Biz o şəhərə dönəcəyik!..

 

Atalar yaxşı deyiblər ki, özgə atına minən tez düşər. Özgənin torpağında hökmranlıq etmək, yurd-yuva qurmaq, ondan bəhrələnmək də baş tutan deyil. İşğalçılıq edib başqalarının torpağını, Vətənini mənimsəmək istəyənlərin aqibəti hamıya bəllidir. Belələrini tarix özü ifşa edib ki, bu fikrə düşənlərə həmişəlik görk olsun. Lakin mənfur qonşularımız abır-həyalarını, vicdanlarını o dərəcə itiriblər ki, qan örtmüş gözləri ilə nə keçmişi görürlər, nə də gələcəyi.

 

Bu gün bizim Xankəndi, Ağdam, Füzuli, Kəlbəcər, Laçın, eləcə də bir sıra digər şəhər və rayonlarımızla yanaşı, gözəl Şuşamız da işğal altındadır. Mənfur düşmən bu şəhərdə artıq 20 ildir "at oynatsa" da, onun buradan qovulacağı gün uzaqda deyil.

Şuşa Azərbaycanın qədim şəhəri, möhtəşəm tarixi abidələri ilə zəngin olan cənnətməkan guşələrindən biridir. Bu, tarixi vərəqləmədən, dəlil-sübut gətirmədən də məlumdur, riyaziyyatda buna aksiom deyirlər. Şuşanın bizim şəhərimiz, bizim yurd yerimiz olduğunu sübut edən təkcə tarixi keçmişi deyil, həm də şeiri, sənəti, nəğməsi, tarı-kamanı, xarıbülbülüdür. Bununla yanaşı, Şuşa ərazisi 289 kvadratkilometr olan böyük bir şəhərdir. İşğaldan əvvəl əhalisinin sayı 24 min 971 nəfər olmuşdur.

Rəsmən qeydə alınmış 170 memarlıq abidəsi və 160 incəsənət abidəsi, şairə Xurşudbanu Natəvanın, general Səməd bəy Mehmandarovun, bəstəkar Üzeyir Hacıbəylinin, müğənni Bülbülün, şair və rəssam Mir Möhsün Nəvvabın ev muzeyləri, İbrahim xanın qəsri və s. Şuşanın qədim Azərbaycan şəhəri olduğunu təsdiq edən şəksiz faktlardır. Şuşanı haqlı olaraq "Şərqin konservatoriyası" da adlandırırlar. Çünki bir sıra görkəmli musiqiçilər əslən bu torpaqdandırlar. Şuşa maddi və mənəvi sərvətləri ölçüyə gəlməyən bir məkan kimi ermənilərin hər zaman diqqətini cəlb edib. Bu şəhər mənfur ermənilərin çox qəddarlıqları ilə üzləşib. Düşmənin Şuşanı əldə etmək üçün zaman-zaman dəridən-qabıqdan çıxması da onun məhz bizim şəhərimiz olduğunu sübut edir. 1905-ci il iyunun 13-də Qarabağda, Gəncə quberniyasının Qaryagin qəzasında erməni-müsəlman toqquşmaları başladı. 1905-1906-cı illərdə Cənubi Qafqazda yerli türk-müsəlman əhaliyə qarşı ermənilərin ən güclü təcavüzü Şuşa şəhərində oldu. Ermənilər öz qarşılarına qoyduqları məqsədə çatmaq üçün durmadan səngərlər tikir, silahlanır, vilayətlərdən, şəhər və kəndlərdən Şuşaya canlı qüvvə gətirirdilər.

1905-ci il avqust ayının 16-21-də Şuşada erməni silahlılarının təcavüzü nəticəsində türk-müsəlman əhalisi müdafiə olunmaq üçün silaha sarılmışdı. Avqustun 16-da erməni daşnak silahlıları üç istiqamətdə Şuşanın türk-müsəlman əhalisi üzərinə hücuma keçdilər. Ermənilər şəhərin bir sıra kənd və məhəllələrində qırğınlar törətdilər. Lakin "Difai" partiyasının rəhbərliyi altında yaxşı təşkil olunmuş müdafiə və hücumdan sonra ermənilər xeyli itki verərək geri çəkilməyə məcbur oldular.

Şuşa müsəlmanlarının köməyinə gələn şəhərətrafı türk-müsəlman kəndlilərinin silahlı dəstələri yüzlərlə silahlanmış ermənini məhv etdi. Avqustun 21-nə kimi silahlı daşnak dəstələri şəhərdən çıxarıldılar. Avqust hadisələrində Şuşa şəhərində 100-dək türk-müsəlman ermənilər tərəfindən öldürülmüş və 20-yə qədər ev yandırılmışdı. Sentyabr ayının 10-dək Şuşada atəş səsləri kəsilmədi. Qafqaz canişini Vorontsov-Daşkovun Şuşa şəhərinə gəlməsi ilə atəş dayandırıldı. Sentyabrın 14-də sülh elan olundu...

