Azərbaycan Avrasiya məkanında etibarlı nəqliyyat dəhlizidir
Azərbaycan bu gün Avrasiya
materikində yüksək inkişaf yoluna
çıxmış, regionda isə lider dövlətə
çevrilib. Təbii ki, bu səviyyə dövlət rəhbərliyinin
güclü, prinsipial siyasi iradəsinin, gələcək perspektivi
aydın təsəvvür etməsinin və vaxtında
düzgün qərarlar qəbul edə bilməsinin nəticəsində
qazanılıb. Xalqın dövlət
başçısına inamı və onun siyasi xəttini
birmənalı şəkildə dəstəkləməsi bu
tərəqqidə həlledici rol oynayır. Ölkə rəhbəri
Prezident İlham Əliyev öz fəaliyyətində müstəqillik
prinsipini, milli mənafeyi qorumağı əsas tutur. Nəticə
göz qabağındadır: Azərbaycanın sosial-iqtisadi
uğurları davamlı və rəqabətə
davamlıdır.
Təsadüfi
deyil ki, regionların inkişafı Dövlət
Proqramının növbəti ili də uğurla
başlayıb. Cari ilin ilk rübündə 0,5 faiz çox
ümumi daxili məhsul istehsal olunmuşdur. Qeyri-neft sektorunda
isə bu rəqəm 7,7 faizdir. Sənaye sahəsində
proqnozlar tam yerinə yetirilmişdir. Prioritet elan edilmiş
qeyri-neft sektorunda inkişaf çox uğurludur.Bu sahədə
ən mühüm göstərici, təbii ki, qeyri-neft sənayesindəki
artımın 16,5 faiz olmasıdır. Kənd, meşə və
balıqçılıq təsərrüfatlarında da
inkişaf dayanıqlıdır. Xarici ticarət dövriyyəsi
isə 2011-ci ildə əvvəlki ilə nisbətən 3,9
faiz çox olmuşdur.
Bu tərəqqidə təbii ki, nəqliyyat sektorunun tələbata uyğun fəaliyyətinin çox mühüm rolu vardır. İqtisadiyyatda üç mühüm amil ümumi inkişafın əsası hesab olunur: enerji təhlükəsizliyi, nəqliyyat təhlükəsizliyi və ərzaq təhlükəsizliyi. Bugünkü iqtisadi inkişafin təməlində 1990-cı illərin ortalarından start götürmüş və hazırda dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilən Heydər Əliyevin neft strategiyası dayanır. Məhz o çətin, ağır zamanda "Əsrin müqaviləsi"nin imzalanması ilə ölkəmizə xarici sərmayə axını başlandı və Azərbaycan dünya bazarına çıxmaqla beynəlxalq iqtisadiyyata inteqrasiya yoluna çıxdı.
Milli mənafeləri nəzərə almaqla, düzgün beynəlxalq siyasi-iqtisadi təhlil, əlaqə və əməkdaşlığın genişlənməsilə, ölkənin geo-siyasi mövqeyindən istifadə etməklə siyasi, iqtisadi, sosial layihələri elmi-təcrübi əsaslar üzərində həyata keçirən dövlət, təbii ki, davamlı və sabit inkişafa nail ola bilər. Azərbaycanda gedən inkişaf bu istiqamətdədir Beynəlxalq praktika göstərir ki, yalnız neft sektoru ilə bağlı olan ölkədə iqtisadiyyat birtərəfli olur və daim böhranla qarşılaşmaq təhlükəsində qalır. Ona görə də Azərbaycan rəhbərliyi ilk gündən neftdən gələn gəlirləri qeyri-neft sektorunun inkişafına yönəltməklə iqtisadiyyatda inkişafın çoxşaxəliliyinə nail olmağa çalışıb. Bir sözlə, Azərbaycanda həyata keçirilən neft strategiyası ölkənin geosiyasi maraqlarına, qeyri-neft sektorunun hərtərəfli inkişafına, ərzaq, enerji və nəqliyyat təhlükəsizliyinin yaradılmasına və möhkəmləndirilməsinə xidmət etməkdədir.
