Mart soyqırımı xalqımıza qarşı törədilmiş bəşəri cinayət idi

 

Xalqımızın tarixinə qanla yazılmış mart soyqırımının müxtəlif səbəbləri vardır. Hər şeydən əvvəl, 1917- ci ilin oktyabr çevrilişi rus müstəmləkəçilərinə əlavə güc vermişdi. Belə ki, Qafqaz cəbhəsindən geri dönən rus döyüşçüləri bolşeviklərin fitnəkarlığı sayəsində öz yollarını Bakı istiqamətinə salmışdılar. Onlar daxil olduqları bölgələrdən Azərbaycan kəndlərinə hücum edir, talanlar törədirdilər.

 

Rus əsgərləri aclıq və təcrid içərisində olduqlarından Bakı Sovetinin qulluğunda olmağı üstün tuturdular. Başqa bir səbəb isə ondan ibarət idi ki, Qafqaz cəbhəsindən qayıdan rus döyüşçüləri öz silah və hərbi sursatını erməni və gürcülərə, eləcə də Bakı bolşeviklərinə verdiyi üçün azərbaycanlılar düşmən qarşısında əliyalın qalmışdılar. Belə bir vəziyyətdə Cənubi Qafqaz Komissarlığındakı Azərbaycan fraksiyası tam şəkildə silahlanmaq tələbini irəli sürdü. Bakı Soveti geri qayıdan rus polklarından birini tərksilah edib silahlarını azərbaycanlılara verilməsi ilə razılaşdı. Beləliklə də, 1918-ci ilin yanvar ayında Şamxor stansiyasından keçən rus polku tərksilah edildi. Döyüş zamanı hər iki tərəfdən ölən və yaralanan olsa da, bu şərait Azərbaycan əhalisi üçün zəruri idi.

S. Şaumyan başda olmaqla bolşeviklər bundan milli qırğın törətmək və xalqımıza güc tətbiq etmək üçün səy göstərdilər. Lakin onların bu təxribatı baş tutmadı. Bolşeviklər və erməni əsgərləri Bakıda özlərini hərbi cəhətdən möhkəmləndirmək üçün yeni bir addım atmağı qərara aldılar. 1917-ci ilin dekabrında Qafqaz ordusunun II qurultayında Q. Korqanovun başçılığı altında yaradılmış Hərbi İnqilab Komitəsi Tiflisdən çıxarılaraq Bakıya köçürüldü.

Bundan əlavə, 1918-ci il yanvarın sonunda Qırmızı Qvardiya və donanmanın Bakı Sovetinə tabe edilməsi haqqında qərar verildi. Ter- Stepanov, Mirzoyan, AfanasevTrexovdan ibarət Qırmızı Qvardiya qərargahı yaradıldı. 1918-ci il martın ilk günündə milis dəstələri Bakı Sovetinin nəzarətinə keçdi. Ter-Qabrelyan şəhər idarəsinin rəisi təyin olundu. Martın 3-də S. Şaumyan İ. Stalinə məktub yazaraq Bakı şəhərini tezliklə hərbiləşdirmək üçün vəsait göndərilməsinin, eləcə də hərbi donanmanın yenidən təşkilinin zəruriliyini bildirdi.

Bakıda mart hadisələri zamanı I Dünya müharibəsindən gerı qayıdan 8 min silahlı erməni daşnak birləşmələri yerləşdirildi. Daşnak partiyası cəbhədən fərarilik edən rus döyüşçülərindən çoxlu sayda silahdöyüş sursatı ələ keçirmişdi. Eyni zamanda, Qafqaz döyüşlərindən və İrandan qayıdan rus əsgərlərinin müəyyən hissəsi aldatma yolu ilə Bakıda saxlanılmışdı. Bütövlükdə isə, mart hadisələri zamanı erməni daşnakları Bakıda 20 minlik silahlı qüvvə ilə yerləşmişdilər.

