Qələbəyə gedən yol

 

İgid döyüşçünün xatirələri

 

Ömrünün az qala 70 ilini gənc nəslin təlim-tərbiyəsinə həsr edən, müharibə veteranı, canlı salnamə Şahbaz Hüseynovu Yardımlıda tanımayan yoxdur. Sevimli müəllimimin 88 yaşının bu günlərdə tamam olacağını eşidəndə Yardımlıya gedib bu nurani kişi ilə görüşməyə, məktəb illərindən məni düşündürən suallarıma cavab almağa qərar verdim.

 

Doğulub boya-başa çatdığım Şiləvəngə kəndində orta məktəb olmadığından 9-10-cu sinifləri qonşu Çay-Üzü kəndində, Şahbaz müəllimin dərs dediyi orta məktəbdə oxumuşam. O, hərbi hazırlıq müəllimimiz idi. Məktəbə həmişə müharibədən gətirdiyi hərbi mundirlə gələrdi. İnsafən hərbi geyimdə çox yaraşıqlı görünürdü. Hərbi mundirli bu müəllimin zabitəli gur səsi indi də qulağımdadır...

Sonralar mən Yardımlı Rayon Komsomol Komitəsinin katibi və icra hakimiyyətində şöbə müdiri işlədiyim illərdə Şahbaz müəllimlə tez-tez görüşərdik. O, rayon komsomol komitəsinin keçirdiyi bütün tədbirlərə birinci dəvət alardı. Biz Şahbaz müəllimin - keçmiş qvardiyaçı zabitin keçdiyi şərəfli həyat yolunu gənclərə əsl nümunə, örnək kimi təqdim edirdik. Amma sonradan öyrəndim ki, təkcə Şahbaz müəllim yox, onun atası Əli Ağayevin keçdiyi həyat yolu da çox maraqlı olub...

Tarixin yaddaşından: Əli Ağayev görkəmli messenat və dövrünün vətənpərvər insanlarından olmuş Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü və məsləhəti ilə Peterburqda hərbi məktəbi bitirib. Bir müddət çar ordusunda, Romanov alayında xidmət edib və kapitan rütbəsinədək yüksəlib. Azərbaycan Xalq Cümhuriyyəti dönəmində Ə.Ağayev peşəkar hərbçi kimi müstəqil Azərbaycan ordusunda xidmət etmək üçün müdafiə naziri Səməd bəy Mehmandarovla görüşür. Onun əmri ilə cənub sərhədlərimizə xidmətə göndərilən Ə.Ağayev sərhəd məntəqələrinin qurulmasında xüsusi rol oynayır. 1922-ci ilin aprelində ordudan tərxis olunaraq ata yurdu Demanda təsərrüfatla məşğul olmağa başlayır və 1929-cu ildə kolxoz sədri seçilir. Lakin 30-cu illərin bolşevik repressiyası ondan da yan keçmir və 1935-ci ildə "xalq düşməni" kimi həbs edilərək şimala sürgün edilir. 9 illik həbsdən sonra 1944-cü ildə yenidən Vətənə-doğma Deman kəndinə dönür...

Haqqında söhbət açdığımız və 1924-cü il mayın 6-da anadan olan Şahbaz müəllimin uşaqlığı da Demanda keçib. Əvvəlcə burada 7 illik məktəbi, sonra isə Yardımlı qəsəbəsindəki M.F.Axundov adına orta məktəbi fərqlənmə attestatı ilə bitirir. İndiki Göytəpə şəhərindəki Pedoqoji Texnikumda 45 günlük kurs keçib müəllim kimi Demana təyinat alıb. 1942-ci ilin iyun ayında müharibəyə yollanıb...

Tarixin o məqamından indiyədək təkcə dünyada yox, Şahbaz müəllimin həyatında da çox şey dəyişib. Amma zamanın arxada qoyduğu bu 88 il şahidi olduqlarının heç birini onun yaddaşından silə bilməyib. Bunu onunla görüşdüyümüz ilk dəqiqədən hiss etdim...

