1918-ci ildə ermənilərin Azərbaycanda törətdiyi qırğınlar soyqırımı aksiyasıdır

 

1918-ci ilin mart qırğınları xalqımıza qarşı zaman-zaman həyata keçirilən soyqırım siyasətinin ən dəhşətli səhifələrindən olmuşdur. Erməni daşnakları üç gün ərzində Bakıda 30 min azərbaycanlının həyatına son qoymuş, qocaları, qadınları və uşaqları amansızcasına qətlə yetirmiş, qədim tarixi abidələri məhv etmişlər. Bakı ilə yanaşı, Naxçıvanda, Zəngəzurda, Qubada, Xaçmazda, Şamaxıda, Vedibasarda, Lənkəranda və digər bölgələrdə də qanlı faciələr törədilmişdir.

 

Dənizdən-dənizə böyük dövlət yaratmaq xülyası ilə yaşayan daşnaklar həmin dövrdə bolşeviklərin hakimiyyətə yiyələnməsindən istifadə edərək səraitdən maksimum yararlanır, azərbaycanlılara divan tuturdular. Üzdə özünü bolşevik kimi qələmə verən, əslində isə qatı daşnak olan Şaumyanın fitvası ilə ermənilər Bakıda və ətraf bölgələrdə əsl soyqrımı siyasəti həyata keçirirdilər. S.Şaumyan Bakıda və ətraf qəzalarda törətdikləri qırğınlarla əiaqədar 1918-ci il aprelin 13-də Rusiya Xalq Komissarları Sovetinə məktubunda yazırdı: "Bizim süvari dəstəyə edilən silahli hücumdan bəhanə kimi istifadə etdik və bütün cəbhə boyu hücuma keçdik. Biz artıq 8 min nəfərlik silahlı qüvvəyə malik idik. Daşnakların da 3-4 min nəfərlik silahlı milli hissələri var idi ki, o da bizim sərəncamımızda idi. Məhz onların iştirakı vətəndaş müharibəsinə milli qırğın xarakteri verdi. Lakin onun qarşısını almaq mümkün olmadı. Biz bu işə şüurlu surətdə getdik. Əgər azərbaycanlılar üstün gəlsəydilər, onda Bakı Azərbaycanın paytaxtı elan edilə bilərdi". Elə təkcə bu məktub ermənilərin iç üzünü, xislətini açıb göstərmək üçün kifayət edir.

Martın 30-da səhər tezdən erməni-bolşevik birləşmələri Bakı şəhərini gəmilərdən yaylım atəşinə tutdular. Bunun ardınca silahlı daşnaklar azərbaycanlı əhalinin evlərinə soxularaq amansız qətllər törətdilər. Martın 31-i və aprelin 1-də qırğınlar xüsusilə kütləvi şəkil aldı və gün ərzində Bakıda 17 min insan qətlə yetirildi. Şaumyanın erməni-bolşevik dəstələri şəhər əhalisinin 400 milyon manatlıq əmlakını ələ keçirmiş, müsəlmanların bir çox ziyarətgahlarını dağıtmışlar. Daşnak-bolşevik qüvvələri Təzəpir məscidini top atəşinə tutmuş, Bakının ən möhtəşəm memarlıq incilərindən sayılan "İsmayiliyə" binasına od vurmuşdular.

Qırğınlar zamanı Şamaxı qəzasının 53 müsəlman kəndində ermənilər tərəfindən 8 min nəfərdən çox azərbaycanlı qətlə yetirilmişdir. Quba qəzasında 162 kənd darmadağın edilmiş, 16 mindən çox insanın həyatına son qoyulmuşdur. 1918-1920-ci illərdə Azərbaycanda ən ağır faciələrlə üzləşən, ən dəhşətli qətliamlara məruz qalan bölgələrimizdən biri də qədim Azərbaycan torpağı olan Zəngəzur mahalı və əhalisi olmuşdur. Azərbaycan Respublikası Dövlət Arxivinin məlumatlarında, rəsmi sənədlərdə, şahidlərin ifadələrində deyilir ki, erməni terror birləşmələri Zəngəzur qəzasında 115 Azərbaycan kəndini başdan-başa yandırıb külə döndərmişlər. Nəticədə təkcə Zəngəzur qəzasında 10068 nəfər günahsız soydaşımız öldürülmüş, əyalətdəki bütün milli mədəniyyət abidələri yerlə-yeksan edilmişdir.

