Azərbaycan
xalqı öz görkəmli liderinin müqəddəs xatirəsini
həmişə hörmətlə yad edəcək
Azərbaycan
Respublikası öz dövlət quruculuğunda, sosial-iqtisadi
problemlərin həllində tutduğu strateji yolla gedir. Bizim
bu yolumuz Azərbaycanda demokratik, hüquqi, sivilizasiyalı
dövlət qurmaqdan, demokratik prinsipləri gündən-günə
inkişaf etdirməkdən, dünyanın əldə etdiyi
bütün demokratik nailiyyətləri Azərbaycanda yaymaqdan,
onlardan bəhrələnməkdən ibarətdir.
Heydər ƏLİYEV,
Ümummilli lider
Ulu öndər Heydər Əliyevin
siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan
xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət
idarəçiliyi məktəbinə çevrilmişdir. Azərbaycan
xalqının hələ neçə-neçə nəsli
uzun illər bu böyük məktəbdən- Heydər Əliyevin
zəngin siyasi irsindən ölkəmizin inkişafı, beynəlxalq
aləmdə nüfuzunun daha da artması, əlaqəlarənin
genişlənməsi və xalqımızın rifahı naminə
faydalanacaqdır. Ümummilli liderimiz Heydər Əliyev elə
nadir tarixi şəxsiyyətlərdəndir ki, hələ
sağlığında xalqımızın qəlbində
özünə əbədi abidə ucaldaraq, canlı əfsanəyə
çevrildi. Böyük tarixi şəxsiyyət
bütün zəngin və mənalı həyatı boyu həmişə
xalqını, Vətənini, millətini
düşünüb, Azərbaycanın ən çətin məqamlarında
onu üzləşdiyi faciələrdən xilas etmək
üçün misilsiz fədakarlıqlar göstərib.
Xalqımızın
və dövlətimizin tarixində özünə əbədiyyət
abidəsi ucaltmış, öz ölkəsi, xalqı
üçün tarixi əhəmiyyətli işlər
görmüş ümummilli liderimiz Heydər Əliyevin fəaliyyətinin
hər səhifəsi Azərbaycan tarixinin yüksəliş mərhələləri
ilə üst-üstə düşür. Bu ömrün hər
günü xalqa, millətə, dövlətə xidmət etməyin
örnəyi olmuşdur.
1969-cu
il iyulun 14-də Azərbaycan Kommunist Partiyası Mərkəzi
Komitəsinin plenumunda Heydər Əlirza oğlu Əliyevin
respublika rəhbəri seçilməsi ilə ölkəmizin
tarixində keyfiyyətcə yeni mərhələ
başlandı. Ulu öndərin respublikaya rəhbərlik
etdiyi ilk vaxtlar Azərbaycanda əsas problemlərdən biri -
xalqla hakimiyyət arasında uçurumun mövcudluğu,
siyasi hakimiyyət daxilində yekdilliyin olmaması idi. Yüksək
vəzifəli şəxslər arasında hökm sürən
intriqalar nəticəsində respublikada inkişaf yox dərəcəsində
idi. Yaranmış vəziyyət xalqın bir sıra
köklü məsələlərinin həllinə nəinki
mane olur, hətta onu daha da dərinləşdirirdi. Azərbaycana
rəhbərlik etdiyi ilk günlərdən bu problemin aradan
qaldırılması istiqamətində gərgin fəaliyyətə
başlayan Heydər Əliyev azərbaycanlılar arasında
milli birliyə, siyasi hakimiyyət daxilində yekdilliyə,
xalqla hakimiyyət arasında uçrumun aradan
qaldırılmasına nail oldu. Azərbaycanlıları
dövlət orqanlarında vəzifələrə gətirməklə
yerli kadrların yetişməsinə şərait yaratdı.
