"Gəncənin
sürətli inkişafı ölkə Prezidentinin təşəbbüsü,
qayğısı sayəsində reallaşır"
Bu fikirlər şəhər
ictimaiyyəti nümayəndələrinin 2012-ci ilin
birinci rübünün
yekunlarına həsr olunmuş toplantısında dönə-dönə
səsləndi
2012-ci ilin birinci rübü arxada
qaldı. Hələ üstündən bir ay da keçdi.
Artıq güllü-çiçəkli may ayı da
başlayıb. Əslində, may ayı baharın ilıq nəfəsinin
hər yerə hərarət verdiyi bir vaxtdır. Amma Gəncə
ilin bütün fəsillərində gözəldir.
Çünki bu şəhərin hər
daşı-torpağı, necə deyərlər, oyanır,
yeni görkəm alır. Lap bu yaxınlaradək keçdiyin
küçəni tanıya bilmirsən. Genişlik,
abadlıq, gözəllik, tarixiliklə müasirliyin
qovuşduğu məkan səni valeh edir. Hara baxırsan bir
yeniliklə qarşılaşırsan, təzə bir obyekt
diqqətini cəlb edir. Elə iş yoxdur ki,
başlanılsın və ona aylarla əl vurulmasın,
yarımçıq qalsın. Şəhər əhalisinə
nə söz verilibsə, mütləq həyata keçirilir,
başa çatdırılır. Məhz bu gün Gəncədə
sözlə işin möhkəm vəhdət təşkil
etməsinin nəticəsidir ki, qədim Nizami yurdu
dünyanın ən gözəl şəhərlərindən
birinə çevrilir. Şəhər icra hakimiyyətinin
başçısı Elmar Vəliyevlə bir neçə ay
əvvəl söhbət edərkən soruşmuşdum ki,
eyni vaxtda başladığınız bu qədər nəhəng
işləri necə başa çatdıracaqsınız?
Sualıma
çox soyuqqanlıqla və inamla cavab vermişdi: "Nə
iş, məgər iş qalıb, qeyd etdiyiniz obyektlər
hesab edin ki, hazırdır".
Cəmi
bir-iki ay sonra həmin yerlərə baş çəkdim və
gözlərimə inanmadım. Hamısı hazır idi.
Özü də keyfiyyətli, milli ornamentlərlə bəzədilmiş,
güllü-çiçəkli, fəvvarəli, al-əlvan,
cəlbedici.
Sözlərimin
səmimiyyətinə inanın. İndi Elmar Vəliyev sabah
desə ki, min hektar bir sahədə iki ilə yeni bir şəhər
salacağıq, ona inanasıyam. Əvvəla,
özünün dediyi kimi, şəhərdə görülən
hər bir işin arxasında ölkə Prezidenti cənab
İlham Əliyev dayanır. Onun diqqəti, qayğısı,
köməyi bizə belə cəsarətlə
danışmağa imkan verir. Digər tərəfdən qeyd
edək ki, şəhərin müvafiq strukturları, elə
bütövlükdə əhali şəhər icra hakimiyyəti
rəhbərliyinin hər bir təşəbbüsünə
həvəslə qoşulur, işgüzarlıq göstərir.
Bölgə
müxbiri kimi deyil, Gəncə şəhərinin adi bir
sakini kimi adamlar tanıyıram ki, ilk vaxtlar giley-güzar etdiyi
işlərdən indi ağızdolusu danışır,
şəhərdə yaradılan bu ab-havadan razılıq
edir, nəhəng işləri yüksək qiymətləndirir.
2012-ci
ilin birinci rübünün yekunlarına həsr olunmuş
yığıncaq da elə bu ruhda keçdi. Görülən
işlərlə bağlı icra hakimiyyətinin
başçısı Elmar Vəliyevin hesabatı ətrafında
çıxış edənlər şəhərdə
götürülən kursu bəyəndiklərini bildirdilər,
onun davam etdirilməsinin vacib olduğunu göstərdilər.
