Qırğızlar
və Qırğızıstan
Qırğızıstanda neçə
dəfə olduğumu xatırlamıram, ancaq onu bilirəm ki,
hər dəfə bu ölkəyə gələndə
özümü olduqca doğma, mehriban bir mühitdə hiss
edirəm. Həmin mühiti yalnız tanıdığım,
yaxud hər gəlişimdə tanış olduğum çoxlu
insanlar deyil, həm də Qırğızıstanın
ümumən təbiəti - göz işlədikcə uzanan
geniş çöllər, sıra dağlar, dərələr...yaradır,
həm də qırğızların kifayət qədər ətraflı
öyrənməyə çalışdığım dil, ədəbiyyat
və tarixləri yaradır. Və təbii ki, eyni kökdən
olmanın heç zaman qaçıb-qurtarılması
mümkün olmayan mistikası yaradır!..
Təəssüf ki, Bakıdan Bişkekə birbaşa təyyarə reysi yoxdur, ona görə də Qırğızıstana Daşkənddən, Almatıdan, İstanbuldan, hətta Moskvadan da getməli olmuşam. Almatı yolu mənim daha çox xoşuma gəlir. Üç yüz kilometrə qədər bu yolu avtomobillə getmək, həqiqətən, adama zövq verir. Gözün doğma, ürəkaçan mənzərələri görür, ruhun dincəlir.
Geniş çöllər, kiçik kəndlər, əkin sahələri, uzaqda Tanrı dağları... Hər şey doğma idi. Birdən səfər yoldaşlarımızdan biri yol kənarına satılmaq üçün tərəcələrə necə gəldi düzülmüş meyvə-tərəvəzi göstərib qeyri- ixtiyari "necə də bizim yerlərə oxşayır" deyəndə ürəyimiz lap açıldı.
Qırğızıstanda da azərbaycanlıların az- çox restoranları, ticarət obyektləri var. Milli mətbəximizi də pis təbliğ eləmirlər... Ancaq onların biznesində nə isə bir özfəaliyyət, hətta kustarlıq hiss olunur. Həm əlaqələri zəifdir, həm də elə bil özlərini bu yerlərdə müvəqqəti sayırlar. Bu baxımdan Türkiyə iş adamlarının böyük təcrübəsini öyrənməkdə, həqiqətən, fayda var. Bişkekdəki tədbirlərdə Türkiyənin iş adamları olduqca fəal iştirak edirlər, onların yüksək səviyyədə keçirilməsi üçün əllərindən gələni əsirgəmirlər. Məsələ işin maddi tərəfində deyil, mən dünyanın hər yerində görmüşəm ki, Türkiyənin iş adamlarının intellektual- mədəni imkanları da kifayət qədər genişdir. Ona görə də hər hansı görüşün, məclisin dəyərini qiymətləndirə bilirlər.
Qırğızıstandakı yemək məclislərində qırğız dostlarımız bizə xüsusi əhvali- ruhiyyə ilə at südü (qımız), yaxud at əti təklif edəndə mən həmişə çoxdan ağlıma gəlmiş bir müqayisə- obrazı zarafatla onların nəzərinə çatdırıram: "Biz türklər hamımız Altaylardan çıxıb Qərbə doğru yol aldıq. Siz altaylar, qırğızlar, qazaxlar atlarınızı kəsib yediniz, piyada qaldınız; biz azərbaycanlılar, qaqauzlar və Türkiyə türkləri isə atlarımızı minib daha irəli çapdıq".
Qırğız dostlarımız isə fəxrlə başqa bir müqayisə- obrazı xatırladırlar: "Dünyada ən çox ət yeyənlər içərisində qırğızlar ikinci yerdədir. Birinci yerdə qurdlar-canavarlar gedir. Onlar fəxr edirlər! Bizim qurd-canavar babalarımızın bilavasitə varisləri olduqları üçün fəxr edirlər! Onlar fəxr edirlər! Biz isə fəxr edə bilmirik! Çünki biz qurd- canavar babalarımızdan, demək olar ki, imtina etmişik!