Xalqımızın böyük oğlu siyasi hakimiyyəti
möhkəmləndirir, azərbaycanlı kadrları müxtəlif
vəzifələrə təyin edir, milli ruhu
qaldırırdı. Mənsub olduğu xalqın tükənməz
yaradıcılıq enerjisinin, milli müstəqillik
duyğularının reallaşmasına çalışan
ulu öndər Heydər Əliyev xalqımızı
dünyanın ən inkişaf etmiş xalqları səviyyəsinə
çıxarmaq, Azərbaycan mədəniyyətinin zənginliyini
bütün dünyaya nümayiş etdirmək
üçün əlindən gələni əsirgəmirdi.
Heydər
Əliyev hələ kommunist partiyasının hakimiyyətdə
olduğu sərt və ciddi rejimli illərdə
respublikanın rəhbəri kimi milli ruhun, milli
özünüdərkin yüksəlişi, xalqın tarixi
yaddaşının özünə qayıtması, müstəqil
dövlətçilik ideyalarının gerçəkləşdirilməsi
üçün əsaslı zəmin yaratmışdır. Sərt
sovet rejiminin qadağalarına baxmayaraq, Azərbaycanda milli
ruhun sıxışdırılmasına nəinki yol verməmiş,
əksinə, onu yüksəltmək yolunda bütün
imkanlardan maksimum dərəcədə istifadə etməyi
bacarmışdır. Milli sevgi və milli duyğu tarixdə ən
mühüm hadisələrdən biri olub. Heydər Əliyevin
əsas fəaliyyət istiqamətlərindən biri bu hissləri
daha da qüvvətləndirmək və inkişaf etdirməkdən
ibarət idi. Bu bağlılıq millətin dilinə, dininə,
milli-mənəvi dəyərlərinə dərin hörmət
bəsləməklə milli varlığı inkişaf etdirmək,
Vətəni qorumaq və öz milləti üçün
böyük uğurlar qazanmaqdan ibarərdir. Heydər Əliyev
respublikaya rəhbərlik etdiyi ilk vaxtlarda həyatını
riskə qoyaraq əsas fəaliyyətini məhz bu vəzifələrin
həyata keçirilməsinə yönəltmişdi.
Ümummilli
liderin xalqımız, millətimiz qarşısında ən
böyük xidmətlərindən biri respublikaya birinci rəhbərliyi
dövründə Azərbaycan dilinə həqiqi dövlət
dili statusu qazandırmağa nail olması, sözün əsl
mənasında qəhrəmanlığa bərabər
addım atması olmuşdur. Bütün müttəfiq respublikalarda
rus dilinin hökmranlıq etdiyi və milli dillərin
sıxışdırıldığı bir vaxtda Heydər Əliyevin
fəaliyyətində Azərbaycan dilinə qayğı
xüsusi yer tuturdu. Hər bir xalqın milli-mənəvi dəyərlərinin
ikişafında və qorunub saxlanılmasında ana dilinin
müstəsna əhəmiyyət kəsb etdiyini yaxşı
bilən Heydər Əliyev Azərbaycan dilinin dövlət
dili statusu alması və zənginləşdirilməsi
üçün bütün imkanlardan istifadə edirdi.
1978-ci
il Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit
edilmişdir. Həmin dövrün qayda - qanunlarına görə
Azərbaycan Konstitusiyası layihəsinin geniş ümumxalq
müzakirəsi keçirildi. Konstitusiya layihəsinə Azərbaycan
dilinin dövlət dili kimi salınması üçün
Heydər Əliyev Sovet İttifaqı rəhbərliyi ilə
danışıqlar aparmağa başlayır. Digər respublikaların
rəhbərləri də bundan istifadə edərək öz
konstitusiyalarına dövlət dili haqqında maddə salmaq
istəyirdilər. Çox ağır bir vəziyyət
yaranmışdı. Belə bir şəraitdə Heydər Əliyev
Sovet İttifaqının rəhbəri L.İ.Brejnevlə
danışaraq vəziyyəti ətraflı və məntiqli
şəkildə ona izah etdikdən sonra Azərbaycan dilinin
dövlət dili kimi Konstitusiyaya salınması məsələsini
birdəfəlik həll edir. Bundan sonra Konstitusiya layihəsinin
ümumxalq müzakirəsinə həsr olunmuş iclas
keçirildi. Həmin iclasda Heydər Əliyev birmənalı
şəkildə bildirmişdir: "73-cü maddəni
aşağıdakı redaksiyada vermək təklif olunur:
"Azərbaycan Sovet Sosialist Respublikasının dövlət
dili Azərbaycan dilidir." Bununla da Konstitusiyanın 73-cü
maddəsində Azərbaycan SSR-də dövlət dili olaraq
Azərbaycan dili təsbit edildi.
