Bərdə: bir sorğunun nəticələri,
yaxud həqiqət anı
Bərdə
rayonunun iqtisadi, sosial və mədəni inkişafından,
aparılan genişmiqyaslı tikinti-abadlıq və quruculuq
işlərindən, mövcud ictimai-siyasi, mənəvi-psixoloji
mühitdən, insan amilindən, rayon icra hakimiyyətinin
iş üslub və metodlarından, təşkilat-idarəetmə
məsələlərindən bəhs edən bu yazı
üzərində işləyərkən kiçik bir
jurnalist araşdırması apardıq. Müxtəlif idarə,
müəssisə və təşkilatlarda, ziyalılar,
ağsaqqallar, gənclər arasında rəy sorğusu
keçirdik. Sual belə idi: "Sizcə, son 20 il ərzində
Bərdənin ən sürətli inkişaf ili
hansıdır?"
Sözün düzü,
düşünürdüm ki, cavablar müxtəlif olacaq,
onları qruplaşadırmaq, sistemə salmaq vaxt aparacaq. Ancaq
belə olmadı, cavabların, demək olar ki, hamısı
eyni idi: "Son 20 ilin ən sürətli inkişaf ili 2011-ci
il olmuşdur".
Tikdim ki, izim qala...
Əlbəttə, sorğunun nəticələri
fərəhli idi və bu, rayon sakinlərinin əhval-ruhiyyəsini,
arzu və düşüncələrini,
görülmüş və görüləcək işlərə
real münasibətlərini dəqiq ifadə edirdi.
Məlumdur ki, inam və etimad birdən-birə
yaranmır. Bu, daha çox konkret nəticələrlə,
real işlərlə ölçülür. Ona görə də
biz yazını bu mənəvi-psixoloji məqam üzərində,
başqa sözlə desək, həqiqət anı üzərində
qurmağa, bu inam və etimada, qarşılıqlı hörmət
və məhəbbətə gedən yol və onun nəticələri
barədə danışmağa
çalışacağıq. Burada isə əlahəzrət
fakt və rəqəmlərsiz, onların müqayisəli təhlili
olmadan keçinmək, sadəcə, mümkün deyil. Əbəs
yerə deməyiblər ki, həqiqət yalnız müqayisədə
meydana çıxır. Ötən il, sözün həqiqi
mənasında, Bərdə rayonu üçün həyatın
bütün sahələri üzrə dönüş ili,
inkişaf, yüksəliş mərhələsi olub. Elə
bir sahə yoxdur ki, nəzərdə tutulmuş vəzifələr
müəyyən olunmuş müddətdə uğurla yerinə
yetirilməsin.
Rayon mərkəzində uzunluğu 17
kilometr olan küçələr, meydanlar yenidən
qurulmuş, mühəndis-kommunikasiya xətləri texniki
normaya gətirilmişdir. Magistral avtomobil yollarının kənarları,
küçə və meydanlar
abadlaşdırılmış, yaşıllıq
zolaqları salınmışdır. 19 kilometrdən çox
gecə işıqlandırılma şəbəkəsi
qurulmuşdur. 3 kommunal yaşayış binasının dam
örtüyü yenisi ilə əvəz edilmiş, 4 kommunal
binanın qarşısı abadlaşdırılmış, 7
yerdə istirahət guşəsi yaradılmışdır.
Ümumiyyətlə, Bərdə şəhərində 187
obyekt müasir memarlıq üslubunda tikilmiş və ya yenidən
qurulmuşdur.
İndiyədək şəhərin mərkəzi
küçələrində 102,8 min kvadratmetrdən çox
hasaralma işləri görülmüş, 75,5 min kvadratmetr
aqlay və 400 kvadratmetr qranit üzlük çəkilmişdir.
40 kilometr səki düzülmüş, 379 ədəd gecə
işıqlandırma dirəkləri
basdırılmışdır. 801 mindən çox ağac və
gül kolları əkilmişdir.
Şəhərin girəcəyində sahəsi
0,7 hektar ərazidə Bayraq meydanı inşa edilmiş, Azərbaycan
Respublikasının bayrağı ucaldılmışdır.
Mərkəzi hissədə 6,5 hektar ərazidə "Qəhrəmanlar"
parkı inşa edilmiş, "Ana abidəsi"nin ətrafı
qiymətli ağaclar və güllərlə bəzədilmişdir.
Hazırda Heydər Əliyev prospektində rayonun mərkəzi
meydanı tikilir.