Qeyd etdilər ki, Gəncə bu gün başdan-başa
ölkə rəhbərinin qayğısı ilə əhatə
olunub. Gərək etimadı doğruldaq, Gəncəni daha da
gözəlləşdirək. Bunun üçün
bütün sahələrdə fəallıq,
işgüzarlıq, təşəbbüskarlıq hökm
sürməlidir. Şəhərin həyatında birinci
rübün ən mühüm hadisəsinin yanvarın 21-də
ölkə Prezidenti İlham Əliyevin Gəncəyə səfər
etməsi, onun bir sıra obyektlərin
açılışında, təməlqoyma mərasimlərində
iştirak etməsi toplantıda xüsusi vurğulandı.
Ümumiyyətlə, şəhərdəki ab-hava, sağlam
rəqabət, işgüzarlıq mühiti iqtisadiyyatın və
digər sahələrin dinamik inkişafına təkan
vermişdir.
2012-ci
ilin birinci rübündə şəhər
iqtisadiyyatının əsas sahələrində ümumi
daxili məhsulun həcmi 122 milyon manatı keçmiş və
ötən ilin müvafiq dövrü ilə müqayisədə
onun həcmi 37,7 faiz artmışdır. Sənayenin dinamik
inkişafı davam etdirilib. Bu müddət ərzində xidmətlər
də daxil olmaqla 52,5 milyon manatlıq məhsul istehsal
olunmuşdur. Ümumiyyətlə, keçən ilin
müvafiq dövrü ilə müqayisədə 28,4 milyon
manatlıq və ya 2,1 dəfədən çox sənaye məhsulu
istehsal edilmiş və xidmətlər göstərilmişdir.
Şəhərdə
sənaye sürətlə inkişaf edir. Ölkə Prezidenti
İlham Əliyev tərəfindən 3 mart 2008-ci ildə təməli
qoyulan Gəncə DET. Al Alüminium zavodu kompleksinin illik
alüminium istehsal olunan birinci fazası 21 yanvar 2012-ci ildə
istifadəyə verilmiş, 640 nəfər işlə təmin
edilmişdir. Kompleksin ikinci fazasında 50 min ton alüminium
istehsal edəcək 84 vannadan ibarət elektroliz
korpuslarının , gil-torpaq qəbulu anbarının tikintisi
davam etdirilir. Cari ilin mart ayında illik istehsal gücü 850
min ton olan yeni "DRI" zavodunun və istehsal gücü 750
min ton olan yeni Polad zavodunun tikintisinə
başlanılmışdır. 2013-cü ildə isə yeni
Pelet zavodunun tikintisinə başlanılacaq və beləliklə,
2012-2016-cı illərdə həyata keçirilən layihələrə
630 milyon dollar investisiya qoyulacaqdır.
"Gəncə-Qənnadı"
ASC-nin Süd emalı zavodunda texnoloji proses zamanı istifadə
olunacaq müasir avadanlıqlar tikinti meydançasına gətirilmiş
və tezliklə onların quraşdırılmasına
başlanılacaqdır.
2011-ci
ilin dekabrında 3 hektar ərazidə inşasına
başlanılmış "ELBA" kəsim və emal
fabrikinin tikintisi davam etdirilir. Müəssisənin ildə 67
min baş iri və xırda buynuzlu heyvan və 3 milyon 600 min ədəd
quş ətini emal etmək imkanı olacaqdır.
"İnter
Pak" MMC-də illik 0,6 min ton meyvə şirəsi və 0,4
min ton mürəbbə istehsal etmək gücünə malik
meyvə və tərəvəz emalı müəssisəsinin
tikintisi davam etdirilir. Müəssisədə 45 yeni iş
yerinin açılması nəzərdə tutulur.
Şəhərdə
abadlıq, yenidənqurma işləru bir an belə səngimir.
