Lənkəran:
yollar irəliyə aparır
Bu, mənim min dəfələrlə
gördüyüm və sevdiyim Lənkəran lövhəsidir:
bir yandan yaşıl donlu dağlara sığınıb, digər
tərəfdə mavi Xəzərlə qolboyundur. Çevrəsinin
axar-baxarından göz doymur. Subtropik, yumşaq "xasiyyəti"
var Lənkəranın. Amanabənd buludlar elə hey şəhərin
başı üstündə dolaşır, doluxsunur.
Yağışlar küçələri yumaqdan, damları
döyəcləməkdən usanmır. Bu zaman
"çiçək açan" çətirlər
xırdaca paraşütləri xatırladır. Bəzən
düşünürəm ki, lənkəranlı qızlar
bal yuxularını yağmurlara söyləyirlər, yoxsa belə
cilvəli, işvəli görünməzdilər...
Lənkəran Azərbaycanın cənub bölgəsinin ən böyük şəhəri, şəksiz-şəriksiz mədəni mərkəzidir. Burada əsrlərin o üzündən adlayıb gələn xalq sənətkarlığı örnəkləri yaşamaqda, əlvan etnoqrafiya sərgilənməkdədir. Bu gün Lənkəranda sosial infrastruktur layihələri reallaşdırılır, turizm genişlənir. Şəhərdə müasirlik elementləri yetərincədir. Sözsüz ki, camaatın qayğıları, problemləri də yox deyil. Bununla bağlı inkişaf proqramları icra olunur. Amma sürət bir qədər aşağıdır. Daha çevik yanaşma tələb olunur ki, əhalinin həyat şəraiti tezliklə yaxşılaşsın, abadlıq yürüşü daha da canlansın. Elə Lənkəranda keçirilən rüblük hesabat yığıncağında da bu barədə ətraflı danışılmış, şəhərin yeni rəhbərliyinin qarşısına qoyulan vəzifələr diqqətə çatdırılmışdır.
Tədbiri şəhərin yeni icra hakimiyyəti başçısı Taleh Qaraşov açdı və Nazirlər Kabinetinin son iclasında Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrdən bəhs etdi. Sonra hesabat məruzəsi dinlənildi.
Əvvəlcə hesabat məruzəsində inkişaf dinamikasını əks etdirən rəqəmlər barədə. İlin ilk rübündə rayonda ümumi məhsul buraxılışı 4,2 faiz artaraq 42,5 milyon manat təşkil edib. Sənayedə artım 8,1 faiz olub, bu sahədə işləyənlərin orta aylıq əməkhaqqı 213 manata çatıb. Cəmi 377 yeni iş yeri açılıb ki, onlardan da 267-si daimidir.
Rüb ərzində aqrar sahədə 7,1 milyon manatlıq məhsul istehsal olunub, 1590 hektar yazlıq bitkilər əkilib, 3400 hektarda şum aparılıb. Heyvandarlıq sahəsində də müəyyən irəliləyiş var: diri çəkidə 1384 ton ət, 6804 ton süd və 3,6 milyon ədəd yumurta istehsal edilib. Qeyd etmək lazımdır ki, ölkə Prezidentinin aqrar sahəyə diqqəti daha da artırması sayəsində əkin-biçinə maraq güclənib. Lənkəranda yeni meyvə-tərəvəz konserv zavodu, çay fabriki və saxlama kamerasının işə düşməsi aqrar sahənin sürətli inkişafını hədəfləyir.
Sahibkarlıq fəaliyyətinə də münbit şərait yaradılıb. Bunun nəticəsidir ki, rayon sənayesində 61,2, aqrar bölmədə 99, pullu xidmətlərdə isə 85,9 faizlik pay özəl bölməyə aiddir.
Əmək pensiyalarının, müavinətlərin, aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımlarının vaxtlı-vaxtında verilməsini icra hakimiyyəti diqqətdə saxlayır. Ötən dövrdə məcburi dövlət sosial sığorta ödəmələri üzrə proqnoza 108,5 faiz əməl olunub. Sosial müavinət alanlar üçün 783124 manat vəsait ayrılıb. Tənha, ahıl və ya əlil vətəndaşlara sosial işçilər müntəzəm xidmət göstərir. Rayonda məckunlaşmış 70 məcburi köçkün ailəsinin sosial-məişət problemlərinin həlli üzrə müəyyən iş aparılır, onlara vaxtaşırı ərzaq yardımı verilir.
Rüb ərzində rayonda iqtisadiyyatın və sosial sferanın inkişafına 8,7 milyon manat sərmayə yönəldilib. Əhalinin normal işıq və təbii qazla təchizatı, şəhərin içməli su və kanalizasiya sisteminin yenidən qurulması, digər kommunal xidmətlər sahəsində tədbirlər həyata keçirilib.
