Azərbaycanın BMT Təhlükəsizlik Şurasında sədrlik etməsi postsovet məkanının ən əlamətdar hadisələrindəndir

 

Bu fakt ölkəmizin beynəlxalq aləmdə

böyük nüfuz sahibi olmasının göstəricisidir

 

"Azərbaycan BMT Təhlükəsizlik Şurasında sədrliyə başladı." Bu cümlənin dünya mətbuatının manşetinə çıxarılması hər bir azərbaycanlının qəlbində haqlı olaraq qürur hissi doğurur.

 

Çünki sivil, dünyəvi, demokratik və hüquqi dövlət quruculuğu kursu götürmüş ulu öndər Heydər Əliyevin ölkədə hərtərəfli islahatlara başlayanda hansı təzyiqlərlə üzləşdiyini müasir tariximizə bələd olan hər kəs yaxşı bilir. Heydər Əliyev çox yaxşı bilirdi ki, o illərdə həmin islahatlar aparılmasaydı bu günümüzün reallıqlarına, müasir Azərbaycanın uğurlarına çatmaq qətiyyən mümkün deyildi. Eyni zamanda, gənc müstəqil dövlətimizin bədxahları da çox yaxşı bilirdilər ki, Heydər Əliyevin başladığı islahatlar Azərbaycanı hara apara bilər. Ona görə də xalqın böyük övladına qarşı sui-qəsd istəkləri, dövlət çevrilişi cəhdləri, dövlətə və dövlət başçısına göstərilən hərtərəfli təzyiqlər bir- birini əvəz edirdi. Bu bizim xoşbəxtliyimizdir ki, həmin təzyiqlərin, hədə-qorxuların və şantajların heç biri ulu öndəri öz siyasi kursundan döndərmədi və bu gün Azərbaycan dünyanın sayılıb-seçilən 15 ölkəsindən biri kimi beynəlxalq nüfuza malikdir.

Söhbət ondan gedir ki, Birləşmiş Millətlər Təşkilatının dünyada sülh və təhlükəsizliyin təmin edilməsinə məsul olan qurumu kimi formalaşdırılmış Təhlükəsizlik Şurasının beşi daimi, onun qeyri-daimi olmaqla seçilmiş 15 üzvündən biri Azərbaycandır. Üstəlik, yenicə başladığımız may ayında qurumun tədbirlərinə Azərbaycan sədrlik edəcək. Bu gün siyasi nüfuzuna, iqtisadi gücünə, hərbi qüdrətinə və demokratiya təcrübəsinə görə öz sözünü çoxdan demiş dünya dövlətləri arasında Azərbaycanın bu məqama yüksəlməsi planetin bir çox siyasətçilərini heyran edir. Məmnun olanlar adi məntiqə əsaslanırlar: çəkilən zəhmət, göstərilən prinsipiallıq, nümayiş etdirilən qətiyyət və reallaşdırılan islahatlar öz müsbət nəticələrini verir. Bu arqumentlər normal düşünən istənilən siyasətçi və ya ekspertdə məmnunluq hissi yaratmalıdır və yaradır.

Bəzi siyasətçilər, xüsusən də Azərbaycanla eyni vaxtda dövlət müstəqilliyi qazanmış ölkələrin təmsilçiləri rəsmi Bakının bu miqyaslı uğurlarına sadəcə heyran olurlar: axı necə ola bilər ki, biz ölkədə heç olmazsa ardıcıl olaraq iki sahədə islahat apara bilmirik, Azərbaycan isə bütün sahələrdə möhtəşəm uğurlara imza atır və gündən-günə beynəlxalq aləmdə daha böyük nüfuz qazanır. Həmin adamlar bu sualları öz-özünə deyil, ölkələrinin rəhbərlərinə verməli olduqlarını ya anlamır, ya da bundan ehtiyatlanırlar.

