Kitabxana işi sahəsində Dövlət Proqramı uğurla həyata keçirilir

 

Mədəniyyət hər bir xalqın mənəvi dünyasının, milli mövcudluğunun əsas atributlarından biridir. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra hər sahədə olduğu kimi mədəniyyət sahəsinə də diqqət artırılmışdır.

 

İnformasiya cəmiyyəti və biliklər cəmiyyətinin qurulmasında kitabxanaların üzərinə böyük vəzifələr düşür. Kitabxanalar əhalinin bütün təbəqələrinə informasiya xidməti göstərən yeganə sosial institutdur. Məhz kitabxanalar vasitəsilə cəmiyyətin intellektual potensialının formalaşması və inkişafı kimi funksiyalar yerinə yetirilir. Ümumiyyətlə, kitabxana-informasiya şəbəkəsinin inkişafı əhalinin mədəni səviyyəsinin yüksəlməsinə, onların fasiləsiz təhsilə və informasiyaya olan tələbatının ödənilməsinə imkan yaradır.

Ölkə başçısı cənab İlham Əliyevin kitab və kitabxana işinə dair 2004-cü ildə imzaladığı "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" və "2005-2006-cı illərdə Azərbaycan dilində latın qrafikası ilə çapı nəzərdə tutulan əsərlərin siyahısının təsdiq edilməsi haqqında" sərəncamlar böyük strateji əhəmiyyət kəsb edir. Cənab Prezident "2007-2008-ci illərdə Azərbaycanda kitabxana fəaliyyətinin yaxşılaşdırılması haqqında" və "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında" da sərəncamlar imzalamışdır.

Dövlət Proqramının imzalanması ilə Azərbaycan kitabxana işinin tarixində ilk dəfədir ki, bu sistemi, onun əhəmiyyətini, cəmiyyətdə tutduğu mövqeyi, müasir informasiya cəmiyyəti şəraitində onların vəzifələrini, gələcək inkişaf istiqamətlərini və perspektivlərini müəyyənləşdirən əhəmiyyətli bir sənəd qəbul edilmişdir. Bu sənəd kitabxana işinin yaxın gələcək üçün inkişaf proqramıdır.

İnformasiyanın əldə olunmasında və müvafiq istiqamətə yönəldilməsində kitabxanaların rolu kifayət qədər böyükdür. Məhz bu baxımdan əminliklə söyləyə bilərik ki, öz xidmət növlərini, oxucularla iş vərdişlərini, yeni texnologiyaların iş proseslərinə tətbiqini inkişaf etdirən kitabxanalar qloballaşan dünyanın, ümumilikdə informasiya cəmiyyətinin ayrılmaz tərkib hissəsidir.

Kitabxana işinin avtomatlaşdırılması və kitabxana fondlarının tədricən müasir informasiya daşıyıcılarına köçürülməsi, elektron mübadilə sistemlərindən, internetdən istifadə oxucuların son informasiya ilə məlumatlandırılmasına xidmət edir. Avtomatlaşdırma olmayan kitabxana müasir kitabxana sayıla bilməz. Hazırda kitabxanalarda CD fondları yaradılmaqdadır. Bu gün informasiyanın saxlanması, işlənməsi və ötürülməsi sahəsində yeni texnologiyalar tətbiq edilmədən kitabxana sahəsinin inkişafı mümkün deyildir. Buna görə də kitabxana proseslərinin avtomatlaşdırılması kitabxanaların inkişafının üstün istiqamətlərindən birinə çevrilməkdədir.

Kitabxanaların ənənəvi kataloq sistemlərinin elektron kataloqlarla əvəzlənməsi, kitab verilişinin, oxucu qeydiyyatının, beynəlxalq informasiya mübadiləsinin yüksək texnologiyaların köməyi ilə həyata keçirilməsi istiqamətində mühüm işlər görülməkdədir. Bütün bunlar kitabxana-oxucu münasibətlərinin daha operativ şəkildə qurulmasına xidmət edir.

Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi kitabxana işində mühüm nəticələr əldə edilməsi üçün imkan yaradıb. 2011-ci ildə Bakı şəhərində mövcud kitabxanaların bazasında 11 rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin və onların saytlarının yaradılması əhəmiyyətli tədbirlərdən biridir. MKS-lərin yaradılması kitabxana işinin inkişafında irəliyə doğru atılan yeni bir addımdır. Belə ki, çoxlu sayda kitabxanaların ayrı-ayrılıqda müstəqil fəaliyyət göstərməsi onların işində bir sıra çətinliklərin yaranmasına yol açdığı kimi, kitabxana işinin ümumi səviyyəsinə də mənfi təsir göstərirdi. Hazırda bu sahədə aparılan geniş islahatlar və yenidənqurma işləri kitabxanaların maddi-texniki bazasının möhkəmləndirilməsi, onların işinin keyfiyyət baxımından yaxşılaşdırılması, kadr potensialının düzgün yerləşdirilməsi və digər vacib məsələlərin həllinə öz müsbət təsirini göstərməkdədir.

Qeyd etmək lazımdır ki, Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planının 2.2.42-ci bəndində qeyd olunan Azərbaycan Respublikasının kitab abidələrinin müəyyən edilməsi, informasiya daşıyıcılarına köçürülməsi və "Azərbaycanın kitab abidələri" adlı məlumat bazasının yaradılması kimi mühüm bir respublika miqyasında həyata keçirilib. Bu məlumat bazasına Bakı şəhəri kütləvi kitabxanalarının fondunda olan seçmə əsərlər daxil edilib. Bu bazanın beynəlxalq biblioqrafik standartlara əsasən tərtib edilməsi vahid şəbəkədə axtarışın aparılmasını təmin edir. Hal-hazırda bu abidələr kitabxanaların fondlarında etibarlı şəkildə mühafizə olunmaqdadır.

Proqrama uyğun olaraq kitabxana xidmətinin əhatə dairəsinin genişləndirilməsi, onun forma və məzmunca yeniləşdirilməsi məqsədi ilə Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin Mərkəzi Uşaq Kitabxanalarında uşaqların informasiya tələbatı probleminin həllini nəzərdə tutan monitorinqlər keçirilib. Bu işin həyata keçirilməsində informasiya resurslarından faydalanmaq, uşaqlara yeni bilik və vərdişlərin aşılanması, lazımi tövsiyələrin verilməsi kimi vasitələrdən geniş istifadə olunub.

Hələ 2009-cu ildə Dövlət Proqramına uyğun olaraq Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə M.Seyidzadə adına Mərkəzi Şəhər Uşaq Kitabxanasında Uşaq İnformasiya Mərkəzi-Kitab mağazası fəaliyyətə başlayıb. Azərbaycanda ilk layihə olan kitab mağazasında Azərbaycan dilində nəşrlərlə yanaşı, rus, ingilis, almanbaşqa dillərdə kitablar vardır. Satışda olan kitablar haqqında məlumat mağazanın internet səhifəsində yerləşdirilir və daim yenilənir.

Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinə daxil olan kitabxanalar kompyuter, skaner, printer, surətçıxarma avadanlıqları və internetlə təmin edilib.

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin nəzdində yaradılan İnformasiya Turizm Mərkəzinin fəaliyyəti Dövlət Proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə bilavasitə bağlıdır. Mərkəzin fəaliyyəti avtomatlaşdırma və informasiya-kommunikasiya texnologiyalarının kitabxana işinə tətbiqi və idarə edilməsi, ədəbiyyatın elektron versiyasının yaradılması, elektron kataloqun təşkili proseslərinin idarə edilməsi və bu proseslərə nəzarət, MKS-lərin veb-saytlarında informasiyaların tənzimlənməsi, veb-saytlarda turizmlə bağlı məlumatların yerləşdirilməsi kimi vəzifələri özündə birləşdirir. Əhalinin kitabakitabxanalara marağının artırılmasında respublika və ümumşəhər əhəmiyyətli mədəni-kütləvi tədbirlərin mühüm rolu vardır. Hər il ənənəvi olaraq keçirilən kitab bayramları, kitab sərgiləri, müsabiqələr, sənət adamlarının yubileyləri, kitab təqdimatları məhz bu məqsədə xidmət edir. Bakı səhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə keçirilən "Kitabla dünyanı fəth et!" adlı kitab bayramlarını, uşaqlar arasında "Kitabla dost ol, ən fəal oxucu ol!" başlığı altında təşkil edilən müsabiqələri və s. tədbirləri qeyd etmək olar. 2011-ci ildə müstəqilliyimizin bərpasının 20-ci ildönümü münasibəti ilə Bakı şəhərinin 11 rayonunda " 20 il müstəqillik yollarında" adlı kitab sərgilərinin təşkil edilməsi əhali tərəfindən maraqla qarşılandı və əsil bayram töhfəsi oldu.