Onilliklər ərzində erməni-daşnak millətçiləri və onların havadarları erməni millətinə qarşı qondarma genosid hadisələrini yad edirlər. Əvəzində isə Qərbi Azərbaycanda tarix boyu yaşamış əhalini təzyiqə məruz qoymaları və onlara qarşı bilərəkdən törədilən cinayətləri hər zaman ört-basdır edironu gizli saxlamaq üçün dəridən-qabıqdan çıxırlar.

XIX-XX əsrlər arasında Qərbi Azərbaycanın (indiki Ermənistan) təkcə İrəvan quberniyasının ərazisində 407,4 min nəfər əhali yaşayırdı ki, bunun da 250 min nəfərdən çoxunu azərbaycanlılar təşkil edirdi.

Daşnak partiyası Böyük Ermənistan yaradılması məqsədilə Azərbaycan və Gürcüstana qarşı müharibə aparmağa başlamışdı. Ermənilər XX əsrin əvvəllərindən başlayaraq ardıcıl şəkildə tarixi Qərbi Azərbaycan ərazisinə xarici ölkələrdən kütləvi şəkildə köçürülmüşlər. Soydaşlarımızın isə Qafqazın cənubunda indiki Ermənistan dövlətinin yaradılması üçün Qərbi Azərbaycanın ən qədim ərazilərindən, ata-baba yurdlarından qovulması, onların deportasiyası məqsədyönlü şəkildə həyata keçirilmişdir.

Hələ 1905-1907-ci illərdə çar Rusiyasının hakim dairələri tərəfindən müdafiə olunan və hərəkətə gətirilən erməni millətçiləri azərbaycanlılara qarşı geniş miqyaslı qətllər və vəhşiliklər törətmişdilər. Həmin illərdə yüzlərlə yaşayış məntəqəsi dağıdılmış, minlərlə azərbaycanlı erməni terrorunun qurbanı olmuşdur.

Tarixi Azərbaycan torpaqları olan Zəngəzur, Göyçə, Sisyan və digər torpaqlar Sovet rəhbərliyinin əli ilə indiki Ermənistana verildi. Dağlıq Qarabağa xaricdən köçürülmüş ermənilərə muxtariyyət verildi və gələcəkdə qanunsuz ərazi iddiaları üçün zəmin hazırlandı...

1918-ci il martın 31-də baş vermiş qanlı cinayətə Leninin silahdaşı S. Şaumyan başçılıq edirdi. Lenin isə daşnak qüvvələrinin həyata keçirdikləri həmin vəhşiliklərdən xəbərsiz deyildi. Bakıda baş verən mart qırğınlarının əsas səbəblərini bilmək üçün isə o dövrün ictimai-siyasi hadisələrinə nəzər salmaq lazımdır. 1917-ci il oktyabr çevrilişindən sonra Rusiya imperiyasının tərkibində olan milli ucqarlarda da xaos başlanmışdı. Bu işi Qafqazda ermənilər yerinə yetirirdilər. Həmin vaxt Şaumyan və Əmirov (Əmiryan) rəhbərlik etdikləri erməni-daşnak birləşmələrinin yerli rus bolşevikləri və digər anti-azərbaycan qrupları ilə birləşərək hakimiyyəti ələ keçirməyə çalışırdılar. Elə millətçi daşnak Şaumyan da bunu gizlətmir, açıqca bildirirdi ki, Bakını Azərbaycanın paytaxtına çevirmək olmaz. Onların bu hərəkəti rusların işğalçılıq siyasəti ilə həmişə üst-üstə düşürdü. 1918-ci ilin mart qırğınında da bu amil özünü göstərdi. Erməni quldur birləşmələri qırğına lazımi səviyyədə hazırlıq işləri görmüşdülər. Onlar həmin dövrdə Qafqaz cəbhəsindən geri çəkilən əsgərlərdən çoxlu sayda hərbi sursat, texnika ələ keçirmişdilər. Bununla kifayətlənməyən daşnak Şaumyanonun işğalçı dəstəsi rus dəniz qüvvələrinin Xəzər donanmasındakı dənizçilərini də qırğına cəlb edə bilmişdilər.

