə bağlı məlumatlılığının artırılması üçün səy göstərməyə çağırır. Eyni zamanda, BMT-nin üzvü olan dövlətləri və onun ixtisaslaşdırılmış orqanlarını, fondlarını, proqramlarını, həmçinin məsələ ilə maraqlanan digər beynəlxalq və regional təşkilatları, eləcə də qeyri-hökumət təşkilatlarını Novruz bayramını keçirən dövlətlərin təşkil etdikləri təntənəli mərasimlərdə iştiraka dəvət edir.

BMT Baş katibinin Beynəlxalq Novruz Günü münasibəti ilə müraciətində (21 mart 2010-cu il) deyilir: "Beynəlxalq Novruz Gününün qeyd edilməsi ilə bağlı Baş Assambleyanın bu il qəbul etdiyi qərar bu bayramın yalnız onun keçirildiyi regionda deyil, həmçinin bütün dünyada artan önəminin tanınmasının ən bariz nümunəsidir. Min illər boyu, Günəşin ekvatoru keçməsi və şimal yarımkürəsinin yaz fəslinə qədəm qoyması ilə, Balkan, Qara dəniz hövzəsi, Qafqaz, Mərkəzi Asiya, Yaxın Şərq və digər regionların xalqları özlərinə məxsus adət-ənənələrlə Novruz Gününü bayram edirlər. Evlərin yenidən rənglənməsi, dost-tanışların ziyarət edilməsi, simvolik yeməklərin hazırlanması kimi ayin və adətlərin yerinə yetirilməsi yenilənmə ruhu ilə zəngindir və bu, yalnız həmin bayramı qeyd edənlərə deyil, bütün insanlara ilham verərək ruhlandıra bilər.

Bu il ilk dəfə olaraq Beynəlxalq Novruz Gününü qeyd edirik. Ümid edirəm ki, dünyadakı bütün dövlətlər və xalqlar bu bayramın tarixi ənənələrinə əsaslanaraq təbiətlə insan arasında olan harmoniyanı, bəşəri sülh və xeyirxahlıq ideyalarını təbliğ edəcəklər".

Hesab edirəm ki, Azərbaycan xalqı olaraq biz Novruz bayramına dövlətimizin verdiyi dəyər və önəmi doğru-düzgün qiymətləndirməli, ona milli dövlətçiliyimizdə hər bir vətəndaşın yaxından iştirakı üçün verilmiş milli quruculuq töhfəsi kimi yanaşmalıyıq. Çünki xalqımızın mənəvi mədəniyyətinin, etnik-mifoloji keyfiyyətinin müəyyənləşdirilməsində, bu xalqın qədim mifik görüşlərindən tutmuş, adət-ənənəsi, həyat haqqında düşüncələri barədə aydın təsəvvürlər əldə edilməsində Novruzun rolu olduqca əhəmiyyətli və əvəzsizdir. Dünyanın bir çox xalqları və türk xalqları ilə bərabər, Azərbaycan xalqının milli-mənəvi varlığını bütün dolğunluğu ilə əks etdirən, ümumxalq səviyyəsində qeyd olunan, etnik təfəkkürün ümummilli universalizmini təmin edən mexanizm məhz Novruz bayramıdır. Prezident İlham Əliyevin də vurğuladığı kimi, "sürətlə dəyişən dünyamızda qloballaşma proseslərinin geniş vüsət aldığı bir zamanda Novruz bayramı daşıdığı bütün məna və rəmzləri ilə xalqımızın tarixi-mədəni irsə son dərəcə bağlı olduğunu parlaq nümayiş etdirir. Ən ali keyfiyyətləri özündə cəmləşdirən bayram kimi Novruzun YUNESKO tərəfindən bəşəriyyətin mədəni irs nümunələri siyahısına daxil edilməsi təqdirəlayiq haldır".

 

 

İlham MƏMMƏDZADƏ,

AMEA Fəlsəfə, Sosiologiya və

Hüquq İnstitutunun direktoru

 

Xalq qəzeti.- 2012.- 20 mart.- S. 5.