Hərdən mənə elə gəlir ki, qırğızların bir qədim tarixi var, bir də yeni - orta əsrlər tarixi isə yoxdur. Tarixiliklə müasirlik qırğızların həyatında, məişətində, düşüncə aləmində elə sıx birləşmişdir ki, ən güclü analitik belə bəzən onları seçə, bir- birindən ayıra bilmir. Mən bunu qırğız yeməkləri yeyəndə də, qırğız musiqisini dinləyəndə də, "Manas"dan Çingiz Aytmatova qədər qırğız ədəbiyyatını oxuyanda da aydınca hiss edirəm.
"Manas"da min ildən artıq bir tarix xalqın möhtəşəm ədəbi- bədii istedadı ilə elə məharətlə və təbii şəkildə! sinxronlaşdırılmışdır ki, xronologiya - nəyin nədən əvvəl, nəyin nədən sonra gəldiyi barədə düşünməyə ehtiyac qalmır, sanki, bütün hadisələr eyni zamanda baş vermiş, bütün sevgilər, nifrətlər eyni zamanda yaşanmışdır.
Qırğızların bir etnik vahid olaraq adları ilk dəfə e.ə. III əsrdə Çin mənbələrində hunlarla əlaqədar olaraq çəkilir. Və belə məlum olur ki, türk tayfalarından biri olan qırğızlar indiki Qırğızıstandan şimal- şərqdə öz dövlətlərini - siyasi birliklərini qurmuşlar. Sonralar digər türk tayfaları kimi Hun imperiyasının tərkibinə daxil olan qırğızlar həmin imperiya dağılana, yəni III əsrə qədər şanlı bir tarix yaşamışlar; belə ki, həm Çin, həm də türk mənbələri bu tayfanın döyüşkənliyi, azadlıq eşqi, siyasi iradəsinin güclülüyü barədə sıx- sıx məlumat verir.
İstər Hun, istərsə də sonralar Gök Türk imperiyasının tərkibində olarkən qırğızlar həmişə müstəqillikləri ilə fərqlənmişlər. Və nəhayət, XI əsrin əvvəllərində mərkəzi Ötükən şəhəri olmaqla özlərinin Mərkəzi Asiyada yüz il hökm sürən imperiyalarını yaratmışlar. Qırğızların bugünkü Qırğızıstanda yerləşməsi (və müstəqil bir xalq olaraq formalaşmanın keyfiyyətcə yeni mərhələsinə daxil olması!) XI- XII əsrlərə aiddir.
Mərkəzi Asiyada baş verən elə bir mühüm etno-siyasi hadisə olmamışdır ki, qırğızlar ən qədim zamanlardan həmin hadisədə bu və ya digər dərəcədə rol oynamamış olsunlar. Tarix göstərir ki, heç bir imperiya - istər türk, istərsə də Çin və ya monqol mənşəli olsun, qırğızları uzun müddətə özünə tabe edə, onların ardıcıl müqavimətləri, üsyanları qarşısında davam gətirə bilməmişdir.
Orta əsrlərin sonu - yeni dövrün əvvəllərindən başlayaraq Mərkəzi Asiyadakı etnik- siyasi çəkişmələr yalnız bir qüvvənin- Şərqə doğru genişlənən Rusiyanın işinə yaradı. XIX əsrin ortalarından etibarən ruslar regionda "parlaq qələbələr" qazanmağa başladılar.
Qırğızlar da özbəklər, qazaxlar və türkmənlər kimi çox keçmədən Rusiyanın ucqarlarına çevrilməyə, yeni idarəçilik texnologiyalarını qəbul etməyə məcbur oldular. Lakin bu, o qədər də rahat getmirdi. Tarix XIX əsrin sonu XX əsrin əvvəllərində qırğızların işğalçı ruslara qarşı çoxlu sayda üsyanlarına şahidlik edir. Həmin üsyanlar - milli azadlıq mücadilələri zamanı minlərlə qırğız şəhid olmuş, yaxud vətəndən qaçmağa və ya sürgünə məruz qoyulmuşdu. Həmin hadisələr sovet dövründə də baş vermişdi ki, bunu Bişkekin yaxınlığındakı Ata Beyt əyani şəkildə göstərir. Zahirən sakit, təmkinli, hətta fağır görünən qırğızları ram etmək sovet hakimiyyətinə o qədər də asan başa gəlməmişdir.