Arsen Əmiryan adlı bir erməni jurnalisti "Bakinski raboçi" qəzetinin 1918-ci il 28 may nömrəsində dərc olunmuş məqaləsində öz qan qardaşlarının cinayətləri haqqında yazırdı: "Daşnaklar İrəvan quberniyasında 200 müsəlman kəndini dağıdıb yerlə-yeksan etmişlər. Camaat evsiz-eşiksiz və çörəksiz qalıb. Hazırda Zəngəzur bölgəsində qırğınlar və qətl-qarətlər davam edir. Daşnaklar müsəlman kəndlilərini bax beləcə qırırlar".

Bunu ermənilər özləri etiraf edirlər. Azərbaycanın bir çox yerlərində 1918-ci ilin martında törədilmiş görünməmiş soyqırımı aktlarının qanlı izləri - kütləvi insan məzarlıqları mövcuddur. Qubadakı kütləvi məzarlıq buna əyani sübutdur. 1918-1920-ci illərdə Azərbaycanın yüzlərlə şəhər və kəndi, o cümlədən Qarabağın dağlıq və dağətəyi hissəsində azərbaycanlıların yaşadığı 150-yə yaxın kənd xarabalığa çevrilmiş, 50 mindən çox soydaşımız qətlə yetirilmişdir. 1919-cu il iyulun 12-də həm Azərbaycanın xarici işlər naziri, həm də Gürcüstandakı nümayəndəsi ermənilərin törətdiyi bütün bu cinayətkar aksiyalarla əlaqədar Qafqazdakı Britaniya ordusunun komandanına etiraz notası göndərmişdilər. Sənəddə Ermənistan hökumətinin azərbaycanlılara qarşı kütləvi qırğın siyasəti haqqında kəskin narazılıq ifadə edilir və Britaniya ordusuna qırğınların təcili surətdə dayandırılması üçün Ermənistana təzyiq göstərməsi vurğulanırdı. Ancaq təəssüflər olsun ki, ingilislər sözdə ermənilərin ərazi iddialarına qarşı etirazlarını bildirsələr də, əslində, heç bir əməli tədbir görmədilər.

Neçə-neçə nəsillərimiz həm tarixi ədalət, həm də tarixi həqiqətləri bərpa etmək uğrunda mübarizə aparıblar. Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cumhuriyyəti bu yöndə mühüm addımlar atsa da, istintaq komissiyası yaratsa da, 1920-ci ildə Vətənimiz sovet ordusu tərəfindən işğal olunduğundan bu işi başa çatdıra bilmədi.

Ermənilərin xalqımıza qarşı yürütdüyü terror, etnik təmizləmə və soyqrımı siyasətinin arxasında, qeyd etdiyimiz kimi, həmişə çox məkrli, insanlıq anlayışı ilə bir yerə sığmayan iyrənc planlar durmuşdu. 1890-cı ildə Tiflisdə ermənilər özlərinin indiyə qədər fəaliyyət göstərən "Daşnaksütyun" partiyasını yaratmışlar. Azərbaycan, Gürcüstan və Türkiyə ərazisində öz qondarma dövlətini yaratmaq məqsədini qarşya qoyan terror təşkilatına "Qnçaq" və "Erməni vətənpərvərlər ittifaqı" kimi digər siyasi terror təşkilatları da yaxından dəstək vermişdilər. Adı çəkilən təşkilatlar zaman-zaman azərbaycanlılara qarşı soyqırımı aktları həyata keçirmişlər.

Siyasi terror təşkilatı olan "Daşnaksütyun" partiyasının üzvləri azərbaycanlılara qarşı xüsusi qəddarlıqları ilə seçilmişlər. Partiyanın ideoloqları 1905-1907, 1918-1920-ci illərdə Cənubi Qafqazda etnik təmizləmə və soyqırımı siyasəti yürütmüşlər. Erməni daşnakları tərəfindən kütləvi surətdə qətllərə məruz qalan və ata-baba yurdlarından qovulmuş azərbaycanlılar bu illərdə çox böyük məhrumiyyətlərə düçar olmuşlar.

