Sumqayıt rabitəçiləri
uğurlarını artırırlar
Respublika həyatının
bütün sahələrində olduğu kimi, rabitə
sistemində də inkişaf sürətlənməkdədir.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin
"İnformasiya-kommunikasiya texnologiyaları sahəsi Azərbaycanın
sosial-iqtisadi inkişafında ən prioritet sahələrdən
biridir" kəlamını rəhbər tutan rabitəçılər
bu sahədə əzmlə çalışırlar.
Sumqayıt Telekommunikasiya Qovşağının
işçiləri də milli rabitəmizin inkişafına
töhfələr verməkdən şərəf duyurlar. Son
zamanlar ölkəmizin rabitə sektorunda aparılan
islahatların uğurla nəticələnməsi gənclik
şəhərinin həyatında özünü daha bariz
şəkildə göstərməkdədir.
Qovşağın rəisi Akif Əsgərov müxbirimizə
verdiyi müsahibədə bu barədə ətraflı
danışmışdır.
- Möhtərəm Prezidentimizin bu il yanvarın 16-da Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında söylədiyi fikirlər biz rabitəçiləri ürəkdən sevindirmişdir: "İnformasiya-kommunikasiya texnologiyalarının gələcək inkişafımızda çox önəmli rolu olacaqdır və bütün dünyanın elmi tərəqqisi bu istiqamətdə inkişaf edəcəkdir".
Bildiyimiz kimi, MDB ölkələri sırasında ilk dəfə məhz Azərbaycanda sabit telefon şəbəkəsi tam elektronlaşdırılmış, yəni rəqəmləşdirilmişdir. Bu nəticə indi inkişaf etmiş və az sayda inkişaf etməkdə olan ölkələrdə vardır. İndi Azərbaycanın istənilən yaşayış məntəqəsində yüksək sürətli genişzolaqlı internetə çıxış imkanı yaranmışdır. Bir çox beynəlxalq təşkilatların hesabatlarında da göstərildiyi kimi, Azərbaycan İKT-nin inkişaf dinamikası üzrə son 5-8 ildə birinci onluq ölkələri sırasındadır. Bu qiymələndirmə onu göstərir ki, hər üç ildə ölkəmizin İKT sektoru 2 dəfə genişlənir və bir çox ekspertlərin fikrincə, 2020-2025-ci illərdə İKT gəlirləri neft gəlirləri ilə müqayisə oluna biləcəkdir.
Fəxrlə deyə bilərəm ki, respublikamızda rabitənin sürətli inkişafı üzrə ən böyük layihələr bizim şəhərdə icra olunmuş və Sumqayıt rabitəsi sözün əsl mənasında yeni texnologiyaların tətbiqi üçün poliqon rolunu oynamışdır. Buna misal olaraq qeyd edim ki, 2004-cü ildə şəhərdə dayanaqlı rabitənin təmin edilməsi məqsədilə dairəvi rabitə yaradılmışdır. Növbəti ildən nömrə tutumunun artırılmasına şərait yaratmaq məqsədilə regionlar arasında ilk dəfə beynəlxalq standartlara uyğun olaraq 7 rəqəmli nömrələnmə sisteminə keçilmişdir. İnternetdən parolsuz istifadə tətbiq olunmuşdur. 2006-cı ildə genişzolaqlı internet xudmətinin tətbiqi, o cümlədən regional inkişaf Dövlət Proqramına uyğun Sumqayıt telefon şəbəkəsinin rekonstruksiya olunaraq 100 faiz elektronlaşdırılması vaxtından əvvəl başa çatdırılmışdır.
Ötən il Sumqayıt Telekommunikasiya Qovşağı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və "Aztelekom" İstehsalat Birliyi tərəfindən müəyyən olunmuş maliyyə, iqtisadi və texniki göstəricilər üzrə normativləri tam yerinə yetirmişdir. Hesabat dövründə əsas telefon abunəçilərinin sayı 1567 nəfər artmışdır ki, bu da əvvəlki ilə nisbətən 15 faiz çoxdur.