Bu işlərin daha da sürətləndirilməsi ilə
bağlı Prezidentin ehtiyat fondundan şəhərə 5
milyon manat vəsait ayrılması həyata keçirilən
işləri daha da fəallaşdırmışdır.
Ölkə
Prezidenti İlham Əliyevin xeyir-duası ilə təməli
qoyulmuş ümummilli liderin adını daşıyan Heydər
Əliyev Mərkəzinin, Azərbaycanın dahi şairi və
mütəfəkkiri Şeyx Nizami Gəncəvi muzeyinin və
Gəncə Dövlət Filarmoniyasının tikintisi davam
etdirilir.
Cavad xan,
Atatürk prospektlərində və digər ünvanlarda qəzalı
vəziyyətdə olan yaşayış evlərinin
sökülməsi ilə bağlı müasir memarlıq
üslubunda, tam təmirli, geniş və yaraşıqlı
50 mənzilli yaşayış evinin təməli
qoyulmuşdur.
Azərbaycan
Respublikası Prezidentinin 2011-ci il 13 dekabr tarixli "Gəncə
şəhərinin Kəpəz rayonunun inzibati ərazi
bölgüsündə qismən dəyişiklik edilməsi
haqqında" Azərbaycan Respublikasının Qanununa
müvafiq olaraq Gəncə şəhərində Cavad xan, Məhsəti,
Natəvan, Sadıllı, Şıxzamanlı
yaşayış məntəqələrinə qəsəbə
statusu verilmişdir.
Yeni
yaradılmış qəsəbələrin müəyyənləşdirilmiş
mərkəzlərində bütün infrastruktur layihələrin
həyata keçirilməsi istiqamətində işlər
aparılır.
Şəddadilər
və Atabəylər dövlətinin paytaxtı olmuş qədim
Gəncə başdan-başa yenidən qurulur. Görülən
işlər müasir şəhərsalma tələblərinə
uyğun, qədimliyi saxlanılmaqla aparılır. Dövlət
Baş Layihə İnstitutu "Azərdövlətlayihə"nin
əməkdaşları yerli mütəxəssislərin
iştirakı ilə şəhərin baş planını
hazırlamışlar. Bu planda 2030-cu ilədək şəhərin
inkişaf strategiyası nəzərdə tutulmuşdur.
İnkişaf perspektivlərinə uyğun olaraq şəhərin
ərazisi təxminən iki dəfə böyüyərək
17 min hektara çatdırılacaqdır.
Əhalini
narahat edən mənzil-məişət məsələlərinin
həlli istiqamətində aparılan tədbirlər davam
etdirilir. Qısa müddət ərzində yaşayış
binalarının 2 min kvadrat- metrdən çox dam
örtüyü təmir olunmuşdur.
Atatürk
prospektinin M.A.Abbaszadə küçəsinin kəsişməsindən
başlayaraq, onun Nizami prospekti ilə kəsişməsinə
kimi olan ərazisində 8 çoxmərtəbəli ictimai
binanın fasadlarının klassik memarlıq üslubunda, dam
örtüklərinin metal keramiklə üzlənərək
mansar formasında yenidən qurulmasına
başlanılmış və işlərin sürəti
günü-gündən artmaqdadır.
Dahi Azərbaycan
şairi Nizami Gəncəvi adına prospektdə 3 min 500
kvadratmetrə yaxın kərpicdən 8 qədim tikilinin və
məhəllə hasarının bərpasına
başlanılmışdır.
Ulu
öndər Heydər Əliyev prospektində aparılan yenidənqurma,
abadlıq-quruculuq işləri davam etdirilir.
Çoxmərtəbəli
binalarda liftlərin saz vəziyyətdə saxlanılması,
onların vaxtlı-vaxtında təmiri və profilaktikası,
istismar müddəti keçmiş liftlərin yeniləri ilə
əvəz olunması cari ildə də nəzərdə
tutulmuşdur.
