Qaradağ rayonunun sosial-iqtisadi inkişafı: real
vəziyyət və perspektivlər
Bakının Qaradağ rayonu
paytaxtın cənub-şərqində, Xəzər dənizi
sahili boyunca yüz kilometrədək sahədə uzanır.
Bu, az qala, Bakı şəhərinin ərazisinin
yarısı qədəridir. Qaradağ sözü gil və əhəng
daşı yüksəkliklərinin yaratdığı
ümumi qaramtıl mənzərə ilə
bağlıdır. Böyük ehtiyatları olan neft-qaz, əhəng
daşı və gil yataqlarının mövcudluğu ötən
əsrin 20-30-cu illərindən Qaradağı perspektivli mədən-sənaye
rayonuna çevirmişdir. Neft və qaz yataqlarının
istismarı, daş karxanaları və sement istehsalı müəssisələrinin
yaradılması, nəhəng qaz emalı və dərin dəniz
özülləri zavodlarının, broyler fabriklərinin
tikilməsi, quru, su və dəmir yolu
daşımalarının artması Bakının mərkəzindən
aralıda yerləşən və az məskunlaşmış
bu ərazidə Lökbatan, Ələt, Qobustan, Səngəçal,
Puta, Xocasən, Korgöz, Güzdək, Umbakı, Sahil kimi qəsəbələrin
yaranmasına səbəb olmuşdur. Bu sıraya sonrakı
onilliklərdə Müşfiqabad və Ümid qəsəbələrinin
də adları əlavə olunmuşdur. Şirvan
zonasının qış yataqları rayon
ərazisində mövsümi yurd yerləridir.
Qaradağ
Bakının ayrıca rayonu kimi 1923-cü ildə
yaradılmış, 1937-ci ilədək Mikoyanın,
1956-cı ilədək Molotovun, 1963-1966-cı illərdə Əzizbəyovun
adlarını daşımışdır. 1957-1963-cü illərdə
Qaradağ rayonu adlandırılmış, 1966-cı ildən
bəri yenidən bu adla tanınır. Rayonun mərkəzi
1931-ci ildə salınmış neftçilər qəsəbəsi
Lökbatandır. Ərazisi 1080 kvadratmetr, əhalisi 110 min nəfərə
yaxındır.
Azərbaycanın cənub, mərkəz və qərb bölgələrindən Bakıya gələnlər, bir qayda olaraq, paytaxta Qaradağ rayonu ərazisindən daxil olaraq mərkəzi hissəyədək 1 saatadək yol keçirlər. Son illərədək müsafirlər yolboyu sıralanmış könül bulandıran mənzərələrin yanından tez ötüb keçməyə çalışsalar da, ekoloji cəhətdən korlanmış əraziləri, boz-bulanıq görkəmli binaları, gölməçə və qamışlıqları, köhnəlmiş sənaye obyektlərini gen-bol seyr etməli olurdular. Bərbad vəziyyətə düşmüş yolların özü də adamın səbrini tükəndirir, sanki, darıxdırıcı səhnələrin ömrünü bir az da uzadırdı.
Təxminən 1 əsr ərzində min illər boyu bakir qalmış, karvanların, köçəri maldarların ötüb keçdiyi bu yovşanlı-yulğunlu yerlər, qara-qonur təpəciklər sürətlə mazutlu mədənlərin, gecəqondu məhəllələrin, hisli-paslı fabrik-zavodların, çala-çuxur yolların altınıda qalmışdı. Talenin hökmü ilə yağmaçı imperiya yıxılmasa, Azərbaycan dövlət müstəqilliyi qazanmasa idi, hələ kim bilir, bu vəziyyət pisləşə-pisləşə nə qədər davam edəcəkdi. Yaxın keçmişin Qaradağı məhz belə qara libaslı, qara güzəranlı olmuşdu.
