Heydər Əliyev
Azərbaycanda hüquqi dövlətin banisidir
Bəşər tarixinin ən
qüdrətli dövlət və siyasət adamları, dahi və
müdrik şəxsiyyətləri sırasında layiqli yer
tutan ümummilli liderimiz, böyük öndərimiz Heydər
Əliyevin zəngin irsi müstəqil Azərbaycan dövlətinin
inkişaf və tərəqqi yolunun etibarlı bələdçisi
olmaqla, indiki və gələcək nəsillər
üçün əvəzsiz sərvət, böyük
qürur və iftixar mənbəyidir. Bu irsi öyrənmək
və təbliğ etmək bizim hər birimizin məsul və
şərəfli borcudur.
XX-XXI
əsrlərin qovuşuğunda otuz ildən artıq bir
müddətdə Azərbaycan dövlətçiliyinin taleyi
dahi və uzaqgörən şəxsiyyət, öz
xalqını və vətənini canından artıq sevən
ən böyük azərbaycanlı, şərəfli adı
bizim üçün həmişə əziz və unudulmaz
olan Heydər Əliyevlə bağlı olmuşdur. Bu illər
xalqımızın milli mənlik şüurunun
oyanışı, azadlıq və müstəqillik hissinin
güclənməsi, ölkənin ictimai-siyasi, sosial-iqtisadi,
elmi-mədəni həyatının vüsətli dirçəlişi
ilə əlamətdar olmuşdur. Bütün həyatını
və siyasi fəaliyyətini böyük tarixi
keçmişi və zəngin mədəniyyəti ilə fəxr
etdiyi xalqının və vətəninin tərəqqisinə
həsr etmiş Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan
bir dövlət kimi zamanın ağır və sərt
sınaqlarından çıxaraq, ölçüyəgəlməz
irəliləyişə nail olmuşdur. Çoxəsrlik
dövlətçilik tariximizdə müstəsna yeri olan
ümummilli liderimizin fəaliyyəti təkcə Azərbaycan
üçün deyil, həm də postsovet məkanı
üçün mühüm əhəmiyyət
daşımaqla yanaşı, dünya miqyasında gedən
proseslərə də təsir göstərmişdir.
...1969-cu
ilin iyulunda Heydər Əliyevin respublika rəhbəri seçilməsi
ilə Azərbaycanın taleyində və tarixində
dönüş başlandı. Xalqımızın mənəvi-əxlaqi
dəyərlərinə söykənən geniş
miqyaslı tədbirlər həyata keçirilməsi sayəsində
insanlarda nəinki milli ruhun və özünüdərkin
oyanışını şərtləndirdi, həmçinin,
onların ictimai fəallığının və
işgüzarlığının yüksəlməsinə təkan
verdi. Milli qürur hissinin güclənməsi, milli
şüurun yüksəlməsi sosial-iqtisadi və mədəni
həyatın bütün sahələrinin dirçəlişi
üçün zəmin oldu. Bu, xalq ruhuna dərindən bələd
olan respublika rəhbərinin təşəbbüskarlığının
və uzaqgörənliyinin nəticəsi idi. Tarixi hadisələrin
sonrakı gedişi də sübut etdi ki, Heydər Əliyevin
1969-1982-ci illərdə gördüyü işlər gələcəkdə
milli dövlətçilik ideyalarının hərəkətverici
qüvvəyə çevrilməsi və cəmiyyətin bu
ideya ətrafında səfərbər olması
üçün şərait yaratdı. Həmin dövrdə
respublikada bərqərar edilən əsl işgüzarlıq
mühiti, sosial ədalətə əsaslanan sağlam mənəvi-psixoloji
ab-hava iqtisadi tərəqqinin yüksək həddə
çatmasına, Azərbaycanın keçmiş ittifaq
miqyasında nüfuz qazanmasına, hətta beynəlxalq səviyyədə
tanınmasına imkan verdi. Azərbaycanın indiki siyasi və
iqtisadi müstəqilliyi, beynəlxalq münasibətlər
sisteminə və dünya iqtisadiyyatına inteqrasiyası hələ
1970-1980-ci illərdə təməli Heydər Əliyev tərəfindən
qoyulmuş potensiala əsaslanır.
XX-XXI
əsrlərin qovuşuğunda Azərbaycanın demokratik və
bəşəri dəyərlərlə sadiq müstəqil
bir dövlət kimi formalaşması böyük öndərimizin
titanik siyasi fəaliyyətinin nəticəsi, 1993-cü ilin
iyununda xalqın təkidli tələbi ilə onun hakimiyyətə
qayıdışının bəhrəsidir.