Şəhərdə
aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərinin
əsas istiqamətlərindən biri də şəhərdaxili
yolların genişləndirilməsi, təmiri və yenidənqurulması
ilə bağlıdır.
Şəhərin
Nizami, Həsən Əliyev prospekti ilə P.Səmədov
küçələrinin kəsişməsi, M.A.Abbaszadə,
28 May küçələri genişləndirilməklə
yanaşı, səkiləri düzəldilir, tikililərin
milli ornamentləri bərpa olunur, işıq sistemi yeniləşir.
F.Əliyev
küçəsinin H.Əliyev prospekti ilə, V.Xuluflu
küçəsinin Ş.İ.Xətai prospekti ilə kəsişməsinə
qədər olan 6,5 kilometr uzunluğunda yolun yenidənqurulması
işləri davam etdirilir.
Şəhərin
prospekt və küçələrində, meydan və
parklarında 218 müasir tipli işıq dayaqları
quraşdırılmışdır.
Müxtəlif
məhəllədaxili ərazilərdə yaşayanların
arzuları və müraciətləri nəzərə
alınaraq mikrorayonlarda və yaşayış massivlərində
abadlıq, səliqə-sahman işləri bu ilin əvvəlindən
davam etdirilir.
Heydər
Əliyev və Nizami prospektlərində, M.A.Abbaszadə, 28
May və Sənaye zonasının bəzi küçələrində
8 min 660 paqonmetr mozaika və qranit bordyur daşları
quraşdırılmışdır. İlin əvvəlindən
Nizami, N.Nərimanov prospektlərində, həmçinin
M.A.Abbaszadə küçəsində 3 min 900 kvadratmetrdən
çox tamet döşənmişdir.
2012-ci
ilin ilk 3 ayı ərzində şəhərin ərazilərində
175 ədəd yeni işıqlandırıcı sistem
quraşdırılmışdır.
Şəhərə
giriş avtomobil yolları genişləndirilmiş,
yaşıllıqların salınması, yeni müasir obyektlərin
tikintisi işləri davam etdirilir.
Şəhər
ərazisində müəyyən edilmiş 800-dən
artıq tarixi tikililər ardıcıllıqla təmir və
bərpa olunur.
Şəhərdə
yaşıllıqların salınması, mühafizəsi və
onlara aqrotexniki qaydada qulluq göstərilməsi daim diqqət
mərkəzindədir.
Parkların,
xiyabanların abadlaşdırılması və onların memarlıq
baxımından yüksək səviyyədə və
zövqlə yenidənqurulması, səliqə-sahman
yaradılması işləri davam etdirilmişdir. Həyata
keçirilən bu tədbirlər şəhər əhalisinin
rahatlığına xidmət edir.
İlin əvvəlindən
şəhər ərazisində 38 min 500 ədəddən
çox ağac, 6 min 800 ədəd dekorativ gül və
çiçək əkilmiş, 6 ədəd yeni subartezian
quyusu istifadəyə verilmiş, 10-dan çoxu isə təmir
olunmuşdur.
Mövcud
qazon-çəmənlik sahələri genişləndirilmiş,
ilin əvvəlindən 5,6 hektar yeni qazon
salınmışdır.
Şəhər
ərazisində əkilmiş ağacların
suvarılmasında ənənəvi suvarma ilə
yanaşı, ən tərəqqi üsuldan-damcılı
suvarmadan istifadənin tətbiqi istiqamətində işlər
aparılır.
Şəhərdə
aparılan quruculuq və yenilik bütün sahələri əhatə
etdiyi kimi, nəqliyyat sektoruna da öz təsirini göstərməkdədir.
Avtomobil nəqliyyatı
müəssisələri və bu sahədə fəaliyyət
göstərən fiziki şəxslər 3 ay ərzində 14
milyon 237 manatlıq və ya ötən illə müqayisədə
2,4 faiz çox nəqliyyat xidmətləri göstərmişdir.
