Azərbaycanda
sahibkarlığın, özəl bölmənin təşəkkülü
və inkişafı Heydər Əliyevin adı ilə
bağlıdır
Azərbaycanın iqtisadi həyatının
bütün sahələrində olduğu kimi,
sahibkarlığın, özəl bölmənin təşəkkülü,
inkişaf etməsi də ümummilli liderimiz Heydər Əliyevin
adı ilə bağlıdır. Belə ki, yalnız dahi
şəxsiyyətin hakimiyyətə qayıdışı
ilə aparılan məqsədyönlü siyasət, həyata
keçirilən sistemli tədbirlər nəticəsində
ölkəmizdə siyasi və makroiqtisadi sabitliyə nail
olunması ilə sahibkarlar sinfinin formalaşması
üçün həm hüquqi baza yaradıldı, həm də
dövlət tərəfindən özəl sektora hərtərəfli
dəstək nümayiş etdirildi.
Azərbaycanda
sahibkarlığın inkişafına təkan verən ilk
mühüm məqamlardan biri 1994-cü ilin sentyabr ayında
Heydər Əliyevin təşəbbüsü və bilavasitə
iştirakı ilə Bakıda "Sahibkarlıq
strategiyası və iqtisadi yenidənqurma" mövzusunda
keçirilən beynəlxalq konfrans oldu. Konfransda ulu öndər
ölkədə sahibkarlığın inkişafı
üçün müvafiq şərait
yaradıldığını və bunun artıq konkret əməli
nəticələr verdiyini bildirərək Azərbaycanda bu
sahənin inkişafında xarici investorları fəal
iştiraka dəvət etdi: "İqtisadi baxımdan
inkişaf etmiş Qərb ölkələrinin təcrübəsindən
bəhrələnməklə, sözün yaxşı mənasında,
sahibkarlıq bizim üçün ən mühüm amildir,
buna görə də dövlət hər şeyi edəcəkdir
ki, biz bu yolla gedə bilək. Bununla əlaqədar olaraq mən
xarici investisiyalar üçün hüquqi imkanlar yaradan,
onların müdafiə edilməsini nəzərdə tutan
qanunu da xatırlatmaq istərdim. Zənnimcə, bu qanun əlverişli
şərait yaradır ki, bizdə sahibkarlıq nəinki Azərbaycanın
məhdud çərçivəsi daxilində inkişaf
etsin, həm də bazar iqtisadiyyatı prinsiplərinin bərqərar
edilməsi xarici firmalarla birlikdə, xarici investisiyalardan fəal
istifadə olunmaqla həyata keçirilsin".
Ölkədə
sosial-iqtisadi inkişafın bilavasitə sahibkarlıqla, onun tərəqqisi
ilə kifayət qədər böyük əlaqəsi
olduğunu aydın görən ulu öndərimiz bu istiqamətdə
dövlət qayğısının artırılması
üçün vacib addımlar atdı. Bununla əlaqədar
1993-1995-ci illəri və 1997-2000-ci illəri əhatə edən
sahibkarlığın inkişafı ilə bağlı iki
dövlət proqramı ayrıca qeyd olunmalıdır. Həmin
proqramlar sahibkarlığın inkişafının Azərbaycan
dövlətinin iqtisadi siyasətinin prioritet sahələrindən
birinə çevrilməsində müstəsna rol oynadı.
Sahibkarlığın
inkişafında Heydər Əliyevin həyata keçirdiyi ən
mühüm tədbirlərdən biri də sözügedən
sahəyə dövlət nəzarət sisteminin təkmilləşdirilməsi
və bununla əlaqədar qanunvericilik bazasında
mühüm dəyişikliklər edilməsi oldu. Bununla
bağlı ən vacib addımlardan biri kimi ölkə Prezidenti
tərəfindən 1996-cı il iyunun 17-də
"İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə
dövlət nəzarətinin qaydaya salınması və əsassız
yoxlamaların qadağan edilməsi barədə" fərmanın
imzalanması qeyd edilməlidir. Həmin fərmanda əsas məqsəd
iqtisadi münasibətlərin səviyyəsinə uyğun
müvafiq dövlət nəzarəti mexanizmini tətbiq etmək,
bu nəzarətin daha məqbul vasitələrini seçmək,
bazar münasibətlərinin inkişafına mənfi təsir
göstərəcək halların qarşısını
almaq, vətəndaşların və hüquqi şəxslərin
qanuni mənafelərini qorumaq idi. Fərmanın təsdiqindən
bir müddət sonra dövlət nəzarətinin təkmilləşdirilməsi
sahəsində əhəmiyyətli işlər
görüldü. İqtisadi sahədə bir-birini təkrarlayan,
paralel və lüzumsuz yoxlamaların sayı azaldı, bazar
iqtisadiyyatının inkişafına mənfi təsir göstərən
halların qarşısı alındı, vətəndaşların
və hüquqi şəxslərin qanuni mənafelərinin
qorunması məqsədilə həm qanunvericilik, həm də
inzibatçılıq sahəsində müəyyən tədbirlər
həyata keçirildi.