Fakt ondan ibarətdir ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvü seçilənədək ölkədə vətəndaş cəmiyyətinin dəyərlərinin bərqərar edilməsi, əsas insan hüquq və azadlıqlarının qorunması, əhalinin sosial rifahının yaxşılaşdırılması, iqtisadi islahatların xalq üçün səmərəliliyinin artırılması istiqamətində bilavasitə dünya təcrübəsi səviyyəsində addımlar atmış, yüksək nəticələr əldə etmişdir. Beynəlxalq aləmə inteqrasiyanın sürətləndirilməsi, beynəlxalq təşkilatlar qarşısında götürülən öhdəliklərin ardıcıllıqla yerinə yetirilməsi, terrorizmə, separatçılığa və narkomaniyaya qarşı aparılan beynəlxalq mübarizədə iştirak edilməsi, dünya mədəniyyətinə və elminə özünəməxsus töhfələr verilməsi ölkəmizin beynəlxalq nüfuzunu daim artırıb və artırır.

Bundan başqa, Azərbaycanın Şərqlə Qərbin iqtisadi imkanlarını qovuşduracaq layihələrdə nümayiş etdirdiyi qətiyyət, Şərq və Qərb mədəniyyətləri arasında dialoqun genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında oynadığı rol və bir çox başqa məqamlar rəsmi Bakıya beynəlxalq aləmdə olan inam və etimadı durmadan artırır. Bu sadalanan məqamlar arasında ulu öndər Heydər Əliyevin siyasi müdriklikdən qaynaqlanan uzaqgörənliyini, Prezident İlham Əliyevin dünyada gedən ictimai-siyasi prosesləri dərindən bilərək nümayiş etdirdiyi siyasi çevikliyi və nəhayət, Heydər Əliyev Fondunun ölkəmizin dünya miqyasında təqdim və təbliğ edilməsi istiqamətində reallaşdırdığı çoxsaylı layihələri xüsusilə vurğulamaq zərurəti var.

Bütün bunların nəticəsidir ki, Azərbaycan dünyanın 155 ölkəsinin dəstəyi və səsi ilə bu gün haqqında söz açdığımız uğura imza atmışdır. Ölkəmizin BMT Təhlükəsizlik Şurasına sədrliyə başlaması ərəfəsində hökumət rəsmilərimiz bəyan etmişlər ki, biz bu quruma sədrlik etdiyimiz müddətdə, ilk növbədə, beynəlxalq hüququ və ədaləti müdafiə edəcəyik. Təbii ki, bu bəyanat beynəlxalq təşkilatların fəaliyyətini müəyyən edən təməl prinsiplərinə və ümumilikdə beynəlxalq hüquqa əsaslanaraq səsləndirilib. Ancaq Ermənistanda Azərbaycanın həmin bəyanatını rəsmi İrəvana hədə-qorxu kimi qəbul ediblər. Dərhal öz ağalarına və xaricdəki himayədarlarına üz tutan erməni siyasətçiləri hay-küy qaldırırlar ki, Azərbaycan adıçəkilən tribunadan bizə qarşı istifadə etməyə hazırlaşır.

Ekspertlərin fikirincə, ermənilərin belə düşünməsinin məntiqi bir əsas var. Çünki Azərbaycanın verdiyi bəyanatda söhbət beynəlxalq hüquqdan və beynəlxalq ədalətdən gedir. Beynəlxalq hüquq normalarını məhz ermənilər Azərbaycan ərazilərinin 20 faizini işğal edərkən pozublar. Beynəlxalq ədalətsizlik isə bir milyon nəfərə qədər azərbaycanlı qaçqın və məcburi köçkünün taleyinə göstərilən biganəlikdə özünü büruzə verir. Deməli, ermənilərin "kürkünə birə düşməsi" tamamilə təbiidir.

"Xain xoflu olar"- deyiblər. Görünür, buraya " işğalçı daim təlaşda yaşayır" ifadəsini də əlavə etmək lazımdır. Nəzərə alsaq ki, Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri- daimi üzvlüyü 2013-cü ilin dekabrının son gününədək davam edəcək, güman var ki, ermənilər o vaxta qədər hələ çox ölüb- diriləcəklər.

 

 

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti.- 2012.- 3 may.- S. 1.