Magistral avtomobil yolları boyunca da
abadlıq işləri aparılmış, Heydər Əliyevin
12 portret pannosu ucaldılmışdır. Heydər Əliyev
prospekti Yevlax şəhəri və Ağdam rayonu istiqamətində
4 kilometrdən çox, Həzi Aslanov küçəsi Tərtər
rayonu istiqamətində 1 kilometrdən çox
uzadılmışdır. Heydər Əliyev prospektindən Gərənə,
Alpout, Divanlı, Şörəlli, Qaradəmirçi kəndlərinə
ayrılan baş yolların giriş hissəsi yenidən
qurulmuş, küçələrə gecə
işıqlandırılma şəbəkəsi çəkilmişdir.
Rayon mərkəzində aparılan
bütün bu tikinti, abadlıq və quruculuq işlərinə
1,9 milyon mişar daşı, 3500 ton sement, 25 min kubmetr qum, 12,5
min ton asfalt, 66 min kubmetr torpaq işlədilmişdir.
Abadlıq və quruculuq işləri təkcə
rayon mərkəzi ilə məhdudlaşmamışdır. Məsələn,
7 kəndin giriş qapısı yenidən qurulmuşdur. 11,6
kilometr kəndlərarası, 149,4 kilometr kənddaxili yollar
qum-çınqıl verilməklə cari təmir
edilmişdir. 10 kəndə içməli su xətti çəkilmiş,
39 bulaq tikilmiş, 137 həyətə su çəkilmişdir.
Küçə və meydanlarda, yol kənarlarında 11600 ədəd
ağac əkilmişdir.
Bundan başqa, Baytarlıq və Qeydiyyat
Miqrasiya xidmətlərinin inzibati binaları, 2 orta məktəb,
Qarabağ müharibəsi əlilləri üçün 17 fərdi
yaşayış evi, 14 mənzilli kommunal bina tikilmişdir.
Elektrik Şəbəkəsinin, Statistika İdarəsinin və
Poçtamtın inzibati binaları, 1 saylı orta məktəb,
6 saylı uşaq bağçası əsaslı təmir
edilmişdir. Gündəlik, gücü 30 ton olan çörək
zavodu, 528 başlıq broyler fabriki yenidən qurulmuşdur.
Hazırda rayon mərkəzində Baytarlıq və Maliyyə
idarələrinin inzibati binaları, Vergilər İdarəsinin
terminalı, Soğanverdilər və Zümürxan kəndlərində
yeni məktəblər, rayon mərkəzində uşaq incəsənət
məktəbi tikilir.
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin sərəncamı ilə 24 min nəfərdən
çox əhali yaşayan 14 kəndi birləşdirən 22
kilometr uzunluğunda Alpout-Mustafaağalı-Qaratəpə-Nazırlı
avtomobil yolu müasir standartlar səviyyəsində çəkilmişdir.
Yol boyu bütün mühəndis-kommunikasiya xətləri
yenidən qurulmuş, abadlıq işləri
aparılmışdır. Yolun keçdiyi kəndlərin
siması gözəlləşdirilmiş, yol nişanları
və avtobus dayanacaqları qurulmuş, ərazidə
yaşıllıq zolaqları salınmışdır.
Hazırda rayonda aparılan tikinti-abadlıq və quruculuq
işlərində 185 briqada işləyir.
Ötən il 2010-cu ilə nisbətən
kredit alan sahibkarların sayı 54,3 faiz, sahibkarlara verilən
kreditlərin həcmi 2,4 dəfə, hər bir sahibkara verilən
kreditlərin məbləği isə 2,4 min manat
artmışdır.
İtirilmiş
şöhrət qaytarılır
Bərdə ənənəvi kənd təsərrüfatı
rayonudur. Ancaq təəssüf ki, son illər sahənin
inkişafında əsaslı irəliləyiş əldə
edilməmiş, bir sıra sahələrdə hətta geriləmə
olmuşdur. Ötən il isə bütün sahələrdə
olduğu kimi, kənd təsərrüfatı məhsulları
istehsalında da yüksəliş əldə edilmişdir. Əsas
diqqət sahənin maddi-texniki bazasının daha da möhkəmləndirilməsinə
yönəldilmişdir. Məsələn, Mehdili kəndində
gündəlik gücü 15 ton olan soyuducu-ətkəsmə
müəssisəsi tikilmişdir. Lək kəndində
"Aqrolizinq" yolu ilə 2 min tonluq soyuducu anbar inşa
edilir, 528 min başlıq broyler-quşçuluq fabriki yenidən
qurulur. 19535 nəfərə 1,8 milyon manat subsidiya
verilmişdir.