Azərbaycan
dilinə dövlət dili statusunun verilməsi ulu öndər
Heydər Əliyevin xalq, Vətən qarşısında
tarixi xidmətlərindəndir. Bu, müdrik şəxsiyyətin
gələcək müstəqil dövlətçiliyin
mühüm atributlarından birini siyasi ustalıqla qoruduğunu
göstərirdi. Heydər Əliyevin ana dilinə münasibətində
Azərbaycan ədəbi dilinin saflığının
qorunması və inkişaf etdirilməsi xüsusi yer tuturdu.
Xalqına, millətinə qəlbən bağlı olan ulu
öndər ziyalılardan, alimlərdən,
bütövlükdə xalqımızdan ana dilimizin
saflığını qorumağı qətiyyətlə tələb
edirdi. O, ana dilinin qorunması haqqında çəkinmədən,
qorxmadan, cəsarətlə deyirdi: "Dil xalqın
böyük sərvətidir. Ədəbi dilin tərəqqisi
olmadan mənəvi mədəniyyətin tərəqqisi
mümkün deyildir". Ana dilinə göstərilən
qayğı nəticəsində azərbaycanlıların
milli ruhu yüksəlir, özlərinə olan inamı
artır və müstəqillik düşüncələri
güclənirdi.
Heydər
Əliyevin tarixi xidmətlərindən biri də dövlət
orqanlarında yerli kadrların - azərbaycanlıların
işləməsinə üstünlük verməsi idi. Bundan
ötrü dövrün tələblərinə cavab verən
elmli, savadlı, geniş dünyagörüşə malik
kadrların yetişməsinə böyük zərurət
yaranırdı. Tarixi təcrübə göstərirdi ki,
savadlı, siyasi hadisələrdən baş çıxara
bilən və dərin elmə malik kadrlarla qurulan dövlətlər
uzunömürlü, ədalətli, nüfuzlu və qüdrətli
olur. Məhz bu xüsusiyyətləri diqqətdə saxlayan
Heydər Əliyev Azərbaycan xalqının maariflənməsinə,
mükəmməl təhsil almasına xüsusi önəm
verirdi. Təhsilin inkişafı ilə əlaqədar
çoxsaylı qərarlar qəbul edildi. İlk növbədə
Azərbaycan Maarif Nazirliyinin tərkibi milliləşdirildi. Təhsil
müəssisələrinə ayrılan vəsait xeyli
artırıldı, inkişaf etmiş ölkələrin təhsil
sistemi ilə əlaqələr qurmaq üçün
müvafiq tədbirlər görüldü və bu sahənin
maddi - texniki bazası gücləndirildi. Ulu öndərin səyi
ilə çoxlu sayda yeni məktəb binaları tikildi, məktəb
yaşlı uşaqlar təhsilə cəlb edildi və təhsilin
kütləviləşməsi sahəsində ciddi səylər
göstərildi. Azərbaycanlı qızların ali məktəblərə
cəlb edilməsi məsələsinə xüsusi önəm
verildi. Bunun da nəticəsində respublikada təhsilli
qadınların sayı sürətlə artdı. Heydər Əliyev
azərbaycanlı gənclərin SSRİ -nin müxtəlif
şəhərlərində təhsil almalarına
çalışırdı. O dövrdə sovet təhsil
sistemi dünyanın qabaqcıl təhsil sistemi hesab olunurdu.
