Şamaxı: təşəbbüskarlıq da var, uğurlar da

 

Yəqin ki, bütün həmkarlarım Şamaxının sosial-iqtisadi inkişafı barədə söz açarkən özünəməxsus yanaşma nümayiş etdirəcək, hansısa bir məqamı xüsusilə önə çəkəcəklər. Məsələn, Astrofizika Rəsədxanasında dövlət başçısının sərənəcamı əsasında başlanan tikinti-təmir işlərinin bu ilin birinci rübündə daha intensiv şəkildə davam etdirilməsini, yaxud Kəpkənc, Göylər, Həmyəli və Qonaqkənd kəndlərində yeni məktəb binalarının tikildiyini qabardanlar tapılacaq. Elə 1970-80-ci illərdə respublikanın ən böyük üzümçülük rayonlarından birinə çevrilmiş Şamaxının həmin sahədəki şöhrətinin özünə qaytarılması üçün bu ilin birinci rübündə rayonun ümumi üzümlüklərinin 1357 hektara çatdırılması da xüsusilə vurğulanmalı mövzu kimi həmkarlarımın diqqətini çəkə bilər. 

 

Ancaq mənim şahidi olduğum bir məqam da var ki, həmişə sevə-sevə söz açdığım bu rayonun sakinləri həmin məqamı hələ çox illər xatırlayacaqlar. Hələ də gözümdən getməyən həmin səhnələr, bəlkə də, Şamaxının 2012-ci ildə ən yadda qalan səhifələrindən birincisi olacaq.

... Koroğlu meydanı, Novruz şənliyi. Şamaxılıların min illərdən bəri qeyd etdiyi bu milli bayram, sanki, öz yeni ünvanının - adı çəkilən meydanın boyuna biçilmişdi. Bəlkə də, tərsinə idi - meydan Novruz bayramının bütün tələblərinə cavab verirdi. Qədim bayramın yeni meydanda keçiriləcəyi xəbəri az qala bütün şamaxılıları rayon mərkəzinə cəlb eləmişdi...

Ən maraqlısı isə o idi ki, bayramın keçirilməsi üçün aktyor, rejissor, aşıq, xanəndə, müğənni, rəqqas, ssenari müəllifi - ümumiyyətlə, heç kəs kənardan dəvət edilməmişdi. Doğrudur, bayrama hazırlaşarkən belə təkliflərin göndərilməsi zərurətini söyləyənlər var idi. Ancaq rayon icra hakimiyyətinin başçısı Asif Məmmədovun mövqeyi tamamilə başqa idi. "Bu gün Şamaxının özündə olan yaradıcı insanların potensialı ilə nəinki rayon miqyaslı, hətta daha böyük tədbirləri də çox böyük uğurla keçirmək olar".

Belə də oldu. Yerli sənətkarların təşkil etdiyi Novruz bayramı əcnəbi qonaqların hamısını heyran eləmişdi. Mən Şamaxıda əvvəllər də çoxlu xarici qonaq görmüş, turistlərlə həmsöhbət olmuşdum. Onlar həmişə bu dağlar diyarının mətbəxinə böyük maraq göstərir, bütün təamlardan dadmağa çalışırdılar. Novruz bayramını lentə alan almaniyalı qonaqlar isə... inanın ki, həmin gün nə isə yeməyi ağıllarına belə gətirmirdilər. Sanki, bayramı bütün məqamlarına, ən incə detallarına qədər çəkmək, öz ölkələrinə aparmaq istəyirdilər. Nə gizlədim, elə bil ki, Novruz bayramının qeyri-maddi mədəni irsimiz sırasındakı yeri ilə məhz həmin gün fəxr etdim.

Rus dilində danışa bilən avropalı turistlərdən birinə bu diyarın görkəmli simalarından təxminən otuzunun adını çəkdim: Xaqani, Nəsimi, Seyid Əzim, Sabir, Hadi, Abbas Səhhət, Sultan Məcid Qənizadə, səyyah Hacı Zeynalabdin Şirvani, memar Zivər bəy Əhmədbəyov, görkəmli coğrafiya alimi Qasım Gül, akademiklər Musa Əliyev, İbrahim Səfərov, professor Əzizə Cəfərzadə, general Tərlan Əliyarbəyov və başqaları. Alman qonaq əlavə elədi: - Və Alim Qasımov. Sizin Şamaxı Rəsədxanası əsasən ulduzlarda baş verən qeyri-stasionar proseslərin kompleks tədqiqi ilə məşğul olur. Mən həmin ulduzların sırasına Şamaxının Alim Qasımovunu da əlavə edərdim.

