Adambaşına
düşən ÜDM-in artım tempinə görə
ölkəmiz dünyada liderdir
Rusiyanın "Ria-Novosti"
agentliyinin ekspertləri dünya ölkələrində
adambaşına düşən ümumi daxili məhsulun
(ÜDM) statistikasını aparmışlar. Beynəlxalq
Valyuta Fondunun məlumatları əsasında hazırlanan
statistik cədvələ əsasən, Azərbaycan
dünyanın bir sıra aparıcı ölkələrini
qabaqlayaraq liderlik mövqeyinə yüksəlmişdir.
Çin, Hindistan və Panama kimi ölkələri geridə
qoyan Azərbaycanda ÜDM 2005-ci ildə 4 min 456 ABŞ
dolları təşkil edirdisə, hazırda bu rəqəm 10
min 202 dollardır.
Əldə edilən uğurun başlıca səbəbi nədir? Bu sualın cavabı ilə bağlı dövlət başçımızın vurğuladığı bir fikrə diqqət yetirək. Belə ki, ölkə Prezidenti Azərbaycanda dinamik inkişafın davam etdiyini, əvvəlki dövrdə görülən işlər və düzgün siyasət nəticəsində ölkə iqtisadiyyatının çoxşaxəli şəkildə inkişafına nail olunduğunu demişdir: "Artıq iqtisadiyyatımız, iqtisadiyyatımızın strukturu müsbətə doğru böyük dərəcədə dəyişmişdir. Əvvəlki dövrdə görülmüş və bundan sonra görüləcək işlər nəticəsində iqtisadiyyatımız tam şəkildə çoxşaxəli iqtisadiyyat kimi özünü göstərəcəkdir. Yəni əvvəlki dövrdə başlanmış və bu gün icra edilən layihələr, sözün əsl mənasında, Azərbaycan iqtisadiyyatına çox böyük töhfə vermişdir".
Cari ilin sonrakı aylarında da sözügedən rəqəmin artacağı proqnozlaşdırılır. Belə ki, Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə, bu il neftin bir barelinin qiyməti 100 dollardan çox olacaq. Bu da büdcə paketində nəzərdə tutulmuş səviyyədən (80 dollar) daha yüksəkdir. Belə şəraitdə cari əməliyyatlar balansında profisit hesabına valyuta ehtiyatları artmaqda davam edəcək. Azərbaycan Mərkəzi Bankının qiymətləndirmələrinə görə isə 2012-ci ildə tədiyə balansının cari əməliyyatlar hesabında ümumi daxili məhsulun 20-25 faizi qədər profisitin olacağı gözlənilir.
Dövlət Statistika Komitəsi cari ilin birinci rübündə ölkənin sosial-iqtisadi inkişafını əks etdirən hesabatda da bildirilir ki, bu dövrdə ölkənin sosial-iqtisadi inkişafını əks etdirən makroiqtisadi göstəricilər yüksəlmiş, əhalinin əməkhaqqı və gəlirləri artmış, inflyasiya minimum səviyyədə qalmışdır.
İlin əvvəlindən keçən üç ay ərzində ölkə üzrə ümumi daxili məhsul istehsalı 0,5 faiz artaraq 12,3 milyard manata çatmışdır. Əlavə dəyərin 61,3 faizi sənaye, 4,9 faizi tikinti, 4,5 faizi nəqliyyat, 2,4 faizi kənd təsərrüfatı, 7,9 faizi ticarət və pullu xidmət, 1,6 faizi rabitə, 10,9 faizi digər sahələrdə istehsal olunmuş, 6,5 faizini isə məhsula və idxala vergilər təşkil etmişdir. Bu dövrdə orta hesabla ölkənin hər bir sakini üzrə ÜDM istehsalı 1346,1 manata (1711,9 ABŞ dollarına) bərabər olmuşdur. İlin əvvəlindən ötən üç ay ərzində ÜDM istehsalı qeyri-neft sektorunda 7,7 faiz artmış, neft sektorunda 4,7 faiz azalmışdır.
Dövlət Statistika Komitəsinin məlumatına görə, əlavə dəyərin yarıdan çoxu yaradılan sənaye sahələrində hüquqi şəxs yaratmadan fiziki şəxs kimi fəaliyyət göstərənlərin işi də nəzərə alınmaqla 9,4 milyard manatlıq məhsul istehsal olunmuşdur ki, bu da ötən ilin birinci rübü ilə müqayisədə 0,3 faiz azdır. Bununla belə, sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 16,5 faiz artaraq ümumi məhsulun 17,1 faizini təşkil etmişdir.