Yaşadığı evin həyətinə daxil olanda Şahbaz müəllim əlində bel bağda ağaclara qulluq edirdi. Bizi görər-görməz beli bir kənara qoyub əllərinin torpağını təmizləyə-təmizləyə "xoş gəldin" elədi. Əvvəlki şux görkəmi yerindəydi. İllərin qarı, sazağı, enişli, yoxuşlu yollar Şahbaz müəllimin yaşamaq eşqinə güc gələ bilməmişdi. Yaxınlaşıb diqqətlə üzümə baxdı və "kimi görürəm", - deyib boynumu qucaqladı. Sonra eyvana qalxıb süfrə arxasında şirin söhbətə başladıq. Ata evindən söz düşəndə gözü yol çəkirmiş kimi uzaqlara, sərhəd boyu uzanan tikanlı məftillərin o tayına zilləndi. Doğma və qədim, amma 1944-cü ildən qəribsəyən Deman kəndini xatırladı.

Şahbaz müəllimin dediyinə görə, İran-Azərbaycan sərhədində yerləşən Yardımlının 20-yə yaxın kəndi 1944-cü ildə məcburi köçürülüb. Deman kəndi də köçürülənlər sırasında olub. Kəndin 600 sakini əvvəlcə indiki Şirvan şəhərinin yaxınlığındakı kəndlərdən birində, sonradansa Şirvan şəhərində məskunlaşıb. Müstəqillik illərində kənd qismən bərpa olunub. Şahbaz müəlliminsə bu kənddən müharibəyə necə yola düşdüyü bir an belə yadından çıxmır:

- Demanda müəllim işləyirdim. 1942-ci ilin iyun ayında məni də orduya çağırdılar. Yardımlıdan 11 nəfər idik. Bizi Tiflis yaxınlığındakı Ağçalaya göndərdilər. Orada Yardımlıdan olan daha 6 nəfər bizə qoşuldu və beləcə 17 nəfər olduq. Söz vermişdik ki, bir-birimizdən ayrılmayıb bir yerdə döyüşək. Müharibə qurtarana qədər onlardan 8-i həlak oldu, 1-i hospitalda qaldı. Biz 8 nəfər geri qayıtdıq.

Amma müharibə elə də asanlıqla bitmədi. Hər günü az qala bir ilə bərabər olan bu amansız müharibənin itgilərini xatırlamaq bu gün bütün veteranlar kimi, Şahbaz müəllimə də ağır gəlir. - Bizi - dağlıq ərazidə yaşayanları seçib Qafqaz sıra dağlarına, Elbrusun ətəyindəki Quluxori aşırımında yerləşən 105-ci dağ alpinist döyüş dəstəsinə göndərdilər. Dəstəmiz əsasən Yardımlı, Lerik, Kəlbəcər, Laçından olan dağ uşaqlarından təşkil olunmuşdu.

Aramsız döyüşlərdən sonra Kuban çayını keçib Krasnodarı azad etdik. Sonra bizi Ukraynadakı 38-ci ordunun 40-cı korpusuna birləşdirdilər. 1942-ci ilin noyabrında 84-cü briqadanın əlahiddə qırıcı avtomatçılar batalyonu təşkil olunanda bizi də ora göndərdilər.

Stalinqrad mühasirədə idi, almanlar özlərini itirmişdilər. Bizim korpus Rostovla Stalinqrad arasında idi. Hərbi birləşmələrimiz ikinci həmlədə Rostovu almanlardan azad etdi. Nə qədər cəsur döyüşsək də zorən "qardaş" dediyimiz bəzi millətlərin nümayəndələri, xüsusilə də ermənilər, bizi ögey bilir, fürsət tapan kimi arxadan vururdular. Amma ukraynalılar haqqında bunu demək olmazdı, onlarla münasibətlərimiz yaxşıydı.

 

Marşal Jukov: "Sənin toyunda özüm çalacam"

 

Şahbaz müəllimin müharibədə başına gələn maraqlı əhvalatlardan biri də Sovet İttifaqı marşalı Jukovla təsadüfi və maraqlı görüşüdür:

- Bu hadisəyə qədər mən Jukovu heç vaxt görməmişdim,-deyə Şahbaz müəllim o günlərin sehrinə düşür. - Jitomir meşələrində döyüşə hazırlaşırdıq. Korpus komandiri Maskalenko cəbhə qərargahına bir məktub aparmağımı tapşırdı. Məni qonşu kəndimizdən olan Şükür və Stavropoldan Kazovçov adlı bir rus motosikletlə müşayiət edirdi. Yeri gəlmişkən, Kazovçov sonradan Demanda sərhəd zastavasının rəisi də oldu...

