Milli Azərbaycan Tarix Muzeyində "Qadınlar elmdə" adlı regional seminar keçirilir

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) və Asiya Elmlər Akademiyaları və Cəmiyyətləri Birliyinin (AASSA) birgə təşkilatçılığı, eyni zamanda Elmlər Akademiyalarının Qlobal Şəbəkəsinin (İAP) dəstəyi ilə Milli Azərbaycan Tarix Muzeyində "Qadınlar elmdə" mövzusunda 2-5 may 2012 - ci il tarixləri üçün nəzərdə tutulmuş regional seminar ilk iş gününə başlamışdır. Tədbirdə müxtəlif ölkələrdən gəlmiş tanınmış qadın alimlər də iştirak edirlər.

 

AMEA-nın akademik-katibi, akademik Vaqif Fərzəliyev tədbiri giriş sözü ilə açaraq "Qadınlar elmdə" seminarının əhəmiyyətini, vacibliyini açıqladı. AMEA-nın birinci vitse-prezidenti, akademik Arif Həşimov isə Azərbaycan qadınlarının elmdə, ictimai həyatda rolundan, fəaliyyətindən, uğurlarından söz açdı. Bu gün Azərbaycan qadınının dünyanın hər tərəfindən gələn elmi nailiyyətlərindən, gördükləri işlərdən bəhs etdi.

Qadın siyasəti məsələlərindən isə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın çıxışı dinlənildi.

İAP-ın həmsədri Hovard Alper və AASSA-nın nümayəndəsi Namik Aras təmsil etdikləri qurumların fəaliyyəti haqqında iştirakçıları məlumatlandırdılar.

Üç günlük regional seminarda AMEA-nın vitse-prezidenti, professor Nailə Vəlixanlı "Azərbaycanlı xanımlar elmdə", fizika-riyaziyyat elmləri doktoru, professor Səlimə Mehdiyeva "Azərbaycan xanımları təbiət elmlərində", koreyalı professor Eun Hee Cho "Uyğunlaşma, kommunikasiya və elmi diplomatiya: Koreya Federasiyasının qadınlar elmdə və texnikada assosiasiyalarının əhatə dairəsi", doktor Aytən Mustafayeva "Qadınların elmə cəlb olunması və mövqelərinin saxlanılması üçün real imkanlar", koreyalı professor Doe Sun Na "Qadınların elmdə və texnikada liderlik xüsusiyyətlərinin inkişaf etdirilməsi", doktor Roidə Rzayeva "Tolerantlıq və dialoq kontekstində gender mədəniyyəti", indoneziyalı alim Ardiani Damaryanti "İndoneziyada qadın alimlərin problemləri", Malayziyalı professor Fəridə Şah "Sızan boru:elmdə qadınların karyera inkişafının strategiyaları", türkiyəli professor Arzum Gürsan "Türkiyə Elmlər Akademiyasının qadın alimlərin inkişafına yardımı", doktor Rəna Mirzəzadə "Müasir Azərbaycanda gender təliminin inkişafı", koreyalı professor Heisook Lee "STEM tərkibində məşğulluq və mövqelərin qorunması üçün effektiv tərbiyəçilik strategiyaları:STEM tərkibində Koreya qadınlar üçün araşdırma mərkəzi", tacikistanlı alim Shakhnoza Orifova "Tacikistan xanımları elm və texnikada", Nəzakət Salmanova "Azərbaycanda qadın təhsilinin regional aspektləri" və Zeynəddin Şabanov "Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında qadın təşkilatlarının rolu" mövzularında məruzələri dinləniləcəkdir.

Həmin məruzələr "Alim qadınların və mühəndis qadınların problemlərinin müəyyən edilməsi, onların işinə dəstək üçün dövlət siyasəti", "Qadın alimlərin qarşılaşdığı problemlərin aradan qaldırılması" və "Qadın alimlərin və mühəndislərin həvəsləndirilməsinin qabaqcıl təcrübəsi" adlı bölmələrdə aparılır.

"Qadınlar elmdə" adlı regional seminar iştirakçıları üçün İçərişəhərə gəzinti də nəzərdə tutulub.

 

 

Almaz ÜLVİ

 

Xalq qəzeti.- 2012.- 4 may.- S. 6.