O
dövrdə ulu öndərimizin rəhbərliyi ilə
sahibkarlıq fəaliyyətinin dövlət tərəfindən
tənzimlənməsi və həvəsləndirilməsi
üçün zəruri normativ sənədlər
hazırlanmış, sahibkarlığın bazar
infrastrukturunun formalaşdırılması, təhsil sisteminin
və informasiya təminatlarının yaradılması istiqamətində
müəyyən nəticələr əldə edilmişdi.
Azərbaycan Respublikasının Sahibkarlığa Kömək
Milli Fondu, Kiçik və Orta Sahibkarlığın
İnkişafı Agentliyi, bir sıra şəhər və
rayonlarda sahibkarlığın inkişafı mərkəzləri
yaradılmışdı. Amma yeni proqramın qəbuluna kimi əhalinin
sahibkarlıq potensialının gerçəkləşməsi
məhdud, sahibkarların ölkə iqtisadiyyatının
inkişafında təsiri zəif xarakter
daşıyırdı. Formalaşan sahibkarlıq
strukturları isə on illər boyu yaradılmış
intellektual potensialı əks etdirmir, həmin potensialdan səmərəli
istifadəyə və sağlam rəqabət tələblərinə
uyğun fəaliyyətə istiqamətləndirilmirdi. Halbuki
ölkədə etibarlı siyasi sabitliyə nail olunması və
dünyanın məşhur neft şirkətləri ilə Azərbaycanda
neft hasilatı barəsində müqavilələrin
bağlanması sahibkarlığın inkişafına əlverişli
imkanlar açırdı. Belə bir şəraitdə
sahibkarlığın inkişafını nəzərdə
tutan yeni dövlət proqramının hazırlanaraq icraya
yönəldilməsi böyük zərurət kəsb edən
məsələyə çevrilmişdi.
"Azərbaycan
Respublikasında kiçik və orta sahibkarlığa Dövlət
Köməyi Proqramı (1997-2000-ci illər
üçün)" adlı sənəddə də
vurğulanırdı ki, kiçik və orta
sahibkarlığın sürətlə formalaşması Azərbaycan
cəmiyyətinin iqtisadi, sosial və siyasi problemlərinin həllinin
vacib amillərindən biridir. Azərbaycan Konstitusiyasına və
"Sahibkarlıq fəaliyyəti haqqında" Azərbaycan
Respublikasının Qanununa və digər qanunvericilik
aktlarına uyğun hazırlanan yeni proqramın məqsədi
sahibkarlığın ardıcıl inkişafı, Azərbaycan
iqtisadiyyatında onun rolunun gücləndirilməsi və tədricən
dünya iqtisadiyyatına inteqrasiya olunması üçün
əlverişli mühitin formalaşdırılmasından ibarət
idi. Sahibkarlığın ardıcıl inkişafını təmin
etmək üçün proqramda bu sahədə hüquqi
bazanın möhkəmləndirilməsi, təşkilati şərtlərin,
bazar infrastrukturunun təkmilləşdirilməsi, səmərəli
iqtisadi-maliyyə mexanizminin yaradılması, işlək
müdafiə sisteminin formalaşdırılması əsas vəzifələr
kimi qarşıya qoyulurdu.