Rayon üzrə ötən il 12793 hektar
sahədə yazlıq bitkilər əkilmişdir ki, bu da əvvəlki
illərə nisbətən çoxdur. Ötən il 5100 ton
pambıq, 13800 ton şəkər çuğunduru, 2350 ton
kartof, 27597 ton tərəvəz, 375 ton bostan məhsulları
istehsal olunmuşdur. Heyvandarlığın inkişaf etdirilməsi
də diqqət mərkəzində
saxlanılmışdır. Hazırda iri mal 83600 başa,
qoyun-keçilər 132300 başa çatmışdır.
Keçən il 13900 ton diri çəkidə ət, 50000 ton
süd, 25,1 milyon ədəd yumurta, 400 ton yun istehsal
edilmişdir. 2010-cu ilə nisbətən ət istehsalı
15,8 faiz, süd 4,9 faiz, yun 7,5 faiz və yumurta 4,8 faiz
artmışdır.
Əhalinin və iqtisadiyyatın elektrik
enerjisi, təbii qaz və içməli su ilə təminatının
yaxşılaşdırılması istiqamətində təsirli
tədbirlər görülmüş, vacib sosial problemlərin
həlli daim diqqət mərkəzində olmuşdur. Təkcə
ötən il elektrik şəbəkəsində 869 yararsız
dayaqlar yenisi ilə əvəz edilmiş, 1479 ədəd
"Smart" tipli sayğac quraşdırılmış, 127
transformator əsaslı, 99 transformator, 60 kilometrlik xətlər
cari təmir edilmişdir. Həyata keçirilmiş kompleks tədbirlər
nəticəsində elektrik enerjisi ilə təchizatın fasiləsizliyinə,
enerji sərfiyyatının aşağı salınmasına,
istehlak edilmiş enerjinin haqqının ödənilməsinin
yüksəldilməsinə nail olunmuşdur.
Təbii qazla təminat sahəsində də
məqsədyönlü işlər
görülmüşdür. Ötən il 140 kilometr müxtəlif
diametrli qaz kəmərləri çəkilmiş, nəticədə
şəhərdə 326, kəndlərdə 2394 mənzilə
təbii qaz verilmişdir. İlin əvvəlindən 14 kənd
qazlaşdırılmışdır. Şəhərdə
qazlaşmanın 99,4 faizə çatdırılması
üçün ardıcıl iş aparılır. 2010-cu ilə
nisbətən 2011-ci ildə təbii qaz sərfiyyatı 5,4
milyon kubmetr və ya 28,2 faiz, istehlak edilmiş qazın dəyərinin
ödənilməsi 41,2 faiz artmışdır. İl ərzində
istehlak edilmiş qazın dəyəri 139,4 faiz ödənilmişdir.
Kətəlparaq və Qaradəmirçi kəndləri ərazisində
yeni inşa edilən qazpaylayıcı stansiyalar rayonun daha 68 kəndinin
qazlaşdırılmasına imkan verəcəkdir.
Təhsil, səhiyyə
və mədəniyyət
Təhsil, səhiyyə və mədəniyyət
müəssisələrinin fəaliyyətinə diqqət
daha da artırılmışdır. Əvvəllər
müşahidə olunan nöqsanların tezliklə aradan
qaldırılması üçün intizam və nəzarət
gücləndirilmişdir. Sahənin maddi-texniki bazası əsaslı
surətdə yaxşılaşmışdır. "Azərbaycan
Respublikası regionlarının 2009 - 2013-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na əsasən,
rayonun Birinci Hacallı kəndində 220 yerlik, Şahvəllər
kəndində 220 yerlik tam orta məktəb binaları tikilib
istifadəyə verilmişdir.
Bundan başqa, qısa müddət ərzində
6 saylı Qarağacı, Mollagüllər, Şorəlli,
Qaradəmirçi, Məmmədli, 1 saylı Nazırlı,
Alpout, Muğanlı, Lənbəran, Hacılar və Qaratəpə
kənd orta məktəblərində cari təmir işləri
aparılmışdır. 360 yerlik Soğanverdilər və
Zümürxan kənd orta məktəblərinin tikintisinə,
220 yerlik Mirzalıbəyli və 180 yerlik Qurdlar kənd tam orta
məktəblərinin, təhsil şöbəsinin inzibati
binasının tikintisi üçün layihə-smeta sənədləri
hazırlanmışdır. Ümumtəhsil məktəblərinin
həyətlərində 5 min ədəddən çox
ağac əkilmişdir.