Bu məqamda öz soydaşımla fəxr eləməkdən başqa heç bir yolum yox idi. Yeri gəlmişkən, Novruz bayramı haqqında fikirlərimi tamamlayarkən bir məqamı da yada salmaq istərdim. Belə ki, turistlər Şamaxıdakı turizm obyektlərinin xidmətindən çox böyük məmnunluqla söz açır, Pirquludakı "Fortuna" restoranını ölkəmizin ən yaxşı turizm obyektlərindən biri kimi qiymətləndirirdilər. Mən özüm də əlavə edim ki, istər tarixi keçmişi, istərsə də təbii imkanları baxımından əcnəbi turistlərin diqqətini gündən-günə daha çox cəlb edən Şamaxıda turizmin inkişaf etdirilməsi mühüm məsələ kimi daim diqqət mərkəzindədir. Hazırda "Şərədil" istirahət mərəkəzində 5 ulduzlu otel, "Fəxriguşə" istirahət mərkəzinin bazasında isə müasir standartlara cavab verəcək yeni turizm obyekti tikilir. Rayon mərkəzindəki "Şamaxı" mehmanxanası əsaslı təmir edilərək yenidən qurulur. İcra hakimiyyətinin başçısı ilə söhbətimizdə öyrəndik ki, yaxın vaxtlarda bu sahənin inkişafı ilə bağlı daha iri layihələrin həyata keçirilməsi planlaşdırılır.

Rayon icra hakimiyyətinin başçısı Asif Məmmədovla aprelin 24-də görüşmək istədim. Məlum oldu ki, Asif müəllimin həmin gün Meysəri kəndində sakinlərlə səyyar görüşü var. Doğrusu, mən özüm də belə bir tədbirdə iştirak etmək istəyirdim. Çünki aprelin 10-da Quşçuda, 17-də Çarhanda, 18-də isə Mədrəsədə səyyar görüşlər keçirilmişdi. Bu qəbildən olan növbəti tədbiri əldən vermək istəmədim. Rayonun az qala bütün idarə və müəssisə rəhbərlərinin, kənd sakinlərinin iştirak etdiyi görüşdə yerli adamlar elə danışır, elə təkliflər irəli sürürdülər ki, sanki, rayon rəhbəri də onların kəndinin sakinlərindən biridir. Qurban Əliyev, Səfər İsayev, Camal Camalov, Elmira Qasımova, Xəzangül Murtuzova, Validə Həsənova və Kərəm Həsənov təkcə çıxış eləmədilər, həm də konkret təkliflər verdilər. Bu təkliflər nədən ibarət idi? On illərdən bəri istifadə olunan elektrik dirəklərinin dəyişdirilməsi, kəndə gələn alternativ yolun abadlaşdırılması, uşaq bağçasının açılması, yeni üzüm bağlarının salınmasına şərait yaradılması, qəzalı vəziyyətdə olan evlərin bərpasına kömək edilməsi və sairə. Asif müəllim bütün təkliflərə və çıxışlara diqqətlə qulaq asdı və hər təklifin öyrənilib həyata keçirilməsi üçün konkret adamlara tapşırıq verdi. Ən yaddaqalan məqam isə ondan ibarət idi ki, rayon rəhbəri tapşırıq verdiyi adamlara başqa bir məqamı da xatırlatdı: "Bu məsələlərin həlli mənim şəxsi nəzarətimdə olacaq".

Meysəridən qayıdanda Asif müəllim danışdı ki, indi haqqında söhbət açdığımız üç ay, yəni ilin birinci rübü Azərbaycan üçün o qədər də xarakterik olmayan qış havaları ilə müşayiət olundu. Ancaq buna baxmayaraq, bizim planlaşdırdığımız fəaliyyət istiqamətlərimiz ardıcıllıqla icra olundu. Bütün imkanlarımızı tam səfərbər edərək qarın, şaxtanın törətdiyi fəsadları vaxtında aradan qaldıra bildik, əhalini normal qaydada elektrik enerjisi və təbii qazla təmin etməyə nail olduq. Müsahibim daha sonra dedi:

- Ümumiyyətlə, 2012-ci ilin ilk üç ayı ərzində rayonumuzda qarşıya qoyulmuş vəzifələrin icrası əsasən təmin edilib. Bəzi problemlərin həlli, rayonun sosial-iqtisadi inkişafının sürətlənldirilməsi və tikinti-quruculuq işlərinin genişləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Problemlərin nədən ibarət olduğunu Meysəridə eşitdiyiniz təkliflərdən sonra özünüz üçün dəqiqləşdirmiş olarsınız. Həyata keçirdiyimiz tədbirlərin yerlərdə yüksək qiymətləndirilməsi bizim daha səmərəli şəkildə, daha təşəbbüskarlıqla işləməyə ruhlandırır.

