Milli folklor yaddaşı və Ərtoğrul
Cavid
"Azərbaycan qeyri-maddi mədəniyyət
abidələri və Ərtoğrul Cavid" 10 cildliyi
haqqında
Bu yaxınlarda müasir milli
mədəniyyətimizin hadisəsi adlandırıla biləcək
layihə gerçəkəşdirilmiş, "Azərbaycan
qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol
Cavid" 10 cildliyi çapdan çıxmışdır. Bu nəşrin layihəçisi və tərtibçisi,
ön sözlərin müəllifi Hüseyn Cavidin Ev Muzeyinin
direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz
İbrahim qızı Babaxanlı, çoxcildlikdə əksini
tapan zəngin folklor mətnlərinin redaktəsi, bədii-poetik
və elmi-filoloji baxımdan bir çox dürüstləşdirilmələr,
izah və şərhlər A.Əliyeva-Kəngərli,
G.Babaxanlı, T.Kərimli və M.Qasımlıdır.
Son illər
qeyri-maddi mədəniyyət abidələrinin təbliği
və tədrisi, həmçinin folklor nümunələrinin
toplanması, kataloqlaşdırılması, nəşri və
araşdırılması sahəsində kifayət qədər
iş görülməsinə baxmayaraq, "Azərbaycan
qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol
Cavid" oncildliyini Azərbaycan xalqının zəngin
qeyri-maddi mədəni irsinin geniş oxucu kütlələrinə
akademik təqdimatda (elmi-filoloji izah və şərhlərlə,
sistemli janr təsnifatında)
çatdırılmasının növbəti fundamental
nümunəsi hesab etmək olar.
Oncildlikdə
görkəmli Azərbaycan şairi və dramaturqu Hüseyn
Cavidin oğlu Ərtoğrul Cavidin ötən əsrin əvvəllərində
geniş xalq kütlələrindən topladığı,
sistemləşdirdiyi və tədqiq etdiyi zəngin qeyri-maddi mədəni
irs (folklor nümunələri) və bu
irslə bağlı müəllifin elmi-filoloji
görüşləri əks olunmuşdur. Hüseyn Cavidin Ev Muzeyində saxlanılan bu materialların
içərisində xalq arasından toplanmış
nağıllar, dastanlar, müxtəlif janrları əhatə
edən aşıq poeziyası örnəkləri,
bayatılar, laylalar, holavarlar, oxşamalar, xalq mahnıları,
oyun havaları, toy və yas mərasimlərinin təsviri və
s. folklor-etnoqrafiya nümunələri vardır. Bu nümunələrin akademik nəşrinin əhəmiyyəti
müasir Azərbaycan mədəniyyəti kontekstində əsasən
iki amillə şərtlənir.
Birincisi,
bu nümunələr folklorun nəşri praktikasında
özünə yer tutan əksər folklor mətnlərindən
fərqli olaraq, kənar "ideoloji" və "mədəni"
müdaxiləsiz, ilkin saflığında, xalq təfəkkürünün
bütün sadəlik və müdrikliyini özündə
qoruyub saxlamaqla, təbii dil-üslub koloritində təqdim
olunur.
İkincisi, bu nümunələr həm də ona görə
qiymətlidir ki, onlar Cavidlər nəslinin istedadlı
nümayəndələrindən biri olan Ərtoğrul Cavidin
bu gün də folklorşünaslıq və sənətşünaslıq
araşdırmaları baxımından əhəmiyyətli
olan elmi-filoloji və musiqişünaslıq görüşləri
ilə birlikdə təqdim edilir. Bütün bu
materialların və onlara yazılmış Ərtoğrul
Cavid rəylərinin, elmi fikirlərinin əyani folklor
materialları kontekstində çağdaş oxucuya
çatdırılması, müstəqil respublikamızda gedən
ədəbi-mədəni inkişafın göstəricilərindən
biri olmaqla yanaşı, cavidlər irsinə verilən qədirşünaslıq
örnəyidir.