Dünya
siyasətinin tanınmış simalarından biri, Türkiyənin
doqquzuncu prezidenti Süleyman Dəmirəl "Qardaşım,
dostum Prezident Heydər Əliyev" məqaləsində
ümummilli liderimizin həmin dövrdəki tarixi
missiyasını çox düzgün ifadə edərək
yazmışdır: "Çörçill ingilis millətinə
40 il xidmət etdi, ancaq bu xidmətin sonunda, 1940-cı ildə
lazım oldu. O zaman Çörçillin edəcəyi xidməti
göstərəcək ikinci adam yox idi. Bəşər
tarixində insanlar hər zaman millətinə xidmət edir,
ancaq bəzən lazım olurlar. Ruzveltin 1942-ci ildə, De
Qollun 1958-ci ildə, Adenauerin 1946-cı ildə lazım
olduğu kimi... Hörmətli Heydər Əliyev Azərbaycan
millətinə çox xidmət etmişdir, amma 1993-cü ildə
lazım idi. Onun gördüyü işi görəcək
başqa heç kim yox idi. Yaxşı ki, O, vardı! Biz belə
düşündük və haqlı çıxdıq!"
Hakimiyyətə
qayıdan Heydər Əliyev Azərbaycanın müstəqilliyinin
möhkəmləndirilməsini, xalqın birliyinin təmin
olunmasını, ictimai-siyasi sabitlik və iqtisadi dirçəliş
üçün zəmin yaradılmasını
özünün dövlətçilik strategiyasının əsas
istiqaməti kimi müəyyənləşdirdi.
"Azərbaycan
Respublikasının Dövlət Müstəqilliyinin onuncu
ildönümü haqqında" Azərbaycan Respublikası
Prezidentinin 20 mart 2001-ci il tarixli fərmanında deyilir: "Azərbaycan
Respublikasının öz dövlət müstəqilliyini əldə
etməsi keçmiş SSRİ-də və bütün
dünyada 80-ci illərin ortalarından başlayaraq gedən
ictimai-siyasi proseslərin labüd nəticəsi idi. Bu obyektiv
tarixi gerçəklik SSRİ-nin dağılmasına,
Kommunist Partiyasının tarix səhnəsindən çəkilməsinə
və nəticə etibarilə müttəfiq respublikaların
hər birinin müstəqil dövlətə çevrilməsinə
gətirib çıxardı. Bunun ardınca yeni müstəqil
dövlətlərin, eləcə də Azərbaycan
Respublikasının dünya ölkələri, müxtəlif
beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş
Millətlər Təşkilatı tərəfindən
tanınması beynəlxalq hüquq normalarının qanuni təzahürü
oldu".
Həmin
dövrdə həlli vacib olan məsələlərdən
biri davam etməkdə olan Ermənistan-Azərbaycan müharibəsinin
gedişinə təsir göstərə biləcək qəti
addımlar atılması idi. Bunsuz ölkənin ərazi
bütövlüyünü qorumaq, daxili ictimai sabitliyə
nail olmaq mümkün deyildi. Milli Ordunun döyüş
qabiliyyətinin artırılması və geniş miqyaslı
müdafiə tədbirlərinin həyata keçirilməsi,
döyüşçülərdə yaranan ruh yüksəkliyi
sayəsində düşmənə qarşı bir neçə
uğurlu hərbi əməliyyat aparıldı. Belə şəraitdə
beynəlxalq qüvvələrin təsiri altında
münaqişə tərəfləri atəşi
dayandırmaq barədə razılığa gəldilər.
Bu barədə saziş 1994-cü ilin mayında imzalandı və
münaqişənin dinc vasitələrlə aradan
qaldırılmasında prioritet istiqamət sayıldı. Bu
illər ərzində bu istiqamətdə göstərilən
səylər konkret nəticə verməsə də, atəşkəs
rejimi Azərbaycanın müstəqil dövlət kimi
yaşamasını və sonrakı inkişafını şərtləndirən
amillərdən biri olmuşdur.
Belə
bir faktı qeyd etməyə dəyər ki, Heydər Əliyevin
ölkə iqtisadiyyatında köklü dəyişikliyə
gətirib çıxaran və müstəqil dövlətimizə
beynəlxalq nüfuz qazandıran yeni neft strategiyasının
həyata keçirilməsinə məhz atəşkəsdən
sonra başlanıldı və 1994-cü ilin sentyabrında
dünyanın iri neft şirkətləri ilə "Əsrin
müqaviləsi" adlandırılan ilk neft müqaviləsi
imzalandı.