1992-ci ilin hadisələri isə bir daha sübut etdi ki, ermənilərin xisləti və məkri onları tutulduqları "xəstəlik"lərdən xilas etməyə qoymur. Həmin il may ayının 7-dən 8-nə keçən gecə Şuşanı işğal edən düşmən burada 79 sənaye və kənd təsərrüfatı obyektini amansızcasına məhv etdi. Elə bu sayda mədəni-maarif müəssisəsi, 2 texnikum, 8 mədəniyyət evi, 14 klub, 20 kitabxana dağıdıldı, talan edildi, yandırıldı. Bu siyahıya Şərq musiqi alətləri fabriki, çoxsaylı ümumtəhsil məktəbləri və uşaq bağçaları, muzeylər, kinoteatrlar, tarixi abidələr də daxildir. Şuşa dedikdə həm də onlarla iri yaşayış məntəqələri - böyük kəndləri olan bir məkan göz önünə gəlir. Şuşanın Malıbəyli, Yuxarı Quşçular, Aşağı Quşçular, Xəlfəli, Dükanlar, Zamanpəyəsi, bir sözlə, 33 yaşayış məntəqəsi viran edildi.

Şuşa şəhəri 200-ə yaxın şəhid vermiş, 600 sakin yaralanmış, 68 nəfər isə itkin düşmüşdür. Şuşanın 5 nəfər Milli Qəhrəmanı var. Bu gün 552 yetim qalmış uşağın göz yaşları Şuşanı özününkü etmək üçün bütün insani keyfiyyətlərini itirmiş vəhşi erməni vandallarını ittiham edir.

Şuşanın müvəqqəti işğalına nail olan satqın və hiyləgər qonşularımız Qarabağın guya onların olduğunu sübut etməyə çalışırlar, eyni zamanda, bizə mənəvi zərbə vurduqlarından "qürur" duyurlar. Amma şuşalıların qapısında nökərçilik və qulluqçuluq edə-edə, onların süfrəsinin qalığı ilə dolana-dolana, yaltaqlıqları və qürursuzluqları sayəsində imkan və vəzifə sahibinə çevrildikləri də hamıya yaxşı bəllidir. Yəqin ki, bu öz yaddaşlarından da silinməyib. Lakin "kök"ləri, əsil-nəcabətləri olmadığı üçün çörəkləri dizlərinin üstündədir. Bu səbəbdən də indi özlərini ev yiyəsi, torpaq sahibi kimi göstərməyə cəhd edirlər. Ancaq bu inadkarlığının, bu cidd-cəhdin hansı məkrlə, hansı məqsədlərlə edildiyini artıq bütün dünya bilir. Əli minlərlə günahsız insanın qanına bulaşmış erməni cəlladları sanki törətdikləri vəhşiliklərdən doymayaraq heykəlləri də güllələyiblər. Bu, Üzeyir bəyin, Natəvanın və Bülbülün heykəlləridir. Bu, Azərbaycanın musiqisinə, şeirinə, sənətinə, bütün tarixi və mədəni abidələrinə atılan güllə idi. Lakin düşmən unudur ki, Azərbaycan xalqının mənəviyyatını, şeir, sənət, yaradıcılıq ruhunu heç nə ilə susdurmaq mümkün deyil. Etdikləri bu vəhşi hərəkətlə isə özlərinin məkrini, cəlladlığını, həqiqətən də düşmən olduqlarını, ən nəhayət, cılızlıqlarını, acizliklərini ifadə edirlər. Şuşa bizim şəhərimizdir, bizim olub, bizim olacaq və biz oraya dönəcəyik. Ölkəmizin Prezidenti İlham Əliyev demişdir: "Azərbaycanın artıq güclü ordusu vardır. Bütün silahlı qüvvələr bu gün istənilən vəzifəni - ölkəmizin bütün maraqlarını müdafiə etmək üçün hazırdırlar, buna qadirdirlər. Dağlıq Qarabağda və işğal edilmiş torpaqlarda Azərbaycanın suverenliyini bərpa etməyə hazırdırlar. Sadəcə olaraq biz istəyirik ki, bunu qan tökülmədən, sülh, danışıqlar yolu ilə edək və hər an, hər gün biz qələbəyə yaxınlaşırıq. Hər gün Ermənistan daha da böyük tənəzzülə uğrayır. Azərbaycan daha da güclənir. Biz hər gün qələbə gününü yaxınlaşdırırıq. Gün gələcək Azərbaycan bayrağı Xankəndidə və Şuşada dalğalanacaqdır".

 

 

Nail ABBASOV,

Ədliyyə Nazirliyi Məhkəmə

Ekspertizası Mərkəzinin

əməkdaşı, hüquq üzrə

fəlsəfə doktoru

 

Xalq qəzeti.- 2012.- 8 may.- S. 8.