"Eurovision-2012"
mahnı müsabiqəsi, erməni yalanları və həqiqətlər
Azərbaycanın son illər ərzində
qazandığı möhtəşəm uğurlar beynəlxalq
ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir.
Sevindirici haldır ki, artıq dünya birliyi
respublikamızın Cənubi Qafqaz regionun aparıcı
ölkəsi kimi iqtisadi, intellektual və informasiya mərkəzinə
çevrildiyi həqiqətini qəbul edir. Bu da səbəbsiz
deyil. Çünki Azərbaycan Respublikası 1993-cü ildən
etibarən sürətlə inkişaf edən, müasirləşən
demokratik və dünyəvi ölkə kimi özünü
dünyaya tanıda bilmişdir.
Əsası
ulu öndər Heydər Əliyev tərəfindən
qoyulmuş çoxvektorlu, müstəqil, ölkənin
geostrateji maraqlarının maksimum təmin olunmasına yönəlmiş
xarici siyasət kursu Prezident İlham Əliyev tərəfindən
müasir dövrün reallıqları nəzərə
alınmaqla uğurla davam etdirilmiş, Azərbaycanda qısa
dövr ərzində mühüm iqtisadi və sosial layihələr
həyata keçirilmiş, əhalinin rifah halının
yüksəldilməsi, yoxsulluğun və işsizliyin aradan
qaldırılması sahəsində inqilabi nəticələr
əldə olunmuşdur. 20 il ərzində Azərbaycan
dünya xəritəsində özünə layiq yer
tutmuş, dünya birliyinin mütləq əksəriyyətinin
rəğbətini, hörmətini, inamını qazana
bilmişdir. 2011-ci il oktyabrın 24-də ölkəmizin 155
dünya dövlətinin dəstəyi ilə BMT Təhlükəsizlik
Şurası kimi mötəbər bir quruma qeyri-daimi üzv
seçilməsi, bundan əvvəl həmin il mayın 14-də
Almaniyanın Düsseldorf şəhərində keçirilən,
43 ölkənin iştirak etdiyi 56-cı "Eurovision-2011"
mahnı müsabiqəsində Azərbaycanın qələbə
qazanmasının təməlində də rəsmi
Bakının həyata keçirdiyi uğurlu daxili və
xarici siyasət durur.
Qürurla
deyə bilərik ki, bizim uğurlarımıza sevinən
strateji tərəfdaşlarımızın,
dostlarımızın sayı kifayət qədər
çoxdur. Amma nailiyyətlərimizə qısqanclıqla
yanaşan, hər cəhdlə ölkəmizə qara
yaxmağa, onun beynəlxalq aləmdə qazandığı
dünyəvi, demokratik, hüquqi, tolerant ölkə imicinə
zərbə vurmağa çalışan qüvvələr də,
bədxahlar da vardır. Onları bir neçə qrupa bölmək
olar. Məlumdur ki, bizim əsas düşmənlərimiz
dünya erməniliyi və onların təsiri altında olan
daxili və xarici maraq qruplarıdır. Ermənilər Azərbaycanda
keçiriləcək "Eurovision-2012" mahnı
müsabiqəsinə kölgə salmaq üçün hər
cür vasitələrə əl atırlar. Belə ki, son
vaxtlaradək Ermənistanı Azərbaycanda keçiriləcək
"Eurovision-2012" mahnı müsabiqəsində əslən
Bakıdan olan və hazırda Amerika Birləşmiş
Ştatlarında yaşayan Lusina Mun adlı sənətçinin
təmsil edəcəyi barədə xəbərlər
yayılırdı. L. Mun öz açıqlamalarında
Bakıya gedəcəyi günü səbirsizliklə gözlədiyini
və müsabiqədə həvəslə iştirak edəcəyini
bildirmişdi. Lakin martın 7-də yayılan xəbərlərə
görə, Ermənistan tərəfi "Eurovision-2012"
mahnı müsabiqəsində iştirakdan imtina edib. Göstərilən
səbəb isə hətta müsabiqənin təşkilatçıları,
beynəlxalq ictimaiyyət tərəfindən də ironiya ilə
qarşılandı. Guya, tolerantlıqdan uzaq olan Azərbaycan
Ermənistana və dünya erməniliyinə qarşı
düşmənçilik edir. Ona görə də belə
bir ölkədə erməni təmsilçisinin
iştirakı yolverilməzdir. Çox gülünc bir
arqumentdir, deyilmi? 1992-ci il fevralın 26-da əli yüzlərlə
xocalının qanına batmış cinayətkar Serj Sarkisyan
və onun terrorçu komandası görün Azərbaycanı
nə ilə ittiham edir? Heç şübhəsiz,
"Eurovision-2012" mahnı müsabiqəsində imtina da əliqanlı
Sarkisyanın erməni təmsilçisinə və ölkənin
İctimai teleradio şirkətinə təzyiqləri nəticəsində
baş vermişdir.