Nəqliyyat sektoru tələbatı ödəməyən dövlətin iqtisadiyyatı da inkişaf edə bilməz. Ona görə də ölkə rəhbərliyi bu sahəni prioritet elan edərək nəqliyyat sektorunun inkişafının beynəlxalq tələbləri ödəməsinə və bu sahədə təhlükəsizliyin təmin edilməsinə xüsusi diqqət yetirir. Hazırda nəqliyyat sektoru dayanıqlı inkişaf edir. Bu sahədə aparılan ardıcıl islahatlar artıq ölkənin nəqliyyat sektorunu da ən perspekivli sahələrdən biri etmişdir. Ötən il nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfatlar tərəfindən iqtisadiyyatın müxtəlif sahələrinə və əhaliyə göstərilmiş xidmətlərin üçdə iki hissəsi dəmir yolu, avtomobil və boru kəməri, 9 faizi dəniz, 15,3 faizi hava nəqliyyatı, qalan hissəsi isə köməkçi və əlavə nəqliyyat fəaliyyəti ilə məşğul olan müəssisələr tərəfindən göstərilmişdir.
Azərbaycan nəqliyyat, ərzaq və enerji təhlükəsizliyini təmin edərək öz siyasi və iqtisadi müstəqilliyinə nail olub. Lakin müasir qloballaşma prosesi daim irəli getməyi, elmi və texnoloji tərəqqiyə nail olmaqla dayanıqlı, sabit inkişaf etməyi və gələcək iqtisadi-siyasi prosesləri görməyi tələb edir. Ölkəmiz məhz bu yolla gedir. Azərbaycan rəhbərliyi mütəmadi olaraq milli maraqlara uyğun təmkinli, düşünülmüş, müdrik, operativ, çevik, qabaqlayıcı siyasi, iqtisadi tədbirlər həyata keçirir, ölkənin qarşısına çıxan hər bir maneəni zamanında aradan qaldırır.
Azərbaycanda nəqliyyat sahəsindəki dövlət siyasətini Nəqliyyat Nazirliyi həyata keçirir.Bu sektorda dörd əsas sahə vardır: avtomobil, dəmir yolu, hava və su nəqliyyatı. Hazırda nəqliyyat sektoru ölkədə öncül mövqeyə malikdir. Dövlət rəhbərliyi təchizat, təminat və daşımada, xüsusən həyati əhəmiyyətə malik nəqliyyatın inkişafının daim müasir səviyyəyə uyğun olması üçün bütün zəruri tədbirləri görməkdədir. Hazırda Nəqliyyat Nazirliyi tərəfindən avtomobil, hava, dəmir yolu və su nəqliyyatı sistemləri paralel surətdə inkişaf etdirilir.
Azərbaycan Prezidenti İlham Əliyev nəqliyyat sektorunun belə inkişafı nəzərdə tutaraq demişdir: "Demək olar ki, Azərbaycanda nəqliyyatın bütün sahələri planlı şəkildə inkişaf etdirilir. Hər bir sahə üçün əlavə proqramlar, layihələr var, maliyyə resursları təmin edilir. Bir daha demək istəyirəm ki, bütövlükdə, nəqliyyatda işlər yaxşı gedir. Bildiyiniz kimi, dəmir yolu nəqliyyatında transmilli layihələr həyata keçirilməyə başlayır. Baki-Tbilisi- Qars dəmir yolunun tikintisi tarixi nailiyyətdir. Bu dəmir yolunun tikintisi bölgədə tamamilə yeni vəziyyət yaradır və Azərbaycan çox etibarlı tranzit ölkəyə çevriləcəkdir".
