Mart qırğınına Stepan Şaumyan və onun əlaltıları rəhbərlik
etmişlər
1918-ci ilin mart
qırğınları ermənilərin xalqımıza
qarşı törətdiyi ən ağır bəşəri
cinayətlərdəndir
Həmişə özgə
torpaqlarına göz dikən, ən yaxşı torpaqlarda
yaşamağı arzulayan ermənilər bu yolda hər
cür alçaqlıqlara razı olublar. Belə ki, hələ
1722-ci ildən başlayaraq Azərbaycanın Xəzər
sahillərinin işğalından yarınmağa
çalışan haylar çara üç dəfə
"yalvarmışlar ki, onlara Xəzər dənizi sahillərində
daimi yaşayış üçün yer versin". Bunu rus tarixçisi
P.Y.Butkov öz əsərində yazmışdır.
Rus
çarı böyük "əliaçıqlıq"
göstərərək 1724-cü ilin noyabr ayında
general-mayor Kropatova xüsusi əmr vermişdir. Əmrdə
deyilirdi: "Erməni xalqı bizdən xahiş etmişdir
ki, biz onları öz himayəmizə qəbul edib torpaqlar
ayıraq, ona görə də sizə tapşırıram ki,
əgər erməni xalqı bəyəndiyi yerdə
yaşamaq istəsə, ona kömək edib, ləyaqətlə
qoruyun... Onları öz himayəmizə
götürmüşük". Bir qədər sonra I Pyotr
general-leytenant Matyuşkinə də
tapşırmışdı ki, erməniləri və xristianları
rus ordusunun tutduğu əyalətlərdə - Gilanda,
Mazandaranda, Bakıda, Dərbənddə mehribanlıqla
qarşılayıb, yerləşdirsinlər...
Burada
Bakı ilə əlaqədar əmrlərdə
aşağıdakı sözləri xatırlamaq yerinə
düşər: "Xoşagəlməz, yaxud şübhəli
müsəlmanları qovmaq və onları xristianlarla əvəz
etmək". Belə də edildi: yeri-yurdu bilinməyən ermənilər
istədikləri əyalətlərdə, istədikləri
torpaqlarda ruslar tərəfindən yerləşdirildi. Ancaq
haylar bununla kifayətlənmədilər, öz çirkin əməllərini
davam etdirdilər...
Vaxt
gəldi ermənilər böyük dövlətlərin, məsələn,
Rusiyanın, İngiltərənin, Fransanın alətinə
çevrildilər. Hər dövlət ermənilərdən
öz məqsədləri üçün istifadə etməyə
başladı. Belə ki, 1828-ci ildə Rus-İran
savaşında qələbə çalan Rusiya İrandan,
Türkiyədən çoxlu erməni ailəsini Qafqaza, o
cümlədən Azərbaycana kütləvi surətdə
köçürüb gətirir. Nəticədə,
rusların sayəsində ermənilər yeni ərazilərə
sahib oldular və sonralar özlərinin dövlətlərini
yarada bildilər. Bütün bunlara qovuşan haylar XIX əsrin
axırlarında özlərinin millətçi
"Daşnaksütyun" partiyalarını yaratdılar.
Şovinist partiya olan "Daşnaksütyun"un bir məramı
oldu: Azərbaycan türklərinin əzəli torpaqlarından
onları qovub çıxartmaq və tarixdə heç vaxt
olmamış və olmayacaq böyük Ermənistan yaratmaq.
Bunun üçün arxa da var idi.
XX əsr
xalqımız üçün çox ağır və kəşməkəşli
olmuşdur. Onu da ürək ağrısı ilə deyək
ki, xalqımızın düçar olduğu məhrumiyyətlərin
əksəriyyəti torpağımızda,
ocağımızda yazığımız gəlib yer
verdiyimiz, çörəyimizi yeyən, suyumuzu içən,
havamızı udan ermənilər tərəfindən törədilmişdir.
Hər
xalqın tarixində elə hadisələr olur ki, bu hadisələr
uzun zaman keçsə də unudulmur, nəsillər bir-birini əvəz
etsə də xatırlanır, yeni nəsillərin də
yaddaşına həkk olunur. Xalq nə
yaxşılığı, nə də yamanlığı
unuda bilmir.
31
mart qırğını da xalqımızın tarixinə,
onun taleyinə qanlı hərflərlə
yazılmışdır. 1918-ci ilin 31 martında Bakıda minlərlə
azərbaycanlı erməni daşnakları tərəfindən
vəhşicəsinə öldürülmüşdür.