Müstəqillik havası ötən 20 ildə Qaradağın üstünə his-kəsafət yağdıran o qara buludları əridib yox elədi. Qaradağın üzünə gün doğdu, köhnəlmiş, dağılmış hər şeyin yerindən həyat nəfəsli pöhrələr baş qaldırdı. Qaradağın başdan-başa tünd görkəmində işıq artdı, əlvan rənglər çoxaldı. Əvvəl yollar, kommunikasiyalar təzələndi. Sonra inkişaf və tərəqqinin yeni özülləri üzərində yüksəliş sütunları ucaldı. Təzələnmiş, yeniliyə boyanmış divarlar, damlar təravətli görkəmiylə indi evlərə, obyektlərə yeni don biçir. Hasarlar, meydanlar, bağlar, yolkənarı tərtibatlar ümumi mənzərəyə tamamlayıcı zənginlik gətirir. Ötən hər gün, hər həftə, hər ay irili-xırdalı, saysız-hesabsız yeniliklərlə müşayiət olunur. Artıq ötüb keçənlər bu mənzərələri məmnunluqla seyr edir, rayonun daxili bölümləri ilə təmasda olanlar isə rahatlıq və xoş əhvalın ağuşuna düşürlər.
80 il əvvəl Lökbatanda fontan vurmuş 45 saylı neft quyusunun istismarı ilə bağlı salınmış qamış, taxta evlərin yerində indi Bakının mərkəzi küçələrini və parklarını xatırladan bir gözəllik qərarlaşıb. Qəsəbə başdan-başa yenidən qurulur, paytaxtın abad, yaraşıqlı peykinə çevrilir. Fəhlə qəsəbələri kimi salınmış digər yaşayış məntəqələri də inkişaf və yeniləşmənin müxtəlif çalarlarını əks etdirir.
Ümummilli lider Heydər Əliyevin zəkasından qaynaqlanmış əsaslı islahatlar, onun bilavasitə həyat verdiyi "Əsrin müqaviləsi", "Böyük İpək Yolu", "Bakı-Tbilisi-Ceyhan" kimi beynəlxalq layihələr Qaradağ rayonunun lokal mövcudluğunu magistral rels üzərinə qaldırmışdı. Ulu öndərin sadiq köməkçisi, yeni tipli siyasətçi İlham Əliyevin 1995-2000-ci illərdə Qaradağdan seçilmiş millət vəkili kimi onun problemlərinin həllini sürətləndirməsi, dövlət başçısı olduğu 8 ildən artıq bir dövrdə isə rayonun inkişafını yüksək perspektivlərə yönəltməsi ciddi dəyişikliklərə səbəb olmuş, miqyaslı quruculuğa meydan açmışdır.
Ötən ilin əvvəlində rayon ictimaiyyəti ilə növbəti görüşə gəlmiş Prezident İlham Əliyev bütün bunlardan fərəhlə söz açaraq demişdi: "Qaradağ rayonuna mənim həmişə xüsusi münasibətim, xüsusi diqqətim olub. Mənim, demək olar ki, siyasi fəaliyyətim bu rayonda başlayıb. Birinci dəfə 1995-ci ildə qaradağlılar mənə etimad göstərmiş, Milli Məclisə deputat seçmişlər. Mən də çalışırdım ki, bu böyük etimadı doğruldum. Dəfələrlə Qaradağ rayonuna gəlmişəm, vəziyyətlə tanış olmuşam. Bu gün ölkə Prezidenti kimi çalışıram ki, Bakının ən böyük rayonu olan Qaradağın inkişafı üçün öz köməyimi göstərim".
Həmin görüşdə ölkə rəhbəri bildirmişdir ki, Sumqayıtdan sonra ikinci böyük sənaye mərkəzi Qaradağda yaradılacaq. Burada böyük neft-kimya kompleksinin yaradılması nəzərdə tutulur. Prezident sənaye sahəsində atılan böyük addımlarla yanaşı, qısa müddətdə aparılan geniş abadlıq işlərini də yüksək qiymətləndirmişdi. Dövlət başçısı il ərzində daha 4 dəfə rayon ərazisində olmuş, yeni obyektlərin açılışlarında iştirak etmişdir.