2012-ci
ilin birinci rübünə avtomobil nəqliyyatı ilə
yük daşınması 10,9 faiz, sərnişin
daşınması 72,6 faiz artmışdır. İctimai nəqliyyatdan
istifadə edən sərnişinlərə təklif edilən
xidmətin keyfiyyətinin
yaxşılaşdırılması məqsədi ilə
istismar müddətini keçmiş kiçik avtobusların
yenisi ilə əvəz edilməsi cari ildə də davam
etdirilmişdir.
Hesabat
dövründə Cənubi Koreya istehsalı olan 11 ədəd
"Hyundai" markalı avtobus gətirilərək xəttə
buraxılmışdır. İlin sonuna kimi bu markalı
avtobusların sayı tədricən artırılacaqdır.
Şəhərdaxili
sərnişin daşınması üzrə marşrutlar müasir
tələblərə uyğun və mövcud vəziyyətə
uyğunlaşdırılmaqla optimal variantlar yenidən işlənilir.
Müasir
nəqliyyat infrastrukturuna uyğun olaraq yaxın vaxtlarda elektron
tablolu dayanacaqların quraşdırılmasına
başlanılacaqdır.
Köhnə
taksilərin yenisi ilə əvəz edilməsi nəzərdə
tutulur və bu sahədə danışıqlar
aparılır. Gəncə Beynəlxalq Hava limanı ilin
birinci rübündə hava nəqliyyatı ilə 31 min 100 nəfər
sərnişin, 277 ton yük daşımışdır. Sərnişin
daşınması 11,9 faiz, yük göndərilməsi 1faiz
artmışdır.
Şəhərdə
aparılan abadlıq və quruculuq işləri ilə əlaqədar
olaraq Nizami prospekti, Şəddadilər, Əziz Əliyev və
İsrafil Məmmədov küçələrində 7
kilometr 515 metrdən çox hava rabitə xətləri
yeraltı kabel kanalizasiya qurğuları ilə əvəz
edilmişdir.
"Azərpoçt"
MMC Gəncə Regional Poçt filialı müştərilərə
göstərilən xidmətin səviyyəsinin günün
tələbləri səviyyəsinə qaldırılması
məqsədilə 1 və 3 saylı poçt şöbələri
"Master Card" Beynəlxalq ödəniş sisteminə
qoşulmuş, ATM cihazları quraşdırılması
üçün QRX xətləri çəkilib, bütün
poçt şəbəkələrində valyuta mübadiləsi
əməliyyatlarının, pul köçürmələrinin
qəbulu və ödənilməsi, əhalidən kommunal
ödənişlərin qəbulu və digər bank xidmətlərinin
göstərilməsi üçün tədbirlər həyata
keçirilmişdir.
Pərakəndə
ticarət dövriyyəsinin həcmi 5,1 faiz artaraq 137,6 milyon
manat təşkil etmişdir. Əhaliyə göstərilən
pullu xidmətlərin həcmi əvvəlki ilin səviyyəsini
10,4 faiz üstələyərək 57,6 milyon manata
çatmışdır.
Əhalini
dayanıqlı elektrik enerjisi ilə təmin etmək
üçün 22 alçaq və yüksək gərginlikli
yarımstansiyada və transformator məntəqəsində əsaslı
və cari təmir işləri aparılmış və bu
sahədə işlər davam etdirilir. Şəhərin
ayrı-ayrı küçələrində 6 min 500 metr
SİP kabel, 3 min 850 metrdən çox koaksial kabel çəkilmişdir.
Hesabat dövründə istehlakçıların işlətdikləri
elektrik enerjisinin uçotunun aparılması üçün
242 ədəd "Smartkart" tipli, o cümlədən 30 ədəd
üç fazalı sayğac
quraşdırılmışdır.
Cavad xan qəsəbəsində,
"Gülüstan" yaşayış massivində, H.Əliyev,
Atatürk və Nizami prospektlərində, H.Cavid, Veteranlar, Təbriz,
Totanlı, P.Səmədov və digər küçələrdə
elektrik enerjisi istehlakçılarının enerji təchizatının
yaxşılaşdırılması məqsədilə
elektrik şəbəkəsində yenidənqurma işləri
aparılmışdır.