1918-ci ildə Azərbaycan milli ordusunun yaranması çətinliklə başa gəlirdi. Əvvəla, azərbaycanlılardan ibarət milli hissə yox idi. Çünki I Dünya müharibəsində türk-müsəlman xalqları, o cümlədən azərbaycanlılar səfərbərliyə alınmamışdı. Bu dövrdə müsəlmanlardan ibarət yeganə silahlı dəstə Lənkəranda yerləşən "Dikaya Diviziya" nın (Vəhşi Diviziya) süvari polku idi ki, onlar sayca az olmaqla bərabər, həm də pis silahlanmışdılar.

Daşnak qüvvələrindən ibarət xüsusi dəstələr 1918-ci ilin yanvarından etibarən Salyana və Lənkərana basqın edərək yolda müsəlman kəndlərini yandırır və talayırdılar. Astara topa tutularaq darmadağın edilir və kəndlər xarabaya çevrilirdi.

Bakıda azərbaycanlılara qarşı soyqırımına başlamaq üçün bəhanə tapıldı. H.Z. Tağıyevin faciəli şəkildə həlak olmuş oğlu Məhəmmədin dəfn mərasimində iştirak edən "Dikaya Diviziya" nın bir qrup əsgəri və zabiti "Evelina" gəmisi ilə Lənkərana qayıdanda bolşeviklər tərəfindən tərksilah edildi. Bu da ciddi etiraza səbəb oldu. Əhali tələb edirdi ki, silahlar geri qaytarılsın. Bolşeviklər bu tələbin yerınə yetiriləcəyini vəd etsələr də, martın 30-da başlanacaq döyüşlərə başçılıq etmək üçün Bakı Sovetinin İnqilabi Müdafiə Komitəsini yaratdılar. Komitəyə S. Şaumyan, A. Çaparidze, Q. Korqanov, İ. Suxartsev, S. Sarkyan, M.Yolçiyan daxil oldular. Lakin gəmidəki müsəlman zabit və əsgərləri ultimatumu rədd etdilər.

Bu hadisələrin törədilməsi üçün ermənilər şantaj və təxribat metoduna əl atdılar. Bakıda 1918-ci il mart qırğınına başlamaq üçün erməni daşnakları şayiə yaydılar ki, H.Z.Tağıyevin Lənkəranda xidmət edərkən təsadüfən aldığı güllə nəticəsində həlak olmuş oğlunun dəfnində iştirak edən müsəlman əsgərləri guya Lənkəran ruslarına (malakanlara) hücum edib onları qıracaqlar. 1918-ci il martın 30-u sübh çağı erməni - rus birləşmələri gəmi və təyyarələrdən Bakının müsəlmanlar yaşayan hissələrini (İçərişəhər, Kubinka, Güllüdərə) bombardman etdilər. Silahlı erməni əsgərləri, həmçinin Bakıda yaşayan erməni ziyalıları da Sovet dəstələri tərəfindən döyüşlərə daxil oldular.

Erməni daşnak təxribatı və fitnələri ilə dənizdən rus hərbi gəmiləri əhalinin yaşadığı müsəlman məhəllələrini toplardan atəşə tutdular. Ermənilər rus dənizçilərini inandıra bilmişdilər ki, guya müsəlmanlar rusları qırıblar. Bunun ermənilərin təxribatı olduğunu başa düşən dənizçilər atəşi dayandırdılar.

Bakıda erməni və bolşevik dəstələrinin əhalini atəşə tutmaları nəticəsində azərbaycanlılar müqavimət göstərə bilmədilər. Silahlı hərbi daşnak birləşmələri evlərə soxularaq qadınları, körpələri və qocaları misli görünməmiş vəhşiliklə qətlə yetirirdilər. Erməni quldur dəstələri məhəllələrə soxularaq əhalini öldürür, onları xəncər və süngülərlə doğrayır, uşaqları yandırılmış evlərə atır, südəmər körpələri süngünün ucuna keçirirdilər.