Qaradağ rayonu bu gün, həqiqətən, sürətli və geniş quruculuq yolundadır. Bunu son illərin sosial-iqtisadi inkişaf göstəriciləri, statistik rəqəmlər də təsdiqləyir. "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" rayonda uğurla həyata keçirilməkdədir. Qaradağın bugünkü yeniləşmə və yüksəliş yoluna çıxmasının təməlində hər şeydən əvvəl iqtisadi sahədə qazanılan nailiyyətlər, artan maddi imkanlar dayanır. Dövlət köməyindən, məqsədli investisiyalardan, özəl təşəbbüslərdən də bacarıqla istifadə olunur.
Ötən il əvvəlki
ildəkindən 2,6 faiz çox
- 487 milyon 355,8 min
manatlıq sənaye məhsulu istehsal olunmuşdur. Bu ilin birinci rübündə
sənayedə artım keçən ilin müvafiq dövründəkindən 33,9 faiz yüksəkdir. Ümumi
illik sənaye istehsalının 38,4 faizi qeyri-dövlət müəssisələrinin
payına düşür. Qaradağ
neftçiləri 2011-ci ildə 450,3 min ton neft, 383,7 milyon kubmetr qaz hasil etmişlər. Bu ilin ilk
rübündə həmin rəqəmlər müvafiq
olaraq 94,6 min ton neftə, 85,1 milyon kubmetr qaza bərabərdir.
Sement istehsalı
keçən il 1,2 milyon ton, ilin
3 ayında 251,3 min ton olmuşdur.
Ötən il karxanalarda 108,7 min ton mişar daşı kəsilmişdir.
2011-ci ildə rayonda 205,1 milyon manatlıq
investisiyadan istifadə
olunmuş, bunun 88,8 milyon manatı tikinti-quruculuq işlərinə
sərf edilmişdir.
Bu ilin birinci rübündə isə
25,9 milyon manatlıq əsaslı kapitalın 10,9 milyon manatı tikinti-abadlıq tədbirlərinə yönəldilmişdir.
Adamların gəlirləri də
ilbəil artır, ümumi güzəran yüksəlir. Keçən
il orta aylıq
əmək haqqı
12,9 faiz artaraq 616,3 manata çatmışdır. Sənayedə
çalışanlar üzrə
bu artım ilin əvvəlindən 16,1 faiz, aylıq
qazanc 794,6 manat olmuşdur.
Ötən il 20 sahibkarlıq
subyektinə 1,5 milyon manat güzəştli
kreditlər verilmişdir.
İl ərzində Putada "Xəzər Boru" şirkətinin istehsal bazası və metanol zavodu, Səngəçalda "AAC" MMC-nin qazobeton blokları
və "As kompani"
MMC-nin əhəng istehsalı müəssisələri
işə salınmışdır.
2011-ci ildə 1787, bu ilin ilk rübündə
412 yeni iş yeri açılmaqla, 2004-cü ildən bəri rayonda 8321 daimi iş yeri
yaradılmışdır. Yeni dəniz limanının, gəmiqayırma
zavodunun işə salınması və sement zavodunun yenidən qurulması ilə yüzlərlə yeni iş yerinin
açılacağı gözlənilir.
Əhalinin və obyektlərin enerjidaşıyıcılarla və
kommunal xidmətlərlə
təminatının yaxşılaşdırılması
üçün ardıcıl
tədbirlər həyata
keçirilir. Su təchizatı
sahəsində də
məqsədyönlü işlər
görülür. Yaxın 2 ildə
məhəllədaxili yollarda
2 milyon kvadratmetr sahə asfaltlaşdırılacaq.
Son 1 ildə 62,7 min kvadratmetr dam örtüyü
təzələnmişdir. Yaşayış yerlərində idman
qurğularının, istirahət
guşələrinin sayı
artır. Bakı - Ələt
yolunun kənarları
bədii tərtibat vasitələri ilə abadlaşdırılır. Ötən il
yeni yaşıllıqlar
salınmış, 14760 ağac
və bəzək kolları əkilmişdir.
Gölməçələr və digər
çirkab mənbələri
ardıcıl ləğv
edilməkdədir.
15663 nəfər qaçqın
və məcburi köçkünün ehtiyacları
daimi nəzarətdədir. Onların mənzil-məişət
şəraitini yaxşılaşdırmaq
üçün tədbirlər
davam etdirilir.
