Regionun lider dövlətinin
ordusu yüksək döyüş
hazırlığına malikdir
Son illər ordu quruculuğu ilə
bağlı dövlət rəhbərliyi səviyyəsində
həyata keçirilən tədbirlərin analizi və qeydə
alınan kifayət qədər ciddi statistik göstəricilər
Azərbaycan xalqının tarixi, milli maraqlarının bərpası,
qorunması və təmin olunması istiqamətində
atılan addımları qiymətləndirmək baxmından
xüsusi əhəmiyyət daşıyır.
Ölkənin
birinci şəxsi tərəfindən Silahlı Qüvvələr
quruculuğunun prioritet bir məsələ kimi dəyərləndirilməsi
ilk növbədə dövlətin ordu mənsublarına
münasibətinə aydınlıq gətirməklə
yanaşı, həm də hərbi qulluqçuların cəmiyyətdəki
statusunu müəyyənləşdirmişdir. Bu status hər
şeydən öncə əgər bir tərəfdən ordu
mənsublarının üzərinə düşən vəzifələrin
məsuliyyətini artırırsa, digər tərəfdən
də, onlara göstərilən inam və etimadın, diqqət
və qayğının parametrlərini ifadə edir. Azərbaycan
Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı
İlham Əliyevin bu il yanvarın 21-də Goranboy rayonuna səfəri
çərçivəsində "N" saylı hərbi
hissəsinə baş çəkməsi, hərbi
qulluqçularla çay süfrəsi arxasında
görüşməsi və xidmətdə fərqlənən
bir qrup döyüşçünü medal və qiymətli
hədiyyələrlə şəxsən təltif etməsi
cari ilin başlanğıcında ordu quruculuğu ilə
bağlı nəzərdə tutulan və həyata
keçirilən tədbirlər silsiləsində, əlbəttə,
özünəməxsus yeri olan kifayət qədər ciddi
hadisədir.
Ölkə başçısının şəxsi heyətlə canlı təmas zamanı söylədiyi fikirlər isə dövlət rəhbərliyinin Silahlı Qüvvələrimizlə bağlı mövqeyini bir daha dəyərləndirmək baxımından xüsusi əhəmiyyət daşıyır: "Bu gün xidmətdə fərqlənən döyüşçülərə təltiflər də verildi. Siz bu təltiflərə layiqsiniz. Xidmətdə biliklərinizi, peşəkarlığınızı, Vətənə sədaqətinizi göstərmisiniz və bu ağır, çətin şəraitdə düşmənlə üzbəüz, ön cəbhədə, təmas xəttində xidmət göstərirsiniz". Ermənistanla müharibə şəraitində yaşayan, hərbi təcavüz nəticəsində tarixi torpaqlarının mühüm hissəsini itirən bir ölkədə hərbi qulluqçulara ünvanlanmış bu yüksək fikirlərin şəxsən Prezident, Ali Baş Komandan tərəfindən səsləndirilməsi, heç şübhəsiz, həm ordu mənsublarına yeni stimul vermiş, həm də olkədə hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsində müəyyənedici rol oynamışdır.
Ümumiyyətlə, belə həssas bir məqamda dövlət başçısının istər ölkənin gələcək inkişaf perspektivləri, istərsə də tarixi problemlərinin həlli ilə əlaqədar sərgilədiyi prinsipial mövqe, xüsusilə, Vətən müdafiəçilərinə göstərdiyi ali münasibət Silahlı Qüvvələr quruculuğunda yeni bir mərhələnin başlanğıcını qoymuş, daha geniş əhatə dariəsinə malik uğurların əldə olunmasında əsaslı baza rolunu oynamışdır. Bütün bunların təbii nəticəsi kimi son səkkiz il ərzində dövlət büdcəsindən ayrılan müdafiə xərclərinin davamlı artımla müşahidə olunan statistik göstəriciləri ordunun inkişaf perspektivlərini daha da genişləndirmişdir. Bu artımın 15 dəfəyədək çatdırılması isə istər yerli, istərsə də beynəlxalq hərbi ekspertlərin Azərbaycan ordusunu Cənubi Qafqazda ən mobil, ən yüksək döyüş hazırlığına malik bir silahlı qurum kimi dəyərləndirməsinə əsas vermişdir.
Bütün bunlar, heç şübhəsiz, ölkənin bir nömrəli probleminin - Dağlıq Qarabağ məsələsinin uğurlu həlli istiqamətində önəmli faktor kimi dəyərləndirilməlidir. Təsadüfi deyil ki, hələ 2010-cu il 18 iyun tarixində Milli Məclisin növbədənkənar sessiyasında müdafiə və təhlükəsizlik xərcləri daha 400 milyon manat artırıldı və cari ilin bütün hərbi xərcləri 2 milyard 150 milyon dollara çatdırıldı. Əgər 2011-ci ildə müvafiq təyinat üzrə dövlət büdcəsindən təqribən 3 milyard 270 milyon dollar vəsait ayrılmışdırsa, 2012-ci ildə bu məbləğ daha da artırılaraq 3 milyard 474 milyon dollara çatdırılmışdır. Bununla da cari ildə müdafiə və təhlükəsizlik sektorunda, o cümlədən, Silahlı Qüvvələrdə iri həcmli təchizat məsələlərinin uğurla davam etdirilməsi perspektiləri köklü şəkildə gücləndirilmişdir.
