Neftçala: Kür Xəzərə, ürəklər arzulara qovuşur

 

Türkiyədə Qars yaylası, Ərdəhan, Gürcüstanda Borjomi, Qori, Tbilisi, Rustavi, ölkəmizdə isə Mingəçevir, Yevlax, Zərdab, Sabirabad, Şirvan və Salyan şəhərləri kimi Neftçala da Kür çayının sahilində yerləşir. Kür Xəzərə məhz Neftçalada qovuşur. Buna görə də hələ Salyan ərazisindəykən, şir heykəllərinin "keşik" çəkdiyi körpüyə çatanda köpürüb daşan Kürə baxınca adam artıq özünü deltada hiss etməyə başlayır. Halbuki, buradan Neftçalaya hələ 55-60 kilometr yol qalır. "Nur qatarı" Kür bu məsafəni də şütüyüb qurtarandan sonra mərcan balıqları ilə bərabər dənizin sularına qarışır. Neftçala sakinlərinin də daim arzu ümmanına can atmaları bəlkə elə Kürə bağlılıqları ilə əlaqədardır.

 

Neftçala ölkəmizin nisbətən gənc rayonlarından olsa da, bu diyarın tarixi qədimdir. Elmi mənbələrə görə, XIII əsrdə Türküstan çöllərindən Qafqaza gələn Oriyat türk tayfasının bir qismi buralarda məskunlaşıb. 1868-ci ilə aid "Cavad qəzasının xəritəsi"ndə iki Oriyat kəndi göstərilib: Böyük Oriyat və Təzə Oriyat. 1873-cü ilin kameral siyahıyaalmasında isə ərazi bir kənd kimi qeyd olunub. Hazırkı Neftçala yüz minədək əhalisi olan, əlli bir yaşayış məntəqəsindən ibarət bir rayondur. İqtisadiyyatının əsasını neft və qaz hasilatı, əkinçilik və heyvandarlıq təşkil edir. Şimaldan Şirvan milli parkının bir hissəsi, cənubdan Qızılağac qoruğu, şərqdənsə mavi xəzər Neftçalanın təbiətinə pozulmaz naxışlar vurur.

Ulu öndər Heydər Əliyev 1940-cı ildə yaradılmış, 1959-cu ildə isə ləğv edilərək Salyan rayonu ilə birləşdirilmiş Neftçalanın 1973-cü ildə bərpasının müəllifi olub. Unudulmaz dahi şəxsiyyətin 1979-cu ildə Neftçalaya səfərini sakinlər iftixarla xatırlayırlar. O zaman rayonda geniş quruculuq işləri aparılıb, müəssisələr yaradılıb. Sənaye və kənd təsərrüfatı inkişaf edib. 2003-2007-ci illərdə Prezident İlham Əliyevin Neftçalaya səfərləri də rayonun tarixində yaddaqalan səhifələrdəndir.

Ölkə rəhbəri magistral yollardan kənarda yerləşən Neftçalanın diqqət və qayğıdan kənarda olmadığını dəfələrlə vurğulayıb: "Mən xatırlayıram, Neftçala rayonuna ötən səfərimdə burada - Xıllı qəsəbəsində balıqartırma zavodunun açılışında iştirak etmişdim, insanlarla görüşmüşdüm. Azərbaycanın hər bir guşəsində, hər bölgəsində əldə olunan uğurlar məni çox sevindirir, mənə dəstək olur. O cümlədən Neftçalada gördüyüm dəyişikliklər, inkişaf, insanların ümumi işimizə inamı mənə əlavə güc verir. Bu dəstəyə, bu inama arxalanaraq mən də çalışıram ki, doğma xalqıma ləyaqətlə xidmət edim və Azərbaycanın hər bir rayonunun, hər bir qəsəbəsinin, kəndinin problemləri aradan qaldırılsın, öz həllini tapsın".

Dövlət müstəqilliyimizin bərpa olunduğu 20 ildə, xüsusən də İlham Əliyevin dövlət başçısı olduğu dövrdə Neftçala xeyli dəyişib və gözəlləşib. Ötən hər il rayonun salnaməsinə tərəqqi və yüksəliş səhifəsi kimi yazılıb. Bu baxımdan artıq tarixə çevrilmiş 2011-ci il də istisna deyil. Ötən il rayonda ümumi məhsul istehsalının həcmi əvvəlki ilə nisbətən 13 faiz artaraq 52,1 milyon manat olub. Onun tərkibində sənaye məhsulu 14,4 faiz, kənd təsərrüfatı məhsulu 45,4 faizdir. Ümumi məhsulun həcmində qeyri-dövlət bölməsinin payı 91,2 faizə çatıb. Ötən il rayonda 4 yeni müəssisə yaradılıb, 624 fiziki şəxs fəaliyyətə başlayıb, 638 daimi yeni iş yeri açılıb. Aqrar sahədə mövsümi işlərə 983 nəfər cəlb olunub. Ümumiyyətlə, son səkkiz ildə 4529 daimi iş yeri yaradılıb.

