Lerik: inam uğurun yarısıdır

 

Ötən qış Lerik camaatını çox imtahana çəkdi. Amma təbiətin şıltaqlığına adamlar elliklə tab gətirdi, əyilmədi. Çətinliklər birgə səylərlə aradan qaldırıldı. Rayonun rəhbərliyi, əlaqədar təşkilatlar, hamilər əllərindən gələni elədilər ki, məhrumiyyət olmasın. Abadlıq-quruculuq işləri bir qədər səngisə də, yazın həlim nəfəsi həyatı yenidən canlandırdı, el-obanın yaratmaq-qurmaq həvəsini coşdurdu. İndi rayonda, necə deyərlər, bütün cəbhə boyu işlər genişlənib. İlin birinci rübünün yekunlarına həsr olunmuş şura iclası da məhz belə işgüzar şəraitdə keçdi. Uğurlar təqdir olundu, qarşıdakı vəzifələr müəyyənləşdirildi.

 

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov tədbiri açaraq Nazirlər Kabinetində ilk rübün yekunlarına həsr olunmuş iclasda Prezident İlham Əliyevin proqram xarakterli nitqinin əsas müddəalarından, ölkə üzrə həyatın bütün sahələrində qazanılan uğurlardan, neft kapitalının insan kapitalına çevrilməsini əsas götürən iqtisadi siyasətin aspektlərindən bəhs etdi. O, regionların inkişafına artan dövlət qayğısının Lerikdə də hər addımda hiss olunduğunu vurğuladı, qeyd etdi ki, bu qayğı və diqqət bizi daha yaxşı çalışmağa, doğma vətənimizin çiçəklənməsinə töhfələr verməyə ruhlandırır.

Hesabat məruzəsində bildirildi ki, ötən rübdə 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə rayon iqtisadiyyatının əsas sahələrində məhsul buraxılışı artmışdır.

Görülmüş kompleks tədbirlər nəticəsində iribuynuzlu mal-qaranın və davarların baş sayı çoxalmışdır. Təsərrüfatlarda diri çəkidə 761,3 ton ət, 32484 ton süd, 812 min ədəd yumurta istehsal olunmuşdur. Yerli gəlirlər üzrə proqnoz 483 min manat və ya 127 faiz icra edilmişdir. Qışın çətinliklərinə baxmayaraq, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının vaxtında təmin edilməsi üçün rayon rəhbərliyi tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir.

Rayon sakinlərini narahat edən başlıca problemlərdən biri kəndlərarası yolların vəziyyətidir. Sevindirici haldır ki, Azərbaycan Prezidentinin "Lerik rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" 3 aprel tarixli sərəncamı ilə Lerik-Qosmalian-Kəlvəz avtomobil yolunun tikintisi məqsədi ilə ilkin olaraq 3 milyon manat vəsait ayrılmışdır. Prezidentin diqqəti nəticəsində növbəti illərdə rayonun digər yollarında da əsaslı tikinti işləri aparılacaq, əhalinin rifah halı yaxşılaşacaq.

Məruzədə həmçinin qeyd edildi ki, icra hakimiyyəti tərəfindən və əhalinin yaxından köməkliyi ilə Piran-Daster, 50-ci kilometr-Ağçay avtomobil yolunun təmiri məqsədilə işlərə başlanmışdır. Gündəlik olaraq həmin əraziyə 8-10 ədəd ağır texnika ayrılır.

Yolla bağlı daha bir məsələ. Lənkəran-Lerik magistral avtomobil yolunun müxtəlif yerlərində intensiv yağışlar səbəbindən torpaq sürüşmələri və çökmələri baş vermişdir. Daxili imkanlar hesabına bərpa tədbirləri görülsə də, əsaslı təmir-bərpa işlərinə ciddi zərurət yaranmışdır. Alternativ avtomobil yolunun tikintisi ilə də bağlı hökumətə müraciət olunub.