Özəl bölməni daha da inkişaf etdirmək məqsədilə Heydər Əliyevin bilavasitə tapşırığı əsasında 1997-ci ildən başlayaraq vergi münasibətlərinin tənzimlənməsi sahəsində vahid və təkmil qanunvericilik bazasının yaradılması məqsədilə Vergi Məcəlləsinin layihəsinin hazırlanmasına başlanıldı. Sözügedən layihənin hazırlanması prosesində onun ayrı-ayrı hissələri dövlət başçısı yanında keçirilən müşavirələrdə dəfələrlə müzakirə edilərək, vergitutmanın sadələşdirilməsi, onun bazasının genişləndirilməsi, vergi yükünün azaldılması, vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi və s. barədə ulu öndərin dəyərli tövsiyələri bu işin uğurla başa çatdırılmasına zəmin yaratdı. 1 yanvar 2001-ci il tarixdə "Azərbaycan Respublikasının Vergi Məcəlləsi"nin qəbul edilməsi ölkənin həyatında tarixi bir hadisə olaraq, vergi sisteminin təkmilləşdirilməsi və onun beynəlxalq standartlara uyğunlaşdırılması sahəsində atılmış ən başlıca addım oldu. Bundan öncə isə vergi münasibətlərini tənzimləyən bir sıra qanunların, məsələn, "Mədən vergisi haqqında" (1995-ci il), "Əmlak vergisi haqqında" (1995-ci il), "Müəssisələrin və təşkilatların mənfəət vergisi haqqında" (1996-cı il) qanunların qəbul edilməsi, qüvvədə olan "Əlavə dəyər vergisi haqqında", "Fiziki şəxslərin gəlirlərindən vergi haqqında" və s. qanunlarda əlavə və dəyişikliklər edilməsi sahibkarlar sinfinin formalaşıb inkişaf etməsində mühüm əhəmiyyət kəsb etdi. Ulu öndərin sahibkarlara birbaşa qayğısı sayəsində vergi dərəcələrinin mütəmadi olaraq endirilməsi də özəl sektorun ümumi iqtisadiyyatda çəkisinin artmasında özünəməxsus rol oynadı.
Ümummilli lider sahibkarların problemləri ilə bilavasitə tanış olmaq üçün onlarla mütəmadi görüşlər keçirilməsinə və iş adamlarını hansı məsələlərin narahat etməsini birbaşa öz dillərindən eşitməyə də xüsusi diqqət yetirirdi. Buna bariz nümunə kimi ulu öndərin 2002-ci il aprel ayının 25-də yerli sahibkarlarla, 14 mayda isə xarici sahibkarlarla görüşünü, onların hər birinə şifahi və ya yazılı surətdə öz problemlərini söyləmək üçün əlverişli şərait yaratmasını göstərmək olar. Bu, yeni iqtisadiyyatın inkişaf etdirilməsinin, yeni dövlət idarəçilik metodlarından istifadə olunmasının ən gözəl və səmərəli forması idi.
Sahibkarlara dövlət qayğısının ən yüksək səviyyədə bir daha təsdiqi olan bu görüşlər və onların nəticəsi kimi 2002-ci ilin avqust-sentyabr aylarında imzalanmış çox mühüm fərman və sərəncamlar ölkədə sahibkarlığın inkişafında yeni mərhələnin əsasını qoydu. 2002-ci il avqustun 17-də isə ölkə Prezidentinin fərmanı ilə "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqramı (2002-2005-ci illər)" təsdiq olundu. Bu sənəd sahibkarlığın inkişafı ilə bağlı əvvəlki proqramın bir növ məntiqi davamı sayılırdı. "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığa Dövlət Köməyi Proqramı (1997-2000-ci illər üçün)" adlı sənədin uğurlu icrası nəticəsində sahibkarlığın hüquqi bazası inkişaf etdirilmiş, bu institutun tənzimlənməsi sahəsində əhəmiyyətli irəliləyişlər olmuşdu. Kiçik və orta sahibkarlığa (KOS) təhsil, informasiya və məsləhət xidmətləri göstərən strukturlar genişlənərək onların fəaliyyəti xeyli güclənmişdi.
Dahi şəxsiyyətin inkişaf strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasət də sahibkarlığın tərəqqisinin təminində, yerli istehsal və sosial infrastrukturun yaradılmasında, güzəştli kreditlərin ayrılmasında, insan kapitalı və təbii ehtiyatlardan səmərəli istifadə yolu ilə mövcud potensialın reallaşdırılmasında, yerli və xarici investorların ölkəyə, xüsusilə regionlara cəlb olunmasında yeni bir səhifə açmışdır. Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə zamanın tələblərinə uyğun şəkildə aparılan islahatlar daha geniş vüsət alaraq həm də sosial-iqtisadi inkişaf sahəsində keyfiyyətcə yeni bir mərhələnin əsasını qoymuşdur. Bu kontekstdə ölkədə sahibkarlığın inkişafı məqsədilə biznes mühitinin daim yaxşılaşdırılması, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, yerli və xarici investisiyaların, müasir texnologiyaların, idarəetmə təcrübəsinin cəlb edilməsi və bu yolla yüksək keyfiyyətli, rəqabətqabiliyyətli məhsulların istehsal edilməsi Azərbaycan Respublikası Prezidentinin müəyyənləşdirdiyi iqtisadi inkişaf strategiyasının prioritetlərindəndir.
