Nərimanov rayonu: Xilaskara məhəbbət hissi ilə

 

Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ulu öndər Heydər Əliyevin doğum günü şərəfinə paytaxtımızda Gül bayramının keçirilməsi xoş bir ənənəyə çevrilmişdir. Artıq neçə ildir ki, Bakı sakinləri, eləcə də şəhərimizin qonaqları bu möhtəşəm, qəlbləri riqqətə gətirən tədbirə şahidlik edirlər.

 

Mövzu və kompozisiya baxımından ildən-ilə zənginləşən Gül bayramı insanlarda, sözün əsl mənasında, xoş ovqat, şən əhval-ruhiyyə yaradır. İlk dəfə Dənizkənarı Milli Parkda böyük təntənə ilə keçirilən gül bayramı artıq bir neçə ildir ki, paytaxtın bütün rayonlarında da geniş qeyd olunur. Bu da təsadüfi deyil. Çünki bu günlərdə ölkəmizin hər yerində ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü yüksək səviyyədə, bayram təntənəsi ilə qeyd edilir.

Dünən paytaxtın Nərimanov rayonunda əsl bayram əhval-ruhiyyəsi, bir özgə büsat vardı. Metronun "Nəriman Nərimanov" stansiyasının yaxınlığında yerləşən Samir Xasıyev adına park bayramsayağı bəzədilmiş, bura başdan-başa gül-çiçəyə bürünmüşdü. Parkda bir-birindən gözəl, cazibədar yaradıcılıq nümunələrinə, cürbəcür rəngli çiçəklərdən hazırlanmış çələnglərə, müxtəlif mövzuları əhatə edən əl işlərinə, panno və tablolara, eskizlərə heyranlıqla tamaşa etməmək mümkün deyildi. Hiss olunurdu ki, iştirakçılar ümummilli liderimiz Heydər Əliyevin doğum günü tədbirləri çərçivəsində keçirilən Gül bayramına çox ciddi hazırlaşmışlar. Bunu parkdakı səliqə-səhmandan, gül-çiçəklərin, müxtəlif əl işlərinin yaratdığı xoş auradan da hiss etmək olurdu. Öyrəndik ki, Gül bayramında rayonun 22 orta ümumtəhsil məktəbinin, 28 uşaq bağçasının, eləcə də rayon ərazisində yerləşən ali və orta ixtisas təhsili müəssisələrinin kollektivləri özlərinin əl işlərini nümayiş etdirirdilər. Bütün bu işlərdə xalqımızın milli-mənəvi dəyərləri, estetik və fəlsəfi görüşləri, vətənpərvərlik duyğuları incə bir həssaslıqla, yüksək zövqlə əks olunmuşdu.

Gül bayramı ümummilli liderimiz Heydər Əliyevin ad gününə həsr olunduğundan əl işlərinin mövzu və kompozisiyasında ulu öndərə məhəbbət və ehtiram hissi üstünlük təşkil edirdi. Təsadüfi deyildi ki, ayrı-ayrı məktəb və uşaq bağçaları üçün ayrılmış yerlərdə ümummilli liderin həyat və fəaliyyətinin müxtəlif anlarını əks etdirən əl işləri bədii tərtibatına, rəng koloritinə görə daha cəlbedici, daha heyranedici idi. Gül bayramına təqdim olunan eksponatlar mövzu əlvanlığı və janr müxtəlifliyi ilə diqqəti cəlb edirdi. Uşaq və yeniyetmə təfəkkürünün məhsulu olan əl işlərinə heyranlıqla baxmamaq mümkün deyildi. Yan-yana düzülmüş rəsmlər, müxtəlif əl işləri, ekibanolar, qurudulmuş təbii güllər vasitəsilə parça üzərində yaradılan mənzərələr ilk baxışdan insanı valeh edirdi. Şagirdlərlə yanaşı, müəllimlərin də öz məharətlərini nümayiş etdirmələri diqqətəlayiq idi. Bu baxımdan 93 saylı məktəbin əmək müəllimi Rəna Abdullayevanın muncuqlardan hazırlanmış müxtəlif gül kompozisiyaları və kuklalar sənətkarlıq baxımından diqqəti cəlb edirdi. Əlamətdar hadisəyə - ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş Gül bayramının iştirakçıları olan 39, 45, 47, 82, 93, 202, 258 saylı məktəblərin şagirdlərinin əl işləri daha baxımlı, daha təsirli idi. 258, 202 və 93 saylı məktəblərin şagirdləri olan Xəyalə Rəcəbli, Gülyaz Məmmədli, Güllü İsmayılova, Şakir Məmmədov və başqalarının əl işlərindən ibarət kompozisiyalar isə rəng və mövzu əlvanlığı baxımından daha çox seçilirdi. Bakı Rəssamlıq Akademiyasının tələbələrinin bayram sovqatı da tədbir iştirakçılarının dərin marağına səbəb oldu. Bütövlükdə isə burada nümayiş etdirilən əl işlərinin hamısı bir-birindən gözəl və cazibədar idi. Al-əlvan, müxtəlif bəzək elementlərinin əks olunduğu paltarlar geyinmiş balaca fidanlar da bayram şənliyinə əlavə yaraşıq gətirir, xoş aura yaradırdılar.

Parkın girəcəyində daş plitələr döşənmiş geniş bir ərazi balaca sehrbazların ixtiyarına verilmişdi. Burada onlar rəngli təbaşirlərin köməyi ilə öz bacarıq və məharətlərini nümayiş etdirirdilər. Balacalar sanki səbirsizliklə tamaşaçı qiymətini gözləyirdilər. Elə tamaşaçılar da onlardan, Gül bayramının digər iştirakçılarından bu qiyməti əsirgəmirdilər. Tamaşaçılar arasında rayon icra hakimiyyətinin rəhbərliyi də vardı. Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Gül bayramında iştirak edən bütün kollektivlərin əl işləri ilə yaxından tanış oldu, uşaq və yeniyetmələrin bacarıqlarını yüksək qiymətləndirdi. Gül bayramı çərçivəsində balaca sakinlərin iştirakı ilə keçirilən velosiped yarışının qalibləri isə fəxri fərman və xüsusi hədiyyələrlə mükafatlandırıldılar.

Nərimanov rayonunda keçirilən Gül bayramı təntənəli bayram konserti ilə başa çatdı.

 

 

Mirbağır YAQUBZADƏ

 

Xalqqəzeti.- 2012.- 6 may.- S.7.