"Qırğız" etnoniminin mənşəyi mübahisəlidir. Gənc türkoloq, Qırğızıstanda Şimali Kipr Türk Cümhuriyyətinin nümayəndəsi işləmiş dostum Doktor Ərxan Arıqlı qeyd edir ki, Çin qaynaqlarında adları Kien-kun, Ki-ku, Kie-kou şəklində transkripsiya edilən "qırğız" adı Gök türkcə yazılı mətnlərdə "kırkız", Tibetcə qaynaqlarda Gir- kis şəklindədir... Bu adın "Kır" ilə "gir" sözlərinin birləşməsindən meydana gəlib "çöl gəzən" mənasında olması ilə yanaşı, "kırk" və "yüz" saylarının birləşməsindən təşəkkül etməsi ideyası da irəli sürülmüşdür.
Doktor Ərxan Arıqlı "qırğız" adının "Kırk Oğuz"dan gəlməsi, yəni qırğızların qədim oğuz mənşəli olmaları barədəki məşhur mülahizəni də yada salır: "Qırğızların Oğuz xanın iyirmi dörd komandanından törəndiyi, yəni qırx Çinli qızın Oğuz bölgəsinə gəlib onlarla evlənməsindən doğulan uşaqların "Kırk Oğuz" adıyla anıldığı barədə əfsanələr mövcuddur".
"Qırğız" etnoniminin daha bir sıra etimoloji şərhlərini vermək olar... Bunlardan hansının daha elmi, daha dəqiq olduğunu demək çətindir, ancaq etiraf etmək lazımdır ki, hamısında azacıq da olsa, həqiqət vardır.
Nədənsə, həmişə mənə elə gəlirdi ki, Qırğızıstanda qırğızlardan sonra ən çox yayılan türk xalqı qazaxlardır, ancaq elə deyilmiş. Özbəklər daha çox imiş, haradasa 15 faizə qədər.
Qırğızıstanın ərazisi 200 min kvadratkilometrə, əhalisi 6 milyona qədərdir. Ancaq tamamilə təbiidir ki, dünyada yaşayan qırğızların ümumi sayı daha çoxdur. Ölkənin gözəl təbiəti, gəzməli- görməli yerləri var, ancaq təəssüf ki, hələlik turizmin inkişafından danışmaq çətindir. Bunun həm iqtisadi, həm də ictimai- siyasi səbəblərini göstərmək olar, əsas məsələ isə həmin səbəbləri tezliklə aradan qaldırmaqdan, ölkənin təbii gözəlliklərini - dağlarını, çöllərini, göllərini dünya üçün açmaqdan ibarətdir.
Bu sətirləri yaza-yaza İssık Kulda keçirdiyimiz günləri xatırlayıram. Dəniz səviyyəsindən çox yüksəkdə qərar tutmuş, təbiətin gözəl əsəri olduqca maraqlı, ürəkaçan mənzərələrlə zəngindir. Gəmidə üzə-üzə qırğızların dadlı yeməklərindən yemək, ətrafı seyr etmək, göldə çimmək, təmiz dağ havası ilə ciyərlərini doldurub dünyadan ləzzət almaq!..
Qırğızıstanda yağışlar az yağır, ancaq o, dünyanın su ilə ən zəngin ölkələrindən biridir. Tanrı dağlarına yağan qarların əriməsindən yaranan bulaqlar, çaylar, göllər, xüsusilə, İssık Kul Qırğızıstanın böyük su ehtiyatını təşkil edir. Çaylar üzərində qurulmuş çoxlu su elektrik stansiyaları ölkəyə lazım olduğundan da artıq enerji verir.
