"Bizim
Çingiz!"
Sənət aləmində
onu tanımayan yoxdur. Ölkəmizin mədəni həyatında
baş verən əksər tədbirlərdə, xüsusən
də xalqımız tərəfindən böyük rəğbətlə
qarşılanan və sevilən muğam televiziya müsabiqələrində,
beynəlxalq muğam festivallarında onu tez-tez görmək
olur. Respublikanın bir çox populyar xanəndə və
musiqi ifaçıları ilə dostluq və
yaradıcılıq əlaqələri var. Hamı onun xətrini
çox istəyir. Muğam sənətindən, qəzəl
dünyasından hali bir insandır. Deyilənə görə,
vaxtilə onun da gözəl səsi olub. Lakin ona ən
çox populyarlıq gətirən, sənət aləmində
sevdirən ağır təbiəti, bir də sevdiyi peşəsinə
ürəkdən bağlılığı, zəhmətsevərliyidir.
Muğamı
sevmək, başa düşmək məsələnin
yalnız bir tərəfidir. Lakin onu qorumaq, gələcək
nəsillərə olduğu kimi çatdırmaq, gördüyü
işdən aldığı zövqü heç nəyə
dəyişməmək kimi yüksək keyfiyyətlər
yalnız sənət fədailərinə məxsus amillərdir.
Ömrünün 39 ilini milli musiqimizin təbliğinə həsr
etmiş sənət fədailərindən biri də, Azərbaycan
Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti
"Musiqi və əyləncəli proqramlar"
redaksiyasının böyük redaktoru, əməkdar incəsənət
xadimi Çingiz Qurban oğlu Abbasovdur. Sənət aləmində
o daha çox "bizim Çingiz" kimi tanınır. Bu
cür münasibət ilk növbədə onların
Çingizin özünə və sənətinə olan sonsuz
hörmət və doğmalıqdan irəli gəlir. Bu da səbəbsiz
deyil. Bəlkə də çoxları bilmir ki, xalq artistləri
Xan Şuşinski, Şövkət Ələkbərova, Yaqub
Məmmədov, Sara Qədimova, Rübabə Muradova, İslam
Rzayev, Arif Babayev və digər korifey ifaçılarla birgə
neçə-neçə gözdən-könüldən uzaq
düşmüş, az qala unudulmaqda olan sənətkarlar
haqqında ekran-efirdə gedən silsilə verilişlər,
neçə gənc istedadın ilk ekran
çıxışı da Çingiz Abbasovun adı ilə
bağlıdır. Çox vaxt belə fədakar insanların
əməyi arxa planda qalır. Diqqəti çəkən ilk
növbədə musiqi ifaçısı olur. Yaxşı
ki, yaradıcılığında daim axtarışlar aparan,
radio -televiziyanın qızıl fondunda qorunub saxlanan hər
bir lent yazısının tarixini az qala əzbərdən bilən
Çingiz Abbasov kimi televiziya işçiləri, sənət
fədailəri az da olsa var.
Respublikanın
xalq artisti Habil Əliyev verilişlərin birində
kamança ilə bağlı öz fikirlərini
açıqlarkən: - "Kamança məni xalqa
tanıtdı, sevdirdi, məşhur etdi. Lakin mən də
kamançaya borclu qalmadım. Kamançanı bir daha xalqa
sevdirdim. Onu dünyaya tanıtdım" - demişdi. Bu
baxımdan Çingiz Abbasov da öz fədakar əməyi ilə
muğam və xalq musiqi ifaçılarına borclu
qalmadı. Bu gün Musiqi və əyləncəli proqramlar
redaksiyasının ərsəyə gətirdiyi, xalq tərəfindən
sevilən musiqi proqramlarında Çingiz Abbasovun da xidmətləri
var.
1950-ci il yanvar ayının 24-də Zərdab rayonunda ziyalı ailəsində dünyaya göz açan Çingiz erkən yaşlarından musiqiyə həvəs göstərmişdir. Atası Qurban kişi rayonda sayılıb-seçilən ağsaqqallardan olub. İncəsənətə, muğam və xalq havalarımıza xüsusi rəğbəti vardı. Respublikanın bir çox tanınmış incəsənət ustaları-xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Canəli Əkbərov, Niyaməddin Musayev, Zaur Rzayev və digər ustad xanəndə və musiqi ifaçılarımız Qurban kişinin qonağı olmuş, onunla dostluq etmişlər. Bəlkə elə bu səbəbdən də, Çingiz muğam sənətinə, milli musiqiyə daha çox maraq göstərmiş, ömrünü əbədi olaraq incəsənətə, ulu muğam sənətinin təbliğinə həsr etmişdir.
Onun bu fədakar əməyi dövlətimiz tərəfindən layiqincə qiymətləndirilmişdir. Azərbaycan Televiziyası və Radiosunun inkişafındakı xidimətlərinə görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sərəncamı ilə 2006-cı il noyabrın 4-də Çingiz Qurban oğlu Abbasov "Tərəqqi" medalına, 2011-ci il noyabrın 10-da isə "Əməkdar incəsənət xadimi" fəxri adına layiq görülür. "Heç kəs dahi, məşhur olmaq üçün doğulmur. Lakin dahiləri sevmək, onları tanıdıb təbliğ etmək hər kəsin mənəvi borcudur",- deyən Çingiz Abbasov bu yüksək etimada görə dövlət başçımıza öz minnətdarlığını bildirərək milli musiqimizin təbliğində bundan sonra da əlindən gələni əsirgəməyəcəyini əmin etdi.
Rafiq SALMANOV
Xalq qəzeti.- 2012.- 6 may.- S. 11.