Heydər Əliyevin ölməz ideyaları mədəniyyətimizin inkişafına güclü stimul yaradır

 

Biz xoşbəxt insanlarıq ki, ulu öndərin qurub-yaratdığı bir ölkənin vətəndaşlarıyıq. Çünki, bu xalqın xoşbəxtliyinin gələcək təməli məhz ulu öndərin müstəqil Azərbaycanımıza rəhbərlik etdiyi bir dövrdə qoyuldu. Biz bu böyük insanın, dövlətimizi dünyada sayılan dövlətlər sırasına çıxaran nəhəng siyasi xadimin, güclü şəxsiyyətin yaratdığı əfsanələrin şahidi olduq.

 

Amma mən, sənət adamı olduğumdan ulu öndərin ölkədə mədəniyyətə himayəsindən, ölkənin milli-mənəvi dəyərlərinə göstərilən misilsiz qayğıdan və bu siyasətin hazırda uğurla davam etdirilməsindən danışmaq istəyirəm.

Bu böyük şəxsiyyət siyasi fəaliyyətinin bütün dövrlərində milli mədəniyyətin, incəsənətin inkişafına xüsusi qayğı ilə yanaşmışdır. Ötən əsrin 70-80-ci illərində, Sovetlər İttifaqı dövründə Azərbaycan mədəniyyəti, incəsənəti, milli-mənəvi dəyərlərimiz, inkişaf etmiş, qorunub saxlanılmışdır. Bununla bağlı cənab Prezident İlham Əliyev 2004-cü ildə Filarmoniyanın əsaslı təmirdən sonra açılış mərasimində demişdir: "Məhz o illərdə birinci katib Heydər Əliyevin səyləri nəticəsində Azərbaycan özünü dünya miqyasında incəsənət ölkəsi kimi, mədəniyyət mərkəzi kimi təqdim edə bilibdir. Məhz o illərdə Azərbaycanın görkəmli bəstəkarları, müğənniləri, mədəniyyət xadimləri Sovet İttifaqının ən yüksək mükafatları, ordenləri ilə təltif olunmuşlar". Doğrudan da, ulu öndərin böyük səyləri nəticəsində mədəniyyət xadimlərimiz, yazıçılarımız SSRİ-nin yüksək dövlət mükafatı olan Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşlər. Ulu öndər öz millətini, xalqını bütün varlığı qədər sevirdi. Bu böyük şəxsiyyət dəfələrlə demişdir: "Milli-mənəvi dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz".

Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər müstəqillik illərində Azərbaycanın yeni mədəniyyət siyasətinin həyata keçirilməsini təmin etdi. Mədəniyyətimizin Heydər Əliyev erası xalqımızın bütövlükdə milli-mənəvi dəyərlərə yeni münasibətinin formalaşdığı dövr kimi xarakterizə olunmaqdadır. Bu dövrün mədəni tərəqqisinin əsas xarakteristikası ondan ibarətdir ki, ulu öndərin yaratdığı və həyata keçirdiyi mədəniyyət siyasəti ölkəmizin milli-mənəvi dəyərlərinin qorunmasına, təbliğinə və inkişafına güclü zəmin yaratmış, onu yeni çalarlarla zənginləşdirmişdir.

Azərbaycan Respublikasının yeni mədəniyyət siyasətinin düzgün və daha effektiv, milli maraqlarımıza uyğun təşkili əsas istiqamətə çevrildi. Ulu öndər millətin tərəqqisində tarixi-milli-mədəni köklərə bağlılıq, qarşılıqlı anlaşma, milli birlik, yaradıcı münasibət, çağdaşlıq, qanunçuluğa və demokratik prinsiplərə sayğı və diqqət kimi təməl meyarlarının sistemini yaratmışdır. Bu sistem içərisində mədəniyyətin təsir dairəsinin genişlənməsi dövrün xarakterik xüsusiyyətinə çevrildi. Heydər Əliyev mədəniyyəti xalqın böyük sərvəti hesab edirdi. Məhz onun hakimiyyəti illərində mədəniyyətə, milli-mənəvi dəyərlərə münasibət köklü şəkildə dəyişdi və ölkəmizdə mədəniyyətin inkişafında yeni dövrün başlanğıcını qoydu.

Ulu öndərin siyasi kursunun layiqli davamçısı olan hörmətli Prezidentimiz İlham Əliyev mədəniyyət sahəsində də ümummilli liderin başladığı islahatları uğurla davam etdirir. Bu islahatlar mədəniyyətin inkişafına yeni stimul verdi. Azərbaycan mədəniyyəti dünyada daha geniş şəkildə tanınmağa başladı, incəsənətin ayrı-ayrı sahələrinin tərəqqisinə xidmət göstərən dövlət proqramları qəbul olundu.