Mən Tanrı dağlarının zirvələrini həm Qırğızıstandan, həm də Qazaxıstandan çox seyr etmişəm.Və etiraf etməliyəm ki, bu ilahi gözəlliyi çox az yerdə görmüşəm - Tanrı dağlarına baxanda ürəyi atlanmayan bir türkü təsəvvür etmək çətindir.
Qırğızıstan kənd təsərrüfatı ölkəsidir. Çox- çox qədimlərdən qırğızların əsas məşğuliyyəti olan heyvandarlıq bugün də ölkə iqtisadiyyatının əsasını təşkil edir. Bununla belə oturaq həyata keçdikdən sonra əkinçilikdə də kifayət qədər böyük uğurlar qazanılmışdır. Konserv istehsalı - qida sənayesinin bu mühüm sahəsi xeyli inkişaf etmişdir.
Qırğızıstanın böyük sənaye
potensialı vardır. Buraya zəngin yeraltı qaynaqlar,
elektrik enerjisi daxildir. Və bu potensialı gerçəkləşdirmək
üçün, qırğızların intellektual
imkanları, yaradıcılıq qabiliyyəti də az deyil. Hələlik
çatışmayan bir şey varsa, o da daxili ictimai sabitlik,
yaxud cəmiyyətin iradəsinin istiqamətləndirilməsindən
ibarətdir. Son hadisələr bu barədə
də nikbin fikirdə olmağa əsas verir.
Keçən ilin oktyabrında Bişkekdə
Qırğızıstanın müstəqilliyinin 20 illiyi
münasibətilə böyük bir beynəlxalq konfrans
keçirildi.
"Müstəqil
Qırğızıstanın qurulmasında parlamentin rolu"
adlansa da, konfransın mövzusu daha geniş idi. Konfransı Coqorku Keneşin
(Qırğızıstan parlamentinin) törağası (sədri)
Əhmədbek Gəldibekov açdı. Müvəqqəti
hökumətin başçısı Roza Otumbayeva, həqiqətən,
yüksək səviyyəli bir çıxış etdi.
Qırğızıstanın nüfuzlu dövlət
adamlarının, elm xadimlərinin məruzələrindən
mən bütün aydınlığı ilə dərk etdim
ki, nə qədər ciddi problemlərlə, təhlükələrlə
üzləşsələr də, qırğızlar bu iyirmi
ildə dövlət quruculuğu sahəsində xeyli uğur
da qazanmışlar. Ata Yurd, Sosial Demokrat, Ar-Namus, Respublika, Ata
Məkan kimi siyasi partiyalar yaranmış, milli dövlətçilik
təcrübəsi formalaşmışdır.
Qırğızıstan Prezidenti Almazbek Atambayevin necə
demokratik bir seçimlə hakimiyyətə gəldiyini
bütün dünya izlədi. Prezidentliyinin 2011- ci
ilin son aylarına düşən ilk günlərindən
verdiyi bəyanatlarından da özünü müstəqil
respublikanın müstəqil prezidenti kimi təqdim elədi.
"Sözsüz, Qırğızıstanı öz ordusu,
öz sərhədləri qorumalıdır" - deyən
Almazbek Atambayev onu da əlavə edir ki,
"Qırğızıstan müstəqil ölkədir,
bunu anlamalıdırlar...İlk növbədə, biz
özümüz bunu dərk etməliyik, fikirləşməməliyik
ki, kiminsə xətrinə dəymişik, indi bizə necə
münasibət bəsləyəcəklər və s. Biz
kiminsə köləsi deyilik..."