1970 - 1979-cu illərdə ölkənin başqa ali məktəblərini
500 nəfər azərbaycanlı bitirmişdi. Bu illər ərzində
həmin ali məktəblərə azərbaycanlı gənclərin
qəbulu 10 dəfə artırılmışdı. 1979-cu
ildə SSRİ-nin müxtəlif şəhərlərindəki
ali məktəblərdə 2800 nəfər azərbaycanlı
oğlan və qız 244 ixtisas üzrə təhsil
alırdı. 1982-ci ildə isə ölkənin müxtəlif
ali məktəblərinin birinci kursuna 737 azərbaycanlı gənc
göndərildi. Həmin gənclərə təqaüd
verilməsi məsələsi də yüksək səviyyədə
həll olunmuşdu. Heydər Əliyevin gərgin fəaliyyəti
nəticəsində respublikamız savadlılar diyarına
çevrildi. Ümummilli lider özü bu barədə
deyirdi:"Azərbaycanda ən böyük nailiyyət ondan
ibarətdir ki, bizdə savadsız adam yoxdur. Ölkəmizdə
hansı bir kəndə, hansı bir dağ kəndinə getsəniz,
orada savadsız adam tapa bilməzsiniz. Azərbaycan
xalqının ümumi təhsil səviyyəsinin, mədəni
səviyyəsinin yüksəlməsi XX əsrdə
özünü çox bariz şəkildə göstərmişdir."
Heydər Əliyev sonralar SSRİ Nazirlər Soveti sədrinin
birinci müavini və Sov. İKP MK Siyasi Bürosunun
üzvü olarkən də ürəyi xalqımızla
birlikdə döyünürdü, Vətəninə,
xalqına əvvəlkindən də artıq bir məhəbbətlə
xidmət edirdi və Azərbaycanın bütün sahələr
üzrə inkişafına böyük təkan verirdi.
Bütün bunlar müstəqil Azərbaycanın bərqərar
olması, sonradan bu müstəqilliyin qorunub saxlanılması
və inkişafı üçün işlənib
hazırlanmış uzunmüddətli bir strategiya idi. Heydər
Əliyevi min hiylə və məkrlə keçmuş
SSRİ-nin rəhbərliyindən uzaqlaşdırmağa nail
olan Azərbaycanın düşmənlərinin əlləri
- qolları bundan sonra açıldı. Bununla da Azərbaycanın
tarixində növbəti dəhşətli mərhələ
başlandı. Heydər Əliyev hakimiyyət başında
olduğuna görə Azərbaycan torpaqlarına qarşı
təcavüz planlarını reallaşdıra bilməyən
qüvvələr fəallaşaraq öz
işğalçılıq niyyətlərini həyata
keçirməyə başladılar. Xalqımız ağır
faciələrlə üzləşdi. Azərbaycanın ən
yeni tarixinə "qara yanvar" kimi düşmüş
1990-cı il yanvarın 19-dan 20-nə keçən
müdhiş qecədə sovet ordusu və SSRİ Daxili
İşlər Nazirliyinin böyük kontingenti tərəfindən
yüz otuzdan artıq günahsız Azərbaycan vətəndaşı
qəddarlıqla qətlə yetirildi. Həmin vaxt Moskvada ciddi
nəzarət altında olan Heydər Əliyev faciədən
bir gün sonra - yanvarın 21-də Azərbaycanın
Moskvadakı daimi nümayəndəliyində mətbuat
konfransı keçirərək, bu dəhşətli hadisənin
əsas günahkarı kimi SSRİ və respublika rəhbərliyini
kəskin tənqid etdi. O, Bakıya qoşun yeridilməsi ilə
əlaqədar qərar qəbul edənlərin hərəkətlərini
siyasi qəbahət adlandırdı.
SSRİ-nin
süqutundan sonra müstəqillik qazanmış Azərbaycanda
vəziyyət getdikcə ağırlaşırdı. Ölkə
dövlət idarəçiliyində təcrübəsi
olmayan naşı adamlar tərəfindən idarə olunurdu.