Hadisələrin ilk anlarında ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilmiş 57 nəfər soydaşımız böyük çətinliklə dəfn edildi. Onların qulaqları, burunları qoparılmış, qarınları yırtılmış, əzaları kəsilmişdi. Azğınlaşmış ermənilər heç kimə rəhm etmirdilər. Onlar qarşılarına çıxan uşaqları, qocaları xüsusi amansızlıqla qətlə yetirirdilər. Məsələn, Əlizadə Hacı Əmirin evində 80 yaşlı anası və 60-70 yaşlı qadınları öldürülmüş, 25 yaşındakı təzə gəlini isə diri-diri divara mismarlanmışdı. Həmin günlərdə erməni vəhşiləri tərəfindən təkcə bir yerdə dəhşətli şəkildə qətlə yetirilmiş, qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış 37 müsəlman qadınının meyiti tapılmışdı. Bundan əlavə, ermənilər müsəlman evlərinə soxularaq səkkiz qadını və uşağı güllələmişdilər. Digər bir erməni quldur dəstəsi isə Fars küçəsində Bala Əhməd Muxtarovun evinə soxularaq 9 azərbaycanlı ziyalını küçəyə çıxarıb kilsə meydanında güllələmişdilər. Eyni zamanda, Bakıda xalqımıza aid binalar, milli rəmzlər, mədəniyyət ocaqları dağıdılır, yandırılırdı. Qadınların saçlarını bir-birinə bağlayaraq üryan (çılpaq) halda küçəyə qaçmağa sövq edir, digərlərini tüfəng qundağı ilə vururdular. Üç gün ərzində Bakıda 17 minə qədər azərbaycanlı qətlə yetirildi. "Kaspi", "Açıq söz" qəzetlərinin redaksiyası, eləcə də Müsəlman Xeyriyyə Cəmiyyətinin yerləşdiyi "İsmailiyyə" binası yandırıldı. Bakıda bolşevik və erməni daşnakları tərəfindən qırğın üç gün davam etdi.

1918-ci il mart qırğınları ərəfəsində Stalin Azərbaycana göndərdiyi məktubunda yazırdı: " Stepan Alyoşaya, başqa dostlara. Bütün cənubun mühüm nöqtəsi olan Bakı artıq hər tərəfdən mühasirəyə alınıb. Sizə iki tərəfdən-Daşkənddən və Şimaldan yardım gəlir."

Azərbaycanın artiq dərəcədə "qayğısını çəkən" Lenin isə Stalinə belə bir göstəriş vermişdi: "Əksinqilabçıların əlində alət olmuş, miskinhay-küyçü fitnəkarları hər yerdə amansızcasına əzmək lazımdır. Bakı məsələsində siz mütləq Şaumyanla əlaqə saxlamalısınız. Bu ən mühüm cəhətdir. Beləliklə, hər kəsə qarşı amansız oluntez-tez məlumat verin. "

...Abbas Kazımzadənin başçılıq etdiyi heyət qırğının qarşısını almaq üçün Şaumyan, FioletovÇaparidze ilə danışıqlara başladı. Nümayəndə heyəti danışıqlardan dönərkən onların iki nəfəri qətlə yetirildi. Aprelin 1-də daşnaklarla "Atəşkəs müqaviləsi" bağlandı. Şərtə görə, müsəlman qüvvələri hakimiyyəti Şaumyanın başçılıq etdiyi komitəyə verdi. Məşədi Əzizbəyov Bakıya başçı təyin edilsə də, qorxu içərisində şəhəri tərk edən müsəlmanları sakitləşdirə bilmədi.

Qafqaz cəbhəsindən türk orduları geri çəkilərkən Türkiyə erməniləri Qafqaz erməniləri ilə birləşdilər. Bir tərəfdən Andranikin, digər tərəfdən Dro, Keri, Muradın quldur dəstələri hərəkət edirdilər. Məhz bu vaxt Şaumyanın və Avakyanın qaniçən olduqları açıq-aydın görünürdü.