Müdrik
bir misalı bir daha xatırlatmaq yerinə
düşərdi: Düşmənə qalib gəlmək
üçün hər şeydən əvvəl özünə
qalib gəlməlisən... Bunun
üçünsə qırğızların tarixindən nə
qədər desəniz nümunə gətirmək olar. Almazbek Atambayevin sözləri ilə desək, sərhədləri
nə vaxtsa Sibirdən Xəzərə qədər uzanan
qırğızlar bugün bir parça torpaqda dövlət
qurmağa məcbur olmuşlar. Əlbəttə,
qırğızların (və dünyanın!) tarixi
yaddaşından hələ silinməmiş möhtəşəm
hərbi qüdrəti (və ilk orta əsrlərin
böyük imperiyalarından birini yaratmaq təcrübəsi)
bu xalqın kiminsə köləsi olması ideyasını tamamilə
istisna edir.
Müstəqilliyin ilk illərində
Qırğızıstana keçmiş kommunist lider Əskər
Akayev rəhbərlik etdi. Onun necə bir rəhbər
olduğu, ölkəsinin inkişafında hansı rolu
oynadığı barədə ətraflı müzakirə
açmaq istəməzdim. Ancaq bir
faktı qeyd etmək lazımdır ki, xalq lideri müəyyən
dövrdən sonra qəbul etmirsə, ona qarşı üsyan
qaldırırsa, deməli, məsələ aydındır.
Əskər Akayevin Ermənistana gəlməsi bir yana, İrəvanda yalançı
soyqırım abidəsini ziyarət edib onun
qarşısına çələng qoyması da bizləri -
türk qardaşları xeyli narazı
salmışdı.Türkdilli Dövlətlərin Parlament
Assambleyasının yaradılması ərəfəsində
bu hərəkət ermənilərin ağzına dil verdi. Onlar Türk birliyinin bir xülya olduğunu iddia eləməyə
başladılar.
Əskər Akayevdən sonra hakimiyyətə gələn
Bakiyev də axıra qədər duruş gətirə bilmədi. Onun hakimiyyətinin
son günlərində Bişkekdə Dialoq Avrasiya
Platformasının toplantısını keçirirdik. Qeyd etmək lazımdır ki, həmin qurumun
yaradıcılarından biri, bəlkə də birincisi
böyük Çingiz Aytmatov olmuşdu. Gərgin
günlər idi. Hamımız hiss edirdik ki, nə isə
qeyri- adi hadisələr baş verir. Daxili
narazılıqları xaricdən olan müdaxilələr daha
da qızışdırır, vəziyyəti xeyli mürəkkəbləşdirirdi.
Əsəblərin gərginləşməsi,
ictimai ovqatdakı stress özünü hər yerdə
göstərirdi.
Qırğızıstan cəmiyyətini uzun zaman davam
edən stressdən xanım Roza Otumbayeva çıxardı. Bu bəstəboy,
simpatik xanım həm ABŞ, həm də Rusiya ilə
anlaşılmazlıqları müvəqqəti də olsa
aradan qaldırdı, qırğızları təmkinli bir
şəraitdə düşünməyə
çağırdı və xalqın mütəşəkkilliyinə
nail olmağı bacardı. Türk PA
müşahidə qrupunun başçısı kimi
Bişkekdə son prezident seçkilərini izlərkən
artıq görürdüm ki, əvvəlki gərginlikdən
əsər- əlamət, demək olar ki, yoxdur. Seçkidə bütün siyasi partiyalar, ən
böyüyündən başlamış ən kiçiyinə
qədər, iştirak edirdi; hər bir ictimai qüvvə
özünü nümayiş etdirməkdə, mövqeyini
ortaya qoymaqda tamamilə azad idi. Bu da gələcək
(artıq isə hazırki) prezidentin siyasi- ictimai nüfuzuna bəri
başdan təminat verirdi.
Son illərə qədər Qırğızıstanın
hər hansı rəsmi seçki ilə deyil,
istedadının səviyyəsi ilə təbiət tərəfindən
seçilmiş bir nüfuz sahibi də vardı. Çingiz Aytmatov! Onu yalnız birbaşa həmvətənləri
deyil, bütün türklər özlərininki hesab edirdilər.