Tarixi həqiqətlər təsdiqləyir ki, erməni-quldur dəstələri 1905-1907-ci illərdə Bakıda, Tiflisdə, İrəvanda, Gəncədə, Qarabağda, Zəngəzurda azərbaycanlılara qarşı kütləvi şəkildə soyqırımı aktı həyata keçirmişlər. Həmin dövrdə təkcə Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur qəzalarında 75 Azərbaycan kəndi yerlə-yeksan edilmiş, İrəvan və Gəncə quberniyalarında isə 200-dən artıq yaşayış məntəqəsi dağıdılmışdır. Bu bədnam siyasət sonrakı dövrlərdə də ardıcıl olaraq həyata keçirilmişdir.

1918-ci il mart qırğınları, ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı aktları və deportasiya ilə bağlı məsələyə ilk siyasi-hüquqi qiymət ümummilli lider Heydər Əliyev tərəfindən verildi. Ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" fərman bu baxımdan mühüm əhəmiyyətli sənəddir. Azərbaycanın indiki və gələcək nəsillərinin milli yaddaşının qorunması baxımından proqram xarakterli həmin sənədin böyük əhəmiyyəti var. Bu tarixi sənəddə hər il martın 31-nin Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilməsi əksini tapmışdır. Ulu öndər Azərbaycan tarixində ilk dəfə olaraq dəqiq faktlar əsasında erməni məkrini bütün dünya qarşısında ifşa hədəfinə çevirdi.

Fərmanda ermənilərin azərbaycanlılara qarşı təcavüzünün tarixi köklərinə toxunulmuş və onların mərhələlərlə törətdikləri soyqırımı və terror siyasətinin mahiyyəti əksini tapmışdır. Fərmanda deyilir: "Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşında əbədi əks olunmuşdur. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir. Ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmış, milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, Bakının böyük hissəsini xarabazarlığa çevirmişlər. Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində də xüsusi qəddarlıqla həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi şəkildə qətlə yetirilmiş, kəndlər dağıdılmış, milli mədəni abidələr məhv edilmişdir".

Azərbaycanlıların öz dədə-baba torpaqlarından qovulmasının növbəti mərhələsi 1948-1953-cü illəri əhatə edir. Həmin vaxt Ermənistanda 400 minə yaxın azərbaycanlı yaşayırdı. Ermənistan ərazisində yaşayan azərbaycanlıların deportasiyası və etnik təmizləmə siyasəti nəticəsində 1948-1953-cü illərdə yüz minlərlə azərbaycanlı öz tarixi torpaqlarından köçürüldü. Ulu öndərimiz Heydər Əliyevin 1997-ci il dekabrın 18-də imzaladığı "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan ərazisindəki tarixi-etnik torpaqlarından deportasiyası haqqında" Fərmanda deyilir: "SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli 4083 nömrəli və 1948-ci il 10 mart tarixli 754 nömrəli qərarları Azərbaycan xalqına qarşı növbəti tarixi cinayət aktı olmuşdur. Bu qərarlar əsasında 1948-1953-cü illərdə yüz əlli mindən çox azərbaycanlı Ermənistan SSR ərazisindəki dədə-baba yurdlarından kütləvi surətdə və zorakılıqla sürgün olunmuşdur. Adi hüquq normalarına zidd olan bu qərarların icrası zamanı avtoritar-totalitar rejimin mövcud repressiya qaydaları geniş tətbiq edilmiş, minlərlə insan, o cümlədən qocalar və körpələr ağır köçürülmə şəraitinə, kəskin iqlim dəyişikliyinə, fiziki sarsıntılara və mənəvi genosidə dözməyərək həlak olmuşlar". Beynəlxalq hüquqa görə, soyqırım ən ağır beynəlxalq cinayət olmaqla, təcavüz, insanlıq əleyhinə, müharibə və beynəlxalq terrorizm kimi sülh və bəşəriyyətin təhlükəsizliyi əleyhinə yönələn cinayətlər qrupuna aid edilir. Soyqırım cinayətinin hüquqi əsası BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli qətnaməsi ilə qəbul edilmiş "Soyqrım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiya ilə müəyyən olunmuşdur. Konvensiyaya görə, soyqrım hər hansı milli, etnik, irqi, yaxud dini qrupu tam və ya qismən məhv etmək məqsədilə törədilən hərəkətlərdir. Soyqırım və insanlıq əleyhinə cinayətin tərkibini təşkil edən və bu sənəddə göstərilən əməllərdən hər biri ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmişdir. Bunlardan yalnız biri belə hadisənın soyqırımı kimi qiymətləndirilməsi üçün kifayət edir. Bu kriteriyalar baxımından, 1918-ci ilin mart qırğınları, eləcə də Xocalı faciəsi məhz soyqırımı cinayəti kimi qiymətləndirilməlidir.

