Lələ düzü

 

Yurdumuzda Arazqırağı örüş, otlaq, arxac, dölçək, sərdən deyilən yerlər ta qədimdən "Lələ düzü" adlanır. Elat bu yerlərdə qoyun-quzu, ilxı naxır, dəvə sürüləri saxlayıb. Novruzdan qırx gün keçənə "qara yaz" deyiblər. Çünki mal-qaranın dölü düşənədək ruzi-yavanlığının tükənən ayıdır. Hətta il sərt gələndə əgər mal-qaraya ehtiyat ot-ələf saxlamayıbsansa, Lələ düzündə birdən "qış imtahanı" olur. Çiçəkli yaza boranlı çovğun gəlir. Küzdə mələşən oğlaq-quzular, pəyələrdəki sürülər naəlac qalar. Xalq şairi Səməd Vurğunun -

Muğan Muğan olsa, biri üç eylər,

Muğan tufan olsa, üçü heç eylər

misraları Lələ düzünə aiddir. Belə boran, covğun, alçaplovlu günlər uzansa sürülərdə tələfat olar. Odur ki, "qara yaza" mütləq ehtiyat yem saxlanmalıdır. Yoxsa "Allah aman, sarı saman, oğlaq qıran, qarının borcu" məsəli şumda toxum cücərən kimi cücərər. Qarının borcu da o deməkdir ki, iki-üç keçisi üzünük düşüb, oğlağı ilə birlikdə belə boran-çovğunda ot-ələf olmadığından tələf olar, necə deyərlər, təbiət qarının da "borcundan çıxar". Əlac sarı samana qalar, o da tapılsa...

Lələ düzünün öz tarixçəsi var. Yaddaşlarda yaşayan budur ki, Arazqırağı tərəkəmə elatının binələnən arxac komalarında bir gəlinin övladı olmurmuş. Bunu özünə dərd eləyibmiş. Axırda nənni, yüyürük asır. Bir qara daşı uşaq əvəzi bələyib nənniyə qoyub yürgələyir, gumuldana-gumuldana təsəllini bu qara daşdan tapır. Sənəyi çiyninə alıb Arazdan su gətirməyə gedir. Qayıdanda baxır ki, nənnidəki qara daş dönüb olub oğlan uşağı. Uşaq "anasını" görcək dilə gəlir:

 

Lələyəm mən, başdan mən,

Yemərəm hər aşdan mən.

atam var, anam,

Yaranmışam daşdan mən...

 

O gün-bu gün Arazqırağı elat yerlərinə "Lələ düzü" deyilir. Naxçıvan torpağında qədim "Dəvə düzü" deyilən Arazqırağı yerlərə "Lələ düzü" deyilir. "Dəvə düzü"ndə yazı gürşad yağışı gələn torpaqlarda bəzən taxıl "bulud" kimi cücərər. Vağaniyən zəmilərə xəlbir atsan, yerə düşməz. Ancaq ili quraq gələndə "Lələ düzü"ndən dölü birtəhər başa çatdırıb yaylaqlara üz tutarlar.

Lələnin niskili hələ ürəklərdə yaşayır. Lələ adına hörmət qoyurlar. Ziyadxan oğlu Kərimin lələsi, yəni pasibanı, könül sirdaşı olub. Hazırda Şirvanda, Cəncəbasar tərəflərdə istək mənasında bir-birinə "Lələ" deyənlər olur. Körpə uşağı anası döyəndə uşaq "Ay lələ, ay lələ!" çağırar. Lələ ədəbiyyatımıza da daxil olub. Şair Kürqıraqlı Arazqırağı tərəkəmə düzlərinə şeir qoşub:

 

İstəsən ki, eşq oduna yanasan,

Ya Məcnun ol, ya Kərəm ol, ya Lələ.

Kürqıraqlı, çıx bu yerin seyrinə,

Çətin düşər aran yerdə yal ələ...

 

Lələ düzünün sınağı bir el məsəli yaradıb: "Lələ hu". Bir adamın əli aşağı düşəndə, pərgarı pozulanda, var-dövlətini itirəndə, məsəldi deyirlər: - "Qalıb Lələ hu", yəni ta heç nəyi yoxdu.

Novruzdan 40 gün keçənə "qırxlı yaz" da deyərlər. Qırxlı uşaq kimi olar. Gündə neçə dəfə tutulub-açılar, küsülü ər-arvad kimi neçə dəfə barışar. Çərək istər yar-yavanlıqda, istərsə mal-heyvanın ehtiyat ot ələfində Lələ düzünün "Lələ hu" məsəli yaddan çıxmaya. Elə ki qara yaz bitdi, dağ yamaclarında da cüt-kotan işləri çıxdı, ta onda dayanmağın vaxtı deyil. Atalar deyəni: "Yayda başı qaynayanın, qışda aşı qaynayar". səpdinsə, daraq dişi kimi cücərib gələr.

 

 

Qaşdar ƏLİYEV,

fenoloq,

Azərbaycan Jurnalistlər

Birliyinin üzvü, Naxçıvan MR,

Şahbuz rayonu

 

Xalq qəzeti.- 2012.- 28 mart.- S. 6.