Hələ sovet dövründə mən bu
böyük yazıçı haqqında, sonralar həm
Türkiyədə, həm də İranda çap olunan bir məqalə
yazıb dərc etdirmişdim. Adı
"Böyük mədəniyyətin övladı, yaxud
varisliyin poetikası" idi. İyirmi il
sonra Çingiz Aytmatovla tanış olanda bir neçə dəfə
cəhd etdim ki, məqaləni ona verəm, ancaq cəsarət
eləmədim. Məqalədə mütəfəkkir
sənətkarın yaradıcılığının qədim
(ümum) türk mənbələrinin (əslində, mənşəyinin!)
müəyyənləşdirilməsinə
çalışılır, onun
böyüklüyünün (dahiliyinin!) genezisi, etnoqrafik əsasları
şərh olunurdu.
Çingiz
Aytmatovla Bişkekdə, Bakıda, Türkiyədə, hətta
Moskvada görüşmək, onun təmkinli, təvazökar
və müdrik söhbətlərinə qulaq asmaq mənə
qismət olub. Və böyük mütəfəkkirin,
sənətkarın şəxsində daha dərindən
inanmışam ki, biz nə qədər zəngin bir mədəniyyətin
varisləriyik. Bakıda dünya
şöhrətli yazıçının Nobel
mükafatı alması üçün
çalışacaq, təbliğat aparacaq ictimai bir komitə
yaratdıq. Prinsip etibarilə, etiraz eləmədi, ancaq
açıqca dedi ki, çox çətin məsələdir,
Nobel mükafatı almaq üçün elə "şərtlər"
var ki...
Qırğızları (və Qırğızıstanı) Azərbaycana yaxınlaşdıran, əlaqələri sağlam saxlayan bir qüvvə də var, o da taleyini Qırğızıstanla bağlamış azərbaycanlılardır ki, onların içərisində dostum Nüsrət Məmmədovun xidmətlərini ayrıca qeyd etmək istərdim. Nüsrət bu işə o qədər aludə olub ki, bir adam onun yanında icazəsiz Qırğızıstanın, yaxud Çingiz Aytmatovun adını çəkə bilməz. Onun ardıcıl fəaliyyəti sayəsində son illər Bişkekdə Azərbaycanla bağlı onlarca bədii, elmi, siyasi ədəbiyyat - kitablar, məqalələr çap olunub, beynəlxalq məclislər keçirilib, görüş-müzakirələr təşkil edilib.
Əlbəttə, bu qədər işlərin məsuliyyətini öz üzərinə götürsə də, Nüsrət tək deyil. Kifayət qədər nüfuzlu Qırğızıstan azərbaycanlılarından, onların diaspor təşkilatlarından bəhs etmək olar. Əlbəttə, Azərbaycanın Qırğızıstandakı fövqəladə və səlahiyyətli səfiri Arif Ağayevin xidmətlərini ayrıca qeyd etmək lazımdır.
Qırğızıstan deyəndə şair-alim dostum Adil Cəmilin adını da çəkməliyəm. O, əvvəl "Manas"ı Azərbaycan dilinə çevirmək kimi məsuliyyətli bir işin altına girdi, sonra isə eposun türk dastançılıq ənənələri ilə əlaqəsindən maraqlı bir elmi əsər yazdı.
Zahirən qırğızlar, bəlkə də, bir qədər soyuq, etinasız görünürlər, ancaq əslində, belə deyil. Bu zahiri soyuqluğun, etinasızlığın arxasında daxili (və təbii!) bir səmimiyyət, istilik var.
Qırğızları (və Qırğızıstanı) düzgün dəyərləndirmək üçün onu hiss etmək gərəkdir... "Manas"dakı kimi, Çingiz Aytmatovdakı kimi.
Nizami CƏFƏROV,
Milli Məclisin komitə sədri,
Azərbaycanda Atatürk Mərkəzinin
direktoru, AMEA-nın müxbir
üzvü
Xalq qəzeti.- 2012.- 29 mart.- S. 6.