Teatr, kino, musiqi, milli-mənəvi dəyərlərimizin digər sahələrini əhatə edən uzunmüddətli proqramlar bu sahələrin yenidən qurulmasına imkan yaradır, ayrılan dövlət vəsaitləri hesabına mədəniyyətin maddi-texniki bazası möhkəmləndirilir.

Dövlət Proqramlarının reallaşmasında Mədəniyyət və Turizm Nazirliyinin rolu olduqca böyükdür. Nazir Əbülfəz Qarayevin rəhbərliyi altında bu gün çox əhəmiyyətli mədəniyyət layihələri həyata keçirilir.

Çəkilən yeni filmlər beynəlxalq kino festivallarında iştirak edir, kino kadrlarının hazırlanması işinə diqqət artırılır. Gənclərin kinoya cəlb olunması üçün müxtəlif yaradıcılıq müsabiqələri keçirilir, onların ən yaxşıları seçilib mükafatlandırılır.

Musiqi sahəsində nailiyyətlərimiz daha çox sevindiricidir. Xüsusilə Azərbaycan muğamının dünyada təbliği, ölkəmizdə muğamın inkişafına göstərilən qayğı bunu deməyə əsas verir. Bu sahədə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xidmətlərini xüsusi olaraq qeyd etmək lazımdır. Muğam festivalının keçirilməsi, gənc muğam ifaçılarının sənətə cəlb olunması, Bakıda Beynəlxalq Muğam müsabiqəsinin keçirilməsi, eyni zamanda, Dənizkənarı parkda Muğam Mərkəzinin tikilib istifadəyə verilməsi bu sahədəki nailiyyətlərimizdəndir.

Bu gün regionlarımızda yaradılan Heydər Əliyev muzeylərinə əhali xüsusi maraq göstərir. Bu muzeylərdə ulu öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlar gənc nəslin tərbiyəsində əhəmiyyətli rol oynayır. Muzeylərimiz yenidən təmir olunur. Dövlət İncəsənət Muzeyi, Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyi, Tarix Muzeyi tamamilə yeni üslubda təmir olunub tamaşaçıların istifadəsinə verilmişdir.

Azərbaycan Xalça Muzeyi üçün yeni bina inşa edilməkdədir. Özünəməxsus üslubda inşa edilən bu muzey orijinal memarlıq üslubuna görə diqqəti cəlb edir.

Ulu öndərin ölməz irsinin yaşadılmasında insanlığa, bəşəriyyətə xidmət edən Heydər Əliyev Fondunun böyük xidmətləri var. Fondun prezidenti Mehriban xanım fondun 5 illik yubileyi münasibətilə buraxılmış jurnalda yazır: "Tərəqqisi üçün çalışdığı, mədəniyyəti, keçmişi ilə fəxr etdiyi, nəsillərinin gələcəyi üçün düşündüyü Vətən - Azərbaycan taleyi onun adi insan taleyi ilə əbədi olaraq bağlandı. Azərbaycan üçün Heydər Əliyevin varlığı taleyin Tanrı payıdır".

Söz yox ki, Heydər Əliyev Fondunun milli mədəniyyət incilərinin qorunması, eləcə də musiqi təhsili və gələcək nəslin maarifləndirilməsi prosesini diqqət mərkəzində saxlaması mədəniyyətimizin zəngin ənənələrinin qorunması işinə gözəl töhfədir. Bu fondun YUNESKO ilə qurduğu əməkdaşlıq əlaqələri milli irsin mühafizəsi, elm və mədəniyyətin inkişafı sahəsindəki qarşılıqlı fəaliyyəti bir qədər də genişləndirildi.

Ümumiyyətlə, bu fond ulu öndərin ideyalarının gerçəkləşdirilməsində çox böyük rol oynamaqdadır.

Azərbaycan mədəniyyətinin dünyaya inteqrasiyası istiqamətində Fond çox davamlı iş aparır. Dünyanın məşhur sərgi salonlarında rəssamlarımızın əsərlərindən ibarət sərgilərin keçirilməsi, böyük konsert salonlarında musiqi xadimlərimizin çıxışlarının şahidi olduq.

Mən belə sərgilərdə tez-tez iştirak edirəm və hiss edirdim ki, Azərbaycan mədəniyyətinə sevgi çox böyükdür. Bu sərgilərin böyük əhəmiyyəti onda idi ki, onlar xalqımızın milli dəyərlərinin dünyada təbliğinə böyük stimul verirdi.

2008-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə Qala kəndində açıq səmada yaradılan Arxeoloji-Etnoqrafik Muzey Kompleksi də mədəniyyət tariximizdə yeni hadisədir.