İlin ilk üç ayı ərzində 22 milyon 449 min manatlıq məhsul buraxılışı olub. Bu göstərici ötən ilin müvafiq dövründəkindən 3,1 faiz çoxdur. Birinci rübdə rayon üzrə 146 daimi iş yeri açılıb. Rayon iqtisadiyyatının mühüm sahəsi olan kənd təsərrüfatında həyata keçirilən tədbirlər nəticəsində cəmi üç ay ərzində təxminən 6 milyon manatlıq məhsul istehsal edilib. Payızda əkdiyimiz 18 min 457 hektar taxıl sahələrində zəruri olan aqrotexniki qulluq məsələləri vaxtında həll olunub. Rayon üzrə taxıl əkən 3260 nəfərə 400 min manatdan çox yardım verilib. Heyvandarlıq və quşçuluq sahələrində də əldə olunan göstəricilər ötən ilin birinci rübünə nisbətən xeyli yaxşıdır.

Bildiyiniz kimi, bu gün dövlət başçımız bütün regionların, xüsusən, tarixi şəhərlərin abadlaşdırılmasını xüsusi məsələ kimi diqqət mərkəzində saxlayır. Bu tapşırıqların icrası zamanı Şamaxıda tarixi memarlıq ənənələrindən uğurla istifadə edilir. Şəhərin giriş hissəsində Şamaxının tarixi keçmişinə aid layihə əsasında inşa olunan qalanın tikintisi başa çatmaq üzrədir. Məlum olduğu kimi, bu il böyük şairimiz Mirzə Ələkbər Sabirin anadan olmasının 150 illiyi qeyd olunacaq. Bu barədə Azərbaycan Prezidenti cənab İlham Əliyevin xüsusi sərəncamı da var. Yubiley ərəfəsində ustad şairin adını daşıyan park tamamilə yenidən qurulur. "Şirvan" və Nəriman Nərimanov küçələrində işıqlandırma sistemləri quraşdırılıb, Seyid Əzim Şirvani küçəsində isə sel-su ötürücülərinin quraşdırılmasına başlanılıb. Bakı -Şamaxı magistral yolunun şəhərə giriş hissəsində dövlət idarələri üçün nəzərdə tutulan üçmərtəbəli binanın inşası davam etdirilir. Qədim "Yeddi günbəz" qəbiristanlığının əsas yolu təmir olunub. Rüb ərzində rayonun müxtəlif yerlərində 2 mindən çox ağac əkilib.

Rayon rəhbəri söhbət zamanı qeyd etdi ki, ilin çətin hava şəraitində keçən üç ayı ərzində həyata keçirdiyimiz tədbirlər bizim 2012-ci ilin daha böyük uğurlarla başa vuracağımızın əsas göstəricilərindəndir: "Nazirlər Kabinetinin aprelin 16-da keçirilən iclasında Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin hamısı Şamaxıda da ardıcıllıqla və prinsipiallıqla yerinə yetiriləcək. Bu məqsədlə rayonun bütün qüvvə və imkanları səfərbər olunacaqdır. Cənab Prezident ölkəni başdan-başa inkişaf etdirir, dövlətimizin beynəlxalq aləmdəki nüfuzunu gündən-günə artırırsa, biz də bu ənənəni məhz respublikamızın adına layiq şəkildə davam etdirərək öz üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməliyik".

Fikrimcə, bu cümlələr Şamaxıdan hazırladığım növbəti yazını da nikbin əhval-ruhiyyə ilə yekunlaşdırmaq üçün yerinə düşürdü. Ancaq rayon icra başçısından eşitdiyim "Mirzə Ələkbər Sabirin anadan olmasının 150 ailliyinə ciddi şəkildə hazırlaşırıq" - ifadəsi iki il əvvəl qələmə aldığım bir yazını yadıma saldı. O vaxt Ağsuda Sabirin yubileyinə həsr olunmuş geniş tədbir keçirilmiş, Bakıdan və başqa şəhərlərdən çoxsaylı qonaqlar dəvət edilmişdi. Onda mən yazmışdım ki, Nizami Gəncəvinin yubileyi Gəncədə yox, Sumqayıtda və ya Naxçıvanda keçirilərsə, bir gəncəli kimi mən narahat olaram. Ona görə də Sabirin yubileyi məsələsində şamaxılılar təşəbbüsü ələ almalıdırlar. Mənim bu cümlələrimə həmkarlarım fərqli münasibət bildirsə də, ağsulu şair Sabir Sarvan daha konkret məntiqlə çıxış etmişdi: "Bunun üçün təşəbbüs lazımıdır, qardaş". İndi Şamaxıda eşitdiklərim ulu Sabirin adını daşıyan şair dostumuzun sözlərini təsdiqləmiş oldu. Rayon rəhbərinin təşəbbüsü və təəssübkeşliyi olanda bütün məsələlər məhz sadə insanların istədiyi kimi həll olunurmuş...

 

 

İlqar HƏSƏNOV

 

Xalq qəzeti.- 2012.- 6 may.- S. 8.