Məktubu qərargaha təhvil verəndən sonra həyətə çıxdıq. Hərbi geyimdə bir nəfər ağacın üstündə oturub özü üçün ağız qarmonunda züm-zümə edirdi. Mən onun solunda, o biri yoldaşlarım sağında oturduq. Öz aramızda zarafatlaşmağa başladıq. Qarmon çalan mənim subay olduğumu biləndə "qələbədən sonra sənin toyunda özüm çalacam" dedi. Biz də bu adamın kim olduğunun fərqinə varmayıb elə hey zarafatlaşırdıq. Birdən o əlini cibinə aparıb bir qutu "Nərgiz" siqareti çıxartdı. Şükürə dedim ki, bu siqareti Bakı buraxıb. Həmin adam siqareti sakitcə mənə uzadıb dedi: "Al, qoy cibinə"...

Elə bu zaman 5-ci tank korpusunun komandiri öz maşınında bizə yaxınlaşanda, mən ayağa qalxmaq istədim. Qarmon çalan əlini dizimə qoyub dedi: "Otur". Məni həyəcan bürüdü. Korpus komandiri onu hərbi qaydada salamlayıb məlumat verəndə bildik ki, bu qarmonçalan marşal Jukovdur. Biz nə edəcəyimizi bilmirdik. Məktubun cavabını alan kimi motosikletə oturub, asta gedən namərddir deyib aradan çıxdıq. Jukovsa bizə əl edərək gülümsəyirdi.

Söz gedib Moskalenkoya da çatmışdı. Bir gün məni yanına çağırıb Jukovu necə gördüyümüzü soruşdu. Mən də hadisəni olduğu kimi danışdım. Onunla zarafat etdiyimizi, bizə siqaret verdiyini dedim. Heç kim inanmırdı ki, Jukov bizimlə zarafat eləyə bilər.

Sovet İttifaqı Qəhrəmanı adını niyə almadı?

Şahbaz müəllimin Gürcüstanın Avçala hərbi-təlim mərkəzindən başlanan odlu-alovlu döyüş yolu Suxumi, Neftoqorsk, Abşeronski, Krasnodar, Ust Labinski, Batayski, Rostov, Krasno-don, Voroşilovqrad, Borispol, Kiyev, Beloye-Çerkov, Jitomirdən sonra Ukraynanın Kaxovka kəndində bitə bilərdi. O günlərin acısını yaşayırmış kimi qaşları düyünləndi:

- 1944-cü il noyabrın 3-də Kaxovka kəndinin azad edilməsi uğrunda kəskin döyüşlər gedirdi. Həmin döyüşdə körpünü birinci mən keçib pulemyotla xeyli faşisti məhv etdim. Sonra yadımda bircə o qalıb ki, yaxınlığımda güclü partlayış oldu, başımdan ağır yaralandım. Döyüşçü dostlarım elə zənn ediblər ki, ölmüşəm. Sağ qalmağım isə bizim hərbi hissənin tibb bacısı Ninanın sayəsində mümkün olub. Hətta həlak olmağım barədə rayona yazıblar, mənə kənddə ehsan da veriblər.

Kiyevdə ayılanda hospitalın rəisi, milliyyətcə yəhudi olan Berta Vaynberq mənə qəti şəkildə bildirdi ki, yaşamaq istəyirəmsə, mütləq əməliyyat olunmalıyam. Razlaşdım. Allaha şükürlər olsun ki, əməliyyat da uğurla keçdi.

Sən demə, həmin döyüşdən sonra Jukov öz imzası ilə mənim Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməyim barədə Ali Baş Komandana təqdimat veribmiş, ancaq bundan xəbərim olmayıb. Bu məsələnin üstü xeyli gec - 1975-ci ilin mayında, Azərbaycanın dövlət başçısı Heydər Əliyev müharibə veteranlarının forumunu keçirən zaman açıldı. Forumda sözügedən döyüşdə mənimlə birlikdə olan ağstafalı Məhərrəm Məhərrəmov və qazaxlı Müseyib Hüseynovla görüşdük. Onlar mənə dedilər ki, "axı sən Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdün, bəs ordenin hanı".