XX əsrin faciəsi olan Xocalı soyqırımı bu aqressiv və cinayətkar erməni siyasətinin növbəti mərhələsi idi. Ermənilərin Xocalı şəhərini hədəfə almaqda məqsədi bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər tərəfdən Xocalını yer üzündən birdəfəlik silmək idi. Çünki Xocalı elə bir yaşayış məskəni idi ki, o, Azərbaycan tarixinin qədim dövrlərindən müasir zamana qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi. Erməni işğalından sonra bütün bu maddi mədəniyyət abidələrinin məhv edilməsi erməni vandalizminin bariz nümunəsi olmaqla yanaşı, dünya mədəniyyətinə qarşı zorakılıq aktıdır. Xocalı soyqırımı zamanı 613 nəfər öldürüldü. Bu soyqrım nəticə etibarı ilə Dağlıq Qarabağın və ətraf 7 rayonun işğlına gətirib çıxardı.

Azərbaycanlılara qarşı soyqırımı siyasəti erməni millətçiləri tərəfindən uzun illər boyu planlı və məqsədyönlü surətdə həyata keçirilib. Halbuki beynəlxalq hüquq normalarına, BMT-nin və Avropa İttifaqının prinsiplərinə görə, dövlətlərin sərhədlərinin toxunulmazlığına hörmət edilməlidir, ərazi bütövlüyünün və suverenliyin pozulması yolverilməzdir. BMT Təhlükəsizlik Şurası Azərbaycanın işğal edilmiş torpaqlarının qeyd-şərtsiz azad edilməsi barədə dörd qətnamə qəbul etsə də, işğalçı Ermənistan bunları hələ də yerinə yetirmir.

Ölkəmiz son illər çox sürətlə, hərtərəfli inkişaf edir. Regionun lider dövlətinə çevrilən Azərbaycanın qarşısında duran yeganə problem Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsidir. Bu məsələdə ölkəmizin mövqeyi həmişə konstruktiv olub . Bunun əksinə olaraq, Ermənistan öz təcavüzkar siyasətini yeritməkdə, Azərbaycan torpaqlarını hələ də işğal altında saxlamaqdadır. Bütün dünyaya məlumdur ki, sülh danışıqları məhz Ermənistanın qeyri-konstruktiv mövqeyi üzündən heç bir nəticə vermir. Təcavüzkar Ermənistan BMT-nin məlum qətnamələrini, beynəlxalq təşkilatların təkliflərini də qulaq ardına vurur və bununla da bütün dünyaya meydan oxuyur. Artıq BMT də, Avropa Şurası da Ermənistanı rəsmi şəkildə təcavüzkar dövlət kimi tanıyıb. Bununla belə, beynəlxalq təşkilatların reallığı, ədaləti, beynəlxalq hüquq norma və prinsiplərini əks etdirən qərarları, qətnamələri icra olunmur.

Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, biz bu vəziyyətlə, torpaqlarımızın itirilməsi ilə heç vaxt barışa bilmərik: "Dağlıq Qarabağın Azərbaycandan ayrılmasına heç vaxt icazə vermərik və bu, danışıqlar mövzusu deyildir... Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır və eyni zamanda, tarixi, hüquqi, siyasi baxımdan, bütün başqa tərəflərdən də bu belədir. Ona görə danışıqlar predmeti yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyünün bərpası olmalıdır. Bölgədə yaşayan bütün xalqların təhlükəsizliyinin təmin edilməsi olmalıdır. Bundan kənarda heç bir razılaşma mümkün deyildir".

Erməni liderlərinin tarixi saxtalaşdırmaq, beynəlxalq ictimaiyyəti yeni uydurma və yalanlarla çaşdırmaq cəhdlərinin elmi dəlillərlə ifşa edilməsində Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin çox böyük xidmətləri var. Akademik Ramiz Mehdiyev "Gorus-2010: Absurd Teatrı mövsümü" kitabında Ermənistan dövlətinin əzəli Azərbaycan torpaqlarında yaradıldığını tarixi faktlarla diqqətə çatdırıb, erməni ideoloqlarının "yeni tədqiqatlarına" elmi dəlillərlə tutarlı cavab verərək həmin "arqumentlərin" əsassızlığını sübuta yetirib.