Yuxarıda
dediyimiz kimi 1828-ci il "Türkmənçay" müqaviləsindən
sonra Qafqazın, o cümlədən Azərbaycanın ən
yaxşı yerlərinə Rusiyanın tələbi və
köməyi ilə İrandan, Türkiyədən yüz minlərlə
erməni köçürüldü. Bu gözəl yerlərdə
məskunlaşan "hay"lar bir müddətdən sonra
özlərini bu yerlərin əbədi sakinləri kimi
aparmağa başladılar. "Özümə yer edərəm,
gör sənə nə edərəm" prinsipi ermənilərin
əxlaqi prinsipidir. Dünyada elə bir xalq, elə bir millət
tapmaq olmaz ki, ermənilər kimi özgə
torpaqlarını, özgə ocaqlarını
özününkü saysın, zaman keçdikcə təkcə
yaşadıqları ərazilərə deyil, daha çox əraziyə
sahib olmaq üçün çalışsın, bu yolda hər
cür nankorluğa əl atsın, hətta irz-namusunu
satmış olsun...
Artıq
XIX əsrin sonlarında ermənilər qarşılarına məqsəd
qoydular ki, yerli, yaşadıqları torpağın əzəli
sahibləri olan azərbaycanlıları nə yolla olursa-olsun
öz ata-baba yurdlarından didərgin salsınlar. Bunun
üçün onlar hazırlıq işləri
gördülər, xristian ölkələrindən çoxlu
silah topladılar.
XX əsrin
əvvəllərində - 1905-1906-cı illərdə ermənilər
azərbaycanlıları kütləvi surətdə
qırmağa başladılar. Millətçi, şovinist
"Daşnaksütyun" partiyası "Dənizdən-dənizə
böyük Ermənistan" iddiası ilə
çıxış etdi. O vaxt Şuşada, Zəngəzurda,
Naxçıvanda, Bakıda və başqa yerlərdə minlərlə
əliyalın azərbaycanlı erməni süngülərinin
qurbanı oldu. Bu qırğınlar sonrakı illərdə də
davam etdirildi. Ancaq Azərbaycanı parçalayıb, onun bir
hissəsini öz ərazisinə qataraq, bu ölkənin
yeraltı-yerüstü sərvətlərinə sahib
çıxan Rusiya çarizmi bütün bu erməni vəhşiliklərinə
göz yumdu.
1917-ci
ildə Rusiyada bolşeviklərin hakimiyyətə gəlməsi,
Bakıda Stepan Şaumyanın bolşeviklərə rəhbərlik
etməsi Azərbaycanda yerli əhalinin yeni
qırğınına, daha artıq əzab-əziyyətlərinə
gətirib çıxardı.
1918-ci il 31 mart qırğını çoxdan hazırlanmış ssenarinin həyata keçirilməsi idi. Belə ki, 1917-ci il oktyabr inqilabından sonra yaranmış Bakı Soveti Stepan Şaumyanın rəhbərliyi ilə fəaliyyət göstərdiyinə görə burada yerli əhalidən, yəni azərbaycanlılardan çox az adam təmsil olunurdu. Bakı Sovetində cəmləşmiş daşnaklar və qeyri millətlərin nümayəndələri mart hadisələrinin törədilməsinin səbəbkarları idilər. Bakı Sovetinin o dövrdə qorxduğu bir qüvvə vardısa, o da azərbaycanlıların millətçi qüvvələri idi.
Mart ayının 9-da Azərbaycan diviziyasının qərargahının Bakıya gəlməsi şaumyançıları bərk narahat etdi. Martın 30-da diviziya komandirlərinin şaumyançı bolşeviklər tərəfindən həbs edilməsi və heyəti azərbaycanlılardan ibarət olan "Evelina" gəmisinin tərksilah olunması Bakıda yerli əhalinin böyük narazılığına və həyəcanına səbəb oldu. Bakıda azərbaycanlıların hərbi cəhətdən zəif olduğunu bilən Bakı Soveti bu şəhəri Azərbaycanın paytaxtı etmək "arzusunda olan" müsəlmanlara dərs vermək üçün əlverişli məqamın yetişdiyini başa düşdü. Axı Şaumyan və onun havadarlarının məkrli məqsədi Bakını erməniləşdirmək, yerli əhalini buradan qovub çıxarmaq və beləliklə, "Böyük Ermənistan"a yol açmaq idi.