Dövlət başçısının hələ 2003-cü il noyabrın 24-də imzaladığı "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" fərmanında sahibkarlığın dinamik inkişafı sahəsində nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi və ölkəyə xarici investisiyaların cəlb edilməsi məqsədilə beynəlxalq maliyyə institutları, xarici ölkələrin dövlət orqanları və iş adamları ilə müvafiq danışıqların aparılması tapşırığı qarşıya qoyulurdu. Bunun ardınca isə ölkə rəhbərinin müvafiq fərmanları ilə təsdiq edilən regionların sosial-iqtisadi inkişafi Dövlət Proqramlarının əsas istiqamətlərindən biri də daha əlverişli biznes və investisiya mühitinin formalaşmasını, iş adamlarının fəaliyyət imkanlarının genişlənməsini, bölgələrin istehsal potensialının səmərəli realizə edilməsini ehtiva edirdi. Xatırladaq ki, birinci Proqramda olduğu kimi, hazırda ikinci Dövlət Proqramında da nəzərdə tutulmuş tədbirlər uğurla həyata keçirilir.
Cənab İlham Əliyevin ərzaq təhlükəsizliyinin yaradılması prosesində ulu öndərin siyasətini uğurla davam etdirməsi də diqqət çəkir. Xatırladım ki, ölkəmizin bazar iqtisadiyyatı sisteminə transformasiyası ilk əvvəl aqrar sahədən başlamış, kənd təsərrüfatında 90-cı illərin əvvəllərində özünü qabarıq büruzə verən tənəzzül meylləri dahi şəxsiyyət Heydər Əliyev tərəfindən dayandırılmış, iqitsadi artıma və inkişafa nail olunmuşdur.
Xatırladım ki, ərzaq təhlükəsizliyi məsələsi ilə bağlı uzun müddət elmi-tədqiqat işi aparmışam və indiyədək reallaşdırılan tədbirlər öz müsbət nəticəsini vermişdir. Onu da deyim ki, əhalinin ərzaqla etibarlı təminatı məsələsini ulu öndərimiz Azərbaycan dövlətinin başlıca vəzifəsi kimi daim diqqət mərkəzində saxlayırdı. Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən ölkəmizdə son illər bununla əlaqədar bir sıra mühüm işlər görülmüş, uğurlu nəticələr əldə edilmişdir. Bir neçə fakta diqqət yetirək: 2011-ci ildə ilkin mədaxil çəkisində 2458,5 min ton taxıl tədarük edilmişdir. Hər hektar üzrə məhsuldarlıq təxminən 25 sentner olmuşdur. Əkin sahələrinin həcminin artırılması, məhsuldarlığın normal olması əldə edilən taxıl məhsullarının həcminin yüksəlməsinə müsbət təsir göstərmişdir. Biçini vaxtında və tam itkisiz başa çatdırmaq üçün fermerlər bütün texnika və avadanlıqlarla təmin edilmişdir. Başqa sözlə, 30-dan artıq rayonda fəaliyyət göstərən aqrotexservislərin kombayn, taxıl təmizləyən, presləyici və yığım texnikaları, yük maşınları və traktorları biçinə cəlb olunmuşdur. Ümumilikdə mövsüm dövründə "Aqrolizinq" SC-nin balansındakı texnika parkında 3110-dən çox taxılyığan kombayn və 1000-dən çox digər texnikanın imkanlarından istifadə edilmişdir.
Yeri gəlmişkən, Azərbaycanda istehsal olunan taxıl xaricdən gətirilən taxılla müqayisədə daha keyfiyyətlidir. Yerli məhsulun təxminən 80 faizi çörəkbişirmə sənayesində istifadəyə tam yararlıdır. Bunu laboratoriya şəraitində aparılan yoxlamalar da sübut edir.
Göründüyü kimi, Azərbaycanın dövlət başçısı cənab İlham Əliyev ötən illər ərzində ulu öndərimizin sosial-iqtisadi siyasətini uğurla həyata keçirmiş və bu, hazırda da davam etdirilir. Bunu müvafiq dövlət proqramlarının, sərəncamların reallaşması sayəsində ərzaq təhlükəsizliyi probleminin həlli istiqamətində müsbət uğurların əldə edilməsi də aydın şəkildə göstərir.
Məhərrəm ŞƏFİYEV,
iqtisadiyyat üzrə fəlsəfə
doktoru
Xalq qəzeti.- 2012.- 6 may.- S. 6.