Məsələyə
ilk reaksiya Avropa Yayımları Birliyindən gəldi. Birliyin
"Eurovision" Mahnı Müsabiqəsinin rəhbəri Yan
Ola Sand bildirdi ki, Avropa Yayımları Birliyi və ev sahibi
yayımçının Ermənistanın mahnı müsabiqəsində
tam rahat iştirakı üçün səylərinə
baxmayaraq erməni tərəfi əsassız və təəssüf
doğuran bir qərar qəbul edib. Cənab Yan Ola Sandın
sözlərindən anlaşılır ki, Ermənistanın
ölkəmizi milli, dini dözümsüzlükdə ittiham
etməsi tam əsassızdır. Əminliklə demək olar
ki, beynəlxalq ictimaiyyət çoxmillətli və
çoxkonfessiyalı Azərbaycan Respublikasının
tolerantlıqda, milli və dini dözümlülükdə
nümunə olduğunu qəbul edir. Fakt üçün diqqətə
çatdıraq ki, Azərbaycanda yüzdən artıq məscid,
11 kilsə, 6 sineqoq fəaliyyət göstərir.
Bütün bunlar bir daha təsdiq edir ki, bu gün öz
tarixinin silinməz möhtəşəm səhifələrindən
birini yazan müstəqil Azərbaycan müxtəlif
xalqların, millətlərin və din xadimlərinin birgə
yaşadığı, mədəniyyətlərin
qovuşduğu müqəddəs məkan olmuşdur. Məhz
bunun nəticəsidir ki, müxtəlif dinlərin rəhbərləri
və təmsilçiləri əldə etdiyimiz böyük
nailiyyətləri - tolerantlığımızı,
din-dövlət münasibətlərində
qazanılmış dəyərləri və qlobal problemlərin
həlli yollarında bizimlə birgə əməkdaşlıq
nümayiş etdirmək üçün Bakıda
keçirilən beynəlxalq miqyaslı müxtəlif mötəbər
tədbirlərdə həvəslə iştirak edirlər.
Digər tərəfdən, Azərbaycanda Ermənistana qarşı mənfi münasibətin formalaşmasının ən birinci səbəbi elə ermənilərin özləri və onların bizim torpaqlar üzərində qurduqları dövlət deyilmi? Hər kəsə məlumdur ki, Ermənistan silahlı qüvvələri 20 ildir ki, torpaqlarımızın 20 faizini işğal altında saxlayır, erməni təcavüzü nəticəsində minlərlə azərbaycanlı soyqırıma məruz qalıb, öz ata-baba yurdundan didərgin salınıb. Bu gün Azərbaycanda bir milyonadək qaçqın və məcburi köçkün vardır və onların evləri ermənilər tərəfindən zəbt edilib, dağıdılıb, malları-mülkləri əllərindən alınıb, övladları, ataları, anaları, bacı və qardaşları qətlə yetirilib, min cür işgəncələrə məruz qalıblar. Vəziyyət belə ikən, bəyəm, biz Ermənistana və vəhşi ermənilərə "sevgi bəsləməli", "gül dəstəsi" göndərməliyik?! Görəsən, erməni tərəfi bütün bunlara baxmayaraq, hələ də Azərbaycanda və paytaxt Bakıda yüzlərlə erməninin tam rahat və firavan həyat sürdüklərini, Ermənistanda isə bir nəfər də azərbaycanlı yaşamadığını niyə açıq-aşkar bəyan etmək istəmir? Özlərinin çirkin simalarının ortaya çıxacağındanmı qorxurlar?