Yeri gəlmişkən, onu da deyək ki, o illər ermənilər Avropada məlumatlar yayırdılar ki, onlar Bakını I Dünya müharibəsi dövründə alıblar və artıq şəhər onlarındır. Hələ o dövrlərdə erməni diasporunun, həm də lobbisinin köməyi ilə onlar dünyanı inandırmağa çalışırdılar ki, nəinki Bakı, həm də bütün Azərbaycan Ermənistanın tərkibində bir əyalətdir. Onlar böyük dövlətlərin başçılarını da bu istiqamətdə "maarifləndirmişdilər". Belə vəziyyətin yaranmasında özümüzün də günahımız az deyildi. Bu mənada 1918-ci ildə böyük Üzeyir bəy Hacıbəyli "Azərbaycan"ın 25-ci nömrəsində dərc olunmuş "Mühüm məsələlər" məqaləsində ürək ağrısı ilə yazırdı: "İndiyə qədər o dərəcədə bişüur olmuşuq ki, bütün Qafqaz millətlərindən təkətəkliklə ədədcə çox olduğumuz halda, biz Azərbaycan türkləri haqqında nəinki Avropanın, hətta, yüz ildən bəri üstümüzdə sahiblik edən rusların da dürüst xəbərləri yox idi. Ruslar bu günə qədər bizə "persian" deyə İran və fars millətlərindən hesab edirlər. Mən özüm bizim "persian" olmayıb türk olduğumuzu Moskva və Petroqraddan əlavə Bakının özündə də bir çox ruslara dəfələr ilə qandırmışam..."
Bütün bunları aradan qaldırmaq üçün böyük azərbaycanlı Üzeyir bəy yol göstərərək deyirdi: "Bəs biz Azərbaycanı və iki milyondan artıq Azərbaycan türklərini Avropaya və müttəfiq dövlətlərə indidən tanıtmalıyıq. Özümüzə məxsus tarixə, gözəl və xüsusi bir ədəbiyyata... malik olduğumuzu onlara bildirməliyik. Dilimiz firəng dili Avropada olan kimi bütün Qafqazda ümumi bir dil olduğunu, məsələn, bir ləzgi ilə bir erməninin və ya bir malakan ilə bir aysorun bir-birilə türk-Azərbaycan dili ilə danışmağa məcbur olduğunu isbat etməliyik..."
Bir sözlə, Ü.Hacıbəyli bütün xüsusiyyətlərimizi, bütün mənəviyyatımızı təfsilatı ilə Avropaya və başqa dünya ölkələrinə çatdırmağı tövsiyə edirdi, həm də tələb edirdi.
Bu bir həqiqətdir ki, xalqımız, vətənimiz haqqında həqiqətləri dünya xalqlarına cəmi 23 ay ömür sürmüş Azərbaycan Demokratik Cümhuriyyəti çatdırdı və anlatdı...
1918-ci ilin ilk günlərindən başlayaraq qatı millətçi, müsəlmanların düşməni, bolşevik kürkünə bürünmüş Şaumyanın başçılıq etdiyi Bakı Sovetinin mətbuat orqanları hazırladıqları təxribatı əsaslandırmaq üçün azərbaycanlıları bir qayda olaraq "burjuaziya" və "müsəlman əksinqilabçıları" hesab edir və onlara qarşı "inqilabi" mübarizəni zəruri sayırdı. Hələ mart qırğınından xeyli əvvəl ayın 15-də Şaumyan öz çıxışlarında deyirdi ki, "Bakı Soveti Zaqafqaziyada vətəndaş müharibəsinin başlıca mərkəzinə və istehkamına çevrilməlidir". Ona görə də sovetin rəhbərliyi yerli əhalini başa salmaq üçün daşnaklarla sazişə girdi. Bu bir daha göstərir ki, mart qırğını - azərbaycanlıların, müsəlmanların kütləvi qırğını Şaumyan və onun ətrafında olan bolşevik ermənilər tərəfindən törədilmişdir.