İqtisadi sahədə qazanılan uğurlar əhalinin əməkhaqqının və pul gəlirlərinin artımına da müsbət təsir göstərmişdir. Belə ki, cari ilin birinci rübündə orta hesabla ölkənin hər bir sakininin gəlirləri 792,1 manata çatmışdır ki, bu da 12,3 faiz artım deməkdir. Muzdla işləyənlərin orta əməkhaqqı isə yanvar-fevral aylarında 8,5 faiz artaraq 368,5 manat təşkil etmişdir. Bununla belə, orta aylıq əməkhaqqı bir çox sahələrdə daha yüksəkdir. Məsələn, bu göstərici sənayenin müxtəlif sahələrində 540,3, tikinti sektorunda 532, nəqliyyatda 452,8 manatdır.
Bu artımın əhəmiyyəti bir də ondan ibarətdir ki, sözügedən dövrdə ölkədə inflyasiyanın səviyyəsi aşağı olmuşdur. Dövlət Statistika Komitəsinin məlumatına görə, mart ayında əvvəlki aya nisbətən ümumilikdə qiymətlər cəmi 0,3, o cümlədən ərzaq 0,7 faiz bahalaşmışdır. Əvəzində isə qeyri-ərzaq məhsullarının qiyməti 0,1 faiz ucuzlaşmış və xidmət tarifləri dəyişməz qalmışdır. 2011-ci ilin birinci rübü ilə müqayisədə isə istehlak mallarının qiymətləri və xidmət tarifləri 3,1, o cümlədən ərzaq məhsulları 3,9, qeyri-ərzaq malları 1,3, xidmət tarifləri 2,5 faiz qalxmışdır ki, bu da əhalinin pul gəlirlərinin 12,3 faizlik artımı fonunda elə də böyük rəqəm deyil.
Onu da qeyd edək ki, adambaşına düşən ümumi daxili məhsulun (ÜDM) artım dinamikasına ölkədə yeni iş yerlərinin yaradılması amili mühüm təsir göstərir. Belə ki, regionlarda mövcud potensialdan səmərəli istifadə etməklə iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafına, iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa, istehsal müəssisələrinin fəaliyyətinin daha da genişləndirilməsinə, ixracyönümlü məhsul istehsalının stimullaşdırılmasına, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına, məşğulluğun səviyyəsinin, xüsusilə gənclərin faydalı əməklə məşğulluğunun artırılmasına nail olmaq məqsədilə "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)" uğurla icra edilmişdir. Hazırda "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində tədbirlər isə cədvəl üzrə həyata keçirilir. Həmin proqramların icrası nəticəsində 2004-cü ildən etibarən 40 mindən çox yeni müəssisə yaradılmışdır.
Azərbaycanda
son 10 ildə qeyri-neft sektoru 2,8 dəfə
artmışdır. Qeyri-neft sahələrinin inkişafına
və ölkə iqtisadiyyatının diversifikasiyasına, eləcə
də bu sahələrdə mövcud müəssisələrin
maddi və texnoloji bazasının yüksəldilməsinə
yönəlmiş tədbirlər nəticəsində son 5
ildə ÜDM-də qeyri-neft sektorunun payı 40,7 faizdən
44,4 faizə yüksəlmiş, neft sektorunun payı isə
53,8 faizdən 48,5 faizə qədər azalmışdır.
Regionların
inkişafı, yoxsulluğun və işsizliyin
azaldılmasını nəzərdə tutan dövlət
proqramlarının həyata keçirilməsi, ölkə
iqtisadiyyatının diversifikasiyasının təmin edilməsi,
qeyri-neft sektorunun dayanıqlı inkişafı, prioritet sahələrə
iri həcmli investisiyaların yönəldilməsi regionlarda
müasir infrastruktur layihələrinin
reallaşdırılması, yeni istehsal və emal müəssisələrinin
fəaliyyətə başlaması üçün zəmin
yaratmış və bütün bunların nəticəsi
olaraq 2004-cü ildən indiyədək ölkədə 1
milyona yaxın yeni iş yeri yaradılmışdır.