Xaos, anarxiya, özbaşınalıq baş alıb gedirdi.
Daxildə hakimiyyət uğrunda gedən mübarizə
torpaqlarımızın ermənilər tərəfindən
asanlıqla işğalına şərait yaradırdı.
1992-1993-cü illər müstəqilliyimizin ilk illərinə
təsadüf etsə də, ölkəmizin müasir tarixinə
hərc-mərclik, özbaşınalıq dövrü kimi
daxil oldu. Bu dövrdə müstəqillik yoluna qədəm
qoymuş respublikamızın qarşısında yeni mərhələdə
tarixi vəzifələr dururdu. Tarix bu vəzifələrin
yerinə yetirilməsi üçün ölkənin
intellektual, sosial-iqtisadi potensialından, ictimai-siyasi qüvvələrindən
səmərəli istifadə olunmasını tələb
edirdi. Xalqı arxasınca apara bilən, dövlət idarəçiliyində
zəngin təcrübəsi olan, insanların, xalqın
inandığı, etimad göstərdiyi liderə
böyük ehtiyac yaranmışdı. Belə bir lider
yalnız və yalnız Heydər Əiyev idi. Ulu öndər
Heydər Əliyevin Azərbaycana uzunmüddətli rəhbərliyinin
göstəricisi də məhz azərbaycançılıq
ideyasının, milli özünüdərkin inkişafı,
xalqın tarixi yaddaşının özünə
qaytarılması prinsipləri əsasında milli dövlətçilik
arzularının və hisslərinin güclənməsi, real
siyasi faktlara çevrilməsidir. Məhz bu amillərə
görə də 1992-ci ilin oktyabrında Azərbaycanın
ziyalıları, tanınmış ictimai - siyasi xadimləri
Heydər Əliyevə müraciət ünvanlayaraq onu ölkəyə
rəhbərliyə dəvət etdilər. Müraciətdə
deyilirdi:"Möhtərəm Heydər bəy! İndiki vəziyyətdə
bu çətin, məsuliyyətli işi respublikada öz
öhdəsinə götürməyə qadir yeganə şəxs
Sizsiniz! Uzun illər əldə etdiyiniz dövlət
quruculuğu təcrübəsinə əsaslanaraq Siz qısa
müddətdə Azərbaycanda geniş xalq kütləsini əhatə
eləyəcək çox böyük, güclü,
nüfuzlu işlək bir partiya yaratmağa qadirsiniz... Azərbaycan
Sizin sözünüzü və qəti qərarınızı
gözləyir".
Ürəyi
həmişə xalqı, Vətəni, milləti
üçün döyünən qüdrətli şəxsiyyət
Heydər Əliyev həyatının qalan hissəsini
xalqına bağışlamağa hazır olduğunu bildirdi
və 1993-cü il iyunun 9-da Bakıya gəldi . Bu
qayıdış Azərbaycan xalqının qanı
bahasına qazanılmış müstəqilliyin qorunub
saxlanılması, ölkənin uçrumdan xilası,
iqtisadi, siyasi böhrandan qurtulması idi. Heydər Əliyevin
dühası, müdrikliyi, zəngin dövlətçilik təcrübəsi,
polad iradəsi və gərgin səyi nəticəsində
müstəqil Azərbaycanda həyat tədricən öz
axarına düşdü.
Azərbaycan
xalqının taleyi ilə pərdəarxası oyunlara, siyasi
anarxiya və eksperimentlərə son qoyuldu, ölkədə
cinayətkarlığın qarşısı tam
alındı, bütün qanunsuz silahlı dəstələr
ləğv olundu. Bunlar da bütövlükdə Azərbaycanda
dövlət quruculuğu prosesinin uğurla aparılması
üçün şərait yaratdı. 1994-cü il oktyabr və
1995-ci il mart dövlət çevrilişi cəhdlərinin
qarşısı Heydər Əliyevin qətiyyəti sayəsində
alınmış, dövlət müstəqilliyi qorunub
saxlanılmışdır. Ölkəmizdə müstəqil
dövlət təsisatlarının yaranmasına və
dövlət quruculuğu prosesinin böyük vüsət
almasına müstəqil Azərbaycanın ilk Konstitusiyası
zəmin yaratdı. Azərbaycanda dövlətçiliyin
möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar
olması, demokratik, hüquqi, dünyəvi dövlət
quruculuğu prosesinin uğurla, sürətlə həyata
keçirilməsi şəxsən Heydər Əliyevin
adı ilə bağlıdır.