Dəmir yolunun yük və sərnişin daşınmasında xüsusi rolu vardır. Göründüyü kimi, bu sahəyə də xüsusi diqqət yetirilir. Dəmir yolu nəqliyyatı ilə ötən il 22,1 milyon ton yük daşınmışdır. Orta hesabla sutkada 694 vaqon yüklənmiş, 493 vaqon boşaldılmışdır. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 30,6 min ton, Qərb istiqaməti üzrə 4,5 min ton və Cənub istiqaməti üzrə 3,4 min ton yüklənmə işi yerinə yetirilmişdir. Dəmir yolunun inkişafının təcrübəsi göstərir ki, bu sahə həm iqtisadi baxımdan çox sərfəli, həm də çox ucuz nəqliyyat növüdür. Avropa dövlətlərində dəmir yolu ən geniş yayılan nəqliyyat sistemidir və öz effektivliyini doğruldub. Bölgədə nəhəng layihələrdən biri olan Bakı-Tbilisi-Qars dəmir yolunun reallaşması Azərbaycana Avrasiya məkanında iqtisadi dividentlərlə yanaşı, siyasi üstünlüklər də gətirəcəkdir. Ölkə başçısı İlham Əliyev Türkiyə Prezidenti Abdullah Gülün Azərbaycana rəsmi səfəri zamanı sənədlərin imzalanma mərasimindən sonra təşkil olunan birgə mətbuat konfransında bu məsələni belə dəyərləndirmişdi: "Bu gün biz bərabər həyata keçirdiyimiz dəmiryolu layihəsi üzərində işləyirik. Bu yol da həm Türkiyəni Azərbaycanla, eyni zamanda Avropanı Asiya ilə birləşdirəcəkdir. Bu yolun tikintisi nəticəsində həm siyasi, həm iqtisadi maraqlarımız tam şəkildə təmin olunacaqdır."
Dəniz nəqliyyatının da inkişafı diqqət mərkəzindədir. Bu sahədə də tərəqqi davamlıdır. Təsadüfi deyil ki, ötən il su nəqliyyatı yolu ilə daşınmış yüklərin həcmi 6,7 faiz artaraq 12,5 milyon ton təşkil etmişdir. Yüklərin 57, 9 faizi neft, 42, 1 faizi isə quru yüklər olmuşdur. Bütün daşımalar xarici əlaqə üzrə olmuşdur. İl ərzində 11,9 milyon ton yükdaşıma işləri görülmüş və bu sahədə 10, 3 faiz artıma nail olunmuşdur. İşlənmiş yüklərin 85,5 faizini təşkil edən beynəlxalq tranzit yüklərin həcmi 7,5 faiz, idxal yüklərin həcmi isə 47,7 faiz artmışdır. Ələtdə tikilən Beynəlxalq Dəniz Ticarət Limanı işə düşəndə ölkəmizin su nəqliyyatı sistemi regionun bu sahədə ən nəhəng nəqliyyat qovşağına çevriləcəkdir.
Qarşılıqlı səmərəli iqtisadi-siyasi əlaqələrin daim genişlənməsi, öz milli mənafeyini qorumaqla dünya iqtisadiyyatına inteqrasiya, geosiyasi məkanın üstünlüklərindən bacarıqla istifadə etmək bu gün Azərbaycana həm Avrasiya məkanında, həm də dünyada çox böyük siyasi və iqtisadi qazanc gətirir. Hazırda ölkəmiz Avrasiya məkanında mühüm beynəlxalq tranzit mərkəzinə çevrilməkdədir. Ölkəmizin "Böyük iyirmiliy"in xarici işlər nazirlərinin toplantısına dəvət olunmasını da bu uğurlara əlavə etsək, Azərbaycanın beynəlxalq nüfuzu və inkişaf səviyyəsi aydın olar. Qeyd etmək lazımdır ki, bu toplantıya MDB məkanından yalnız Azərbaycan dəvət olunmuşdu.
Azərbaycanın yürütdüyü siyasi xətt, təbii ki, qarşı tərəflərin də marağını təmin etdiyi üçün uğurlu beynəlxalq iqtisadi əməkdaşlığa, dünya miqyasında müvəffəqiyyət qazanılmasına səbəb olub. Hazırda ölkənin beynəlxalq nüfuzu getdikcə artır və mövqeyi möhkəmlənir. Bu gün Azərbaycan regionun qüdrətli və nüfuzlu dövləti mövqeyindədir. Lakin bu, son hədd deyil. Azərbaycan Prezidenti İlham Əliyev dövlətin çatmaq istədiyi iqtisadi və siyasi mövqe barədə danışarkən bildirib: "Bizim siyasətimiz düşünülmüş siyasətdir, ağıllı siyasətdir. Biz imkanlarımıza görə öz proqramlarımızı icra edirik. Bizə lazımdır ki, bax belə vəziyyətdə, belə şəraitdə, sakit şəraitdə Azərbaycan inkişaf etsin. Mən dəfələrlə demişəm, bu gün də demək istəyirəm ki, hədəfimiz inkişaf etmiş ölkələrin sırasına daxil olmaqdır. Ölkəmizin siyasi çəkisi artır. Biz dünya işlərində həlledici sözə malik oluruq. Bizi dünya ictimaiyyəti dəstəkləyir".