Şəbəkə üzrə ümumi montaj tutumu 62310 ədədə, istifadəçilərin sayı 57388 abunəçiyə çatdırılmışdır. Montaj olunan şəbəkənin 63 faizini yeni nəsl NGN şəbəkəsi təşkil edir, qalan 37 faizi isə S-12 tipli stansiyalara məxsusdur. Kimyaçılar qəsəbəsi istiqamətində yeni tikilmiş EATS-in xidmət ərazisində, eyni zamanda, "Qurd dərəsi" bağlar massivində istismar olunan EATS-də nömrə tutumu artırılmaqla, kabelləşməmiş 4-5 kilometr məsafəni əhatə edən əraziyə müxtəlif tutumlu magistral və paylayıcı kabellər qoyularaq 200 sakinin evinə telefon çəkilmişdir. Xəzər bağları yaşayış massivində magistral və paylayıcı şəbəkə tikilmiş və geniş bir ərazidə daha 200 nəfərə telefon çəkilişi təmin edilmişdir. Eyni zamanda, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin 19 avqust 2011-ci il tarixli 7 saylı kollegiya qərarına əsasən, telefonlaşmayan sahələrin tezliklə kabelləşdirilməsi və əhalinin telefona olan tələbatının təmin edilməsi məqsədilə yeni yaşayış qəsəbəsi olan 49-cu məhəllə, 21-ci mikrorayon, Beton zavodu istiqamətlərində telefonlaşma işlərinin həyata keçirilməsi üçün müvafiq layihələr həyata keçirilmişdir.
Sumqayıt stansiyası, 76-cı məhəllə, Boruyayma zavodunun bağları, Xəzri qəsəbəsi kimi böyük yaşayış sahələrində telefona olan tələbatı təmin etmək üçün layihə-smeta sənədləri hazırlanmışdır və işin başlanması üçün tədbirlər görülür. Görülən tədbirlərdən sonra Sumqayıt şəhərində hər 100 mənzilə düşən telefon aparatlarının sayı 87,8 ədədə, hər 100 nəfərə düşən telefon aparatlarının sayı 18,3 ədədə çatmışdır ki, bu da respublika üzrə qeyd olunan göstəricidən 1,8 ədəd çoxdur. Sumqayıtda genişzolaqlı internet xidməti də sürətlə artmaqdadır. Hazırda abunəçilərin sayı 13473-ə, o cümlədən "Aztelekom.net" internet provayderi üzrə 3249-a çatmışdır.
Daxili İşlər Nazirliyi ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında qarşılıqlı tədbirlərlə əlaqədar şəhərin mühafizəsinin təmin edilməsi üçün layihə əsasında şəhər polis idarəsindən 47 kilometrə yaxın fiber optik kabel çəkilmiş, kameraların qurulması təmin edilmiş və "Təhlükəsiz şəhər" layihəsi uğurla başa çatdırılmışdır.
Möhtərəm Prezidentimiz İlham Əliyevin Sumqayıta son səfəri zamanı şəhərimizin dünyanın əsrarəngiz şəhərləri sırasına salınması məqsədilə verdiyi göstəriş və tövsiyələr, eləcə də şəhərimizdə aparılan quruculuq və abadlıq işlərinin geniş miqyası biz rabitəçilərin də üzərinə böyük məsuliyyət qoyur. Qovşaq üzərinə düşən vəzifələrin uğurlu həlli məqsədilə bütün rabitə qurğularını texniki normaya uyğun yenidən qurmuş, müasir dizayn işlərini başa çatdırmışdır. Hazırda TKQ-nın inzibati binasının fasadında müasir memarlıq üslubuna uyğun tikinti işləri davam etdirilir.
İKT və rabitə sektorunun tərəqqisi üçün bundan sonra da əlimizdən gələni edəcək, şəhərimizin dayanaqlı və davamlı inkişafı üçün bütün qüvvələrimizi səfərbərliyə alacağıq.
Əli NƏCƏFXANLI
Xalq qəzeti.- 2012.- 28 mart.- S. 6.