Mart hadisələrinin hansı səbəblərlə və məqsədlərlə baş verməsi bolşevik mətbuatında siyasi liderlərin çıxışlarında, eləcə də S. Şaumyanın Bakı Xalq Komissarları Sovetinin iclasındakı məruzəsində daha ətraflı şərh edilir. Daşnak Şaumyan deyirdi: "Biz döyüşlərdə parlaq nəticələr əldə etmişik. Düşmən tamamilə darmadağın edilmişdir." O, Daşnaksütyun partiyasının köməyilə müsəlman "əksinqilabının" ləğv edilməsini, Bakını "Azərbaycan xalqının paytaxtına çevirmək xülyasına düşən" müsavatçıların və digər müsəlman milli cəmiyyətlərinin dağılmasından sonra bolşeviklərin Bakıya tam sahib olduqlarını bildirirdi.

Həmin günlərdə ermənilər Bakı ilə yanaşı, Azərbaycanın bir sıra digər bölgələrində də qarətlər törədir, günahsız insanlara divan tuturdular. Belə ki, erməni bandaları 1918-ci ilin aprelindən hərəkətə keçərək Şamaxıda, Quba-Xaçmazda, Lənkəranda, Hacıqabul və Salyanda cinayətlər və qırğınlar törətməyə başladılar. Daşnak Əmiryan və Lalayanın başçılığı ilə Şamaxının bütün müsəlman əhalisi qılıncdan keçirildi və 7 min nəfərədək adam, o cümlədən 1653 qadın və 965 uşaq öldürüldü. Erməni quldurları bu ərazinin 40-a yaxın kəndini viran etdilər. Təəssüflər olsun ki, həmin vaxt insanların ucdantutma qırılması, hamilə qadınların qarınlarının yırtılması, qızların vəhşicəsinə təhqir olunması, diri-diri yandırılması kimi vəhşiliklər daşnaklar arasında "bəzi haqsızlıqlar" adlandırılırdı.

Fövqəladə İstintaq Komissiyasının sənədlərində qeyd edilir ki, təkcə yanvarda Bakıdan Mədrəsəyə 16 araba silah gətirilmişdir. Bakı Sovetionun daşnak üzvləri martın ortalarında Şamaxıya 2 min nəfər erməni əsgəri və 60 araba silah göndərmişdilər. Sənəddə göstərilir: " Çoxlu uşaq və qadın məsciddə gizlənmiş, Axund Molla Cəfər isə burada öldürülmüşdür". Erməni azğın əsgərləri məscidə soxularaq, axundu tapıb onun gözlərini çıxarmış, dilini, burnunu və qulaqlarını kəsmiş, üzünün və başının dərisini soyduqdan sonra onu güllələmişdilər. Eyni zamanda, axundun evində və məsciddə olan bütün qadınları öldürmüşdülər.

Erməni quldur dəstələrinin başçısı S.Şaumyan tərəfindən xüsusi səlahiyyət alan Amazayp 1918-ci ilin aprelində Quba qəzasında hücuma keçərək 122 müsəlman kəndini dağıtdırmış, yüzlərlə türk və ləzgini qılıncdan keçirtdirmişdir.

Lənkəranda 2 minlik erməni ordusunun həyasızlığı o dərəcəyə çatmışdı ki, burada olan gürcülər silaha sarılaraq soyğunçuluğun qarşısını almağa məcbur olmuşdular. Bakıda və qəzalarda xalqımıza qarşı düşünülmüş soyqırım siyasətində erməni kilsəsi də yaxından iştirak etmişdir.

Ermənilər Bakı qırğını ilə kifayətlənməyərək Lənkəran, Quba-Xaçmazda, ən əsası isə Ağsu və Şamaxıda dəhşətli qətllər törətdilər. Yalnız Gəncədə Nəsib bəy Yusifbəylinin fədakarlığı nəticəsində 118 və 119-cu rus alayları tərksilah olunaraq qovulduğu üçün, eləcə də Şəmkirdə yerləşən rus ordusundan ələ keçirilən silahlar Gəncə əhalisinə paylandığına görə, ermənilərin azərbaycanlılara silahlı basqın etməyə gücləri çatmadı.