Dövlət proqramı və müxtəlif layihələrin
köməyi ilə qəza vəziyyətində
olan məktəblər
yeniləri ilə əvəz olunur, əlavə sinif otaqları, yeni məktəblər tikilir,
uşaq bağçaları
təmir olunur. Yaxın
2 ildə Qobustanda 800,
Lökbatanda 960 yerlik yeni məktəblər, digər qəsəbələrdə
55 əlavə sinif otaqları, Putada, Qızıldaşda, Ələtdə,
Müşfiqabadda 120 yerlik
uşaq bağçaları
tikiləcək. 10 məktəb və uşaq bağçası
təmir ediləcək.
Lökbatan qəsəbəsində doğum
evi əsaslı təmir olunmuş, 240 çarpayılıq yeni xəstəxana kompleksi tikilmişdir. Digər qəsəbələrdə də yeni səhiyyə
obyektləri tikilir, mövcud tibb ocaqları təmir edilir. Keçən il Qobustan
tarix qoruğunda müasir muzey kompleksi istifadəyə verilmişdir. Mədəni-maarif müəssisələrində
təmir-abadlıq işləri
görülür.
Bütün bu işlərin mərkəzində Qaradağ
Rayon İcra Hakimiyyətinin
respublikanın mərkəzi
qurumları və yerli kollektivlərlə əlbir, səmərəli,
təşəbbüskar fəaliyyəti
dayanır. Yaşayış yerlərində, ayrı-ayrı kollektivlərdə
RİH-in keçirdiyi görüş
və qəbullarda adamların qaldırdığı
məsələlər diqqətlə
öyrənilir. Bir sıra
problemlər yerindəcə
həll edilir, vaxt tələb edən məsələlər
nəzarətə götürülür.
Bütün bunlar rayon sakinlərinin
dövlət qurumlarına
inam və etimadını yüksəldir,
mənəvi-siyasi mühiti
sağlamlaşdırır.
Bir vaxtlar Bakının mərkəzinə gəlib-gedən yolların bərbadlığı, ictimai nəqliyyatın pis işləməsi Qaradağ rayonunu paytaxtın ucqar, uzaq bir ərazisi kimi tanıdırdı. Mərkəzə gələn magistral yolların yenidən qurulması, yeni yol qovşaqları yaradılması, daxili yolların abadlaşdırılması Qaradağla bağlı zaman və məkan anlayışlarını ciddi surətdə dəyişdirmişdir. İndi Qaradağ rayonu abadlıq və ümumi görünüş baxımından paytaxt standartlarına yaxınlaşdığı kimi, yollardakı sürət və rahatlıq da nisbi uzaqlığı aradan qaldırmışdır.
Beləcə Bakının
respublikanın əsas bölgələrinə uzanan rayonu Qaradağ
qara rəngli anlayışları və
görüntüləri xatirələrdə qoyaraq,
ağ günlərin əlvan
naxışlarını sürətlə
çoxaltmaqdadır. İndi bu yerlərdə təkcə insan
əlləri ilə yaradılanlar deyil,
kasıb təbiətin özü də
dəyişir, zövq oxşayır.
Tezliklə Qaradağ müasir
sənaye poliqonu kimi deyil, həm də Xəzərsahili istirahət
və turizm zonası kimi
də perspektivlərini genişləndirəcək. O zaman bir vaxtlar
bu ərazidən tez ötüb keçmək istəyənlər
mərkəzə çatmağa tələsməyəcəklər.
Paytaxtın mərkəzi rayonlarından Qaradağa
üz tutanların axını da güclənəcək. Qaradağın bugünkü sosial-iqtisadi
inkişafının yönü və
sürəti məhz belə bir qənaət
yaradır.
Tahir AYDINOĞLU
(Məqalə Azərbaycan
Respublikası Prezidenti yanında Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına Dövlət Dəstəyi
Fondunun və Qaradağ Rayon İcra Hakimiyyətinin
keçirdiyi birgə jurualist yazıları müsabiqəsinə
təqdim edilir.)
Xalq qəzeti.- 2012.- 4 may.- S. 6.