Hesabat
dövründə 6,5 kilometr uzunluğunda müxtəlif gərginlikli
yeni hava və kabel elektrik xətti çəkilmiş, 1,2
kilometri isə yenisi ilə əvəz olunmuşdur.
Alçaq
gərginlikli elektrik şəbəkəsində cari ilin
birinci rübündə 17 transformator məntəqəsi cari və
əsaslı təmir edilmiş, 1,5 kilometr uzunluğunda yeni
hava və kabel elektrik verilişi xətləri çəkilmiş,
1 ədəd 160 kilovoltluq kompleks transformator məntəqəsi
quraşdırılmışdır.
Şəhərin
enerji sisteminin yenidən qurulması ilə əlaqədar
aparılan işlərin davamı olaraq müasir 10-6-04
kilovoltluq 776 ədəd metal boru və dəmir beton dayaqlar
quraşdırılmış, 22,2 kilometr uzunluğunda SİP
kabeli yeni dirəklərin üzərinə
köçürülmüş, 13,4 kilometr uzunluğunda yeni
SİP kabel xətti çəkilmişdir.
Şəhər
icra hakimiyyətinin enerji sahəsində xüsusi diqqət
yetirdiyi digər bir mühüm məsələ isə Gəncə
əhalisinin təbii qazla tam təminatı, mövcud qaz şəbəkəsinin
yenidən qurulmasıdır. Qaz şəbəkəsinin yenidənqurulması
ilə əlaqədar ilin əvvəlindən M.Abbaszadə,
Şəddadilər, Q.Hüseynli, Əziz Əliyev və digər
küçələrdə 10 min paqonmetrə qədər
orta və aşağı təzyiqli qaz dəmir boru kəmərləri
polietilen boru kəmərləri ilə əvəz edilmiş,
qaz itkisinin qarşısı alınmaqla yanaşı, əhalinin
məişət qazına olan tələbatı
yaxşılaşdırılmış, qazla təminatının
etibarlığı artırılmışdır.
Hesabat
dövründə 140 qaz tənzimləyici şkaf və 114
qaz siyirtməsi profilaktiki təftiş və təmir
edilmiş, 64 qaz sızması aşkar edilərək
qarşısı alınmışdır.
Hacıkənd
qəsəbəsində əhalinin təbii qazla təmin
olunması üçün 1 min 92 paqonmetr uzunluğunda yeni
qaz xətti çəkilmiş, 43 ailə təbii qazla təmin
edilmişdir. Bu sahədə işlər davam etdirilir.
2012-ci
ilin ilk 3 ayı ərzində əhalinin mənzillərində
1 min 363 ədəd litron markalı qaz sayğacı
quraşdırılaraq qeydiyyata
götürülmüşdür. Aprelin 1-nə kimi 67 min 556
məişət abonenti qaz sayğacı ilə təmin edilmişdir.
Bu ümumi abonentlərin 97,2 faizini təşkil edir.
İlin əvvəlindən
əhaliyə istehlak edilən qazın ödənişi 87,9
faiz olmuşdur ki, bu da keçən ilin müvafiq
dövründən 5 faiz çoxdur.
İstehlakçıların,
xüsusən də əhalinin içməli su təchizatının
və kanalizasiya xidmətlərinin
yaxşılaşdırılması ilə əlaqədar
ilin əvvəlindən müəyyən işlər
görülmüşdür.
Ölkə
Prezidentinin diqqət və qayğısı sayəsində təməli
2011-ci ilin sentyabrın 8-də qoyulmuş "Gəncə
şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin
yenidənqurulması" layihəsi çərçivəsində
suötürücü mənbələrin, anbarların
magistral su xəttinin tikintisi işləri davam etdirilir.