O vaxt Yardımlı Rayon Partiya Komitəsinin I katibi Rəfiqə Məmmədova bu barədə eşidəndə çox çalışdı. Deyirdi "qonaqlığını özün verəcəm. Salyandan bu yana təkcə Həzi Aslanov Sovet İttifaqı Qəhrəmanı olub. Sən ikinci olacaqsan". Sonra məni Heydər Əliyevin qəbuluna göndərdi. Qəbulda İsmayılov adlı biri ilə görüşdük. Onun təkidiylə Moskvaya məktub yazdım. Cavab məktubunda təsdiqlənirdi ki, Hüseynov Şahbaz doğrudan da, müharibədə qəhrəmancasına həlak olub. Guya mən onun adıyla yaşayıram. Buna görə DTK-nın rayon şöbəsinin rəisi Mikayıl Mamedov hər gün gəlib məni sorğu-suala tuturdu. Bezmişdim, məni çox incitdilər. Sinif yoldaşlarımın hamısından izahat aldılar. Bu mübahisə 90-cı illərə kimi davam etsə də, mən öz haqqıma sahib ola bilmədim.

Bir hadisəni isə heç zaman unutmayacağını deyən Şahbaz müəllim, sözünə davam edir:

- Ordu birləşmələrimizin tərkibində Elba çayını keçib Berlini aldıq və 15 gün burada qaldıq. Mayın 2-də Berlin tamam alınmışdı, şəhərdə atəş səsləri, demək olar ki, kəsilmişdi. Komandir rotamız Ermənistanın Vedi rayonundan olan Mirzə Hüseynov idi. Reyxstaqın təmizlənməsində Mirzənin rotasının 1-ci və 2-ci vzvodu da iştirak edirdi. Bizsə 3-cü və 4-cü vzvoddaydıq. Onda mən leytenant idim.

Mirzə bizə dedi ki, gedək şəhərə. Şəhər tamam dağılmışdı, amma işıqlar yanırdı. Mirzə pilləkanla yuxarı çıxıb bayrağı Reyxstaqa sancmaq istəyirdi ki, birdən həmyerlim Naib Şərifov qışqırdı-"Mirzəni vurdular". Mən yaxınlaşanda artıq Mirzə ölmüşdü, ağzından qan gəlirdi. Şoka düşmüşdüm və nə edəcəyimi bilmirdim... Mirzənin ölümü mənə rahatlıq vermirdi. Öz-özümə and içmişdim ki, onun intiqamını alacağam. Bu, çox çəkmədi. Ermənilərdən onun qisasını aldım...

Təkidlə Şahbaz müəllimdən bunun təfsilatını soruşdum. Bu haqda rayonda ara-sıra söz-söhbət olurdu. Amma yerli-yataqlı heç kim ətraflı danışmaq istəmirdi. Deyirdilər ki, Şahbaz müəllimin başı buna görə çox bəlalar şəkib.

- İndi qorxusu yoxdur, danışmaq olar, -deyə Şahbaz müəllim bir az da qəzəbli tərzdə sözünə davam etdi:

- Mirzə Hüseynovu mayın 6-da vurdular. Mayın 8-də isə xəbər verdilər ki, Moskvadan qələbə bayrağı gətirilib və onu Kantariya ilə Yeqerov sancacaq. Elə həmin gün fürsət tapıb, bizə qələbəni yasa çevirən, özləri isə qarmon çalıb, rəqs edən ermənilərə tərəf bir qumbara atdım. Doğrudur, o vaxt bizimkilər məni ələ vermədilər, mən də təkidlə bunu rədd etdim. Ancaq bu olaya görə müharibədən sonra da başım çox ağrıdı.

Şahbaz müəllimin Berlində atdığı qumbaranın istintaqı müharibədən sonra da 15 il davam edib. Hətta bu olaya görə, 1952-ci il mayın 11-də onu Kürdəmirin Qarasu kəndinə "sürgün" ediblər. Bir ildən sonra isə Şahbaz müəllim həmkəndlilərinin köçürüldüyü Xiləmirzəyə köçür və 5 il orada qalıb müəllim işləyir. Məhz burada Şahbaz müəllimə ilk dəfə ulu öndər Heydər Əliyevlə görüşmək nəsib olur:

- Xiləmirzədə pambıqçılıq kolxozu vardı - "Pravda". 1956-cı ildə 3 briqadada 100 şagird pambıq yığırdı. Bizim briqadalara rayon mərkəzindən iki nəzarətçi də təhkim olunmuşdu. Onlardan biri DTK-nın Əlibayramlı şöbəsinin rəisi idi. Ürəyim ona elə qızdı ki, bir gün qumbara məsələsini olduğu kimi ona danışdım. Qucaqlayıb dedi ki, "qeyrətli oğulsan"...