Hesabat dövründə rayonda fəaliyyət göstərən 12 sənaye müəssisəsi və bu sahədə fiziki şəxslərin fəaliyyəti nəzərə alınmaqla 21 milyon 876,7 min manatlıq məhsul istehsal olunub, iş və xidmətlər yerinə yetirilib. Sənayenin ümumi məhsulunda qeyri-dövlət bölməsinin xüsusi çəkisi 88,5 faiz təşkil edib.

Rayon üzrə orta aylıq əməkhaqqı 234,3 manatdır. Bu isə 2010-cu illə müqayisədə 15,4 faiz çoxdur. Ünvanlı dövlət sosial yardımı alanların sayı 1278 ailə olub, 138 kimsəsiz, ahıl və əlillərə sosial məişət xidməti göstərilib. Pensiya və müavinətlər əhaliyə vaxtında çatdırılıb. Kürqarabucaq kəndində bir nəfər Qarabağ əlili üçün fərdi yaşayış evi tikilib.

Sahibkarlığın inkişafına dəstək olaraq rayondakı bank və kredit təşkilatlarının filialları tərəfindən vətəndaşlara ümumilikdə 4123,5 min manat kredit verilib. Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına 4 nəfər sahibkar aqrar sahə üzrə investisiya layihələri ilə bağlı 50 min manat məbləğində güzəştli kreditlər alıb.

Ötən il rayonda fəaliyyət göstərən üç nərəbalıqartırma zavodu tərəfindən 2 milyon 997,2 min ədəd cins körpə balıq yetişdirilərək Kür çayı vasitəsilə Xəzər dənizinə buraxılıb ki, bu da əvvəlki ildəkindən iki dəfə çoxdur. 40071 hektar əkin sahəsindən 102 min ton taxıl yığılıb, məhsuldarlıq 1,5 faiz artıb. Bundan əlavə, rayonda 2109 ton tərəvəz, 374 ton kartof, 1240 ton bostan məhsulları istehsal olunub.

İlin yekununa görə, iribuynuzlu mal-qara 40927 baş, davar 118146 başdır. Əvvəlki illə müqayisədə iribuynuzlular 323 baş, qoyun və keçilər 2131 baş artıb, diri çəkidə 5959 ton ət, 20207 ton süd, 3330 min ədəd yumurta, 192,7 ton yun istehsal olunub. Ötən il 396 kilometr suvarma kanalı, 87 kilometr kollektor-dren lildən təmizlənib, 152 hidrotexniki qurğuda təmir aparılıb. "Aqrolizinq" ASC-nin Aqroservis filialında texnikanın sayı 117-yə çatıb, mineral gübrələrlə təminat yaxşılaşıb.

Rayon ərazisində abadlıq işlərinin keyfiyyətinə, memarlıq üslubunun saxlanmasına xüsusi önəm verilir. Tikinti, təmir, yol çəkilişi və kommunal xidmətlərin həcmi 1 milyon 566 min manat olub ki, bu da ötən ildəkindən çoxdur. Rayon ərazisində ümumi sahəsi 40 min kvadratmetrədək asfalt örtüyü salınıb. Şəhərin Heydər Əliyev prospektində yağış suları üçün 300 metr uzunluğunda açıq kanal sistemi qurulub.

Yaşayış binalarının təmiri, o cümlədən kanalizasiya xətlərinin dəyişdirilməsi, dam örtüklərinin təzələnməsi sahəsində çox iş görülüb. Neftçala şəhərindəki H.Əliyev prospekti yenidən qurulmağa başlayıb. Buradakı inzibati və yaşayış binalarının dam örtüyünün və fasadlarının yenidən qurulması, yeni geniş piyada yolunun salınması, "Xocalı" abidəsinin qranitlə üzlənməsi və ətrafının abadlaşdırılması diqqət çəkib. Prospektin mərkəzində nəhəng saat mexanizminin quraşdırılmasına başlanıb. Şəhər ərazisində olan xeyir-şər yerləri yenidən qurulub.

