"Azərbaycan
səninlədir - sənsiz deyil"
müsabiqəsinə yekun vurulmuşdur
Binəqədi Rayon İcra Hakimiyyətinin
akt zalında mayın 7-də keçirilən tədbir Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin anadan
olmasının 89-cu ildönümü münasibətilə təşkil
edilən "Azərbaycan səninlədir-sənsiz deyil"
adlı yaradıcılıq müsabiqəsinin yekun nəticələrinə
həsr olunmuşdu.
Rayon
icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov
tədbiri açaraq ümummilli liderin ölkəni müstəqilliyə
qovuşdurandan sonra onu inkişaf etdirmək üçün
gördüyü misilsiz işlərdən,
apardığı uğurlu islahatlardan
danışmışdır. O qeyd etmişdir ki, tarix boyu elə
siyasətçilər, elə şəxsiyyətlər
yaşamışlar ki, onlar təkcə öz dövrlərinin
deyil, həm də çox-çox illər sonranın da
insanı olmuşlar. Gələcəyi görmək, rəhbəri
olduğu ölkəni, onun vətəndaşlarını
işıqlı gələcəyə aparmaq yönündə
fəaliyyətləri belə insanları daha da əfsanələşdirib
xalqın sevilən şəxsiyyətinə
çevirmişdir. Azərbaycan xalqının ümummilli
lideri Heydər Əliyev məhz belə nadir şəxsiyyətlərdən
olmuşdur. X. İsgəndərov bugünkü tədbirin
Tanrının Azərbaycan xalqına xilaskarlıq
missiyasını yerinə yetirmək üçün bəxş
etdiyi ulu öndərin anadan olmasının ildönümü
münasibətilə təşkil edilən
yaradıcılıq müsabiqəsi qaliblərinin
mükafatlandırılmasına həsr edildiyini
bildirmişdir. O demişdir ki, Heydər Əliyevin ölməz
ideyaları mədəniyyətimizin inkişafında
güclü və yeni stimul yaratmış, onun hakimiyyəti
dövründə Azərbaycan mədəniyyəti dünyada
daha geniş tanınmağa və təbliğ olunmağa
başlamış, incəsənətin ayrı-ayrı sahələrinin
tərəqqisinə xidmət göstərən dövlət
proqramları qəbul olunmuşdur.
Binəqədi
Rayon Gənclər və İdman İdarəsinin rəisi
Qüdsi Bayramov tədbir barədə məlumat verərək
bildirmişdir ki, hər il ulu öndərin anadan
olmasının ildönümü şərəfinə orta məktəblərdə
müxtəlif tədbirlər keçirilmiş, inşa
yazı müsabiqələri təşkil olunmuşdur. Bu il də
ənənəvi olaraq ümummilli liderin anadan olmasının
89-cu ildönümünə hazırlığa mart ayından
başlanılmışdır. Müsabiqənin keçirilməsində
əsas məqsəd Binəqədi rayonunda ümummilli
liderimiz Heydər Əliyevin xatirəsini yad etmək,
yaradıcı və istedadlı gənclərə dövlət
qayğısının artırılması və onların
qabiliyyətinin inkişaf etdirilməsi üçün əlverişli
şəraitin yaradılması olmuşdur. Sonra Q. Bayramov iki mərhələdə
keçirilən və ulu öndərin anadan olmasının
89-cu ildönümünə həsr olunmuş müsabiqəyə
martın 5-dən start verildiyini bildirmişdir. Qeyd etmişdir
ki, məktəbdaxili mərhələ 2012-ci ilin mart ayı ərzində
rayonun orta ümumtəhsil məktəblərində
keçirilmişdir. Məktəbdaxili mərhələdə
qalib gəlmiş şagirdlər rayon mərhələsinə
vəsiqə qazanmışlar.
İkinci-rayon
mərhələsi isə aprelin 13-dən 20-dək 26 saylı
Uşaq Gənclər Yaradıcılıq Mərkəzində
32 orta ümumtəhsil məktəbinin, musiqi məktəblərinin,
uşaq-gənclər yaradıcılıq mərkəzlərinin
iştirakı ilə keçirilmişdir.
Müsabiqə
əsasən iki- ədəbi-bədii və elmi-texniki layihələr
üzrə keçirilmişdir. Ədəbi-bədii layihələr
üzrə-gənclərin şeir söyləmək, bədii
qiraət, rəsm çəkmək, milli rəqslərimizin
ifası, müxtəlif müsiqili çalğı alətlərində
ifa qabiliyyətinə diqqət yetirilmişdir. Elmi-texniki layihələr
üzrə isə gənclərin aviomodel, raket modeli, gəmi
modelçiliyi, radiotexnika və s. sahələrdə
bacarıqları nümayiş olunmuşdur.
Müsabiqənin
yekunlarına görə iştirakçılar arasında 15
nəfər 1-ci, 10 nəfər 2-ci, 9 nəfər 3-cü yerə
layiq görülmüş, 7 nəfər isə fərqlənmişdir.
Qeyd
edək ki, müsabiqədə hər nominasiya üzrə I,
II, III yerləri tutmuş iştirakçılar Binəqədi
Rayon Gənclər və İdman İdarəsi tərəfindən
müvafiq dərəcəli diplomlarla təltif olunmuşlar.
Bundan başqa qaliblər rayon icra hakimiyyəti tərəfindən
xüsusi xatirə hədiyyələri ilə
mükafatlandırılmışlar.
Zərifə BƏŞİRQIZI
Xalq qəzeti.- 2012.- 8 may.- S. 10.