Ermənilərin azərbaycanlılara qarşı soyqırımı təkcə, 1992-ci ildə Xocalıda baş verməyib. Bu siyasətin təməli 1988-ci ildən də qoyulmayıb. Artıq hamıya məlumdur ki, IV-XIX əsrlər ərzində öz dövlətlərinə malik olmayan ermənilər "Böyük Ermənistan" xülyasını gerçəkləşdirmək üçün çar Rusiyasının imperiya siyasətindən alət kimi istifadə etmişlər. Azərbaycanda XIX-XX əsrlərdə baş verən bütün faciələr torpaqlarımızın zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi kütləvi qətliamların ayrı-ayrı mərhələlərini təşkil etmişdir. 1813-1828-ci illər Rusiya ilə İran arasında gedən iki müharibənin nəticəsində imzalanmış Gülüstan (12 oktyabr 1813-cü il) və Türkmənçay (10 fevral 1828-ci il) müqavilələri Azərbaycan xalqının tarixində faciəvi rol oynamış və Azərbaycanın parçalanmasına gətirib çıxarmışdır. Həmin dövrdən başlayaraq çar Rusiyasının himayəsindən faydalanan ermənilər əzəli topaqlarımız olan Qərbi Azərbaycan ərazisində dövlət yaratmaq üçün öz çirkin niyyətlərini müxtəlif iyrənc yollarla həyata keçirməyə başlamışlar. Azərbaycanlılara qarşı törədilən kütləvi qətliamlar isə 1905-ci ildən etibarən daha geniş miqyas almışdır.
Tanınmış tarixçi və yazar Nazim Mustafanın apardığı araşdırmalara görə, 1905-1906-cı illərdə İrəvan və Gəncə quberniyalarının 200, Şuşa, Cəbrayıl və Zəngəzurun isə 75 azərbaycanlı kəndini ermənilər talan ediblər. Statistik məlumatlara əsasən demək olar ki, 1905-1907-ci illərdə baş verən hadisələrdən sonra azərbaycanlılara qarşı kütləvi repressiyalar gizli şəkildə aparılıb. 1916-cı ilin məlumatları göstərir ki, 1831-ci illə müqayisədə həmin il İrəvan quberniyasının 5 əyalətində əhalinin sayı 40 dəfə artaraq 14 min 300-dən 570 min nəfərədək yüksəlmişdir. Ancaq həmin zaman kəsiyində azərbaycanlıların sayı cəmi 4,6 faiz artaraq 246 min 600 nəfər təşkil edib. Yaxud başqa bir nümunə, əgər 1886-1897-ci illərdə əhalinin mütləq artımı 40 min nəfər olubsa, 1905-1916-ci illərdə bu rəqəm cəmi 17 min nəfər olub. Halbuki hələ 1905-ci ildə 1886-cı illə müqayisədə əhalinin sayı 61 min nəfər çox olub. Bu rəqəmlər çar Rusiyasının idarəçiliyi dövründə erməni millətçilərinin şovinist siyasətini həyata keçirməsindən, "Türksüz Ermənistan" planının reallaşdırılması istiqamətində azərbaycanlıların qovulmasından xəbər verir.
1918-1920-ci illər Birinci dünya müharibəsindən sonra Rusiyada yaranmış vəziyyətdən istifadə edən ermənilər 1917-ci ildə baş vermiş fevral və oktyabr inqilablarından sonra öz istəklərinə bolşevizm bayrağı altında nail olmağa cəhd edirlər. Bakı Soveti əksinqilabi elementlərlə mübarizə şüarı altında 1918-ci ilin əvvəllərindən başlayaraq bütün Bakı quberniyasında yaşayan azərbaycanlıların çıxarılması məqsədlərini güdən cinayətkar planın reallaşdırılmasına başlayırlar. 1918-ci ilin mart-aprel aylarında isə qanlı hadisələr zirvə nöqtəsinə çatır. O aylarda ermənilər tərəfindən törədilən cinayətlər Azərbaycan xalqının yaddaşında silinməz iz qoyub. Təkcə milli mənsubiyyətinə görə minlərlə dinc azərbaycanlı məhv edilib. Ermənilər evləri yandırır, insanları diri-diri oda atırdılar. Onlar tərəfindən milli memarlıq abidələri, məktəblər, xəstəxanalar, məscidlər və digər tikililər dağıdılır, azərbaycanlıların soyqırımı xüsusi qəddarlıqla Bakı, Naxçıvan, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Lənkəran və Azərbaycanın digər ərazilərində həyata keçirilir. Bu torpaqlarda kütləvi qaydada dinc əhali qırılmış, kəndlər yandırılmış, milli mədəniyyət abidələri məhv edilmişdir. 1918-ci ilin mart-aprelində Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda ermənilər 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşdur. Təkcə Bakıda 10 minə yaxın azərbaycanlı xüsusi qəddarlıqla öldürülüb, Şamaxıda 58 kənd dağıdılmış 7 min nəfər (1653 qadın, 965 uşaq) məhv edilmişdir. Quba ərazisində 122, Qarabağın dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan quberniyasında 211, Qars əyalətində 92 kənd yerlə yeksan olunmuş, əhali üzərində yaş və cinsə məhəl qoymadan qətliam həyata keçirilmişdir. İrəvan azərbaycanlılarının çoxsaylı müraciətlərinin birində ("Aşxadavor" ("Əməkçi") qəzeti, 2 noyabr 1919-cu il) göstərilirdi ki, azərbaycanlıların bu tarixi şəhərində və onun ətrafında qısa zaman ərzində 88 kənd dağıdılmış, 1920 ev yandırılmış, 131 min 970 nəfər isə öldürülmüşdür.