Müdafiə xərclərinin ilbəil artırılması həm də hərbi qulluqçuların maddi rifah halının, sosial müdafiəsinin nəzərəçarpacaq dərəcədə yaxşılaşdırılması ilə müşahidə olunmuşdur. Təkcə onu demək kifayətdir ki, Azərbaycan Prezidentinin 23 iyun 2010-cu il tarixli sərəncamı ilə Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün Bakı şəhərində xidməti yaşayış evlərinin tikintisini həyata keçirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan beş milyon manat vəsait ayrılmışdır. Bundan əlavə, ölkə başçısının 20 sentyabr 2010-cu il tarixli sərəncamı ilə Müdafiə, Daxili İşlər, Milli Təhlükəsizlik, Fövqəladə Hallar nazirliklərinin, o cümlədən Xüsusi Dövlət Mühafizə və Dövlət Sərhəd xidmətlərinin və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının dövlət büdcəsindən maliyyələşdirilən qurumlarında çalışan hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə maaşları da 10 faiz artırılmışdır.
Ordu mənsublarının maddi rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər ötən il də uğurla davam etdirilmişdir. Belə ki, Azərbaycan Prezidentinin 25 iyun 2011-ci il tarixli sərəncamı ilə Müdafiə Nazirliyinin hərbi qulluqçularının aylıq vəzifə maaşları orta hesabla 25 faiz, dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə maaşları isə orta hesabla 10 faiz artırılmışdır.
Azərbaycan iqtisadiyyatının sürətli inkişafı nəticəsində ölkəmizin hərbi qüdrətinin davamlı şəkildə gücləndirilməsi və ordu quruculuğu ilə bağlı həyata keçirilən tədbirlərin daha geniş, daha əhatəli miqyasda icrası Dağlıq Qarabağ probleminə münasibətdə dövlət rəhbərliyinin prinsipial mövqeyinin dəyişməz olduğunu və xalqımızın ümumi mövqeyilə birmənalı şəkildə üst-üstə düşdüyünü göstərir. Təsadüfi deyil ki, hər il dövlət büdcəsindən hərbi sahəyə ayrılan xərclərin miqdarı əhəmiyyətli dərəcədə artırıldıqca, Silahlı Qüvvələrin maddi-texniki bazası da müasir tələblər çərçivəsində qurulur, şəxsi heyətin mənəvi-psixoloji və döyüş hazırlığında yeni keyfiyyət göstəriciləri əldə edilir, hərbi qulluqçulara verilən imtiyaz və güzəştlərin miqyası genişlənir, onların mənzil-məişət problemlərinin köklü şəkildə həll olunmasına əsaslı zəmin yaranır. Bu sırada ən böyük layihələrdən biri də Prezidentin 28 dekabr 2011-ci il tarixdə imzaladığı fərmandır. Məlum fərmana əsasən, Silahlı Qüvvələrdə 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçular dövlət vəsaiti hesabına mənzillə təmin olunacaqlar. Bu fərmanın kifayət qədər böyük maddi vəsait tələb edən icrasının yüksək səviyyədə həyata keçirlməsi məqsədilə artıq bir sıra vacib addımlar atılmış, mühüm işlər görülmüşdür.
Son iki il ərzində ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər yalnız hərbi qulluqçulara deyil, əhalinin hərbi xidmətlə bağlı digər təbəqələrinə də şamil edilmişdir. Bu haqda danışarkən ilk növbədə vurğulamaq lazımdır ki, Azərbaycan Prezidentinin 9 may 2011-ci il tarixli sərəncamı ilə Müharibə, Əmək, Silahlı Qüvvələr və bir qrup mühafizə Orqanları Veteranları Şurasının fəaliyyətini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq məqsədilə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan bu təşkilata iki yüz min manat vəsait ayrılmışdır. 1941-1945-ci illərdə Böyük Vətən müharibəsi zaman həlak olmuş, yaxud sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden, medallarla təltif olunmuş şəxslərə birdəfəlik maddi yardım verilməsi barədə dövlət başçısının imzaladığı sərəncam da əslində ordu mənsublarına göstərilən diqqət və qayğının bir nümunəsidir. Bundan əlavə, Azərbaycan Prezidentinin 8 sentyabr 2010-cu il və 23 dekabr 2011-ci il tarixli fərmanları ilə şəhid ailələri üçün nəzərdə tutulan Azərbacan Prezidentinin təqaüdünün aylıq məbləği müvafiq olaraq 50 və 10 faiz artırılaraq 165 manat məbləğində müəyyən edilmişdir. Müharibə əlillərinə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği isə Prezidentin 23 dekabr 2011-ci il tarixli fərmanı ilə 10 faiz artırılmışdır.
Beləliklə, əhalinin ordu ilə bağlı digər təbəqələrinin - müharibə veteranları, əlillər, şəhid ailələrinin həyat şəraitinin, maddi rifah halının yaxşılaşdırılması da Silahlı Qüvvələr quruculuğunda əldə olunan uğurlarda az əhəmiyyətli rol oynamamışdır. Bütün bunlar isə hər şeydən öncə ölkənin milli strateji maraqlarının təmin olunmasına, xalqla dövlət arasındakı bağlılığın gündən-günə gücləndirilməsinə, Azərbaycan ordusunun döyüş hazırlığının müasir tələblər çərçivəsində qurulmasına və nəhayət, ölkənin ərazi bütövlüyünün ən qısa müddətdə təmin olunmasına xidmət edir.
İbrahim RÜSTƏMOV,
əməkdar jurnalist,
mayor
Xalq qəzeti.- 2012.- 28 mart.- S. 6.