1919-cu ildə Paris sülh konfransında iştirak edən Azərbaycan nümayəndə heyətinin Azərbaycan haqqında buraxdığı kitabda qeyd olunurdu ki, "müsəlmanlar üçün ağır nəticələr verən bu qanlı epizodda o vaxt Bakıda olan ermənilər əsas rol oynadılar. Hər yerdə olduğu kimi, onlar özlərinin milli partiya hesab etdiyi "Daşnaksütyun"un ətrafında sıx birləşdilər. İş burasındadır ki, ermənilər bolşevizm pərdəsi altında bir neçə gün ərzində qocalar, qadınlar və uşaqlar da daxil olmaqla 12 min insanı qırdılar".
Bakı Soveti isə bu qırğını zəruri hesab edirdi. Sovetin orqanı olan "Bakinski raboçi"qəzeti aprelin 11-də belə yazırdı: "Bakıda olmuş vətəndaş müharibəsi zəruri idi. Onun zəruriliyi haqqında biz hələ iki ay əvvəl yazmışdıq.
Bu müddət ərzində təcavüzkar müsəlman millətçiliyinə, Qafqazda əksinqilabın bu əsas dayağına güzəştə getməklə Bakı Soveti Qafqazda, o cümlədən Bakıda mövcud olan milli münasibətlərdəki çətinlikləri nəzərə almışdı".
Bu yazıdan belə görünürdü ki, qətlə yetirilmiş minlərlə adam Müsavatın təbliğatına uymuş davakar panislamizmin, millətçi pantürksizmin əsas zərbə dəstəsi imiş və buna görə də Sovet "vətəndaş" müharibəsi vasitəsilə təkcə Bakıda deyil, bütün Qafqazda proletariatın inqilabını müsəlman əksinqilabından xilas etmişdir...
Mart hadisələri barədə S.Şaumyan aprelin 13-də Rusiya Xalq Komissarları Sovetinə, onun sədri V.İ.Leninə belə məlumat verirdi: "Zaqafqaziya Sovet hakimiyyəti uğrunda fəal silahlı mübarizə mərhələsinə qədəm qoymuşdur. Üç gün ərzində martın 30, 31-də və aprelin 1-də Bakıda şiddətli vuruşma getdi. Bir tərəfdən Sovet Qızıl Qvardiyası, Qızıl Beynəlmiləl ordu, bu yaxınlarda yenidən təşkil edə bildiyimiz Qızıl Donanma, erməni milli hissələri (!) vuruşurdular. Digər tərəfdən bir neçə rus zabitinin iştirak etdiyi müsəlmanların "dikaya" diviziyası, Müsavat Partiyasının rəhbərlik etdiyi müsəlman dəstələri... Vuruşmanın nəticələri bizim üçün gözəl oldu. Düşmən tamamilə darmadağın edildi".
Şaumyanın bu sözləri mart hadisələrinin mahiyyətini açıq şəkildə göstərir. Bu da həqiqətdir ki, mart döyüşlərinin gedişində Daşnaksütyun partiyası və Bakı Erməni Milli Şurası bolşeviklərin iştirakı ilə sinfi mübarizəni milli qırğına çevirdi. Bunu Nəriman Nərimanov da təsdiq etmişdir. O, 1923-cü il dekabrın 24-də MK-ya göndərdiyi məktubunda yazırdı ki, 1918-ci ilin martında Bakıda daşnaklaşmış "bolşeviklər"in və vəhşiləşmiş daşnakların azğınlığı üç gün davam etmişdir. Daşnak dəstələri xeyli dinc azərbaycanlı ailəsini qarət etmiş və öldürmüşdür. Hətta iş o yerə çatmışdır ki, Bakı neft sənayeçiləri mədənləri tərk etmişdir. Bu, Bakını erməniləşdirmək, onu öz həqiqi sahiblərindən təmizləmək, zəngin təbii sərvətləri ələ keçirmək kimi mənfur daşnak proqramının tərkib hissələrindən biri idi.
Ömrü boyu daşnak ermənilərlə və onların bolşevik havadarları ilə mübarizə aparmış, sözün həqiqi mənasında cəngə çıxmış N.Nərimanov ermənilərin məkirli siyasətlərini necə də duymuşdu.
Bu həqiqəti də deyək ki, əgər o vaxt N.Nərimanov Bakıda olmasaydı, daha böyük qırğınlar törədilərdi.
1925-ci ildə dərc etdirdiyi məqalədə N.Nərimanov daşnak bolşeviklərinin azərbaycanlılara qarşı törətdikləri cinayətlər haqqında bildirirdi: "Müsəlman hətta bolşevik olsaydı belə, ona aman vermirdilər. Daşnaklar deyirdilər: "Biz heç bir bolşevik tanımırıq, təkcə elə müsəlman olmağın kifayətdir".