Təhsil sahəsinin də uğurları artıb. Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının rəsmi hesabatında ötən il ali məktəblərə qəbulda ən yüksək nəticə göstərmiş 10 rayon arasında Neftçala 5-ci olub. 2010-cu ildə ali məktəblərə tələbə qəbulu rayon üzrə 225 nəfər olmuşdusa, 2011-ci ildə bu rəqəm 242-ə çatıb. Başqa sözlə, abituriyentlərin 40 faizi tələbə adını qazanıb. Eyni zamanda, ötən il 600-dən yuxarı bal toplayan abituriyentlər 8 nəfər olub, 34 məzun isə 500-600 bal arası nəticə göstərib. Müvafiq Dövlət Proqramına əsasən və Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Yeniləşən Azərbaycana - yeni məktəb" devizi üzrə rayonda 2005-2011-ci illərdə 4 ümumtəhsil məktəbi inşa olunub ki, həmin məktəblər də kompyuter və lazımi tədris avadanlığı ilə təchiz edilib. Yerli büdcə hesabına isə neçə-neçə məktəb, uşaq bağçası əsaslı və cari təmir olunub. Dövlət vəsaiti hesabına ötən il inşasına başlanılmış 220 şagird yerlik Astanlı kənd tam orta məktəbi yeni dərs ilində istifadəyə verilib. 20 yerlik Mayak-1 kənd uşaq bağçasının tikintisi başa çatıb. Xıllı qəsəbə 2 saylı tam orta məktəbi üçün 220 yerlik binanın tikintisinə başlanılıb, 3 saylı uşaq bağçasının və Muğan liseyinin istilik sistemlərinin təmiri yekunlaşıb. Şəhər 2 saylı uşaq bağçasının əsaslı təmiri isə davam edir.

Ötən il təhsilin maddi-texniki bazasının yüksəldilməsi məsələsi də diqqət mərkəzində saxlanıb, bu məqsədlə müxtəlif adda inventar və tədris avadanlığı rayonun məktəblərinə verilib. Dövlət proqramına uyğun olaraq rayonun bütün müəllimləri informasiya və kommunikasiya texnologiyaları üzrə kurs keçib, 9 məktəb internetə qoşulub. Daha 10 məktəbin cari ildə internetə qoşulması nəzərdə tutulub.

Mərkəzi rayon xəstəxanası səhiyyə xidmətlərinin keyfiyyətini yaxşılaşdırıb. Xəstəxanaya xeyli yeni bərk və yumşaq inventar alınıb, dərmanların alınmasına 174 min manat vəsait xərclənib ki, bunun da əsas hissəsi imtiyazlı xəstələrə sərf olunub. Poliklinika şöbəsinin hər iki korpusunda, bəzi kabinetlərdə, Xolqaraqaşlı kənd sahə xəstəxanasında, Aşağı Qaramanlı və Aşağı Surra kənd həkim məntəqələrində təmir-bərpa işləri görülüb. Müalicəvi su və digər təbii mənbələrin olduğu ərazilərdə müasir obyektlərin yaradılması ilə əlaqədar müəyyən işlər görülüb. Rayon mərkəzindən 2 kilometr məsafədə yerləşən İstisu zonasında yerli investisiya hesabına yeni bina tikilib, ərazidə abadlıq, yaşıllaşdırma işləri aparılıb. Burada əhaliyə müasir xidmət növləri təklif edilir.

Kür çayının sahilində "Bulvar" kompleksinin tikintisinə başlanıb. Burada turizmin inkişaf potensialı nəzərə alınaraq turistlərin çay gəzintisi, çayda idman növləri, balıq ovu və müxtəlif istirahət növləri nəzərdə tutulur. "Turizm ili" çərçivəsində Xəzərin sahilində çimərlik turizminin inkişafı və yerli əhalinin istirahətinin daha yaxşı təşkili məqsədilə daxili imkanlar hesabına tədbirlər həyata keçirilib, dəniz sahilində sadə idman qurğuları və meydança yaradılıb, mövsümi iaşə xidmətləri təşkil edilib. Rayonda 4 Uşaq Gənclər İdman Məktəbi, 1500 yerlik stadion, 16 idman zalı, 49 sadə idman qurğusu var. İdmanın kütləviliyinin artırılması, idmançıların ustalıq səviyyələrinin yüksəldilməsi əsas məqsədlərdəndir. "İdman ili" ilə bağlı bir sıra tədbirlər planlaşdırılır.

Heydər Əliyev Mərkəzinin fəaliyyətinin təkmilləşdirilməsi üçün bir sıra işlər görülüb. Bu məqsədlə Mərkəzin saytı hazırlanıb, elektron kitabxana və Heydər Əliyev məktəbi, Gənc heydərçilər, Vətənpərvərlik dərnəyi yaradılıb. Kompyuter və rəsm kursları da fəaliyyət göstərir.

Göründüyü kimi, Neftçalada sosial sahə sürətlə inkişaf edir, insanların həyat şəraiti yaxşılaşır. Nəzərdə tutulan layihələrin uğurlu icrası sayəsində həyat daha da gözəlləşəcək.

 

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2012.- 30 mart.- S. 9.