Velosiped yarışının təqdimat mərasimi keçirilmişdir

 

Velosiped idmanı üzrə ölkəmizdə təşkil olunacaq ilk peşəkar yarış - ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilən veloturun KİV üçün təqdimat mərasimi keçirilmişdir.

 

Velosiped turunun təşkilat komitəsinin sədri, Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunan beynəlxalq veloyürüşün mayın 9-da start götürəcəyini və 13-də başa çatacağını diqqətə çatdırmışdır. Bildirmişdir ki, veloturun təşkilatçıları Azərbaycan Velosiped İdmanı Federasiyası, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və Beynəlxalq Velosipedçilər İttifaqıdır. Dünyanın bir sıra ölkələrində analoji tədbirlərin keçirilməsində böyük təcrübəsi olan Almaniyanın "FreundeEventlogistik" şirkəti də turun təşkilati məsələlərinə cəlb olunmuşdur.

S.Ələkbərovun sözlərinə görə, veloyürüş Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) təqvim planına daxil olunub və U-23 (19-23 yaş arası) kateqoriyasına aid UCI kontinental turudur. Yarışda dünyanın 17 ölkəsindən 20 komanda qalib adı uğrunda mübarizə aparacaq. Əsas qrupda 4 qitə, 4 milli və 12 klub-qarışıq komanda qüvvəsini sınayacaq.

Turla bağlı hazırlıq işlərinə toxunan S.Ələkbərov bütün işlərin yüksək səviyyədə həyata keçirildiyini vurğulamışdır. Bildirmişdir ki, təşkilati məsələlərdə bir sıra dövlət orqanları, qeyri-hökumət təşkilatları, idman ictimaiyyəti və KİV nümayəndələri də yaxından iştirak edirlər. S.Ələkbərovun sözlərinə görə, artıq müvafiq tədbirlər planı hazırlanmış və tam həcmdə reallaşdırılmaqdadır. Yarışda iştirak edəcək komanda üzvlərinin hotellərdə yerləşdirilməsi, yarış zamanı paytaxtdaregionlarda nəqliyyatın hərəkətinin tənzimlənməsi, iştirakçıların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı hazırlıq işləri tamamlanmaq üzrədir. Artıq yarışla bağlı ətraflı məlumat əldə etmək üçün www.ha-tour-aze.com saytı yaradılmışdır. Burada turnirlə bağlı Azərbaycan və ingilis dillərində daim yenilənən press-relizlər yerləşdirilir. Yarışın nəticələri də mərhələlər üzrə saytda təqdim olunacaqdır.

S.Ələkbərov bildirmişdir ki, veloturun marşrutu 2007-ci ildə UCI-nin himayəsi altında keçirilmiş şose üzrə Dünya Çempionatının təşkilatçısı olan Albrext Röeder tərəfindən planlaşdırılmışdır. Öz növbəsində A.Röeder velosiped turunun may ayının 9-da Azadlıq meydanında qadınların fərdi yarışı ilə start götürəcəyini diqqətə çatdırmışdır. Bildirmişdir ki, elə həmin gün saat 12.00-da həmin meydanda yarışın rəsmi açılış mərasimi keçiriləcək. Tədbir çərçivəsində ekstrim-velosipedçilərin şousu da təşkil olunacaq. Sonra kişilər arasında, demək olar ki, eyni marşrutla velosiped turunun birinci mərhələsi "Azadlıq meydanı-Nobel prospekti-Zığ şosesi-Nobel prospekti-Azadlıq meydanı-Neftçilər prospekti-Azneft meydanı-Neftçilər prospekti-Azadlıq meydanı" marşrutu üzrə komanda yarışı təşkil olunacaqdır. Növbəti gün - mayın 10-da velosipedçilər ulu öndərin Heydər Əliyev Sarayının qarşısındakı abidəsini ziyarət etdikdən sonra 176 kilometrlik Bakı-Qobustan-Şamaxı-İsmayıllı marşrutu üzrə yola çıxacaqlar. 3-cü mərhələ mayın 11-də Qəbələdə başlayacaq. Daha sonra velosipedçilər Oğuz və Şəki istiqamətində yüksəklikləri qət edərək yenidən Qəbələyə qayıdacaqlar. Marşrutun uzunluğu 160 kilometrdir. 4-cü mərhələnin başlanması üçün iştirakçılar may ayının 12-də səhər İsmayıllıya gələcəklər. Sonra onlar müəyyən edilmiş marşrutla Qəbələyə gedərək burada 12 dövrə vuracaqlar. Bu mərhələdə velosipedçilər 114 kilometr məsafə qət edəcəklər. Sonuncu mərhələnin keçirilməsi üçün velosipedçilər Bakıya qayıdacaqlar. May ayının 13-də onlar paytaxtın mərkəzi küçələri ilə hər biri 12,3 kilometr olmaqla 10 dövrə vurduqdan sonra yarışa yekun vurulacaq.

Azərbaycan Velosiped İdmanı Federasiyasının idman direktoru Teo Mauxer yürüşdə ölkəmizi təmsil edəcək "ATA sport" və "Sumqayıt" komandalarının hazırlığı ilə bağlı məsələlərə toxunmuşdur. Bildirmişdir ki, idmançılarımız RusiyaUkraynada yüksək səviyyədə təlim-məşq toplanışında iştirak etmişdir. Bundan əlavə, velosipedçimiz Tural İsgəndərov Almaniyanın peşəkar komandası ilə birlikdə hazırlıq prosesi keçmişdir. T.Mauxer veloturda idmançılarımızın yüksək yerlər urğunda mübarizə aparacağına inandığını vurğulamışdır.

 

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2012.- 1 may.- S. 6.