Gəncə
"Sukanal" Törəmə Açıq Səhmdar Cəmiyyəti
tərəfindən ayrı-ayrı su anbarları təmizlənmiş,
məhəllədaxili nasos stansiyaları və avadanlıqları
təmir edilmiş, su sızmalarının
vaxtlı-vaxtında qarşısı
alınmışdır.
Gəncənin
dinamik inkişafı göz qabağındadır. Bu
inkişaf, bu tərəqqi bütün sahələri əhatə
edir. Şəhərdə ideoloji iş gücləndirilib.
Tarixi şəxsiyyətlərin, milli memarlıq abidələrinin
təbliği, qorunub saxlanılması üçün
ardıcıl iş aparılır. Elə tək Nizami Gəncəvi
ilə əlaqədar görülən işlər bunu cəsarətlə
deməyə imkan verir. Məsələn, Nizami küçəsi
genişləndirilərək və yenidən milli ornamentlərlə
qurularaq prospektə çevrilmişdir. Gəncə Hava Limanınadək
uzanan bu prospekt indi də genişləndirilməkdə davam
etdirilir. Köhnə, lüzumsuz tikililər
sökülür, ətraf abadlaşdırılır,
qazonlar, yaşıllıqlar salınır. Nizami məqbərəsi
və onun ətrafı tamamilə yeni görkəm alıb.
İndi dahi şairin məqbərəsini ziyarət etməyə
gələnlər əsrarəngiz bir mənzərə ilə
qarşılaşırlar. Müxtəlif abidələr, fəvvarələr,
istirahət guşələri, çıraqbanlar göz
oxşayır. Hara baxırsan gül-çiçək,
yaşıllıqdır. Yeri gəlmişkən qeyd edək
ki, şəhərin lap girəcəyinə kimi yolun hər
iki tərəfində uzanan bu yaşıllıq sahələri
ayrı-ayrı müəssisə və təşkilatlar
arasında bölüşdürülüb. İndi gəncəlilərin
bir çoxu şənbə və bazar günləri və ya
işdən sonra buraya gəlir, yaşıllıqlara qulluq
edir, eyni zamanda, gördükləri işdən zövq
alırlar. Həmin prospektdə şəhərin Hava
Limanı istiqamətində Giriş qapıları da diqqəti
cəlb edir. Burada da yeni yaşıllıqlar salınıb,
ağac və gül kolları əkilib. Vaxtilə ticarət
obyektlərinin arxasında görünməz qalan "Xəmsə"
kompleksi tamamilə yenidən bərpa olunub. Bura indi adamların
əsil istirahət guşəsinə çevrilib.
Göründüyü kimi, tək Nizami Gəncəvi ilə
bağlı şəhərdə həyata keçirilən
işlər bir qəzet yazısına sığmaz. Qəzetimizin
ötən saylarının birində "Gəncə, Nizami
prospekti" sərlövhəli bir yazı vermişdik. Həmin
məqalə ilə əlaqədar redaksiyamız çoxlu
oxucu məktubu almışdı. Onların müəllifləri
Gəncədə həyata keçirilən geniş
abadlıq, quruculuq işlərinə yüksək qiymət
verməklə yanaşı, ölməz Nizami irsinin qorunub
saxlandığından məmnunluq hissi keçirdiklərini
ifadə edirdilər.
Bəli,
Gəncənin toylu-büsatlı günləri hələ
qabaqdadır. Şəhərdə nəhəng obyektlər
inşa olunur. Filarmoniya, Heydər Əliyev Mərkəzi,
Nizami Gəncəvi Mərkəzi, çoxlu sosial obyektlər,
zavodlar, fabriklər tikilir. Gəncə Azərbaycanın elə
bir guşəsinə çevrilir ki, təkcə gəncəlilər
deyil, hər bir vətəndaşımız onunla fəxr edir
və edəcək.
Hamlet QASIMOV
Xalq qəzeti.- 2012.- 3 may.- S. 6.