Azərbaycan tarixinin qədim ənənələrini özündə yaşadan Qobustanın YUNESKO-nun maddi irs siyahısına daxil edilməsi də çox önəmli nailiyyətdir. Dövlətimizin apardığı məqsədyönlü mədəniyyət siyasəti nəticəsində İçərişəhər, Şirvanşahlar Saray Kompleksi ilə birgə, muğam sənəti, Qobustan və aşıq sənətimiz, Novruz bayramı bu nüfuzlu beynəlxalq təşkilatın maddi və mədəni irs siyahısında öz yerlərini tutmuşlar. Azərbaycan mədəniyyətinin bu maddi və mənəvi abidələri bəşəriyyətin yaratdığı çox dəyərli əsərlər siyahısına salınmaqla ölkəmizin qədim mədəniyyət diyarı olduğu bir daha təsdiqlənmişdir.

Azərbaycan Şərqlə Qərbin qovuşağında yerləşdiyindən bizim ölkənin mədəniyyəti hər iki tərəfin mədəniyyətinin elementlərini özündə birləşdirmişdir. Ona görə də Azərbaycan mədəniyyətinin dünyada qəbul edilməsi, xüsusilə Şərq və Qərb ölkələrinin bizim mədəniyyət və incəsənətimizə maraq göstərməsi təsadüfi deyil. Bu gün Azərbaycan mədəniyyəti dünyaya yüksək sürətlə inteqrasiya etməkdədir. Dünyanın nüfuzlu beynəlxalq təşkilatları, eləcə də ayrı-ayrı ölkələr Azərbaycan mədəniyyəti və incəsənəti ilə yaxından maraqlanır. Azərbaycan Respublikasında aparılan məqsədyönlü xarici siyasətin uğurları mədəniyyətimizin təbliğinə də geniş imkanlar yaratmışdır. Ölkəmizin mədəni nailiyyətlərini dünyaya tanıdırlar. Amerikada, Kanadada, Rusiyada, Fransada, Avstriyada, Almaniyada, İranda, Çində, Yaponiyada, Misirdə, Qətərdə və digər ölkələrdə keçirilən Azərbaycan mədəniyyəti günləri son illər davamlı xarakter almışdır. YUNESKO-nun Azərbaycan mədəniyyətinə göstərdiyi qayğı, bu təşkilatın xətti ilə Azərbaycanın görkəmli ədəbiyyat və incəsənət xadimlərinin yubileylərinin keçirilməsi, bu təşkilatın baş katibinin Bakıya səfəri əlaqələrin getdikcə genişlənməsinin bariz nümunəsidir. Söz yox ki, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın bu təşkilatın xoşməramlı səfiri adını qazanması da böyük etimadın nəticəsidir.

Son illər Azərbaycanın İslam Konfransı Təşkilatı ilə mədəni əməkdaşlığı da genişlənməkdədir. Heydər Əliyev Fondunun təşəbbüsü, YUNESKO-nun və İSESKO-nun dəstəyi ilə 2008-ci ildə Bakıda keçirilən "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi" mövzusunda digər beynəlxalq forumlar ölkəmizin mədəniyyətlərarası dialoqda fəal mövqe tutmasının nümunəsidir.

2007-ci ilin noyabrında Liviyanın paytaxtı Tripoli şəhərində İSESKO-ya üzv dövlətlərin Mədəniyyət Nazirlərinin beşinci konfransında qəbul edilmiş qətnaməyə uyğun olaraq Bakı şəhərinin 2009-cu ildə İslam mədəniyyətinin paytaxtı elan edilməsi Azərbaycanın mədəni həyatında çox mühüm hadisəyə çevrildi.

Azərbaycan "Eurovision - 2012" beynəlxalq müsabiqəsinə ev sahibliyi hüququ qazanmışdır. Artıq bu tədbirə hazırlıq işləri başa çatmaq üzrədir.

Bu yaxınlarda cənab Prezident İlham Əliyevin ölkədə turizmin inkişafı ilə bağlı Dövlət Proqramının qəbul edilməsi haqqında imzaladığı sərəncam bu sahənin də gələcək perspektivləri üçün yeni şərait yaradılacağını təsdiq edir.

Ulu öndər tərəfindən əsası qoyulan mədəniyyət siyasəti öz uğurlu nəticələrini verməkdədir. Cənab Prezident İlham Əliyevin mədəniyyətə xüsusi qayğısı nəticəsində milli mədəniyyətimiz bundan sonra da sürətlə inkişaf edəcək, beynəlxalq aləmdə daha çox tanınacaq.

 

 

Elçin ORUCOV,

rəssam

 

Xalq qəzeti.- 2012.- 6 may.- S. 6.