Bir dəfə də kəndə "Pobeda" maşınında iki nəfər gəldi. Onlardan biri Heydər Əliyev idi. Bunu mənə DTK-nın rəisi dedi və qumbara məsələsini ona da danışmağımı xahiş etdi. Ürəkləndim və çəkinmədən danışdım. Bu qumbara əhvalatım Heydər Əliyevin də xoşuna gəlmişdi.

Böyük dövlət xadimi Heydər Əliyevlə növbəti görüşüm 1958-ci ilin may ayında oldu. Yenə də həmin DTK-nın rəisinin sayəsində. O vaxt oğlanlarımın ikisi istiyə, hava şəraitinə tab gətirməyib öldü. Ona görə də, DTK-nın rəisi Heydər Əliyevdən xahiş etdim ki, mənim kəndimizə qayıtmağıma kömək etsin. Heydər Əliyev bildirdi ki, "artıq sizin kənd yoxdur, darmadağın olunub. Ora icazə verməzlər. Aşağıda bir kənd var çayın qırağında, Çay-Üzü, ora mümkündür". Mən razılaşdım və 1958-ci ilin iyul ayının 20-də Çay-Üzüyə köçüb 50 il, əvvəlcə, fizika-riyaziyyat, sonra hərbi hazırlıq müəllimi işlədim.

1962-ci ildə oğlum dünyaya gəldi. Heydər Əliyevin şərəfinə adını Əliyev Heydər qoydum və indi Əliheydər deyirlər.

2002-ci ildə Respublika Veteranlar Şurasının iclası idi. Fasilədə Heydər Əliyevlə üz-üzə gəldim, məni görüb dərhal tanıdı və gülə-gülə dedi: " Əlioğlu yenə qumbara atırsan?". Sonra onun adına məktub yazdım. Mənim üzərimdə olan qadağaların hamısı götürüldü.

Şahbaz müəllim hazırda Repressiya Qurbanları Assosiyasının üzvüdür. Yardımlı rayonunun ictimai-siyasi həyatında böyük rol oynayıb. Uzun illər rayon partiya komitəsinin plenumlarının üzvü olub. Bu gün də rayon icra hakimiyyətininin təşkil etdiyi elə bir tədbir olmaz ki, Şahbaz müəllimin orada iştirak etməsin. Hansı istəklə yaşadığını soruşdum. Dedi:

- 37 il əvvəl mayın 23-də rayon veteranlar şurasının sədri seçiləndə Yardımlıda 1276 nəfər vətən müharibəsi veteranı vardı. İndi onların sayı 19 nəfərə qədər azalıb. İstəyirəm onlara qayğı daha da artsın. Çox sağ olsun Prezidentimiz hər il Qələbə bayramında bizi unutmur. Bu il də unutmadı. Ümumiyyətlə, bu gənc, ancaq kifayət qədər təcrübəli dövlət başçısının tariximizə, milli-mənəvi dəyərlərimizin qorunmasına, mədəniyyətimizin inkişafına göstərdiyi sonsuz diqqəti biz yaşlı insanların qəlbinə rahatlıqla yanaşı, həm də bir qürur verir. Hər bir əməli ümummilli liderimiz Heydər Əliyevin dövlətçilik strategiyasının məntiqli və qətiyyətli davamını parlaq şəkildə göstərir.

Mən Prezident İlham Əliyevlə də 2-3 dəfə Bakıda, rayonda, görüşmüşəm. Sağ olsun yaddan çıxartmayıb, ehtiram əlaməti olaraq mənə "müəllim" deyir. Bax, yüksək mədəniyyətin, ziyalılığın nümunəsi, elimizin, xalqımızın adət-ənənəsinə ehtiram budur...

Böyük rus klassiki Qoqol haqlı olaraq yazırdı ki, "Şəxsiyyəti valideyn, ruhu isə müəllim tərbiyə edir". Nə yaxşı ruhumuzun tərbiyəçiləri olan Şahbaz müəllim kimi pedaqoqlarımız çoxdur və nə qədər ki, onlar var milli mənliyimizin, kimliyimizin unudulacağndan qorxmağa dəyməz.

 

 

Xanoğlan ƏHMƏDOV

 

Xalq qəzeti.- 2012.- 6 may.- S. 9.