Folklor milli-mənəvi yaddaş kimi, etnosun fiziki və
mənəvi təcrübəsinin ən funksional,
dayanıqlı və dözümlü formullarını
özündə yaşadır. Folklor xalqın tarixi
yaşam təcrübəsindən yalnız xalqı ayaqda
saxlayan, yaşadan, epoxal dəyişmələrdə bir xalq
kimi qoruyan, etnik-mədəni məhvolma təhlükələri
zamanı xalqın bütün fiziki və mənəvi
ehtiyatlarını səfərbər edə bilən milli
mövcudluq düsturlarını öz yaddaşında
saxlayır. Bu cəhətdən "Azərbaycan
qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrul
Cavid" oncildliyi, əslində, Çağdaş Azərbaycan
dövlətinin mədəni siyasətində folklorun prioritetə
çevrilməsi istiqamətinə xidmət etməklə
yanaşı, həm də milli düşüncənin
yaşam və böyümə dinamikasının müəyyən
mərhələsini özünə konsentrasiya, milli yaşam
sistemi formullarıdır.
Məhz
buna görə də görkəmli Azərbaycan şairi və
dramaturqu Hüseyn Cavidin oğlu Ərtoğrul Cavidin təqdimatında
Azərbaycanın qeyri-maddi mədəniyyət abidələrinin
aşkarlanması, toplanması, akademik nəşri, professional
prinsiplər əsasında tədqiqi müasir
günümüzdə yalnız mədəniyyətşünaslıq
baxımından deyil, həmçinin milli-ideoloji baxımdan
da xüsusi əhəmiyyətə malikdir. Çünki
bu nümunələr Azərbaycan xalqının zəngin
etnik mental keyfiyyətlərini, adət-ənənələrini,
şifahi söz və musiqi sənətini, ən ümumi
şəkildə ifadə etsək, milli kimliyini özündə
bütün çalarları ilə əks etdirir.
Müəlliflərin ön sözlərində, izah və
şərhlərində folklorun həm küll halında
ümumi mahiyyəti, həm də ayrı-ayrı
janrlarının semantik strukturu, poetexnoloji konstruksiya
spesifikası, milli özünüifadə səciyyəsi izah
olunur. Ərtoğrul
Cavidin təqdimatında qeyri-maddi mədəni irs
nümunələrinə müəlliflər tərəfindən
elə bir rakursdan baxış bucağı seçilir ki, bir
tərəfdən folklorun yaradıcı subyekti olan xalqın
etnik təfəkkür spesifikası həmin xalqa məxsus
folklorun etnik özünəməxsusluğu kimi şərtləndirilir,
digər tərəfdən etnik təfəkkürün
özü folklor düşüncə modelləri ilə
şərtlənən təzahür kimi
çıxış edir. Bu cəhətdən birinci cildə
yazdığı ön sözdə Ərtoğrul Cavidi ilk
növbədə "Azərbaycan etnoqrafiyasının və
musiqi folklorunun gözəl bilicisi" kimi səciyyələndirən
G.Babaxanlının Ərtoğrul Cavidin çoxyönlü
istedadı Azərbaycan etnoqrafiyası və musiqi sənətini
dərindən bilməsində, eləcə də onların
estetik-tərbiyəvi dəyərlərinə tənqidi
yanaşmaq bacarığında da özünü bariz şəkildə
göstərməkdədir" fikri Ə.Cavidin
yaradıcı subyektinə münasibətdə uzun müddət
ərzində gerçəkləşdirilmiş ağır,
gərgin intellektual işin məntiqi nəticəsi kimi səslənir.
Bu cəhətdən biz oncildiyə
yazılmış ön sözlərin simasında Ərtoğrul
Cavid və "Azərbaycan folkloru" kimi aktual elmi problemin
artıq nəzəri-metodoloji əsaslarının
hazarlanması qənaətinə də gələ bilirik.