Onlar kefi istədikləri adamı öldürür, evləri dağıdır, yandırır, xaraba qoyurdular. Bolşevizm bayrağı altında daşnaklar müsəlmanlara qarşı hər cür vəhşiliyə, vandalizmə yol verirdilər. Nəinki kişilərə, hətta qadınlara da rəhm etmirdilər.
Mart qırğınının törədilməsində S.Şaumyanın əsas rol oynadığını Nəriman Nərimanov çox gözəl bilirdi. Bunu çoxları bilirdi. Ona görə də erməni cəlladlarına "Şaumyanın adamları" deyirdilər.
Bakıdakı mart hadisələri ilə bağlı "Bəsirət" məcmuəsi 219-cu nömrəsində yazırdı: "...Bir dəstə daşnak soldatları və bir dəstə Şaumyanın adamları "Cəmiyyət-xeyriyyə"nin qarşısına gəlib o binayı-müqəddəsə, o möhtəşəm imarətə, o müəzzəm binaya xainanə bir surətdə od vurdular, onu yandırdılar".
O dövrdə dərc olunan müsəlman qəzet və məcmuələri erməni daşnaklarının vəhşiliklərini nifrət dolu ifadələrlə qeyd edirdilər.
Mart qırğını təkcə Bakıda yox, Azərbaycanın demək olar ki, bütün bölgələrində törədilmişdi. Şamaxı qırğını Bakı qırğınından geri qalmır. Daşnakların qorxusundan Şamaxı məclisinə toplaşmış insanları vəhşiləşmiş erməni dəstələri məscidə od vurmaqla külə döndərmişdilər.
"Hümmət" qəzeti 42-ci nömrəsində yazırdı: "Aprelin 13-də müsəlman sosialist firqələrinin iclası oldu. Məclisin sədri, himayə komissarı yoldaşımız doktor N.Nərimanov Şamaxıdan gələn müsəlman qaçqınlarından bir dəstəsinin Bakıya varid olduğunu kəmali yəs ilə izhar etdi".
Bakıda mart qətllərinin cinayətkar başçıları: daşnak T.Əmirov və S.Lalayev S.Şaumyan tərəfindən "sosialist" adı ilə Şamaxı "əksinqilabçıları"na qarşı mübarizəyə rəhbər təyin edilmişdilər.
Məhz bu daşnakların "qırmızı sosialist" dəstələri bütün Şamaxı əhalisinə divan tutdular. Onlar burada 60-dan artıq kəndi dağıtdılar. Şamaxıda Əmiryanın və Lalayanın cinayətkarlığı o qədər həddini aşmışdı ki, hətta bolşevik mətbuatı da o vaxt etiraf etdi ki, Şamaxıda dinc əhaliyə qarşı ədalətsizliyə yol verilmişdir. Törətdiyi cinayətlərə görə isə S.Lalayevi (Lalayan) həbs edilməkdən S.Şaumyan xilas etmişdi. Belə ki, S.Lalayevin həbs orderini hazırlayan Kojemyaka S.Şaumyan bildirmişdi ki, "Lalayevi həbs etmək yaxşı deyil, bu nə hoqqabazlıqdır?" Bu bir daha göstərir ki, bütün azərbaycanlılara qarşı aparılan qırğınların başında daşnak məfkurəli bolşevik S.Şaumyan dayanırdı...
Daşnak ermənilər əsl faşist xislətiylə azərbaycanlıları təkcə Bakıda, Şamaxıda yox, Lənkəranda, Şuşada, Gəncədə, Zəngəzurda, Təbrizdə, Xoyda, Urmiyada və b. yerlərdə də kütləvi surətdə öldürmüş, qətliamlar törətmişdilər.
1918-ci ildə gəlmələr - "Şaumyanın adamları" öz vətənlərində azərbaycanlıları qanlarına qəltan etdiyi bir vaxtda, Türkiyə ərazisindən satqınlığına, murdarlığına görə türklər tərəfindən təkqulaq edilmiş Andronik öz quldur dəstəsiylə azərbaycanlıların tarixi ərazisi olan Naxçıvana, Zəngəzura, Göyçəyə və s. yerlərə soxuldu. Andronik bütün Türk dünyasının, müsəlman aləminin quduz düşməni idi. Yüzlərlə kəndləri, yaşayış yerlərini viranə qoydu quldur Andronik, quldur Dro, quldur yanlar...