"İlin ən yaxşı müəllimi"
və "İlin ən yaxşı məktəbi"
müsabiqələrində rayonun 4 müəllimi və Qaradəmirçi
kənd orta məktəbi qalib olmuşdur. IX sinif məzunlarının
86 faizi, XI sinif məzunlarının 74 faizi
buraxılış imtahanlarından müvəffəq qiymət
almışlar. Ən yüksək nəticəni akademik Zərifə
Əliyeva adına Bərdə şəhər 1, 2, 3, 4, 5, 8,
Qaradəmirçi, Şirvanlı, Əliyanlı, Mehdili,
Qayalı, Nazırlı, Gərənə kənd orta məktəbləri
göstərmişlər. Məzunlardan 643 nəfəri ali və
orta ixtisas məktəblərinə qəbul üçün
sənəd təqdim etmiş, onlardan 300 nəfər ali məktəblərə
qəbul olunmuşdur. 58 nəfər 500-600-dən yuxarı bal
toplamışdır.
Əhaliyə göstərilən səhiyyə
xidmətinin səviyyəsinin yüksəldilməsi
üçün 117 otaqdan ibarət 3 və 2 mərtəbəli
korpuslar əsaslı təmir edilmiş, müasir tibb
avadanlıqları ilə təmin olunmuşdur. Mərkəzi
xəstəxananın 6 şöbəsi həmin korpuslarda yerləşdirilmişdir.
40 ton su tutumu olan hovuz tikilmiş, 2,5 mindən çox ağac
və gül əkilmişdir. Yaxın günlərdə
Qaradırnaq kəndində tibb məntəqəsinin tikintisinə
başlanılacaqdır.
Ötən il rayon Mədəniyyət
evində, uşaq kitabxanasında və mərkəzi rayon
kitabxanasında, 1 nömrəli uşaq incəsənət məktəbində
20,3 min manatlıq əsaslı, 25,2 min manatlıq cari təmir
işləri aparılmışdır. Rayonda Turizm
İnformasiya Mərkəzi yaradılmışdır.
Rayonun prospekt, küçə və
meydanlarında, park və xiyabanlarında, tarixi İbrahim məscidinin
və Bərdə türbəsinin yaxınlığında 8
reklam xarakterli vasitələr yerləşdirilmişdir. Tərtər
çayı üzərində körpünün Bəhmən
Mirzə türbəsinin, Şirvanlı hamamının
daxilində və ətrafında təmizlik-abadlıq işləri
aparılmışdır.
1322-ci ildə Əcəmi memarlıq məktəbinin
yetişdirməsi Naxçıvani Əhməd İbn Əyyub
Hafiz tərəfindən tikilmiş Bərdə türbəsinin
2 hektar ərazisində abadlıq işləri
görülmüşdür. VI əsrə aid Torpaq qala ilə
əhatə olunmuş bu tarixi abidənin ərazisində
şam ağacları, həmişəyaşıl bəzək
kolları əkilmişdir. Rayonda mövcud olan 2 ölkə və
17 yerli əhəmiyyətli tarixi əbidənin
yaxınlığında reklam xarakterli lövhələr
vurulmuş, həmin lövhələrdə abidələrin
tarixi barədə məlumatlar əks etdirilmişdir.
Hazırda Bərdənin 3000 illik tarixinin keçirilməsi
üçün təşkilati tədbirlər
görülür.
İdarəetmə
müasirləşir, daha çox elmi xarakter alır
Söhbət işin nümunəvi təşkilindən,
əldə edilmiş böyük uğurlardan, inkişaf və
irəliləyişdən gedirsə bir məsələ
üzərində daha geniş dayanmağa ehtiyac var. Məsələ
burasındadır ki, Bərdə Rayon İcra Hakimiyyətinin
iş üslub və metodları, təşkilat-idarəetmə
məsələləri böyük maraq doğurur. Burada
ardıcıl və sistemli iş qurulmuş, əsas diqqət
insan amilinə, onun vacib sosial ehtiyaclarının vaxtında
ödənilməsinə yönəldilmişdir. İqtisadi və
sosial məsələlərin həllində daha çox elmi
münasibət, möhkəm icra intizamı, kadrlarda ciddi məsuliyyət
və tələbkarlıq, ulu öndər Heydər Əliyevin
ölməz ideya və əməllərinə, ölkə
Prezidenti İlham Əliyevin qətiyyətli daxili və xarici
siyasət xəttinə sonsuz sədaqət - bu gün Bərdə
Rayon İcra Hakimiyyətinin iş üslub və
metodlarında diqqəti cəlb edən vacib cəhətlər,
bax bunlardır.