Bütövlükdə isə erməni daşnak dəstələri 1918-ci ilin mart-aprel aylarında Bakıda, Muğanda, Qubada 50 mindən çox adamı qətlə yetirmiş, on minlərlə adamı torpağından didərgin salmışdılar.

1918-ci ilin yaz və payızında Zəngəzur qəzasında 115 kənd, yəni əslində soydaşlarımız yaşayan bütün kəndlər məhv edilmiş, 7729 nəfər azərbaycanlı, o cümlədən 3257 kişi, 2276 qadın və 2196 uşaq vəhşicəsinə öldürülmüşdü. 1919-cu ilin sonunadək buradan 60 min nəfərdən çox adam qovulmuşdur.

1917-ci ilin dekabrından 1918-ci ilin iyununadək erməni daşnak millətçilərinin qoşunları İrəvan quberniyasında 200 azərbaycanlı kəndini çapıb, talayıb və yandırmışlar. 100 min nəfərədək azərbaycanlı Sürməli, İrəvan, Eçmiədzin (Üç kilsə), Şərur qəzalarını tərk etməyə məcbur olmuşdur. 1919-cu ilin axırına qədər yalnız Təzə Bəyazid, Eçmiədzin və İrəvan qəzaları üzrə var yoxu talanan azərbaycanlıların sayı 200 min nəfərə çatmışdır. Onu da qeyd etmək lazımdır ki, Mehriyə bitişik ərazinin Ermənistana verilməsi sayəsində Naxçıvan bölgəsi süni şəkildə Azərbaycandan ayrı salınmışdır.

1918-ci il mart faciələri nəticəsində Şamaxı qəzasının 58 kəndi dağıdılmış ,Quba qəzasının 122 kəndi, Qarabağın dağlıq hissəsində 155-dən çox, Zəngəzur qəzasında 115, İrəvan quberniyasında 211, Qars vilayətində 92 kənd erməni vandalları tərəfindən yandırılmışdır.

... Martın son günü Azərbaycan tarixində ən qanlı hadisələrdən biri kimi xalqımızın yaddaşına əbədi həkk olunmuşdur. 1918-ci ilin martında baş verən həmin qırğınlar nəticəsində on minlərlə dinc sakin daşnak-quldur dəstələrinin əli ilə amansızcasına qətlə yetirilmişdir.

Azərbaycanda 1918-ci il 31 mart qırğını xalqımıza qarşı soyqırım günü kimi qeyd olunur. Ümummilli liderimiz Heydər Əliyevin 26 mart 1998-ci il tarixli fərmanı ilə 1918-ci il hadisələrinə siyasi qiymət verilmişbu qırğınla bağlı elmi araşdırmaların aparılması tövsiyə edilmişdir.

Yeri gəlmişkən, 1918-ci il mart qırğını ilə bağlı əsl tarixi həqiqətlərin uzun illər ərzində xalqımızdan gizli saxlanılması 20-ci əsrin sonlarında başımıza yeni-yeni müsibətlərin gəlməsinə səbəb oldu. Fikrimcə, əgər mart soyqırımına vaxtında hüquqi-siyasi qiymət verilsəydi, Xocalıda və digər bölgələrdə yeni faciələrlə üzləşməzdik. Bu, tarixi yaddaşın zaman-zaman öldürülməsinin nəticəsidir. Bakı qırğınından sonra ermənilər dünyaya həyasızcasına bildirdilər ki, Bakıda "çevriliş" olub. Uzun illər bolşeviklər və sovet tarixçiləri bu hadisələri "Vətəndaş müharibəsi" kimi qələmə verməyə başladılar. Bu isə, azərbaycanlılara qarşı vəhşi daşnak soyqırımı idi.

 

 

Firudin CÜMŞÜDLÜ,

ADPU-nun Azərbaycan tarixi

kafedrasının dosenti, tarix elmləri

namizədi

 

Xalq qəzeti.- 2012.- 29 mart.- S. 3.