Lakin
müstəqil dövlətçiliyimizin möhkəmləndirilməsi,
sosial-iqtisadi inkişafın bünövrəsinin qoyulması
Azərbaycanı yenidən anarxiya və başıpozuqluq
girdabına salaraq, bundan öz mənfəətləri naminə
istifadə etmək istəyən daxili və xarici qüvvələrin
ciddi müqaviməti ilə üzləşdirdi. 1994-cü
ilin oktyabrında və 1995-ci ilin martında dövlət
çevrilişinə silahlı cəhdlərin göstərilməsi
müstəqil dövlətçiliyimiz yolunda növbəti
sınaqlar oldu. Azərbaycan Prezidenti Heydər Əliyevin qətiyyəti,
xalqın öz qüdrətli liderini qızğın şəkildə
dəstəkləməsi nəticəsində bu təhlükəli
cəhdlərin qarşısı alındı, ölkədə
hakimiyyəti zor və silah gücünə ələ
keçirmək ənənəsinə birdəfəlik son
qoyuldu.
1993-1995-ci illər müasir Azərbaycanın tarixinə dövlət müstəqilliyinin qorunub saxlanılması uğrunda mübarizə dövrü kimi yazılmışdır. İctimai-siyasi sabitliyin və qanunçuluğun bərqərar edilməsi bu dövrün ən mühüm nailiyyəti oldu və ümummilli liderimizə dövlət quruculuğunda, iqtisadi, sosial və mədəni həyatda böyük işlərə başlamaq, geniş miqyaslı və ardıcıl islahatlar aparmaq üçün əlverişli imkan yaratdı.
Böyük öndərimiz yaxşı bilirdi ki, demokratik dəyərlərin üstünlüyünü qəbul edən, azadlığın, haqq və ədalətin bərqərar olunduğu dövlət qurmaq istəyən hər bir ölkə, hər bir xalq üçün Konstitusiya birinci dərəcəli əhəmiyyət daşıyır. Siyasi, iqtisadi, hüquqi sistemin köklü şəkildə dəyişdiyi, cəmiyyətdə keçid dövrünün başlandığı bir vaxtda Konstitusiyanın - Əsas Qanunun rolu qat-qat artır.
Bu bir həqiqətdir ki, müstəqil dövlətimizin ilk Konstitusiyasının qəbul olunması və müstəqillik tariximizdə ilk parlament seçkiləri keçirilməsi ilə Azərbaycanın tarixi inkişafının yeni bir mərhələsi başlandı. Ümummilli liderimiz Heydər Əliyevin rəhbərlik etdiyi komissiya tərəfindən hazırlanmış ümumxalq müzakirəsinə çıxarılan Konstitusiya layihəsi həmin il noyabrın 12-də keçirilən referendumda - ümumxalq səsverməsində qəbul edilmişdir. Bu mühüm tarixi əhəmiyyətə malik sənəd ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarına lazımi təminatlar yaratmaqla hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun möhkəm təməlini təşkil edir. Azərbaycan Respublikasının Konstitusiyasında (Əsas Qanununda) yüz illər boyu bəşəriyyətin əldə etdiyi mütərəqqi dəyərlər fundamental hüquq və azadlıqları öz əksini tapmışdır.
Ölkəmizdə müasir dövlət quruculuğunun həyata keçirilməsinin, bəşəri-demokratik dəyərlərə uyğun dövlətçilik təsisatları və cəmiyyət modeli formalaşdırılmasının hüquqi əsasları yarandıqdan sonra Azərbaycanın müstəqilliyi möhkəmləndirildi, əbədi və dönməz xarakter aldı.
1995-2003-cü illər Azərbaycanın demokratik prinsiplərə sadiq bir dövlət kimi inkişafında mühüm bir dövlət olmaqla, dünya birliyinə inteqrasiya yolunda ona çox böyük nailiyyətlər qazandırdı. Heydər Əliyevin siyasi müdrikliyi və uzaqgörənliyi, gərgin zəhməti və təşəbbüskarlığı, yaradıcı dühası və beynəlxalq nüfuzu olmadan bütün bunları əldə etmək mümkünsüz idi.
Bu illərdə Konstitusiyada təsbit olunmuş hakimiyyət bölgüsü prinsipinə uyğun dövlət idarəetmə sistemi formalaşmış, icra, qanunvericilik və məhkəmə orqanlarının səmərəli fəaliyyəti təmin edilmişdir. Ölkəmizdə müxtəlif yönlü siyasi partiyaların, ictimai təşkilatların, həmçinin, kütləvi informasiya vasitələrinin azad fəaliyyəti üçün yaradılmış şərait həqiqi memarı və qurucusu Heydər Əliyev olan müstəqil dövlətimizdə siyasi plüralizmin, fikir azadlığının, demokratiyanın bərqərar olduğunu bariz şəkildə təsdiqləyir. Ümummilli liderimiz vicdan və söz azadlıqlarının təmin edilməsini, tolerantlıq mühitinin formalaşmasını əsl vətəndaş cəmiyyətinin formalaşdırılması üçün mühüm amil sayırdı və respublikaya rəhbərliyi dövründə bu amilləri dövlət həyatının ayrılmaz hissəsinə çevirmişdir. Heydər Əliyevin bilavasitə təşkilatçılığı və rəhbərliyi ilə ölkəmizin məhkəmə-hüquq sistemi beynəlxalq standartlara uyğun şəkildə yenidən qurulmuşdur. Bu sahədə aparılan islahatlar hüquqi dövlət quruculuğunun uğurla həyata keçirilməsi, ölkəmizdə insan hüquqlarının təmin edilməsi və qorunması üçün böyük əhəmiyyət kəsb etmişdir.