Maraqlısı odur ki, demə, Bakıda qərarlaşmış bolşevik Şaumyan minlərlə azərbaycanlını məhv edən quldur Androniklə birgə hərəkət edirmiş. İyulun əvvəllərində Andronikə teleqram vuran Şaumyan onu xalq qəhrəmanı adlandırır və onunla fəxr etdiyini bildirir...
Görünür, hər iki quldur "Böyük Ermənistan" yaratmaq məqsədilə biri şimaldan, biri də cənubdan Azərbaycanı işğal etmək istəyirmişlər. Ancaq quldurların məkrli istəkləri baş tutmadı...
Uzun bir dövr SSRİ məkanında çox tarixi hadisələr kimi 1918-ci ilin mart qırğını haqqında da həqiqət təhrif olunmuş, erməni daşnaklarının on minlərlə azərbaycanlıları vəhşicəsinə öldürmələrini bir qrup əksinqilabçının qızıl qvardiyaçılar tərəfindən darmadağın edilməsi kimi qələmə vermişlər. Həqiqəti bilənləri isə doğru-düzgün yazmağa qoymayıblar, təşəbbüs göstərənləri cismani və mənəvi cəhətdən məhv ediblər...
Azərbaycan Demokratik Cümhuriyyəti bir milli dövlət kimi mart qırğınına siyasi qiymət verdi və bu qırğının səbəblərini, günahkarlarını araşdırmaq üçün komissiya da yaratdı. Ancaq çox keçmədi, bolşeviklər XI Qızıl Ordunun (işğalçı ordunun - M.Q.) köməyi ilə Azərbaycanı işğal etdilər.
Həqiqət qaranlıqda da nur parçasıdır. Qara buludlar onu nə qədər qoynunda saxlasa belə həqiqət nuru qaranlıqları yarıb üzə çıxacaqdır.
1991-ci il oktyabrın 18-də xalqımız müstəqillik əldə etdi. Böyük azərbaycanlı Heydər Əliyev tariximizi, xüsusən də XIX-XX əsrlərin tarixini doğru-düzgün araşdırmağı tarixçilərə tövsiyə etdi. Ölkə rəhbəri çox haqlı olaraq qeyd edirdi ki, o dövrün tarixinin həqiqət fonunda yazılması tarixçilərin yox, siyasi sistemin, ağır rejimin günahıdır...
1998-ci il mart ayının 26-da ölkə Prezidenti Heydər Əliyev "Azərbaycanlıların soyqırımı haqqında" adlı bir fərman verdi. Həmin fərmanda deyilirdi: "Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilmişdir. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl qiymətini alır".
Müstəqillik dövründə çox həqiqətləri üzə çıxara bildik. Azərbaycan xalqı dostu ilə düşmənini bir daha tanıdı. Şaumyanların, mikoyanların, balayanların və bir çox "yan"ların iç üzləri açıldı.
Hər il xalqımız 31 mart soyqırımını qeyd edir. Bu azdır. 1918-ci il 31 mart soyqırımının beynəlxalq aləmdə tanıdılması bu gün qarşımızda duran ən vacib məsələlərdəndir. Kütləvi insan qırğınını törətmiş düşmənlərimiz indi bütün dünyaya car çəkərək türkləri soyqırım törətməkdə ittiham edirlər. Biz tarixçilər bu amilləri nəzərə almalı, ermənilərin əsrlər boyu həmvətənlərimizə bəslədiyi münasibətin antiinsaniliyini bəşəriyyətə sübut etmək üçün fundamental əsərlər ortaya qoymalıyıq. Belə olmasa, məkrli ermənilər nəinki 1918-ci il mart qırğınına, hətta 1992-ci il Xocalı soyqırımına da istədiyi donu geydirə bilərlər. Necə ki, gecə-gündüz buna cəhd edirlər.
Ermənilərin ifşasını göstərən tarixi faktları biz dünyaya bu gün bəyan etməliyik. Yoxsa gələcək nəsillər bizi bağışlamaz...
Musa QULUZADƏ,
Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət
İdarəçilik
Akademiyasının şöbə
müdiri,
tarix elmləri doktoru, Azərbaycan
Yazıçılar Birliyinin
üzvü
Xalq qəzeti.- 2012.- 30 mart.- S. 6.