Bu qiymətli əsərdə sübut olunur ki, hazırda Ermənistan Respublikasının yerləşdiyi ərazi bütün tarixi dövrlərdə Azərbaycan dövlətlərinə məxsus olub, bu torpaqların ən qədim yerli əhalisi, aborigen sahibləri də azərbaycanlılardır: "Ermənistanda hətta ən yeni, lap yaxın keçmişdəki, bu gün yaşayan nəslin şahidi olduğu tarixi faktları danmaqdan, xronologiyanı təhrif etməkdən, səbəb və nəticənin yerlərini dəyişməkdən utanmırlar... Ermənistanda ümid edirlər ki, tarixi primitiv şəkildə saxtalaşdırıb beynəlxalq təşkilatlara Dağlıq Qarabağın, guya, erməni torpağı olduğunu "sübut" etməklə onu özlərinə birləşdirməyə nail olacaqlar. S.Sarkisyan və tarixi saxtalaşdırmaq üzrə laboratoriyadan olan erməni "intellektualları" çoxdan bilməli idilər ki, tarixi proses irəliyə doğru hərəkət edir, geriyə yox".

Azərbaycanda son illər qaçqın və məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması istiqamətində çox böyük işlər görülüb. Çadır şəhərcikləri ləğv edilərək əvəzində ən müasir qəsəbələr salınıb. Baş nazirin müavini, Qaçqınların və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bununla əlaqədar deyib: "Ümumiyyətlə münaqişə dövründə - son 20 ildə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə 3,7 milyard manat və ya 4,6 milyard ABŞ dolları məbləğində vəsait sərf olunmuşdur. Bunun 2,7 milyard ABŞ dolları dövlət büdcəsinin, 1 milyardı Dövlət Neft Fondunun və 900 milyonu isə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq humanitar təşkilatlarının vəsaitidir. O cümlədən, 2011-ci iidə 500 milyon ABŞ dolları məbləğində vəsait xərclənmişdir. Həmin vəsaitin 295 milyonu büdcə, 175 milyonu Dövlət Neft Fondunun və 30 milyonu isə beynəlxalq humanitar təşkilatlarının vəsaitidir. Bu vəsaitin 60 faizi son 8 ildə istifadə olunmuşdur".

İndiyədək 70 müasir, bütün sosial-texniki infrastruktura malik qəsəbələr salınmış, 22 min ailənin, 120 min nəfərədək qaçqın və məcburi köçkünün mənzil -məişət şəraiti yaxşılaşdırılmışdır. Bu sahə üzrə bir Dövlət Proqramı və ona iki əlavə qəbul edilmiş, ümumilikdə 45 fərman və sərəncam imzalanmış, Nazirlər Kabineti 141 qərar və sərəncam, Milli Məclis isə 9 qanun qəbul etmişdir.

1918-ci ilin mart soyqırımından 94 il keçir, lakin ermənilərin törətdikləri bu dəhşətləri unutmaq qeyri-mümkündür. Beynəlxalq terrorizmə qarşı mübarizəni qarşısına məqsəd qoyan dünya ictimaiyyəti, nəhayət, Azərbaycan xalqının başına gətirilən bu zorakılıqlara obyektiv siyasi-hüquqi qiymət verməli, cinayətkarlar öz layiqli cəzasını almalıdırlar. Bu istiqamətdə dövlət səviyyəsində çox böyük işlər həyata keçirilir, Azərbaycan diasporu güclənir.

Möhtərəm Prezidentimiz İlham Əliyev 31 Mart Azərbaycanlıların Soyqırımı Günü münasibətilə xalqımıza müraciətində demişdir: "Xalqımızın vətənpərvərliyi, birliyi və həmrəyliyi, Azərbaycan rəhbərliyinin siyasi iradəsi sayəsində qarşımıza qoyduğumuz bütün məqsədlərə, o cümlədən ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasına, soyqırımı həyata keçirənlərin, insanlar və xalqlar arasında nifaq və düşmənçilik salanların ifşasına nail olacağıq".

 

 

Məhərrəm MƏMMƏDOV,

politoloq-ekspert

 

Xalq qəzeti.- 2012.- 28 mart.- S. 5.