Azərbaycan
Respublikasının müstəqillik illərində
bütün sahələrdə olduğu kimi, milli təhsil
sahəsində də bir sıra uğurlar əldə edilib.
Bu uğurların ilhamverici qüvvəsi və qarantı məhz
Heydər Əliyev idi. Onun müdrik daxili və xarici siyasəti,
yaratdığı sabitlik təhsilin inkişafına əlveişli
zəmin yaradıb. Heydər Əliyev müstəqil Azərbaycanda
milli təhsil quruculuğu sahəsində də islahatın
memarı idi. Onun hakimiyyətə xilaskar missiyalı
qayıdışı Azərbaycanın sosial-iqtisadi, siyasi və
mədəni həyatının bütün sahələrində
olduğu kimi, təhsil sahəsində də tənəzzülün,
depressiyanın qarşısını almağa imkan verdi, təlim-tərbiyə
müəssisələrinin ahəngdar işi bərpa olundu, təhsil
sisteminin müstəqil dövlətçilik prinsipləri əsasında
qurulmasına tarixi şərait yarandı.
Heydər
Əliyevin apardığı daxili siyasət Azərbaycanın
hər bir vətəndaşına azad, sərbəst
yaşamaq hüquqlarını təmin etmək və öz
rifahını yaxşılaşdırmaq imkanları
yaratmaqdan ibarət olmuşdur. Müdrik şəxsiyyətin fəaliyyətində
iqtisadi islahatlar, bazar iqtisadiyyatının bərqərar
olması, iqtisadi inkişafın təmin edilməsi, Azərbaycanın
dünya iqtisadiyyatına inteqrasiyası, özəlləşdirmə
proqramının, aqrar islahatların həyata keçirilməsi
ardıcıl prioritet sahələr olmuşdur. Heydər Əliyev
demokratik, hüquqi dövlət quruculuğu istiqamətində
davamlı siyasət yeridərək, ölkədə insan
hüquq və azadlıqlarının başlıca prinsiplərinin
bərqərar olması üçün əsaslı zəmin
yaratmışdır.
Məhz
ümummilli liderin rəhbərliyi altında Azərbaycan
dövlətinin xarici siyasəti, dünyanın aparıcı
dövlətləri və beynəlxalq təşkilatları
ilə əlaqələri milli maraqlara və uzaqgörən
siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etməyə
başlamışdır. Xarici siyasət məsələlərinə
müstəsna əhəmiyyət verilməsi, beynəlxalq
miqyasda etiraf olunan uğurlu və cəsarətli addımlar
atılması, milli məqsədlər naminə ən
nüfuzlu tribunalardan bacarıq və məharətlə
istifadə edilməsi Azərbaycan dövlətçiliyinin bu
günü və gələcəyi baxımından son dərəcə
əhəmiyyətli olmuşdur.
Heydər
Əliyevin fəal diplomatiyası nəticəsində
dünyanın demokratik dövlətlərinin və
aparıcı ictimai təşkilatlarının ölkəmizə
münasibəti əsaslı surətdə dəyişmişdir.