Artıq ölkəmizin iştirakı olmadan regionda hər hansı bir layihə səmərəli həyata keçirilə bilməz. Göründüyü kimi, hazırkı yüksəliş dövlət rəhbərinin güclü, düzgün siyasət yürütməsinin, xalqın da ona inamının nəticəsidir. Dövlət başçısının öz fəaliyyətində siyasi və iqtisadi müstəqillik prinsipini əsas tutur, milli mənafeyi qoruyur, xalqın dəstəklədiyi xəttə sadiqdir. Buna görə də qazanılan uğur davamlıdır.
Ölkədə nəhəng beynəlxalq əhəmiyyətli layihələrin icrası davam edir. Bu xətt ölkənin beynəlxalq əhəmiyyətini və qüdrətini daim artıracaqdır. Nümunə üçün deyək ki, Azərbaycan Prezidenti İlham Əliyev yaradılan böyük nəqliyyat və loqistika mərkəzinin əhəmiyyəti barədə deyib: "Biz Azərbaycanda böyük nəqliyyat və loqistika mərkəzi yaradırıq. Beş beynəlxalq aeroportumuz, ən müasir təyyarə parkımız vardır. Heydər Əliyev Beynəlxalq Aeroportu tikilir, yeni aerovağzal binası nadir memarlıq abidəsi olacaqdır. Yeni zolaqlar, Ələtdə Beynəlxalq Dəniz Ticarət Limanı tikilir. Bu, Xəzərdə ən böyük liman olacaqdır. Bakı-Tbilisi- Qars dəmir yolu Azərbaycan dövlətinin təşəbbüsü və maliyyə dəstəyi ilə reallaşan layihədir, tikilməkdədir, ümid edirəm ki, gələn il istifadəyə veriləcəkdir. Beləliklə, Azərbaycan bu bölgədə icra edilən layihələr hesabına dünya miqyasında loqistika və nəqliyyat mərkəzinə çevriləcəkdir. Bizim istəyimiz bundan ibarətdir, buna nail olacağıq".
Azərbaycan inkişaf etdikcə, beynəlxalq əlaqələri genişləndikcə, dünya bazarlarında ölkəmizin istehsal məhsullarına tələbat artdıqca sürətli hava nəqliyyatı da yüksələn xətlə inkişaf edir. Bu gün Azərbaycanda 5 hava limanı fəaliyyət göstərir. Bu isə öz növbəsində regionlarımızın xarici ölkələrlə birbaşa əlaqə yaratması, lazımi operativ nəqliyyatla təchizat və dinamik sosial -iqtisadi inkişaf deməkdir. Ötən il əldə edilən nəticələr də bunu aydın göstərir. Həmin dövrdə hava nəqliyyatı ilə 1,4 milyon sərnişin, 50,3 min ton yük daşınmışdır. Sərnişin daşınması 2010-cu ilə nisbətən 37,1 faiz, yük daşınması isə 27,2 faiz artmışdır. Hava nəqliyyatının inkişafı dövlətin dəstəyi ilə mümkün olmuşdur.
Dövlətin verdiyi zəmanətli kreditlər hesabına belə tərəqqi əldə edilmişdir. Həmin vəsaitlər hesabına ən müasir "Boinq", "Erbas", "Atr" təyyarələri alınmışdır. Bu da daşınmanı xeyli artırmışdır. Bu gün Azərbaycanın təyyarə parkında köhnə markalı və texnologiyalı təyyarələr yoxdur. Azərbaycanda müasir tipli aeroportların mövcudluğu və kəmiyyəti ölkəni Avrasiya məkanında regional nəqliyyat mərkəzinə çevirib. Bu gün məşhur "Karqolüks" şirkəti məhz Azərbaycanı mərkəz seçərək Avropadan Asiyaya, Asiyadan Avropaya uçuşları Azərbaycan üzərindən təşkil edir.