Əldə
olunmuş iqtisadi nailiyyətlər əhalinin həyat səviyyəsinin
yaxşılaşdırılması ilə bağlı zəruri
tədbirlərin gerçəkləşdirilməsinə,
xüsusilə də əhalinin aztəminatlı təbəqəsinin
sosial müdafiəsinin gücləndirilməsi istiqamətində
mühüm addımların atılmasına daha əlverişli
şərait yaratmış, bütün sahələrdə
olduğu kimi, sosial sferada da aparılan islahatlar əhalinin
etibarlı sosial müdafiə sisteminin inkişafını təmin
etmişdir. Müstəqillik illərində dövlət
büdcəsindən əhalinin sosial müdafiəsi və
sosial təminatına çəkilən xərclər 30,8,
iqtisadiyyatın inkişafına yönəldilən vəsaitlər
isə 93 dəfə artmış, əməkhaqqı, pensiya
və müavinətlərin ödənilməsinə 52 dəfə
çox vəsait sərf olunmuşdur. Son 20 il ərzində əhalinin
real gəlirləri 2,4, ölkə üzrə iqtisadiyyatda məşğul
olan işçilərin orta aylıq əməkhaqqı
nominal ifadədə 107 dəfə artmışdır. Əhalinin
hər nəfərinə düşən gəlirləri də
16,2 dəfə artmışdır.Ən əsası, məqsədyönlü
tədbirlərin həyata keçirilməsi nəticəsində
ölkədə yoxsulluğun səviyyəsi 2001-ci ildəki
49 faizdən 2010-cu ildə 9,1 faizə qədər
azalmışdır.
BMT-nin
İnkişaf Proqramının əhalinin rifah səviyyəsini
əks etdirən İnsan İnkişafı Hesabatında Azərbaycanın
sosial sahədə əldə etdiyi nailiyyətləri yüksək
qiymətləndirilmişdir. İnsan inkişafı üzrə
2005-ci ildə 101-ci yerdə qərarlaşan Azərbaycan
öz mövqeyini əhəmiyyətli dərəcədə
yaxşılaşdıraraq 2010-cu ildə 67-ci yerə yüksəlmişdir.
2000-2010-cu illər üzrə ölkəmiz MDB ölkələri
arasında insan inkişafı indeksinə görə ən
yüksək göstəriciyə nail olmuş və "orta
insan inkişafı" qrupundan "yüksək insan inkişafı"
qrupuna keçmişdir. Azərbaycanda insan inkişafı
indeksinin yüksəlməsinə təhsil göstəriciləri
əhəmiyyətli təsir göstərmişdir. Belə
ki, həmin hesabata əsasən, Azərbaycanda
savadlılıq səviyyəsi 99,5, ibtidai təhsillə əhatə
səviyyəsi 100, orta təhsillə əhatə səviyyəsi
95,6 faiz təşkil edir.
"Neft kapitalı"nın "insan kapitalı"na çevrilməsi siyasəti nəticəsində ölkənin gələcək inkişafının indiki gənc nəslin təhsil səviyyəsindən birbaşa asılılığı nəzərə alınaraq Prezidentin müvafiq sərəncamına əsasən, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" həyata keçirilir. Dövlət proqramı çərçivəsində bakalavr və magistratura pillələrinin hər biri üzrə gənclərin təhsili üçün prioritet sahələr müəyyənləşdirilmişdir. Neft Fondundan ayrılan vəsait Dövlət Proqramı çərçivəsində xarici ölkələrdə təhsil alanların təhsil haqları, viza və qeydiyyat, yaşayış, tibbi sığorta və yol xərclərinin ödənilməsinə yönəldilir. Qeyd edək ki, proqram çərçivəsində 1 yanvar 2011-ci il tarixinə 733 nəfərin müxtəlif ölkələrin aparıcı təhsil müəssisələrində təhsili ilə bağlı xərclər fond tərəfindən maliyyələşdirilmişdir.
Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası bu gün bütün sahələrdə real bəhrələrini verir. Prezident İlham Əliyev tərəfindən uğurla reallaşdırılan bu strategiya Azərbaycanın iqtisadi-sosial həyatında da mühüm nailiyyətlərə imkan yaratmışdır. Respublikamız postsovet məkanında keçid dövrünü uğurla başa vuran ilk ölkə olaraq, bununla əslində, yürütdüyü iqtisadi-sosial islahatların dünyada ən mükəmməl inkişaf modellərindən biri olduğunu təsdiq etmişdir. Bu gün dünyanın tədqiqatçı-mütəxəssisləri, həmçinin iqtisadiyyat elmi "İnkişafın Azərbaycan modeli"ni inkaredilməz fakt kimi qəbul edir, araşdırır və öyrənir.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2012.- 4 may.- S. 1.