Vətəndaşların qəbulu,
onların ərizə, şikayət və məktublarına
baxılması sahəsində xüsusilə maraqlı təcrübə
əldə edilmişdir. Bunu faktlar da sübut edir. Belə ki,
ötən il Bərdə Rayon İcra Hakimiyyətinə 3293
müraciət daxil olmuşdur. Aparılan təhlil göstərir
ki, müraciətlərin sayı ilin birinci rübünə
nisbətən 46,6 faiz azalmışdır. Vətəndaş
müraciətlərinin azalması tendensiyası yuxarı təşkilatlardan,
o cümlədən Prezident Administrasiyasından daxil olan
müraciətlərdə də özünü göstərir.
Yuxarı təşkilatlardan daxil olan müraciətlərin
sayı 6,4 faiz azalmışdır.
Görüş-qəbullarda rayon icra
hakimiyyəti başçısı aparatının məsul
işçilərinin, icra nümayəndələrinin, bələdiyyə
sədrlərinin, hüquq-mühafizə orqanlarının və
xidmət təşkilatlarının rəhbərlərinin
iştirakı qaldırılan məsələlərin
operativ həllinə imkan yaradır. O da maraqlıdır ki, qəbullara
hazırlıq dövründə ərazidə olan problemlərin
bir hissəsi əvvəlcədən həll edilir. Təkcə
ötən il 39 görüş-qəbul keçirilmiş, əhalinin
bütün təbəqələri orada iştirak
etmişdir. 751 nəfərin müraciəti dinlənilmiş
və onların əksəriyyəti yerindəcə həll
edilmişdir.
Təkcə bu faktın təhlili bir
sıra vacib məqamlardan xəbər verir. Hər şeydən
əvvəl, insan amili ön plana çəkilmiş, adamlara
göstərilən gündəlik diqqət və
qayğı artmışdır. O yerdə ki, vətəndaşların
vacib problemləri vaxtında həll edilir, orada müraciətlərin
də sayı azalır.
Bölgə müxbiri kimi, dəfələrlə
Bərdə Rayon İcra Hakimiyyətinin
başçısı Vidadi İsayevin yerlərdə
keçirdiyi qəbul-görüşlərdə iştirak
etmişəm. Maraqlı cəhət odur ki, sakinlər belə
görüşlərə daha çox üstünlük
verirlər. Burada açıq, səmimi söhbət etmək,
fikir mübadiləsi aparmaq, çətinlik və problemlərlə
bilavasitə yerlərdə tanış olmaq imkanı
yaranır.
Rayon icra hakimiyyəti
başçısının yerlərdə keçirilən
görüş-qəbullarda qaldırılan məsələlərlə
əlaqədar Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə, "Dövlətqaçqınkom"a, Təhsil,
Mədəniyyət və Turizm, Əmək və Əhalinin
Sosial Müdafiəsi nazirliklərinə və başqa
respublika təşkilatlarına müraciət olunmuşdur.
Yerli təşkilatların və qurumların rəhbərlərinə
də ciddi tapşırıqlar verilmişdir. Nəticədə,
vətəndaşların qaldırdıqları məsələlər
müsbət həll olunmuşdur.
Son söz əvəzi
... Uzaq yollar, sərt döngələr,
amansız sınaqlar keçib gələn, həm də
qürur və şərəflə, qəhrəmanlıq və
igidliklə keçib gələn, qoca Bərdə!..
Böyük Nizaminin ilhamını qanadlandıran, hər
daşında, hər addımında, hər döngəsində
sirli-soraqlı dünya yaşadan ulu diyar!..
Dünənini, tarixini ulu babalarımız
yazıb. Bugünkü tarixini və gələcəyini isə
qədirbilən övladların yazır. Özü də
keçmişinə böyük məhəbbətlə,
sabahına sonsuz inam və ümidlə. Elə buradaca bir həqiqəti
mütləq vurğulamaq lazımdır: tarixlə
müasirlik, keçmişlə bu gün və gələcək
bəlkə heç yerdə Bərdədə olduğu kimi zərgər
dəqiqliyi ilə uyuşmur, qaynayıb-qarışmır,
bir-birini tamamlamır.
Qoca Bərdəyə, ulu Bərdəyə,
onun bugünkü və sabahkı tarixini yaradanlara
böyük hörmət və ehtiramla...
Ziyəddin
SULTANOV
Xalq qəzeti.-
2012.- 29 mart.- S. 6.