İkinci
cildə yazdığı ön sözdə Ərtoğrul
Cavidin Azərbaycan klassik musiqi mətnləri ilə
bağlı fəaliyyətini "şair ruhlu
muğamşünas" paradiqmasında səciyyələndirən
G.Babaxanlı öz möqeyini bununla əsaslandırır ki,
sözün həqiqi mənasında dərin bilikli bir Azərbaycanşünas
kimi xarakterizə edilməyə layiq olan, Azərbaycan mədəniyyətinin
göylərində bir ulduz kimi parlayıb sönən Ərtoğrul
Cavidin çoxyönlü istedadının bir önəmli tərəfini
də klassik Azərbaycan muğamlarını, təsniflərini,
eləcə də hər iki dildəki (Azərbaycan və fars
dillərində) muğam və təsnif mətnlərini incədən-incəyə
bilməsi və araşdırması təşkil edir. "Azərbaycan qeyri-maddi mədəniyyət abidələri
və Ərtoğrul Cavid" seriyasının ikinci cildini
oluşduran qeyri-maddi mədəniyyət nümunələri
ilə yanaşı, Ərtoğrul Cavidin yazdığı rəylər
yetkin bir tədqiqatçının ciddi və sanballı
fikirlərindən ibarətdir.
Oncildliyin III-VIII cildləri "Azərbaycan dastanları
və Ərtoğrul Cavid" adlanır. G.Babaxanlı
bu cildlərin hər birinə ön söz yazmış və
burada hər cilddəki materialın ruhundan
çıxış edərək Ərtoğrul Cavid
fenomeninin çoxcəhətli xüsusiyyətlərini
aşkarlamağa çalışmışdır. Ərtoğrul Cavidi "xalqın yaradıcı ruhuna
dərin bələdlik örnəyi" kimi səciyyələndirən
müəllif bunu onun hələ çox gənc olmasına
baxmayaraq, artıq özünü yetkin bir folklorşünas
kimi göstərməyə nail olması ilə əsaslandırmışdır.
G.Babaxanlıya görə, Ərtoğrul Cavid təhlil etdiyi
dastanlara müxtəlif rakurslardan yanaşmaqla onların dəyərini
obyektiv şəkildə üzə çıxarmağa
çalışan alim, həm folklor nəzəriyyəçisi,
həm şeirşünas, həm də dilçi kimi
çıxış edərək, bu sahələrin hər
birində öz sözünü deməyə nail olmuşdur.
Ərtoğrul Cavid fenomenini "dastan poetikasının tədqiqatçısı"
paradiqmasında təhlilə cəlb edən G.Babaxanlı belə
hesab edir ki, bir araşdırıcı kimi qələmini
müxtəlif folklor janrlarının öyrənilməsində
sınaqdan keçirmiş Ərtoğrul Cavidin həcmcə ən
böyük rəylərinin el dastanları haqqında
olması heç də təsadüfi
sayılmamalıdır. Belə ki, onun qısa
bir müddət ərzində nəzərdən keçirərək
elmi rəylərlə təchiz etdiyi folklor
materiallarının əsas kütləsini məhz müxtəlif
aşıqların repertuarından toplanmış dastanlar təşkil
edir.
G.Babaxanlı
Ərtoğrul Cavidin dastan poetikasınının dərin
qatlarına bələdliyini "dastan mozaikasında
seçim sərbəstliyi" paradiqmasında şərh edərək
göstərir ki, o, dastanların ideya-estetik xüsusiyyətlərini
araşdırarkən məhz səriştə nümayiş
etdirmiş, hər bir əsərin fərqli cəhətlərinə
daha çox diqqət yetirməklə onun şifahi ədəbiyyat
tariximiz üçün əhəmiyyətini müəyyənləşdirməyə
çalışmışdır. Məhz bu keyfiyyətlər
G.Babaxanlıya Ərtoğrul Cavid dünyasına "sinkretik
təfəkkürlü araşdırıcı",
"tarixi mövzudakı nağıllaraımızın tədqiqatçısı",
"bədii dəyərin məhək daşı" kimi fərqli
paradiqmalardan yanaşmağa və onun düşüncə
dünyasının fenomenal cəhətlərini üzə
çıxarmağa imkan vermişdir.