Vaxtilə bu torpağın şair oğullarından biri doğma diyarı belə tərənnüm etmişdi: "Qoynu qucaq-qucaq nurdu Lənkəran..." Təəssüf ki, bu gün cənub bölgəsinin ən böyük şəhərinin elektrik təsərrüfatı tələbatı lazımınca ödəyə bilmir. Xüsusilə dağ kəndlərində qəza vəziyyətində olan yüzlərlə elektrik dirəyi, köhnə naqillər dəyişdirilməyib, nasaz transformatorların təmirində ləngimələrə yol verilir. Elə mavi yanacaq təminatında da gerilik var. Dövlət Proqramına əsasən, "Azəriqaz" İB son iki ildə Lənkəran şəhərini tam qazlaşdırmalı, rayonun daha 23 qəsəbə və kəndinə təbii qaz verməli idi. Lakin indiyədək yalnız 7 kənddə müəyyən iş görülüb.
Ölkə rəhbərinin göstərişi ilə Lənkəran şəhərinin su və kanalizasiya sisteminin yenidən qurulması Dövlət Proqramına daxil edilib. Ötən il Bürcəli kəndində içməli su, Göyşabanda isə çirkab sutəmizləyici qurğusunun tikintisinə başlanıb və bu işlər layihə əsasında icra olunur. Amma Su-kanal idarəsinin işində çatışmazlıqlar az deyil: şəhərdə içməli sudan istifadə edə bilən abonentlər cəmi 6 faizdir ki, onların da çoxu sayğacla təmin olunmayıb.
Ötən müddət ərzində Ələt-Astara və Lənkəran-Zövlə avtomobil yollarında cari təmir aparılıb. Dövlət vəsaiti hesabına şəhərin bəzi küçələrinə asfalt döşənib.
Rayonda təhsilin maddi-texniki bazasının gücləndirilməsi üçün ardıcıl iş aparılır. Hazırda Şilavar kəndində 220, Hirkan qəsəbəsində 480, Xarxatan kəndində 360 yerlik orta məktəb binaları tikilir.
Səhiyyə
sistemində zəruri infrastruktur mövcuddur. Müasir Müalicə
Diaqnostika, Perinatal və Uşaq Sağlamlıq mərkəzlərinin
imkanları hesabına tibbi xidmətin səviyyəsi bir qədər
yüksəlib. Lakin bu sahədə görüləsi işlər
çoxdur. Məsələn, mərkəzi xəstəxana bərbad
gündədir. Kənd tibb ocaqlarında xidmət
aşağıdır, həkimlərə ciddi ehtiyac var. Ən
narahatedici məsələlərdən biri narkomaniyanın və
onunla bağlı olan QİCS (SPİD) xəstəliyinin
geniş yayılmasıdır. Nöqsanları aradan
qaldırmaq üçün təcili tədbirlər
görülməlidir.
Rayonda
Dövlət Gənclər Siyasətinin həyata keçirilməsinə
də diqqət artırılmalıdır. "İdman
ili" ilə əlaqədar gənclər və idman idarəsi
geniş tədbirlər həyata keçirməlidir.
Vətəndaş
müraciətlərinə həssaslıqla yanaşmaq və
onların problemlərini yerində həll etmək vacib məsələlərdəndir.
Lakin bəzi məmurlar bu yöndə lazımi tədbirlər
görmürlər. Bu da şikayətlərin artmasına səbəb
olur, dövlətin sosial sahədə həyata keçirdiyi
siyasətə xələl gətirir...
Lənkəran
Şəhər İcra Hakimiyyətinin
başçısı Taleh Qaraşov
çıxışında ilin sonrakı aylarında
qarşıda duran vəzifələri nəzərə çatdırdı.
Bu tədbirlərin bir qismi regional inkişaf proqramında əksini
tapıb. Şəhər, kənd və qəsəbələrdə
yeni infrastruktur layihələr həyata keçirilməlidir.
Yaxın
perspektivdə Lənkəranda aqrar bölmənin - əkin sahələrinin
və çayçılığın genişləndirilməsi,
kənd yollarının abadlaşdırılması, yeni
istehsal obyektlərinin yaradılması nəzərdə
tutulur. Yeni məktəblər, uşaq bağçaları, səhiyyə
müəssisələri tikiləcək və ya əsaslı
təmir olunacaq, mədəni-kütləvi tədbirlərə
diqqət artırılacaq. Bütün bunlar rayonun sosial-iqtisadi
inkişafına təkan verəcək, insanların rifahı
yüksələcək. Rayon ictimaiyyəti yeni ab-havada arzu
"layihə"lərinin çox tezliklə konkret əməli
işlərə çevriləcəyinə inanır.
Əli NƏCƏFXANLI
Xalq qəzeti.- 2012.- 1 may.- S. 6.