1948-1953-cü illər Sovet hakimiyyəti illərində ermənilər adət etdikləri metodlarla azərbaycanlıların daimi yaşadıqları Ermənistan SSR-dən çıxarılmasını, eləcə də qonşu respublikaların torpaqları hesabına öz ərazilərini böyütməkdə davam ediblər. 1943-cü ildə Tehranda keçirilən konfransda ermənilər İranda yaşayan ermənilərin Sovetlər Birliyinə köçürülməsinə icazə verilməsi xahişi ilə SSRİ xarici işlər naziri Molotova müraciət edirlər. Bu məsələdə Stalinin razılıq verməsi faktiki olaraq azərbaycanlıların 1948-53-cü illərdə kütləvi şəkildə Ermənistandan deportasiya olunmasının əsasını qoyub.
1988-ci ildən başlayaraq ermənilər əvvəlki ssenarilərini yenidən həyata keçirməyə başladılar. Nəticə etibarilə 1991-ci il avqustun 8-də sonuncu azərbaycanlı kəndi Nüvədidən (18 fevral 1929-cu ildə Ermənistanın tərkibinə verilib) əhalinin çıxarılmasından sonra Ermənistan faktiki olaraq monomillətçi dövlətə çevrildi və "Türksüz Ermənistan" kimi daşnak ideyası reallaşdı. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə 613 nəfər xocalı sakini şəhid oldu. Onlardan yalnız 335 nəfərinin meyitini dəfn etmək mümkün olub. 1275 nəfər dinc sakin girov götürülüb, onlardan 150 nəfərinin taleyi bu gün də məlum deyil. I Qarabağ müharibəsinin davam etdiyi 1994-cü il mayın 12-dək (atəşkəsin imzalandığı günədək) Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağ vilayətini və ətraf 7 rayonu işğal edərək dağıtdı, yüzlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi, 1 milyonadək insan doğma yurdundan didərgin düşdü. BMT Təhlükəsizlik Şurası Azərbaycan torpaqlarının qeyd-şərtsiz işğaldan azad etmək barədə 4 qətnamə qəbul etsə də, Ermənistan və onun cinayətkar hakimiyyəti buna məhəl qoymadı və bu gün də məhəl qoymur, dünya birliyinin sülh çağrışlarına və status-kvonun qəbuledilməz olduğuna dair ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatlarına əhəmiyyət vermir.
Bütün bunları törədən ermənilər və onların Qərbi Azərbaycan torpaqları üzərində qurduqları işğalçı Ermənistan dövləti utanmadan, həyasızcasına Azərbaycanı və azərbaycanlıları düşmənçilikdə ittiham edir. Rəsmi İrəvan iqtisadi cəhətdən sürətlə inkişaf edən ölkəmizin beynəlxalq aləmdə nüfuzunun daha da artmasından təlaşa qapılaraq əsassız və mənasız arqumentlər səsləndirir. "Eurovision-2012" mahnı müsabiqəsində iştirakdan imtina etməklə, sanki nəyəsə nail olacaqlarına ümid bəsləyirlər. Ancaq özlərini növbəti dəfə yazıq və əzilmiş bir xalq kimi qələmə vermək onlara fayda verməyəcək. Necə deyərlər, qorxunun əcələ faydası yoxdur. Artıq dünya birliyi həqiqətləri bilir. Ölkəmizin artan nüfuzu nəticəsində fəaliyyət imkanları genişlənən Azərbaycan diaspor təşkilatları həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün böyük işlər görürlər. Rəsmi Bakının uğurlu, müstəqil siyasəti, prinsipial mövqeyi, etibarlı tərəfdaş kimi qəbul olunması bütün maneələrin açılmasına imkan verir. Azərbaycan artıq dünya birliyinin mütləq əksəriyyətinin rəğbətini, hörmətini, inamını qazanıb. Ona görə də ermənilərin və qatil Serj Sarkisyanın ölkəmizə qarşı atdığı bütün addımlar nəticə verməyəcək, bu istiqamətdə göstərdiyi bütün cəhdlər elə cəhd olaraq qalacaqdır.
Rauf ƏLİYEV
Xalq qəzeti.- 2012.- 30 mart.- S. 9.