Azərbaycanda həyata keçirilən xarici siyasətin əsasını
sülh, beynəlxalq hüquq normalarına, sərhədlərin
bütövlüyünə və toxunulmazlığına,
dövlətlərin ərazi bütövlüyünə
hörmət və qarşılıqlı surətdə
faydalı əməkdaşlıq prinsipləri təşkil
etmişdir. Dünya təcrübəsinin bütün nailiyyətlərini,
sivil beynəlxalq normaları özündə tam əks etdirən
sülhsevər xarici siyasətimizin əsasında milli müstəqilliyin
möhkəmləndirilməsi, dövlətlərin
hüquqlarına hörmətlə yanaşılması,
bütün mübahisəli məsələlərin sülh
və danışıqlar yolu ilə həll edilməsi,
qarşılıqlı surətdə faydalı iqtisadi, elmi və
mədəni əməkdaşlıq yaradılması,
dövlətlərarası əlaqələrə mane olan hər
cür məhdudiyyətlərin aradan qaldırılması
prinsipləri dayanır.
"Müstəqilliyin
əldə olunması nə qədər çətindirsə,
onun saxlanılması daimi, əbədi olması bundan da
çətindir" - deyən Heydər Əliyevin nurlu xatirəsi
həmişə hörmətlə yad olunur. Ulu öndərin
Azərbaycan xalqı qarşısında ən böyük
xidmətlərindən biri də özündən sonra
möhtərəm Prezidentimiz İlham Əliyev kimi intellektual
səviyyəli, dərin siyasi təfəkkürə malik,
dövlət idarəçiliyini dərindən bilən bir
şəxsiyyəti Azərbaycana bəxş etməsidir. Heydər
Əliyev 2003-cü ilin oktyabrında xalqa müraciətində
bildirmişdir:" ...O, yüksək intellektli, praqmatik
düşüncəli, müasir dünya siyasətini və
iqtisadiyyatını gözəl bilən, enerjili və təsəbbüşkar
bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm
İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası
bundan sonra da xalqımızın ən layiqli
övladlarını öz ətrafında birləşdirərək
Azərbaycan dövlətinin inkişafı və
xalqımızın firavanlığı yolunda çox
işlər görəcəklər. İnanıram ki, mənim
axıra çatdıra bilmədiyim taleyüklü məsələləri,
planları, işləri sizin köməyiniz və dəstəyinizlə
İlham Əliyev başa çatdıra biləcək. Mən
ona özüm qədər inanıram və gələcəyinə
böyük ümidlər bəsləyirəm".
Möhtərəm
Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycan
dünyanın inkişaf etmiş dövlətləri
sırasına qoşulmaqdadır. Hazırda ölkəmiz
regionda lider dövlətdir. Ölkəmizin sürətli
inkişaf yoluna qədəm qoyması dünya birliyindəki əlaqələrini
daha da genişləndirib. Dünyanın ən mötəbər
qurumları bir çox tədbirlərini artıq Azərbaycanda
keçirirlər. Getdikcə artan iqtisadi qüdrətimiz də
buna zəmin yaradır. Azərbaycan Prezidentinin
düşünülmüş xarici siyasəti sayəsində
ölkəmiz dünyada söz sahibinə çevrilib. Azərbaycanın
BMT kimi nüfuzlu bir təşkilatın Təhlükəsizlik
Şurasına üzv seçilməsi və bu quruma sədrlik
etməsi 20 illik müstəqillik tariximizdə qazanılan
böyük uğurlardandır. Avropanın ən böyük
mədəni tədbirlərindən olan "Eurovision-2012"
mahnı müsabiqəsinin Azərbaycanda keçirilməsi
ölkəmizin dünya birliyində artan nüfuzunun bariz
nümunəsidir. Ulu öndərin siyasi xəttini uğurla
davam etdirən möhtərəm Prezidentimiz bir daha təsdiqlədi
ki, Heydər Əliyev siyasi strategiyasının alternativi
yoxdur. Xalqımız əmindir ki, məhz ulu öndər Heydər
Əliyev tərəfindən müəyyənləşdirilmiş
siyasi strategiya Azərbaycanın adını və
bayrağını daha yüksək zirvələrə
qaldıracaq.
Aqiyə NAXÇIVANLI,
Azərbaycan Müəllimlər
İnstitutunun
rektoru, siyasi elmlər doktoru,
professor, Milli Məclisin deputatı
Xalq
qəzeti.- 2012.- 3 may.- S. 3.