Böyük öndərimizin ölkəyə rəhbərliyi dövründə dövlət quruculuğunda, insan hüquqları və azadlıqlarının təmin edilməsi yolunda mühüm işlər görülməsi ilə yanaşı, digər istiqamətlərdə də möhtəşəm nailiyyətlər qazanılmışdır. Möhkəm maddi-texniki bazaya və yüksək döyüş qabiliyyətinə malik güclü ordunun formalaşması ümummilli lider və böyük sərkərdə kimi Heydər Əliyevin dövlətçilik fəaliyyətinin ən parlaq nəticələrindəndir. Onun gərgin diplomatik səyləri və şəxsi nüfuzu sayəsində müstəqil respublikamız bir sıra beynəlxalq təşkilatlara, o cümlədən Avropa Şurasına tamhüquqlu üzv qəbul edilmiş və öz beynəlxalq mövqeyini möhkəmləndirmişdir. Heydər Əliyevin xarici siyasəti dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu əsaslar üzərində faydalı əlaqələr qurmağa yönəlmişdi. Bu siyasət indi də uğurla davam etdirilir, öz diqqətəlayiq bəhrələrini verir.
Bu gün Azərbaycan dövlətçiliyinin ən mühüm problemi ölkənin ərazi bütövlüyünün təmin olunmasıdır. Ermənistan Respublikasının təcavüzü nəticəsində işğal altına düşmüş ərazilərimizin azad edilməsi, viran qoyulmuş kənd və şəhərlərimizin bərpa olunması, sayı bir milyona çatan və uzun müddətdən bəri məşəqqətli köçkün həyatı sürən soydaşlarımızın doğma yurd-yuvalarına qayıtması Azərbaycan dövlətinin qarşısında çox məsul bir vəzifə, ən vacib məqsəd kimi durur.
Müstəqil dövlətçiliyimizin banisi, müasir Azərbaycanın memarı, böyük öndərimiz Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyev xalqımıza hədsiz məhrumiyyətlər, müstəqil dövlətimizə böyük itkilər gətirmiş təcavüzə son qoyulması üçün çoxşaxəli və səmərəli hüquqi-diplomatik addımlar atır. Bütün bunların nəticəsidir ki, indi dünya birliyi Azərbaycanın haqlı olduğunu, Ermənistanın işğalçı və təcavüzkar siyasət yeritdiyini daha yaxşı anlayır. Heç təsadüfi deyildir ki, Avropa Şurasının Parlament Assambleyasının 2005-ci il qış sessiyasının qəbul etdiyi qətnamədə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktı bir daha təsdiqlənmiş, onun təcavüzkarlıqdan əl çəkməsi tələb olunmuşdur.
Öz şərəfli və möhtəşəm fəaliyyəti ilə doğma vətəninin və xalqının adını əlçatmaz zirvələrə ucaltmış möhtərəm Heydər Əliyev bu gün hər birimizin qəlbində yaşayır. Azərbaycanın bugünkü və gələcək nəsillərinin Heydər Əliyevin şərəfli adı və ölməz ruhu qarşısında müqəddəs borcu onun əsəri olan müstəqil Azərbaycan dövlətinin daha da çiçəklənməsi və qüdrətlənməsi, xalqımızın rifahı naminə fədakarlıqla çalışmaq, milli birliyimizə sədaqətlə xidmət göstərməkdir. Bu gün xalqımız ulu öndər Heydər Əliyevin siyasi varisi - yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar şəxsiyyət kimi dünya siyasətində özünəməxsus yer tutan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşmişdir. Tam əminliklə deyə bilərik ki, Prezident İlham Əliyev dövlətimiz qarşısında taleyüklü məsələləri, xalqımızın dəstəyi ilə başa çatdıracaq, qüdrətli şəxsiyyət Heydər Əliyevin müstəqil dövlətçilik irsini öz quruculuq fəaliyyəti ilə daha da zənginləşdirəcəkdir.
Əli HÜSEYNLİ,
Milli Məclisin komitə sədri
Xalq qəzeti.- 2012.- 4 may.- S. 3.