Nəqliyyat sektorunu tamamlayan digər sahə avtomobil nəqliyyatıdır. Ölkə başçısı avtomobil yollarının infrastrukturu barədə danışarkən deyib ki, avtomobil nəqliyyatı sahəsində çox böyük işlər görülür. Yollar həm insanlara rahatlıq verir, həm də ölkə iqtisadiyyatının hərtərəfli inkişafında mühüm rol oynayır. Bildiyiniz kimi, növbəti proqram hazırlanır və regionların inkişafında yol nəqliyyatının möhkəmlənməsi başlıca rol oynayır. Yol olmayan yerdə inkişaf da yoxdur. Müasir avtomobil yolları həm ölkə daxilində, həm də qonşu dövlətləri birləşdirən magistrallarda rahatlıq yaradır.
Bütün tələblərə cavab verən yollar həm də yükdaşımaların dövriyyəsində, operativ çatdırmada, iqtisadi inkişafda mühüm rola malikdir. Dövlət başçısı bu yöndə başlıca hədəfi belə açıqlamışdır: "Bu yolların tikintisi bir neçə məqsəd daşıyır. Əlbəttə, biz Azərbaycan ərazisi ilə yükdaşımaların artmasını istəyirik və bunu təmin edirik. Amma ilk növbədə, Azərbaycan vətəndaşlarının normal yoldan istifadə etməsi məsələləri diqqət mərkəzindədir. Bir daha demək istəyirəm ki, regionların inkişafı məsələləri birbaşa yol infrastrukturu ilə bağlıdır."
Əvvəlki illərdə olduğu kimi, ötən ildə də bu sahəyə investisiyalar yönəldilmiş, nəqliyyatın hərəkət heyəti yenilənmiş, yeni avtomobil yolları çəkilmiş, köhnə yollar yenidən qurulmuşdur və bu proses davam edir. Bu inkişaf nəticəsində ötən il ölkədə avtomobil nəqliyyatı ilə daşımaların payı çoxalmışdır. 2011-ci ildə bu sistemlə 109,8 faiz milyon ton yük, 1,3 milyard sərnişin daşınmış və əvvəlki illə müqayisədə müvafiq olaraq 9,9 və 8,7 faiz artmışdır. Sərnişinlərin 96, 4 faizi avtobus, 3,6 faizi isə taksi ilə daşınmışdır. Yük dövriyyəsi 9,1 faiz artmışdır, sərnişin dövriyyəsi isə 11,6 faiz olmuşdur. Bu inkişafa avtonəqliyyat parkının təkmilləşdirilməsi, yeni avtonəqliyyat vasitələrinin alınması da yardım etmişdir. Avtonəqliyyat vasitələrinin sayı əvvəlki illərə nisbətən 55,1 min ədəd artaraq 1037,6 min ədəd təşkil etmişdir. Əhalinin hər 1000 nəfərinə düşən avtomobillərin sayı son 5 ildə 1,4 dəfə artaraq 115 ədəd olmuşdur. Avtomobillərin 84 faizi minik, 11,7 faizini yük avtomobilləri, qalan hissəsini isə xüsusi təyinatlı və digər avtomobillər təşkil edir.
Bu nəqliyyat növünün artması həm də yollarda tıxacların çoxalmasına gətirib çıxarır. Bu problemləri aradan qaldırmaq üçün yeni yollar salınır, fəaliyyətdə olanlar genişləndirilir, piyadaların təhlükəsizliyi üçün yolötürücüləri və körpülər inşa edilir. 2004-cü ildən 2011-ci ilin sonunadək 320 kilometr yeni yol salınmış, 5559,3 kilometr köhnə yol təmir olunmuşdur, 139 körpü və tunel istifadəyə verilmişdir. Hazırda Bakı şəhərində 7 yol ötürücüsü inşa edilir, bu ilin sonuna onlar istifadəyə veriləcəkdir.
Dövlət başçısının şəxsi nəzarəti sayəsində Nəqliyyat Nazirliyinin icra etdiyi layihələr davamlı surətdə həyata keçirilir. Azərbaycan çox mühüm geosiyasi mövqedə yerləşir. Bu mövqedən istifadə edən ölkə rəhbərliyi Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri layihələrini uğurla reallaşdırır. Ən yaxın zamanda Azərbaycanın nəinki bölgədə həm də bütün dünyada mühüm nəqliyyat dəhlizi kimi mötəbər mövqe qazanması şəksizdir.
Məhərrəm MƏMMƏDOV,
respublikanın fəxri dəmiryolçusu,
iqtisadçı-ekspert
Xalq qəzeti.- 2012.- 1 may.- S. 5.