Rayon mərkəzi və şəhərə yaxın 6 kənd tam qazlaşdırılmışdır. Bütün idarə-müəssisələr, məktəb və digər sosial obyektlər yanacaq kimi yalnız təbii qazdan istifadə edir. Ötən ilin sonunda 9 kəndə qaz xəttinin çəkilməsi işlərinə başlanmış, 5 kilometrdən çox orta təzyiqli qaz xətti çəkilmişdir. Yüksək təzyiqli qaz xəttinin və Piran kəndində daxili qaz xətlərinin çəkilməsi də davam etdirilir. Yaxın günlərdə üç kənddə tikintisi yarımçıq qalmış qaz xəttinin çəkilməsi davam etdiriləcək. Qarşıdakı iki ildə əksər kəndlər qazlaşdırılacaq.

Gözəl iqlimi, nadir təbiəti olan rayonda turizmin inkişafı üçün hər cür şərait vardır. Lənkəran-Lerik yolu boyunca 10 turizm istirahət mərkəzi fəaliyyət göstərir. Yaradılmış şəraitin nəticəsidir ki, 2012-ci ilin ilk rübündə Lerikdə minədək turist istirahət etmişdir.

Lənkəran-Lerik yolunun 37-ci kilometrində süfrə suyu və şirə sexi istehsal edən müəssisənin tikintisi davam etdirilir. Lerik şəhərində iş adamları tərəfindən yeni bazar inşa edilərək istifadəyə verilmiş, köhnə bazar ərazisində abadlıq işlərinə başlanmışdır.

Təhsil Nazirliyi tərəfindən ötən il iki kənddə məktəb inşa edilmişdir. Rayonda qəza vəziyyətinə düşmüş, istismar müddəti bitmiş 24 məktəbə müvafiq baxış keçirilmiş, zəruri sənədlər hazırlanmışdır. Həmin məktəblərin gələn ilin sonunadək tikilməsi nəzərdə tutulmuşdur.

Cari ildə şəhərin bir neçə küçəsi yenidən qurulacaq. Eyni vaxtda 300 nəfər qonağı qəbul edə biləcək xeyir-şər evi inşa olunacaq. Hələlik icra hakimiyyətinin təşəbbüsü ilə hər cür avadanlıqla təchiz edilmiş, 150 nəfərlik xeyir-şər çadırı alınaraq sakinlərin istifadəsinə verilmişdir. Bütün küçələrdə suaxarlar, kanallar inşa edilmiş, sel sularının axıdılmasına şərait yaradılmışdır. Heydər Əliyev meydanında, ulu öndərin abidəsinin ətrafında yeni ağac və gül kolları əkilmişdir. Şəhərin ayrı-ayrı küçə və meydanlarında dağılmış səkilər, istinad divarları, arxlar, işıq sistemi bərpa edilir.

Yaponiya dövlətinin maliyyə dəstəyi ilə Şingədulan kəndində tibb məntəqəsinin tikintisinə başlanmışdır. Türk şirkəti isə su-kanalizasiya sisteminin inşasını aparır. Piran kəndində yumurta, ət, quş istehsalı ilə məşğul olacaq broyler fabrikinin tikintisində son tamamlama işləri aparılır. Gündəlik istehsal norması 50 ton quş əti olacaq obyektdə hazırda 80-dən yuxarı Lerik sakini işləyir. Müəssisə tam fəaliyyətə başlayandan sonra burada 150-dən çox daimi iş yeri yaradılacaq.

Sonra ayrı-ayrı idarə rəhbərləri öz sahələrində görülən işlər barədə məlumat verdilər.

İcra hakimiyyətinin başçısı Rövşən Bağırov tədbirə yekun vuraraq inam ifadə etdi ki, bundan sonra da dövlət tərəfindən qarşıya qoyulan bütün məsələlərin həlli istiqamətində işlər Lerikdə əzmlə davam etdiriləcək, hər kəs ona tapşırılan sahədə daha böyük əzmlə çalışacaq.

 

 

Ə.ƏLİYEV

 

Xalq qəzeti.- 2012.- 1 may.- S. 6.