Ötən ilin Azərbaycanda "Turizm ili" elan olunması ilə bağlı kitabxanalarda Azərbaycanın turizm potensialını, respublikanın təbiətini, tarixinimilli adət-ənənələrini əks etdirən ədəbiyyatın təbliği və öyrənilməsi istiqamətində müxtəlif tədbirlər keçirilib: sərgilər, söhbətlər, oxucu konfransları, "dəyirmi masalar", Azərbaycanın qoruqlarına, milli parklarına, tarixi yerlərinə ekskursiyalars.

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşəbbüsü ilə ötən il mədəniyyət müəssisələri nəzdində "Gənc turist" klublarının yaradılmasını irəliyə atılan yeni bir addım kimi dəyərləndirmək olar. "Gənc turist" klublarının ölkəmizin turizm potensialının inkişafı və tanıdılmasında gələcəkdə mühüm rol oynayacağı şübhəsizdir.

"Turizm ili" çərçivəsində Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşəbbüsü ilə yeni yaranmış MKS-lərin strukturunun təkmilləşdirilməsi və inkişaf etdirilməsi, mədəniyyət evlərinə metodiki kömək məqsədi ilə Quba şəhərinin Qəçrəş istirahət guşəsində treninq keçirildi. MKS-lərin, həmçinin, mədəniyyət evlərinin fəaliyyətinin yaxşılaşdırılmasına yönəldilən bu treninqdə kitabxana və mədəniyyət evlərinin əməkdaşları üçün mühazirələr, seminarlar təşkil edilmiş, təcrübə mübadiləsi aparılmışdır.

Bakı şəhər kitabxanalarının fəaliyyətinin əlaqələndirilməsində, onların işinin tənzimlənməsində, nəhayət oxuculara xidmətin yüksək səviyyədə həyata keçirilməsində Bakı şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin Direktorlar Şurasının rolunu xüsusi qeyd etmək lazımdır.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin təşəbbüsü ilə yaradılmış Direktorlar Şurası ictimai əsaslarla fəaliyyət göstərən təşkilati qurum olub, öz fəaliyyətini "Mədəniyyət haqqında" və "Kitabxana işi haqqında" Azərbaycan Respublikası qanunlarına müvafiq olaraq qurur. Şuranın yaradılmasında məqsəd kitabxana işi sahəsində dövlət tərəfindən qarşıya qoyulmuş vəzifələrin həyata keçirilməsində Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinə və şəhər kitabxana işçilərinə əməli kömək göstərilməsindən ibarətdir.

Kitabxana işi sahəsində görülən bütün bu işlər yalnız bir məqsədə-ölkəmizdə kitabxana işinin müasir tələblər səviyyəsinə qaldırılmasına xidmət edir.Kitabxana işçilərinin vəzifəsi isə dünya ədəbiyyatı nümunələrinin etibarlı şəkildə toplamaq, gələcək nəsillərə çatdırmaqla müstəqil və yaradıcı düşünən vətəndaşların formalaşmasına fəal yardım etməkdən ibarətdir.

 

 

Nüşabə ƏLƏKBƏROVA,

Səbail Rayon Mərkəzləşdirilmiş

Kitabxana Sisteminin direktoru

 

Xalq qəzeti.- 2012.- 28 mart.- S. 5.