Şuşa unudulmaz
ağrımızdır
Dünən AMEA Nizami adına Ədəbiyyat İnstitutunda
Şuşa şəhərinin Ermənistan
silahlı qüvvələri tərəfindən
işğalının iyirminci
ildönümünə həsr olunmuş
tədbir keçirildi.
Tədbiri
giriş sözü ilə institutun direktor vəzifəsini
icra edən AMEA-nın müxbir üzvü, professor Teymur Kərimli
açdı. O, Prezident İlham Əliyevin Şuşa şəhərinin
işğalının 20-ci ildönümü münasibətilə
imzaladığı sərəncamı xatırladaraq onun
tarixi əhəmiyyətini vurğuladı.
Həmin
sərəncamda qeyd olunan - "Şuşa Azərbaycanın
unikal mədəniyyət mərkəzlərindən biridir...
Təbii gözəllikləri ilə seçilən bu şəhər
milli memarlığımızın və orta əsrlər
şəhərsalma sənətinin qiymətli abidəsidir.
Milli-mənəvi dəyərlərimizi və musiqi ənənələrimizi
daim yaşadan Şuşa mühüm iqtisadi, siyasi və mədəni
əhəmiyyətə malik şəhər kimi təşəkkül
tapanadək zəngin yol keçmiş, Qarabağ
xanlığının mərkəzi olmaqla
xalqımızın həyatında özünəməxsus
rol oynamışdır. Qasım bəy Zakir, Xurşidbanu Natəvan,
Mir Möhsün Nəvvab, Nəcəf bəy Vəzirov, Əbdürrəhim
bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli,
Firidun bəy Köçərli, Əhməd bəy
Ağaoğlu və digər görkəmli şəxsiyyətləri
ilə tarixə düşən bu şəhər dünyada
Azərbaycan muğamının beşiyi olaraq
tanınır" - fikirlərini əsas götürərək
institutun əməkdaşı, filologiya elmləri doktoru Qurban
Bayramov "Şuşanın intizarında" adlı məruzə
etdi. O, məruzəsində məhz Qarabağın, xüsusən
Şuşanın ictimai-siyasi, ədəbi-mədəni
mühiti haqqında əhatəli danışdı. Sonra
filologiya elmləri doktoru, professor Vaqif Arzumanlı
Şuşanın işğalı ilə bağlı
ağrılı günlərdən söz açdı.
AMEA-nın
müxbir üzvü Teymur Kərimli tədbirin sonunda Prezident
İlham Əliyevin sentyabrın 23-də Nyu-Yorkda BMT Baş Məclisinin
65-ci sessiyasındakı çıxışını bir
daha iştirakçıların diqqətinə yetirdi.
Şuşa
unudulmaz ağrımızdır və hamımız belə
bir inamdayıq ki, tezliklə Şuşamız
özümüzə qaytarılacaq.
Almaz ÜLVİ
Xalq qəzeti.- 2012.- 8 may.- S. 9.