Oncildliyin son iki cildi "Azərbaycan aşıq
yaradıcılığı və Ərtoğrul Cavid"
adlanır.
G.Babaxanlı bu cildlərə uyğun olaraq "Dahi şairin
şeirşünas oğlu" və "Aşıq Ələsgər
və poetik çevrəsi haqda qiymətli
araşdırma" adları altında ön söz
yazmışdır. Müəllif belə hesab
edir ki, şeiri anlamaq, dəyərləndirmək, həqiqi
söz incisini saxtasından ayırmaq üçün
araşdırıcı və tənqidçi özü
şeir yazmasa belə, ruhunun dərinliklərində şair
olmalıdır. Ərtoğrul Cavidin
ruhunun dərinliklərindəki bu şairlik, bu
yaradıcılıq istedadı Azərbaycan poeziyasının
ən qüdrətli nümayəndələrindən biri olan
atası Hüseyn Cavidin genindən, qanından, ruhundan gəlmişdi.
Ərtoğrul Cavid özü də şair idi.
Məhz buna görə onun xüsusən
aşıq şeiri örnəklərinin tədqiqi və dəyərləndirilməsi
zamanı necə incədən-incəyə poetik zövq və
duyum, yüksək peşəkarlıq örnəyi göstərməsinin
şahidi olmaq mümkündür.
Tərtibçi son cilddəki materiala münasibətdə
göstərir ki, bu cildə daxil olan materiallar həddən
artıq rəngarəng olsa da, gənc folklorşünas (Ərtoğrul
Cavid - S.X., S.R.) bu mozaika arasında aparıcı istiqamətləri
müəyyən edə bilmişdir. Məhz buna görədir
ki, araşdırıcı əsas diqqətini Aşıq Ələsgər
irsinin tədqiqinə yönəldərək, onun
aparıcı istiqamətlərini və ən
başlıcası isə, müasirliyini müəyyən etmək
yolunda öz erudisiya və istedadını əsirgəməmişdir.
Sürətli sosial-iqtisadi inkişaf yolunda olan müstəqil
Azərbaycan mədəni-mənəvi baxımdan da fasiləsiz
tərəqqidədir. Müstəqil dövlətçiliyimizin
gündən-günə möhkəmləndiyi indiki
tarixi-siyasi şəraitdə, xalqımızın qeyri-maddi mədəni-mənəvi
irsinin dünya ictimaiyyəti tərəfindən daha
böyük maraqla qəbul edildiyi bir vaxtda bu işlərin həyata
keçirilməsinin aktuallığının birə-beş
artdığı aydın görünməkdədir.
Respublika rəhbərliyinin, Heydər Əliyev Fondunun
prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri,
Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın
sevgi və diqqətlə həyata keçirdikləri
qayğı nəticəsində artıq Azərbaycan
muğamı və Azərbaycan aşıq
yaradıcılığı YUNESKO tərəfindən bəşəriyyətin
qeyri-maddi mənəvi sərvətləri siyahısına
daxil edilmişdir. 10 cildliyə daxil olan
materialların əksəriyyəti məhz mədəni
irsimizin bu iki qoluna aiddir və onların nəşri bu
baxımdan təkcə ölkəmiz üçün deyil,
bütün mütərəqqi bəşəriyyət
üçün, başqalarının mədəniyyətinə
hörməti öz mədəniyyətinə hörmətin
təsdiqi kimi qəbul edən xalqlar və insanlar
üçün əhəmiyyətlidir.
Sərxan XAVƏRİ,
Seyfəddin RZASOY,
filologiya elmləri üzrə
fəlsəfə doktorları
Xalq qəzeti.- 2012.- 8 may.- S. 9.